adalet.az header logo
  • Bakı 18°C

MƏN BiLDiM, SiZ DƏ BiLiN

OQTAY SALAMOV
17653 | 2010-02-13 01:09
Elektron poçtuma bir oxucu məktubu gəlib. Məni quru yuyub yaş sərib. Deyir axırıncı neçə yazın məzmunca pis olmasa da, yaman ciddidi, biz səndən bir az yumor, bir az ironiya gözləyirik. Heç olmasa həftə sonunda tənqidi yazı yazma, bir az oynaq, yumoristik bir şey olsun. Düzü ağlıma batdı. Amma yumorluq nə əhval tapdım, nə də həvəs. Deyir, biri dostuna şikayətlənir:
   
   -Əşi bilmirəm necə edim, borc çox, pul yox, işim yox, ağzımda dişim də yoxdu, gülə bilmirəm.
   
   Dostu təəccüblə:
   
   -Ay zalım oğlu, hansı gününə gülmək istəyirsən?...
   
   Elə-belə, yadıma düşdü, danışdım. Bu gün həftə sonunda mənə maraqlı görünən bir neçə hadisəni, xəbəri sizinlə paylaşmaq fikrindəyəm. Mən bilib siz bilməsəniz "çestni" olmaz axı...
   
   Xəbərlərin içərisində belə bir başlıq gördüm: İlk insan necə olub?Mötərizədə də yazıblar:foto. Maraqlandım, ilk insan hara, foto hara? Məlum oldu ki, alimlər saç nümunəsinə əsasən ilk insanın rəsmini çəkiblər. Mənim də aləmimdə ilk insan Adəmdir. Amma şəkildəki qaqaş bir az monqola oxşayır, bir az qazaxa. Yaxşı ki, rəssam erməni olmayıb, yoxsa mütləq onlara oxşayacaqdı.
   
   Deyir Kopenhagendən olan alimlər Qrelandiyada tapılan və 4000 il əvvələ aidliyi qeyd edilən insan saçının əsasında bu rəsmi çəkiblər. Araşdırıcılar bu rəyə gəliblər ki, Sibirdən gəldiyi ehtimal edilən ilk insanın gözlərinin qəhvəyi rəngdə, saçları isə uzun olub. ilk insana ermənilərin böyük təəssüfünə rəğmən Qrelandiya dilində "insan" kimi tərcümə edilən "inuk" adı verilib.
   
   Valeri Qazzayevin bir maraqlı şəklini gördum, xəbəri də oxudum. Sən demə məşqçi futbolçuların təkcə oyunu ilə maraqlanmırmış. Məsələn, Qazzayev "Dinamo"ya məxsus restoranın menyusunu da dəyişib.
   
   Deyir Ukraynanın "Dinamo" futbol klubunun bazasında yerləşən restoranın rəhbəri Pyotr Zvarıç futbolçuların qida rasionuna baş məşqçi Valeri Qazzayevin şəxsən nəzarət etdiyini bildirib: " Bundan sonra
   
    futbolçulara toyuq yumurtası, zavod istehsalı olan kolbasa, sosis və vetçinadan hazırlanmış qidalar verməyəcəyik. Bütün qidalar klubun bazasında hazırlanacaq. Valeri Georgeviç restoranda pelmen (düşbərəyə oxşar xörək) hazırlamağı da yasaq edib".
   
   Amma baş məşqçi dəyişikliyi özbaşına etməyib. O, klubun həkimi ilə məsləhətləşdikdən sonra bu qərarı qəbul edib. Görəsən, Qazzayevin xaşdan, pivədən, siqaretdən başı çıxır?..
   
   Deyirlər, tülkü yaman bic heyvandı. İndi gör Nyu-York şəhərinin (ayıb da olsa, ABŞ) sakinləri nə qədər bicdilər ki, həmin şəhərdə tülkü yox imiş. Vallah, xəbərdən belə çıxır. "Nyu-York şəhərini tülkülər basdı" başlıqlı bir xəbərə rast gəldim. Dedim yəqin bizim işğal olunmuş rayonlarımızla indiki sərhədlərimizdə siçanlar, canavarlar işğalçıların zülmündən baş götürüb azad, müstəqil respublikamıza gəldikləri kimi, orada da tülkülər kimdənsə üz döndərib Nyu-Yorka daraşıblar. Mən ölüm, xəbərin ciddiliyinə baxın:
   
   " Amerikanın Nyu-York şəhəri tülkülərin hücumuna məruz qalıb. "New York Times" qəzetinin məlumatına görə, Kolumbiya Universitetinin tələbələrinə təhsil müəssisəsinin həyətində tülkü göründüyünə dair 3 elektron məktub gəlib. Bu məlumat polis rəsmiləri tərəfindən də öz təsdiqini tapıb.
   
   Daha bir tülkü isə Kentin Manhattan regionunun Harlem məhəlləsində görünüb. Bundan başqa şahidlər Mərkəzi parkda da (Central Park) bir tülkünün fotoşəklini çəkməyə müvəffəq olublar".
   
