adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ADiLiN ADiL GüNLƏRi

19202 | 2010-02-13 01:09
(əvvəli ötən sayımızda)
   
   
   
   Bu faciədən bir müddət sonra ailə Ordubadı tərk edib Naxçıvana daşındı. Yeni dərs ilində Adil artıq orta məktəbin üçüncü sinfində oxuyurdu. Əlaçı kimi şəklini şərəf lövhəsinə vurmuşdular. Lövhə üzərində bu sözlər yazılmışdı: "Hamı dərslərində Adil və Bağır kimi olmalı!" Bağırın valideynləri Azərbaycana İrandan gəlmişdi. 1920-ci ildə Gilan əyalətində Sovet respublikası qurulanda Rəşt şəhəri paytaxt elan edildi. O dövrdə Təbrizdə də Azadıstan yaradılmışdı. Naxçıvanda elə bildilər ki, tezliklə sərhədlər açılacaq, gediş-gəliş artacaq, qohum-qardaş bir-birinə qovuşacaq, illərin həsrətinə son qoyulacaq. İran kommunistləri Arazı adlayan qırmızı atlıların köməyinə arxalanırdı. Amma nəticə istənilən olmadı. Şah rejimi üsyançılara amansız divan tutdu. Gilanda, Təbrizdə baş qaldıran hərəkatın müqəddəratı əslində döyüş meydanında deyil, Moskva və London siyasətçilərinin görüşlərində həll olurdu. Elə ki, iki dövlət öz aralarında ümumi məxrəcə gəldi, xalq hərəkatının gələcək taleyi kimsəni maraqlandırmadı. Tezliklə yenicə çiçəkləyən arzular, xəyallar solmağa başladı. Xeyli insan tələfatı oldu. Təqibdən qurtulanlar Arazı keçib Naxçıvana pənah gətirdi. Bağır artıq bu tayda dünyaya göz açsa da, ona o taylı kimi baxardılar. Məktəb direktoru aldığı təlimata əsasən gəlmələri nəzarətsiz qoymazdı. Bağır da, Kərim də, İslam da, Adil də digər uşaqlar kimi, bütün bunlardan xəbərsiz yaşayırdı. Onlar dərslərini oxuyur, arabir dəcəlliklərindən də qalmırdılar. Məktəb illərinin sevincli-nəşəli günlərinin xatiratını dostlar bir ömür yaşatmağı bacardılar.
   
   Qırmızı qalstuklu uşaqlar haqqında Seyidtağı Seyidovun məqaləsi qəzetdə dərc olunmuşdu. Xeyransa xanım qəzeti hamıya göstərib oğlu ilə öyünürdü. S.Seyidovun kimliyi barədə bir onu öyrənə bildim ki, otuzuncu illərdə Bakıya gəlib, Tibb institutuna daxil olub. Həkim diplomunu alan kimi Naxçıvana qayıdıb. Ömrünün sonunadək ixtisası üzrə işləyib, camaat arasında yaxşı hörmət qazanıb.
   
   Adili ən çox əzizləyən Əli dayısı idi. Ad günündə ona musiqi aləti bağışlamışdı. Bu nə tar idi, nə kamança, nə qarmon, nə nağara. Ona mandalina hədiyyə etmişdi. Çalmağı tez öyrəndi.
   
   O dövr nə qədər mürəkkəb, ziddiyyətli də olsa, vətənpərvərlik ruhu, təhsil, siyasi maarif sahəsində oturuşmuş sistem yaranmışdı. Mal varlığı olaraq heç kim heç nəyin sahibi olmasa da, hamı özünü böyük bir ölkənin yiyəsi zənn edir, ölkənin taleyinə cavabdeh adam kimi davranırdı. Vətənə məhəbbət, dövlətə sədaqət hissi o nəslin nümayəndələrinə elə bil körpəlikdən ana südü ilə birgə əmizdirilirdi.
   
   
   
   ***
   
   
   
   Həyət evlərinin yerləşdiyi Əlixan məhəlləsindən Adil tay-tuşları ilə birgə üzü-aşağı yürüyərək getsə, on on beş dəqiqəyə sahilə yetişərdi. Çırmanıb suya girər, tilov atıb balıq tutar, yoldaşları ilə üzüb lap o taya da keçə bilərdi. Fəqət Naxçıvanda nə böyüyün, nə kiçiyin belə fikir ağlına gəlməzdi. Əsr dəyişsə də, Arazın əsirliyi, məmləkətin əsarəti bitməmişdi. O taydan da, bu taydan da sahilə xüsusi icazəsiz yanaşmaq yasaqlanmışdı. Nisgilli baxışlardan bezən çay suları hərdən daşsa da, insan nəfəsinə həsrət qaldığından bumbuz soyumuşdu. Günlərin birində Rusiya ilə İran Türkmənçay müqaviləsi ilə torpaqları ikiyə böləndə, qıvrıla-qıvrıla axan çayı sərhəd zolağı qəbul etdilər. Onu keçilməz Çin səddinə döndərən gündən hər iki sahil adam üzünə həsrət qaldı. Dərd xirtdəyə çatanda, hökm sahiblərinə əllər yetməyəndə, umu-küsü ünvanı həmişə Araz oldu. Otuzuncu illərdə yazılan bir şerdə Süməd Vurğun deyirdi:
   
   
   
   Axma Araz, dayan Araz,
   
   İnsaf elə, bizə bir az.
   
   Bir ürəyi cəllad kimi,
   
   İki yerə bölmək olmaz.
   
