adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

GƏLƏNi PEŞiMAN, GEDƏNi PƏRiŞAN

ƏBÜLFƏT MƏDƏTOĞLU
36536 | 2010-02-13 01:09
Ötən şənbələrin birində əməlli-başlı özümü çəkib qoymuşdum dağın başına. Bir az da şairliyim vurmuşdu başıma. Necə deyərlər, gözlərim ayaqlarımın altını görmürdü. Zarafat deyil, oxucunun qıt, sözün urvatdan düşdüyü bir vaxtda yazı-pozumla bağlı xanım bir yazardan çox isti bir mesaj aldım. Daha doğrusu, qəzetimizin səhifəsində həmin xanım yazar gözəl bir panorama təsvir etmişdi. Necə deyərlər, fırçanın ucundan tutub bu panoramanın ən xırda nöqtələrinə qədər dönə-dönə gəzib gəldim. Və gəzdiyim yerlərdə gördüklərim də çox oldu, xatırladıqlarım da, barəsində təəssüf etdiklərim də, haqqında düşündüklərim də. Ən vacibi isə bu panorama məndə öləziyən ümidin, soluxşuyan inamın yenidən dirçəlməsinə bir qurtum su, bir udum hava oldu. Eləcə həmin o bir qurtumluq havayla suyun meyxoşluğunda nəfəsim genəldi. Dünya gözümdə cənnət kimi göründü. Onun faniliyi də, ağrı-acıları da, qayğıları da yadımdan çıxdı.
   
   Hə, bax elə şairliyimin başıma vurduğu həmin o gecə deyəsən, özümün özümə gözüm dəydi. Təzyiq zəhrimar nə təhər sıçradısa, dünya gözümdə qaraldı. Görünür düz deyiblərmiş, çox sevinmək də, çox yemək kimi bir şey imiş, adamın pəhrizini azdırırmış. Bax, mən də son illərdə ilk dəfə idi ki, bu qədər sevinmişdim. Özü də barəmdə yazıldığına görə yox ha, daha çox sözə, yazıya verilən diqqətə, qiymətə görə.
   
   Bəli, bax, həmin o təzyiqin mənim gözlərimə qaranlıq çökdürdüyü anlarda gecə saat 2 idi. Uşaqlar yatmışdılar. Güclə ayağa qalxıb onların çarpayılarına yaxınlaşdım. Birtəhər onları seyr etdim. Əslində, bu seyrdən çox bir növ vidalaşmaq, halallaşmaq kimi bir şey idi. Baxdım üç balama, bir də baxdım və qarşılarında içimdəki sıxıntıları dişimlə sıxa-sıxa eləcə təəssüfləndim. Bilirsiniz niyə?
   
   Mənim yazılarım da, şeirlərim də indi bu uşaqlar üçün nə əl boyda çörəkdi, nə də üç manatlıq bir köynək. O yazılar, o şeirlər mənim ürəyimin səsidi, bükürəm kağızlara. Və hər yazıdan, nəşr olunan kitabdan sonra ürəyimdə sevinclə yanaşı, ağrı da böyüyür, artır. Axı, o kitablar bu təkdaşlı divarımı isitmir, nəmini qurutmur, təknəyə çörək olmur. Bu kitablar mənim övladlarımdı. İndiki anda uşaqlarıma qardaş-bacı deyillər. Elə bil ki, bir damın altında ögeydilər. Nə qədər çalışıram öz sevincimin heç əlli faizini də onlara həzm etdirə bilmirəm. Bu da bir dərddi. Ən dəhşətlisi odur ki, kitablarımın nəşrinə sərf olunan pullara görə, qohum-əqrəba da məni qınayır. Üzdə, arxada deyirlər ki, evinin döşəməsini, tavanını düzəltmir, qəpik-qəpik yığdığını kitablara sərf edir. Elə də ata olar?
   
   Hə, bax mən ötən şənbə qoynunda olduğum o müxtəlif anların təəssüratlarını hörmətli Vəsilə xanımın yazısındakı lövhə ilə yanaşı qoydum. Oxşar səhnələr çox az idi. Üst-üstə düşənlər öz yerində, ziddiyyət təşkil edənlər tiyəsiz bıçaq idi. Bilirsiz onda nə fikirləşdim?
   
