adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

DiKTATOR, YOXSA ƏRƏBLƏRiN FƏXR ETDiYi ADAM?..

BABƏK YUSİFOĞLU
38898 | 2010-02-09 00:58
Dünyanın mədəniyyət beşiklərindən biri sayılan Misir tarixin ən mürəkkəb sınaqlarından çıxmış dövlətlərindən biridir. Bir zamanlar Şərqə hökm etmək gücündə olan bu qədim və zəngin ölkə zaman-zaman xarici dövlətlərin işğalına məruz qalmış, dəfələrlə talan edilmiş, sənətkarları, elm adamları başqa yerlərə daşınıb aparılmışdır. Amma bütün bunlara baxmayaraq bu ekzotik, zəngin ölkə yaşamış, özünü qoruyub saxlamış, bəşəriyyətə saysız-hesabsız mədəni, elmi töhvələr vermiş, uzun illər ərəb dünyasının lideri adını qazanmışdır.
   
   Həqiqətən də Misirin çox qədim, zəngin tarixi keçmişi var. Və ölkənin fəxr edəcəyi, sayıb seçəcəyi övladları da az olmamışdır. Onun müasir dövründən danışası olsaq əgər Hüsni Mübarəkin adını çəkməmək, və ya üstündən ötəri keçmək qətiyyən mümkün deyil. Çünki Misirin son 40 ilə qədərki bir zamanı məhz onunla keçib. Kimi bu adamı böyük dövlət xadimi, kimi bacarılı hərbçi, kimi də dəyişməz diktator kimi qəbul edir. Amma bütün hallarda o, Misirin, ərəb dünyasının adını tarixə yazdırmış oğullarından biridir.
   
   
   
   Məhəmməd Hüsnü Səid Mübarək
   
   
   
   1928-ci il mayın 4-də Kəfr əl-Müsəylaha kəndində dünyaya gəlib. Atası əs-Səid İbrahim Mübarək məhkəmə sistemində məmur işləyib. Sonra isə Şibin əl-Qumda qubernator məhkəmə sistemində çalışıb. 1952-ci il inqilabından sonra əs-Səid İbrahimi Qahirədə Ədliyyə nazirliyində inspektor vəzifəsinə keçirlər. Və ailə ölkənin paytaxtına köçməli olur. Hüsnü Mübarək orta məktəbi bitirdikdən sonra o hərbi xidmətə yollanır. Uşaqlıqdan kitablara və idmana böyük həvəs göstərir. Öz bacarığı ilə yaşıdlarından seçilən Mübarək hərbi xidmətdən sonra Qahirədə Hərbi Akademiyaya daxil olur, 1949-cu ildə oranı bitirərək bakalavr dərəcəsi alır. Bir il sonra isə Bilbeysdəki Hərbi Hava Qüvvələri akademiyasına daxil olur və təhsilini başa vuraraq aviasiya elmləri üzrə bakalavr dərəcəsinə sahiblənir, qırıcı təyyarə eskadrilyasına keçirilir.
   
   
   
   Gənc hərbçi
   
   
   
   hərbi təyyarəçi kimi 1956-cı ildə Böyük Britaniya, Fransa və İsrailə qarşı əməliyyatlarda iştirak edir. Bu xeyli müddət çəkir. Amma Hüsnü Mübarək təhsilində natamam hissələri doldurmaq haqqında düşünürdü. Bu üzdən də 1959-60-cı illərdə SSRİ-yə gələrək burada hərbi akademiyada təhsil alır və bombardımançı, ağır bombardımançı təyyarələrini də öyrənir. Bundan sonra Hüsnü Yəməndə gedən vətəndaş müharibəsində eskadrilya komandiri kimi iştirak edir. Sonradan Hüsnü Mübarək yenidən təhsilini davam etdirir. SSRİ-yə gəlir, akademiyada oxuyur.
   