   
   
    Ən çox şairlərin, bəstəkarların, rəssamların ilham pərisi "zorən-müqəssir" Arazı yad edərdi . Suyundan içməsələr də, qoynuna atılmasalar da, səfasını görməsələr də, cəfasını, həsrətini çəkənlər həmişə tapılırdı. Araz Adili də yavaş-yavaş içdən təlatümə gətirirdi. Sözlər misralanır, diləklər qafiyələnirdi dilində-dodağında. Araz onun qaynar gözlərinə dolub qəlbinə süzüldükcə, hissləri şəlaləyə çevrilirdi. Bu coşqun duyğu onu yaşıdlarından fərqləndirir, yol qovşağında söz səltənətinə istiqamətləndirirdi.
   
    İllər aramla ötdükcə, günlərin kədər, sevinc, həsrət, arzu, nisgili, iztirab yükü də artırdı. Çox vaxt özünə qapanan sakit oğlan arzuların qanadında ümid və fərəh dolu şeir-sənət aləminə doğru addımlayırdı. Hələ də atası barədə həqiqətləri ondan gizlətmək mümkün olmuşdu... Amma əvvəl-axır boz simalı çılpaq həqiqət müqəddəs yalan pərdəsini yırtıb üzə çıxmalıydı.
   
   Təqvimdə 1933-cü ilin yanvar günləri bir-bir silinməyə başlamışdı. Ölkəni aclıq, səfalət bürümüşdü. Çörək qıtlığından hər gün minlərlə adam qırılırdı. Kəndbəkənd gəzib kimin evində artıq taxıl varsa yığırdılar ki, vəziyyətdən çıxmaq mümkün olsun. Yeni ilin ilk ayının sonuncu günündə Almaniyada faşistlər hakimiyyətə yiyələndi. Bir yandan da nasional-sosialist partiyasının iddiaları insanların təlaşını artırırdı. Avropa işğal təhlükəsi ilə üzbəüz dayanmışdı. Bu məqsədi həyata keçirmək üçün Hitler administrasiyası alman kommunistlərinə divan tutmağa başlasa da, Kremllə sövdələşmələri davam etdirirdi. Ölkənin ağır sənayesi sürətlə qüdrətli hərb maşınına çevrilirdi. Fürerin məqsədi dünyanı yenidən bölmək, yeni siyasi, iqtisadi güc mərkəzinə çevrilib imperiya yaratmaq, əslində dünyaya hakim olmaq idi. Hadisələrin mərkəzindən xeyli uzaq olan Naxçıvanda da beynəlxalq aləmin barıt qoxulu narahatlıq abı-hava getdikcə daha çox özünü büruzə verirdi. Kinoteatrlarda, küçələrdə, hətta Adil oxuyan məktəbdə alman kommunistlərinin lideri Ernest Telmanın şəkilləri asılmışdı. O, 1933-cü ilin mart ayının 3-də gestapo tərəfindən həbs edilərək Berlindəki "Moabit " həbsxanasında saxlanılırdı. İri ölçülü pannolarda Telmana uzanan caynaqlar və çağırış xarakterli alt yazılar sovet kommunistlərinin hadisəyə mövqeyini əks etdirirdi. Rəsm müəllimi Nağı Nağıyev məktəbin foyesini başdan-başa bu mövzuda çəkdiyi şəkillərlə bəzəmişdi. Bütüb şagirdlər bu sərgi ilə yaxından tanış olmalı idi.
   
   Adil xatirələrində yazır ki...
   
   Biz həmin şəkillərə baxıb, faşistləri elə o cür də təsəvvür edirdik. Canavar, timsah və s. şəkildə. Cəfər Cabbarlının "Yaşar" pyesində Toğrulun qolçomağı təsvir elədiyi kimi... Məktəbdən evimizə qədər bir neçə yerdə şüar asılmışdı:
   
   "Biz özgə torpağından bir qarış da istəmirik. Öz torpaqlarımızın bir qarışını da düşmənə vermərik. Əgər müharibə olarsa, biz ancaq düşmən torpağında vuruşacağıq."
   
   
   
   ***
   
   Bu sözləri səhv etmirəmsə rəsmi yığıncaqların birində Molotov söyləmişdi. Məktəbdə nəğmə dərslərində əzbərlədilən mahnılar da ayrıca seçilirdi. Məsələ:
   
   
   
   "Qırmızı lentanın saçaqlarında
   
   Parlar əməllərin, cavan komsomol!"
   
   Yaxud,
   
   "Yaşa-yaşa Kommuna,
   
   Gedəlim Şərqistana."
   
   
   
   Əzbərlənən şerlərin hamısı ilk növbədə dövrün tələblərinə cavab verməli idi. Bizim şairlərdən biri yazırdı:
   
    "Nəbilərin, Allahların, Kralların, Şahların
   
    ölümünə qərar yazırıq,
   
    Biz hərb istəmirik, hərbə hazırıq!"
   
   
   
   Məmməd adlı şagirdi bu şeri odlu-alovlu pafosla söylədiyinə görə mükafatlandırıb, yay tətilində pioner düşərgəsinə göndərdilər. Yaşıdları ona həsəd aparırdı. Axı qatarla Bakıya gedəcək, dənizi görəcək, muzeylərə baxacaqdı. Üstəlik Sabunçu vağzalından elektrik qatarı ilə Buzovnaya pioner düşərgəsinə yollanacaqdı. Orada da düz bir ay yeni dostlar, qızıl qumlu çimərlik...

TƏQVİM / ARXİV