   - Limon ağacını!
   
   İstəyirsən evdə dibçəkdə becər, istəyirsən həyətdə. Ağacın da adı limondu, barının da. Təəssüf ki, axırıncı dəfə harda, neçənci ildə ağac əkdiyim yadımdan çıxıb. Adamın kəndi-kəsəyi olar... yeri-yurdu olar... şum eləyər... toxum səpər... ağac əkər... gül becərər... Hə, elə bilməyin ki, giley-güzar edirəm, narazılıq bildirirəm. Xeyir, bəlli həqiqəti sadəcə mən də dilə gətirdim. Özü də bilmirəm neçənci dəfə.
   
   
   
   sənə məktub yazmışdım
   
   yolda cırıb tulladım
   
   məktub səpilən yeri-
   
   göz yaşımla suladım.
   
   
   
   yazmışdım ki, insafın
   
   nə dənizdi, nə damla...
   
   yazmışdım oynamazlar,
   
   candan sevən adamla!..
   
   
   
   yazmışdım günüm itkin
   
   axşamımsa dardadı,
   
   ruhum canımdan köçüb-
   
   heç bilmirəm hardadı.
   
   
   
   yazmışdım bir kitablıq
   
   cavab uman sualı.
   
   tay nə qaldı xitablıq-
   
   dili-ağzı dualı.
   
   cırıb atdın fikirli...
   
   didilən qönçə kimi...
   
   göyərsin yazdıqlarım-
   
   üç ləçək yonca kimi.
   
   
   
   
   
   ***
   
   Hardasa oxumuşam ki, əkilən ağac, tikilən bina, çəkilən yol nişanədi. Ömürdən, gündən nişanə. Və həm də böyüklərdən eşitmişəm ki, ağac əkmək, yol çəkmək, quyu qazıb, su çıxarmaq, tutulan bulağın gözünü açmaq ən böyük savablardandı. Bunlar öz yerində. Bax, bunlarla müqayisədə ağac doğramağın, ev uçurmağın, yol dağıtmağın, bulaq kor qoymağın nə olduğunu bütünlüklə anlaya bilmirəm. Yəqin deyəcəksiniz ki, günahdı. Allaha and olsun, sizinlə razılaşa bilmirəm. Onlar hər biri ayrı-ayrılıqda insan ömrünə çalınan baltadı. Belə olan halda onun hansı günah anlayışı ilə uyğun gəldiyini təsəvvür etmək mənə bir az gülünc gəlir. Heç təsəvvür də etmək istəmirəm.
   
   Bakı deyilənə görə (mən keçmiş SSRİ sərhədlərindən kənarda olmamışam. O vaxtlar getmək də bir az çətin idi. İndi də getmək mümkündü...amma əl cibdən küsülüdü!) dünyanın, o cümlədən də Avropanın maraqlı, qədim şəhərlərindəndi. Qədimliyinə şübhəm yoxdu. Elə bir ucdan söküb dağıtdığımız köhnə Bakını, İçərişəhəri göz önünə gətirmək yetər. Amma gözəllik məsələsi mənim üçün mübahisəlidir. Çünki telekanalların efirində dünyanın müxtəlif şəhərlərini, müxtəlif mənzərələrini hərdən bir seyr etmək mümkün olur. O müqayisəli yanaşma gözəllik haqqında deyiləni sual altına alır. Nə bilim vallah, günaha batmaq istəmirəm, amma bu cür üst-üstə tikilən kibrit qutusu kimi evlərlə köhnə Bakının arasında çox böyük fərq var. Adı müasirlik olan o dördbücaq evlərdənsə, uşaqların bir həyətdə böyüdüyü, paltar şəritlərinin bir həyətdə hamı üçün bağlanmasının öz yeri, öz özəllikləri var idi. Bunu köhnə filmləri seyr edəndə də, köhnə Bakı mənzərələrinə diqqət yetirəndə də görmək olur. Onda adamın ürəyi elə səksənir ki, heç təsvir etmək mümkün olmur.
   
   
   
   sahibsiz bir daxmadı
   
   qapısı açıq
   
   şüşələri çiliklənmiş...
   
   nə qədər çağırdım
   
   nə hay verən oldu,
   
   nə də səsə
   
   kimsə çıxmadı-
   
   burda
   
   sükut kilidlənmiş
   
   otaqlara, divarlara...
   
   sahibsiz bir daxmadı-
   
   unudulmuş ürəyim
   
   dərd də üz çevirib
   
   ağrı-acı da...
   