   Vətənə qayıtdıqdan sonra Misirin Qərb Aviabazasının komandanı vəzifəsinə təyin edilir. 1965-ci ildə aviasiya briqadasına komandan, daha sonra isə Qahirə aviabazasının rəisi təyin edilir. Bu ərəfədə Misirlə İsrail arasında gərginlik hökm sürürdü. Edilən diplomatik səylər bir nəticə vermədiyindən bu dövlətlər arasında qısamüddətli müharibə başladı və artıq bacarıqlı hərbçi sayılan Mübarək müharibədə iştirak edir. Bu hərbi qarşıdurma altı gün çəkir. Və nə yazıq ki, Misir bu savaşda ağır məğlubiyyətə düçar olur. Bu məğlubiyyətin gələcəkdə də təkrar olunmaması üçün hərbdə ciddi reformlar lazım gəlir. Və dövlət bunu həyata keçirməyi qarşısına məqsəd qoyur. Hüsnü Mübarək hərbi-hava akademiyasına direktor təyin olunur və sonra ona daha böyük etimad göstərilərək Misir Hərbi-Hava Qüvvələrinin qərargah rəisi təyin edirlər ki, o, bu vəzifədə 1972-ci ilədək çalışır.
   
   
   
   Bu illər ərzində
   
   
   
   o həm hərbdə, həm də ictimaiyyət arasında tanınmağa başlamışdı. Onu yüksək təhsil görmüş hərbi mütəxəssis hesab edirdilər. Hüsnü özü də qazandığı karyerasını daha da yüksəltmək üçün düşünürdü. Və çox çəkmir ki, hadisələrin inkişafı onu bir az da irəli aparır. O dövrdə Misirin prezidenti olan Ənvər Sadat özü ona böyük etimad göstərməyə başlamışdı. Mübarək HHQ-nun komandanı və Misirin müdafiə nazirinin müavini vəzifəsinə keçirilir. Amma onun karyerasındakı sürətli inkişaf heç də bununla bitmir. Həyat özü onun qarşısına yeni sürprizlər çıxarır. 1973-cü ilin oktyabrında Misir-İsrail müharibəsində Misir onun rəhbərliyi altında ilk dəfə İsrail aviasiyasına böyük məğlubiyyətlər yaşadır. Amma qeyd edək ki, buna baxmayaraq hərbi əməliyyatlarda İsrail yenə təşəbbüsü əldən vermir.
   
   
   
   Misir hərbi aviasiyasının müvəffəqiyyəti
   
   
   
   artıq Mübarəkə böyük şöhrət qazandırmışdı. Ərəblər artıq onun simasında milli qəhramanlarını görürdülər. Dövlət də eyni zamanda onun xidmətlərini qiymətləndirir. Belə ki, Mübarək baş aviasiya marşalı rütbəsini, 1974-cü ildəsə Misirin silahlı qüvvələrinin general-leytenantı rütbəsini qazanır. Artıq ona daha yuxarı üfiqlər əl çatan görünürdü. Mübarək xalqın və dövlətin inamını və məhəbbətini qazanmışdı. Ənvər Sadat 1975-ci ildə Hüsnünü Misirin vitse-prezidenti təyin edir və bununla da ona nə qədər inandığını nümayiş bildirir. Və bunu dövlət postlarında deyil, həm də 1978-ci ildə yaratdığı Milli-Demokrat Partiyasında da özünün vitse-sədri seçir. Cəmi üç ildən sonra isə Mübarək həmin partiyanın sədrliyinə gəlir. Beləliklə o, Sadatın həm daxili, həm də xarici siyasətində bir nömrəli köməkçisinə çevrilir.
   
   O dövrdə hadisələri izləyən adamların əksəriyyəti artıq onu gələcəkdə ölkənin birinci adamı olacağına şübhə etmirdi. Zahirən heç nəyi büruzə verməyən Mübarəkin özü də hakimiyyətin əlçatan yerdə olduğunu bütün aydınlığı ilə görürdü. Çünki ölkənin bir çox işlərini artıq o idarə edirdi. 1980-cı ildə isə vitse-prezident Hüsnü Mübarək Misirin polisi və xüsusi xidmət orqanları üzərində nəzarəti əlinə alır. Və bundan sonra demək olar ki, o, Misirdə real gücə çevrilir.
   
