ANA SƏHİFƏ / YAZARLAR

"UEMBLİ" ARAYIŞI

21727    |   2010-02-13 01:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mobil telefonuma dalbadal "vızov" gəldi. Tanımadığım nömrələri təkrar yığmayacağıma söz vermişdim və bunu dilsiz-ağızsız cihaza da hirslə möhkəm tapşırmışdım. Mən belə zənglərin və "vızovların" toruna çox ilişib əsəbiləşmişəm. Bəli, hansısa bir qohumumu yolda DYP müfəttişi saxlayıb sənəd və yaxud da... pul istəyir, o dəqiqə yada düşürəm, təcili axtarılıram. Məni tapana kimi hələ bir hədə-qorxu da gəlirlər: "İndi müəllim bilər , onda görərsən başına nə oyun açarlar...". Tanıyan müfəttişlər, sağ olsunlar, hörmət əlaməti olaraq buraxar, gedərlər. Tanımayanlar, "planı kəsirdə" olanlarsa öz vəzifə borclarını sonadək yerinə-yetirmək uğrunda mübarizəni davam etdirirlər. Qardaşım, yol hərəkəti qaydasını pozmasam olmur ? Pozmusan, cəhənnəm, kişinin "cəriməsini" ödə, çıx get də!
   
   Əsas məsələ qalıb bir tərəfdə boş yerə əməlli-başlı hirslənirəm ey...
   
   ... Axırı başqa bir nömrə ilə aramsız gələn zənglərə cavab verirəm,bu həmin "vızovlara" oxşamadı.
   
   - Hardasan ey, noolar adama bir cavab ver də!
   
   Uzaqdan-uzağa da olsa xəcalət hissi keçirirəm, yəqin nəsə ciddi bir hadisə baş verib ki, beləcə qınağa tuş gəlirəm.
   
   Narahat olmayın, əziz oxucular, heç bir ağır, qəfil, fövqəladə hadisə olmayıb. Hamımızdan uzaq, qar uçqunu, sel, ildırım, Tornado kimi təbii fəlakətlər də baş verməyib. Olsa da həmin o qohumum soyğun altında indiyədək çoxdan donardı, zəng də vura bilməzdi. Məsələ tamam başqa cürdür. Qohuma saxta bir arayış lazımdır ki, guya haradasa işləyir. İndi mənə deyir zəng vurum rayondakı idarə müdirlərinin birinə ki, ona belə bir arayış versinlər, öz sözü, alan kimi də cəhənnəm olub Rusiyaya gedəcək. Düzdür, qohum bir qədər kəmhövsələ və yelbeyindir. Ancaq gerçəyi, reallığı başa salmağa da yeri var, qismən yararlıdır. Deyirəm, Rusiyaya getməyə sənə iş yerindən arayış nəyə gərəkdir ki ? Biznes-foruma,simpoziuma-filana gedirsən məyər ? Sənin kimilərə ən azı 1 il vaxt lazımdır o tərəflərə getməyə. Bunun 1 ayını milli pasport almağa, qalan 11 ayını isə rus dilini çinlilərin bizim dildə danışa bildiyi səviyyədə öyrənməyə.
   
   "Mənə pasport, dil-zad lazım deyil, arayış istəyirəm!"deyib hirslə tefonu qapadır. Onun heç vecinə də deyil ki, son 2 ildə 2 dəfə ağır... Nə isə, lənət şeytana!
   
   Arayış... Yəni bizim əvvəlki dilimizdə deyildiyi kimi spravka... Əkrəm Əylisli o vaxt Yazıçılar İttifaqındakı əhvalatı xatırlayarkən necə yazırdı? Hə, qnıışka... Arayış, spravka, qnıışka...
   
   Arayış,arayış, ehh, bu zəhirmar arayış... Tapdım! Az qalmışdım "arayış" deyə-deyə gedib çıxam "49 yaşlı oğlanın" məhəbbət karuselinə.
   
   Oğlan eey !!!
   
   ... Mənim doğulub boya-başa çatdığım o gözəl şəhərdə, o doğma rayonda o qədər qəribə hadisələr, lətifəsayaq əhvalatlar olub ki! Bədən tərbiyəsi müəllimi Murad Muradxanovu rayonda demək olar, hamı tanıyırdı. Bizə dərs deyəndə canlı və yaraşıqlı cavan oğlan idi. Tələbə vaxtı boks üzrə respublika çempionu olmuşdu. Siz, tanıdığı, xətrini istədiyi şagirdinin məktəb bufetində çay pulunu, yemək pulunu verib sakitcə aralanan müəllim görmüsünüzmü, heç olmasa eşitmisinizmi? Bizim Murad müəllimimizin tayı bərabəri yox idi. Onu şagirdlər də, müəllimlər də, camaat da, rayon rəhbərliyi də çox sevirdi. Bu səbəbdən də Murad müəllimi sonralar rayon bədən tərbiyəsi və idman komitəsinə sədr təyin elədilər. Onun dövründə rayonda idmanın bütün növləri inkişaf etməklə yanaşı, müxtəlif yarışlar da tez-tez keçirilirdi. Bu yarışlar həm də əlavə gəlir demək idi, zəhməti olanların payına babat pul düşürdü. Muradxanov istəsəydi çoxunu özünə götürər, bahalı maşın alar, dar günə ehtiyat görərədi. Ancaq o tamam başqa cür sovet adamı idi- hörmətcil, xeyirxah,şux və gözütox! Heç içki də içən deyildi, gəncliyində bəhsini götürmüşdü. Ancaq qonaq-qaraya göstərdiyi xidmət, əliaçıqlıq dilnən deyilirdi. Özünü heç vaxt sındırmazdı, küncdə-bucaqda gizlənməzdi. Baxmayaraq o vaxtların məşhur yeməkxanası olan "Məmmədrəşid"ə aylarla borc ödəyərdi. Qohumluqlarına görə müəyyən güzəşt limitləri olsa da, hər oğulun işi deyildi ölkədə ən bahalı yeməkxananın- "Məmmədrəşid"in hesablarına tab gətirsin.
   