   Allahın arısı da
   
   dönüb baxmadı
   
   sancmadı
   
   bir az göynərti olsun
   
   dodaqlara, damarlara...
   
   atılmaq belə başlayırmış
   
   demək
   
   qəribə görünsə də,
   
   bu işi bacarmayan
   
   adamlara...
   
   
   
   ***
   
   Siz mənim nostalji hisslər oyadan yazılarımdan yəqin ki, yorulmusunuz. Çünki mən sizləri sabahlara aparmaqdan daha çox arxada qalanlara sahib çıxmağa, bağlanmağa çağırıram. Bütün varlığımla, sözümlə, istəklərimlə cəhd edirəm ki, dünəndən qopub ayrılmayasınız, dünəni ömrünüzdən silib atmayasınız.
   
   Mənə elə gəlir ki, dünənindən qopan, dünənini unudan, dünənini topa-tüfəngə tutan, lap açığı, dünənini bəyənməyənlər dibçəkdə böyüyən güllərə, ağaclara bənzəyirlər. Bir balaca şaxta, bir balaca ağrı-acı güc gələndə elə soluxurlar ki, baxanın ürəyi ağrıyır. Amma neynəyəsən ki, xalq şairi Osman Sarıvəlli demişkən, "günah onun özündədi!".
   
   Deməli, istər qaçqın qəsəbələrində yaşayan qohum-əqrabam olsun, istər Bakıda müxtəlif yataqxanalarda, ictimai binalarda yaşayan əzizlərim, mən onlarla hər görüşümdə nə qədər cəhd etsəm də, işıqlı, necə deyərlər, yamyaşıl bir şey tapa bilmirəm. Bax, elə Beyləqanın Haramı düzündə salınmış yeni Tuğ qəsəbəsində əkilmiş ağaclar qohum-əqrabam kimi bomboz bozarıb. Yerin qurund suları, torpağın şorluğu artıq o ağacların çoxunu qurudur, tək-tük qalanı da bü gün-sabahlıqdı. Adamlar da Tuğdan, o dağ kəndindən gətirdikləri çöhrələrini, təpərlərini artıq illərin qoynunda əridiblər. Baxışlarında anlaşılmazlıq, sifətlərində də həmin o şoran torpağın rəngi.
   
   Şəhərlərdə ictimai binalarda yaşayanlar da mənə daha çox tələbəlik illərində Bakıda at oynadan ermənilərin sahibi olduğu evlərin zirzəmilərində, eni-uzunu beş qarış olan kirayənişin evlərində sıxıla-sıxıla yaşayanların görkəmini xatırladırlar. Adam nə qədər bucağa sığınar, ilahi. Bir ömürdə yaşamağı, qurub yaratmağı gör nəyə həsr edirik...
   
   Deyəsən, sizləri çox uzaqlara apardım. Məni qınamayın. Çünki vaxt-vədə mənə də sözünü deyib, təsirini göstərib.
   
   
   
   tökülən yarpaqları
   
   saymaq daha çətindi
   
   hər düşən yarpaq sanki
   
   tükənən səadətimdi...
   
   
   
   göz oxşayan bu xəşəm
   
   ürəyimə qor səpir
   
   yazmaq olsa da peşəm
   
   qələmim xiffət çəkir.
   
   
   
   fağırlaşan ağaclar
   
   budaq-budaq ah çəkir
   
   ahlarla qışa doğru
   
   payızlar günah çəkir.
   
   
   
   kül altda çınqı kimi
   
   yaza, ümid içində...
   
   hər payız görünürəm
   
   solan yarpaq biçimdə.
   
   
   
   Hə, ötən şənbənin bu xoş ovqatına görə minnətdar olduğum Vəsilə xanım, neyləyim ki, mənim dünyam daha çox dolmuş buludların, tutulmuş göy üzünün və bir də əli gözlərinin üstündə yol gözləyən, xəbər dinşəyən adamların dünyasıdı... Gələni peşiman, gedəni pərişan dünyanın.

TƏQVİM / ARXİV