   
   
   1981-ci il 6 oktyabrda
   
   
   
   keçirilən hərbi parad zamanı prezident Ənvər Sadat bir radikal islamçı tərəfindən qətlə yetirilir. Həmin an prezidentin yanında dayanmış Mübarək də əlindən yaralanır. Bəzi şahidlər isə bildirirlər ki, Mübrək heç yerindən xəsarət belə almayıb. Doğrudan da 8 gündən sonra Hüsnü Mübarəkin prezident seçilməsi Sadatın müəmmalı ölümünün üzərindəki sirri bir az da qatılaşdırdı. Həmin vaxtdan başlayaraq Mübarək Misirin dəyişməz prezidenti olaraq işləməyə başladı. O, növbəti dəfə - 1987-ci ildə, 1993-cü ildə, 1999-cu ildə və 2005-ci ildə Misirin prezidenti seçilib. Amma onu qeyd edək ki, sonuncu prezident seçkilərində Mübarək ölkə konstitusiyasına dəyişiklik edərək prezident seçkilərini alternativ namizədlərlə keçirilməsini qanuniləşdirdi.
   
   Misirin mütləq hakimi
   
   
   
   Hüsnü Mübarək ABŞ-la ehtiyatlı siyasət quraraq onun köməyindən də yararlanır. Məhz onun siyasətinin nəticəsidir ki, Misir hər il Amerikadan 1,5 milyard dollar yardım alır. Misir onun siyasəti üzündən Amerikadan asılı olan ərəb ölkələrindən birinə çevrilib. Amma onu da bildirmək lazımdır ki, Misir həm Şimali Afrika, həm də ərəb ölkələrində baş verən münaqişələrin nizamlanmasında xüsusi rol oynayıb.
   
   Mübarək hakimiyyətdə olduğu müddətdə 6 dəfə sui-qəsdin ünvanı olmasına baxmayaraq hamısından salamat qurtarıb. O həmişə hərbi təhsil aldığı Rusiya ilə yaxşı manasibətlər saxlayıb və rus dilini yaxşı bilir. 2008-ci ildə Vladimir Putinlə görüşündə Misirdə atom elektrik stansiyası tikmək haqda razılıq əldə edib.
   
   Mübarək Sadatın siyasətini dəyişib. Ən çox da siyasi müxalifətə qarşı. Hüsnü Mübarək türmələrdəki müxalifəti azad edərək onların təqib olunmasına son qoydu. Hətta onlara öz qəzetlərini buraxmağa icazə verdi. Bir sıra radikal islamçı təşkilat üzvlərini edam etdirdi. Ənvər Sadatın qatili və qətlin təşkilatçıları da edam olundu.
   
   Hüsnü Mübarək gənclik illərində uelsli tibb bacısı ilə evlənmiş bir misirli həkimin qızı ilə - Syuzanna Sabetlə ailə qurmuş, ondan iki oğlu olmuşdur - Alaa və Qamal. Qamal əvvələr bankir olsa da sonralar siyasi proseslərə qatılır və atasının siyasi varisi hesab edilir. Partiyada ən yüksək postlardan biri ona həvalə edilib. Mübarək özü bunu rədd etsə də belə danışılır ki, Mübarək Misiri arvadı Syuzanna ilə birlikdə idarə edir. Hər halda bir kənddə doğulmuş adi məhkəmə məmurunun oğlunun vəzifə pillələrində belə sürətlə yüksəlməsi onun öz bacarığı, uzaqgörənliyi, hər bir situasiyadan məharətlə istifadə etməyi ilə bağlı idi. Hətta bir çox hallarda o özü həmin situasiyaları yaradaraq hadisələri xeyirinə dəyişməyi bacarmışdı. Onu sevənlər də, sevməyənlər də, hətta onun düşmənləri belə Hüsnü Mübarəkin adını nə Misirin tarixindən, nə də dünyanın yaddaşından silə bilməzlər. Demokratiyanın əleyhdarı olsa da, lap diktator adı qazansa da şübhəsiz o, müasir dünyada ərəblərin ən məşhur oğullarından biridir.
   
   
   
   

TƏQVİM / ARXİV