QRİPƏ YOLUXMAQ İSTƏMİRSİNİZSƏ...

FAİQ QİSMƏTOĞLU
62145 | 2015-03-11 01:38
Qış fəslinə uyğun olmayan anomal hava şəraiti bir çox xəstəliklərin yenidən baş qaldırmasına və geniş yayılmasına münbit şərait yaradır. Çünki bəzi mikroblar isti havalarda daha sürətlə inkişaf edir və yayılmağa başlayır. Əgər qış fəsli əvvəlki illərdə olduğu kimi, şaxtalı və qarlı keçsəydi bəlkə də bu gün qripdən əziyyət çəkənlərin sayı bu qədər çox olmazdı. Amma nə etmək olar ki, heç də hər şey insan iradəsindən asılı deyil.
Xüsusən Bakı şəhərində havanın gün ərzində üç-dörd dəfə dəyişməsi immuniteti zəif olan uşaq və yaşlı insanlarda müxtəlif infeksiyalara yoluxmaq ehtimalını daha da artırır. Gəlin onunla razılaşaq ki, fevral ayı bəlkə də ötən qışların nadir aylarındandır ki, çox mülayim keçib. Biz görmüşük ki, qışın oğlan çağı olan fevralda qar yağar, şaxtalar olar və ən nəhayət, soyuq hava şəraitində müxtəlif mikroblar məhv edilər. Təəssüf ki, hava şəraitinin mülayim keçməsi bayaq dediyimiz kimi, bir çox xəstəliklərin inkişafına sanki təkan verib.
Amma bunlara baxmayaraq, bütün xəstəliklərdən olduğu kimi, qripdən də qorunmağın yolları var. Sadəcə olaraq bu yollardan biz istifadə etməliyik və həkim məsləhətlərini dinləməliyik.
Həkim-ekspert Nadir Eyvazov bildirir ki, payız və yaz mövsümlərində bir çox infeksion xəstəliklər və kəskin resperator viruslar yenidən baş qaldırır. Xüsusən də havalar anomal keçəndə bu cür virusların inkişafı üçün münbit şərait yaranır. Təbii ki, hər bir insan ətraf mühitin təhlükəsindən qorunmaq və müxtəlif xəstəliklərə yoluxmamaq üçün ilk növbədə maariflənməlidir. Şükür Allaha, indi bizim müxtəlif televiziya kanallarında hər gün əhalinin tibbi maarifləndirilməsi üçün verilişlər yayımlanır. Aydındır ki, bu cür verilişlər insanlar arasında tibbi maarifləndirməni təbliğ edir və hər hansı xəstəliyin başlanğıc mərhələsində həkimə müraciət etməyi, ondan tövsiyə almağı yada salır. Əlbəttə, bütün hallarda hər hansı pasiyent adi xəstəliyə düçar olubsa, ilk növbədə həmin insan həkimə getməlidir, müayinə və müalicə olunmalıdır. Xüsusən də qripə yoluxan insanlar buna əhəmiyyət vermir, apteklərə gedərək dərman alır və onu qəbul edir. Bu cür metodlarla bəzi xəstələr özlərini müalicə etməyə çalışırlar. Bunun müsbət tərəflərindən çox mənfi fəsadları da var. Ən azından həkimin təyin etmədiyi dərman xəstəyə mənfi təsir də edə bilər.
Həkim-ekspert Nadir Eyvazov bizimlə söhbətində bir daha bildirdi ki, qripə yoluxmağın çoxlu yolları var. İlk növbədə ictimai nəqliyyatda - metroda, avtobusda hər hansı qripə yoluxan adam heç olmasa asqıranda və öskürəndə ağzını dəsmalla tutmalı və ətrafa virus yaymamalıdır. Hətta bu cür xəstəliklərə düçar olan zaman qoruyucu maskalardan istifadə etmək daha məqsədəuyğundur. Təəssüf ki, bizim pasiyentlər çox nadir hallarda qoruyucu maskalardan istifadə edirlər. Amma çox nahaq yerə. Bu gün sən başqasını qripə yoluxdurarsan, sabah da bir başqası sənə o virusu keçirə bilər. Gigiyenik və sanitar qaydalara əməl etmək qripə yoluxmağın qarşısını ala bilər. Yəni hər gün üç-dörd dəfə əllərinizi sabunla yusanız həmin mikroblar sizdən uzaq ola bilər. Bununla yanaşı, qripə yoluxarkən tərkibi C vitaminləri ilə zəngin olan tərəvəz məhsullarından və eləcə də meyvələrdən daha çox istifadə etmək lazımdır. İmmuniteti zəif olan uşaqlar və yaşlılar birmənalı olaraq özlərini ətraf mühitdən qorumalı, xəstələnərkən vitaminlərlə zəngin olan qidalar qəbul etməli və eyni zamanda maye içməlidir. Təbii ki, bu mayenin, yaxud da çayın içərisinə zoğal və digər mürəbbələri əlavə edə bilər. Bütün bunlardan sonra xəstənin vəziyyəti sabitləşməyə doğru gedir. Hər halda həkim tövsiyəsinə qulaq asmaq və ona əməl etmək birmənalı olaraq pasiyentlərin xeyrinədir.
Yazımızın əvvəlində qeyd eləmişdik ki, hər hansı xəstəlikdən qorunmağın yolları mövcuddur. Deməli, qripdən də qorunmaq mümkündür. Sadəcə olaraq, sanitar-gigiyenik qaydalara əməl etmək və həkimlərin tövsiyələrinə qulaq asmaq lazımdır. Onsuz da bu gün o qədər müxtəlif mənşəli xəstəliklər və viruslar mövcuddur ki, insanlar bunlardan ancaq özlərini qorumaqla xilas ola bilərlər.


TƏQVİM / ARXİV