   Pah atonnan, nə böyük iş olub. Elə təkcə Əhmədlidə sənə 200 tülkünün şəklini çəkib göstərərəm. Dördayaqlı, naturalnısını deyirəm ha...
   
   Boks üzrə keçmiş dünya çempionu Evander Holifild haqda bir xəbəri oxuyanda bir az çaşdım. Məhkəmə onun haqda qəribə bir qərar çıxarıb.
   
   Deyir Holifild arvadından 457,2 metr (500 yard) aralı gəzməlidi.
   
    Belə bir qərar onun xanımı Kendinin məhkəməyə şikayəti əsasında çıxarılıb.
   
   Xanımı Holifildi ona qarşı kobud davranışda ittiham edib. Kendi bildirib ki, Evander onun başına bir neçə dəfə zərbə endirib. Ər-arvad arasında münaqişə gecə vaxtı istilik sisteminin söndürülməsi ilə əlaqədar başlayıb. Arvadı kilsəyə getdiyi üçün evdə olmadığını söyləyib. Evander Kendidən bunu sübut etməsini istəyib. Lakin xanımı sübutlar göstərməkdən imtina edib. Ona görə də boksçu həyat yoldaşının sifətinə, boynunun arxasına və çiyninə zərbələr endirib. Sonradan o, Kendidən üzr istəyib və səhvini etiraf edib. Amma arvadı Evanderi məhkəməyə verib.
   
   Başa düşdük, adi məişət davasıdı, prosto boksçu gücünü düz hesablaya bilməyib. Amma qəribə odur ki, bu 457,2 metri kim hesablayacaq? Birdən küçədə üz-üzə gəldilər, fağır Evander ayağına spidometr qoyub qaçmalıdı ki, 457,2 metr məsafə olsun? Deyəsən bu amerikanların da ağlını ayaz aparıb...
   
   Ötən ilin dekabrının 30-da Uillis Pauel ad-soyadlı biri polisə zəng edərək ailəsi ilə Havay adalarında dincələn prezident Barak Obamanı öldürəcəyini bildirmişdi. Tutub damlamışdılar və deyirdilər ki, 5 ilə qədər yatacaq. İndi məhkəməsini elədilər, 4-cə gün həbs aldı.
   
    Pauell artıq həbs cəzasını həbsxanada keçirdiyindən dərhal azadlığa buraxılıb. Bundan sonra o, 6 ay ərzində polis nəzarətində olacaq.
   
   Düzünü deyin, siz də mən fikirləşəni fikirləşdiniz? Yəqin kalan xərci çıxıb. Qarabalanın bu şəklinə baxanda adam onu belə ucuz qiymətləndirdiyinə görə məhkəməni məhkəməyə vermək istəyir. Heç yaxşı iş görməyiblər. Deyir aşağı, aşağı, qatıqlı aşdan da aşağı?...
   
   Elə ABŞ prezidentinin həyatını belə ucuz qiymətləndirirlər ki, Çinin bütün arzuları çin çıxır. Odey, artıq Çin ixracatda dünya lideridi. Zay, girdirmə mal satır deyə-deyə dünya özünü tutub Çin malına. 2009-cu ildə dünya ölkələrinə 1,2 trilyon dollarlıq mal satan Çin hazırda ümumi iqtisadi potensialına görə ABŞ və Yaponiyadan sonra üçüncü yeri tutur. Proqnozlara görə 2010-da Yaponiyanı da ötməlidir.Elə bilirsiniz Çin öz prezidentini amerikanlılar kimi ucuz tutar?
   
   Ucuz dedim, yadıma jurnalistlərin həyatlarının qiyməti düşdü.Beynəlxalq Mətbuat İnstitunun (İnternational Press İnstitute) hesabatında deyilir ki,
   
   Son 9 il ərzində bütün dünyada rekord sayda - 735 jurnalist öldürülüb.
   
    Bu rəhmətliklərdən 110 nəfəri ötən il qətlə yetirilib. 2009-cu il həm də professional fəaliyyətlərini yerinə yetirdikləri zaman öldürülən jurnalistlərin sayına görə rekord ildir.
   
   Deyəsən çox bəd danışdım axı. Sonda desert üçün hamınızın ürəyindən olmalı bir kəşf haqda xəbəri çatdırmaq istəyirəm:
   
   Söhbət danışılan vaxtda dünyanın bütün dillərinə tərcümə etmək imkanına malik mobil telefondan gedir.
   
    Yeni qurğunun 6 min dili, yəni demək olar ki, dünyanın bütün dillərini qəbul edəcəyi və səsləndirə biləcəyi gözlənilir.
   
   Kəşf məşhur Google şirkətinin məhsuludur, Şirkətin tərcümə proqramının başçısı Frans Oş çoxdilli telefonun 2012-ci ildə satışa çıxarılacağını bildirib.
   
   Bu həftə deyə biləcəklərimi belə dedim. Dedim ki, siz də biləsiniz. Ən azından neçə jurnalistin öldürüldüyünü bilmək sizin üçün maraqlı deyildi? Nə bilim, mənə maraqlı gəldi...
   
   

TƏQVİM / ARXİV