   Murad müəllim "Neftçi" ni ən məşhur vaxtlarında 2 dəfə rayona yerli komandayla yoldaşlıq görüşünə gətizdirə bilən bəlkə də yeganə məmur olub. Yəni respublika üzrə.
   
   Murad müəllim rayon bədən tərbiyəsi və idman komitəsinin sədri kimi şəhər stadionunun da fəaliyyətinə cavabdeh idi. Stadion komitənin tabeliyindəydi, 3-4 işçisiylə. Nə olsun, 1500 yerlik taxta oturacaqlı bu stadion Muradxanovun qeyri-adi bir comərdliyi sayəsində SSRİ boyda nəhəng ölkədə az vaxt ərzində məşhurlaşmışdı. Nə V.İ.Lenin adına mərkəzi respublika stadionu, nə Kirovabadın yaşıl arenası... Bakının "Spartak", Sumqayıtın Mehdi Hüseynzadə adına stadionlarının heç pişik dəftərində də adı yox idi. Moskva, Leninqrad,Kiyev, Rostov, Saratov... şəhərlərində və bu şəhərlərdəki bazarlarda Muradxanovun stadionunu az qala "Lujniki", "Uembli" ilə müqayisə edirdilər. O vaxtlar "Şükrü Saracoğlu", "Ali Sami Yen", "Santyaqo Bernabeu", "Noukamp"... bir elə tanınmırdı. Qapalı ölkə olduğumuza görə. Tofiq Bəhramov İngiltərənin,almanların qapı tirinə dəyib xəttin üstündən meydana qayıdan topunu "qol" sayıb Böyük Vətən müharibəsinin qələbəsini ikinci dəfə təsdiqləyib qisasımızı almasaydı, heç "Uembili "də yadımızda qalmayacaqdı, növbəti dünya çempionatına qədər unudulacaqdı.
   
   100 min nəfərə yaxın tamaşaçı tutan "Uembli"nin ştatda nə qədər işçisi ola bilərdi ? Kassirli, süpürgəçili, gözətçili, ot biçənli... yəqin ki bir 150 nəfərə yaxın.
   
   ... Hər il meyvə-tərəvəz mövsümündə Rusiya tərəflərə çörək qazanmağa getmək istəyənlərin sayı çoxalardı. Əlində iş yerindən arayışı olanlara bazarlarda dəyməzdilər, sovet vətəndaşı öz həyətinin məhsulunu satırdı. Əslində daha çox elə bazardaca ordan-burdan gələn malları alıb satırdı. İşsizlərə ona üz tutanlara, insan adam olan (keçmişlərdə belə ifadələr də işlənirdi) Murad müəllim həmin o stadionun işçisi kimi təmənnasız arayış verirdi. Heç kimdən 1 manat da almırdı, gedin çörəyinizi qazanın deyirdi. Ancaq xahiş edirdi ki, oralarda dələduzluq edib milisə düşməyin, məni zibilə salarsınız. Bir deyil, iki deyil, hər mövsüm azı 60-70 nəfərə arayış verirdi. Heç mümkün idimi onlardan bir-ikisi bu yaxşılığa yamanlıq eləməsin. Belədə həmin "o stadion işçiləri"nin neqativ hərəkətləri barədə respublikaya məlumat verilirdi.
   
   Bir dəfə məsələ daha ciddi oldu. Gəlib yoxladılar və təxmin edildi ki, 80-dən çox saxta arayış verilib. Nə olsun ki, müəllim bunları kitaba işləmirdi, kim harda istəyirdi, yalvarıb dil tökürdü - çayxanada, mədəniyyət evinin tinində... möhürü basıb qollayırdı. O boyda yoxlama bircə nəfər də tapa bilmədi ki, Murad müəllimin üzünə dursun. Yəni ona pul verib arayış alıb deyə.
   
   İnanılmaz hadisə baş vermişdi. Murad Muradxanovu rayon rəhbərliyi, respublika bədən tərbiyəsi və idman komitəsi və yoxlama briqadası müdafiə edib qorumuşdular. Sovet qanun və prinsiplərinə sığmasa da xeyirxah məqsədini nəzərə alıb bu işi ört-basdır etmişdilər.
   
   Ancaq bundan sonra arayış məsələsinə də son qoyulmuşdu. Stadionun da 2 nəfər işçisi qalmışdı. İşçilərdən biri - hamının Şurik dediyi otbiçən Şərafəddin ixtisara düşmüşdü.
   
   "Uembli"də qayda-qanun bərpa edilmişdi.


YAZARIN ARXİVİ

2018-10-08 : PİS ADAM YOLDA
2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-10-20
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK