adalet.az header logo
  • Bakı 11°C

BAZAR GüNü

VAHİD ƏLİFOĞLU
25539 | 2010-01-30 02:35
... İlk dəfə söz yaranıb və şübhə ola bilməz ki, ən adi söz də təsadüfən yaranmayıb. Dildə bütün sözlərin mənası və əvəz olunmaz yeri var.
   
   ... Gülüş ömrü uzadır, deyirlər. Əgər hamı gülə-gülə uzun yaşamalıdırsa, bəs bu dünyanın dərdini çiyinlərinə götürüb kimlər qısa ömür yaşamalıdı? Heç kim izah edə bilməz ki, niyə məhz onun ömrü uzun, digərinin ömrü qısa olmalıdı? Ən arzu olunan və həmişə həsrətlə yada salınan yaş həddi yüz yaşdı... Görəsən insan yüz ildə nəyi dəyişəcəyinə, nəyə malik olcağına inanır?
   
   ...Yüz il dişi açıq xoşbəxt olmaqdansa, əlli ilin ciddi, qaraqabaq bədbəxtçiliyi daha xoşdur. Ondakı yüzə yaxınlaşdıqca dişsiz ağızın kalafası ağarmaya, tülkü yuvasının dəhlizi kimi qarala...
   
   ... Yüngüllük epidemiya kimi bir şeydi...
   
   ... Tərəzilər ədalət simvoluna çevrilənə qədər bazarların simvolu idi. Və ilkinliyində bazar fəlsəfəsi rol oynamış tərəzilər çətin ki, haqq-ədalət göstəricisi ola bilsin... Hər bir bazarın ortası mərdimazardan və azardan, sonu məzardan ibarətdir... Bazar həm də ağır oturub batman gəlməli olanların qramlara, misqallara xırdalandığı yerdi...
   
   ... Şərq bazarı, qərb bazarı... Maşın, paltar, qoyun, it bazarı...
   
   ... Hələ bu dünyanın illəri aylara, ayları həftələrə, həftələri günlərə bölünməmişdi. Həftələrin çərşənbəsi, cüməsi, şənbəsi yox idi. Hər gün bazar günü idi... Göz işlədikcə piştaxtalar uzanıb gedirdi. Əkiləsi, tikiləsi torpaqlarda bazarlar bitirdi, qol-budaq atırdı, çoxalırdı, artırdı... Ağacları kəsib arşın düzəldirdilər, dəmirləri döyüb tərəzi...
   
   ... Hamı bir-birini aldatmaqla dolanırdı. Köhnə haramları yeyib yatırdılar, təzə haram sevdası ilə oyanırdılar... Uşaqlar arşınlarla, tərəzilərlə oynaya-oynaya böyüyürdülər... Sonra başladılar çəki daşlarının içərisini oymağa, arşınların ucunu sındırmağa... Bir gün satanlar satırdı, alanlar alırdı, o biri gün alanlar satırdı, satanlar alırdı... Alan Allaha and verirdi, satan Allaha and içirdi... Allah da bezib çıxıb getdi... Və yığışıb köməkləşdilər, bazarın üstünü örtdülər...
   
   ... Unutmuşdular ki, vaxt var idi ildə on iki ay, ayda dörd həftə, həftədə yeddi gün olurdu... Adamlar bir-birini həftədə bir dəfə, ayda dörd dəfə, ildə qırx səkkiz dəfə aldadırdılar... İndi 365-də bazar günü idi...
   
   
   
   ... Bu da bir dövrandı, əldə tərəzi,
   
   Tərəzi üstünə atılır hər şey.
   
   Küçədə, dalanda, yolda tərəzi,
   
   Satılır, dünyada satılır hər şey.
   
   
   
   Əl-ələ uzanır, kələkdən keçir,
   
   Nə var xırdalanır, ələkdən keçir...
   
   Oğrunun yanında doğru dayanıb,
   
   Doğrunun yanında oğru dayanıb.
   
   
   
   Oraq havadadı, dəryaz vərdədi,
   
   Adam ağacdadı, meymun yerdədi.
   
   Ələnir, şəkərin tozu satılır,
   
   Dəvə qiymətinə quzu satılır...
   
   
   
   ... Qazılı quyular ipdən ucuzdu,
   
   Bu söhbət kişilik söhbəti deyil.
   
   Söz atdan ucuzdu, itdən ucuzdu,
   
   Min söz bir şalvarın qiyməti deyil...
   
   
   
   ...Bitir, pöhrələyir dar ağacları,
   
   Şair yelkənlərə dor ağacları.
   
   Rütbə qazanmağın xəlvət xəbəri,
   
   Bahalı təltiflər örtüyün üstə.
   
   
   
   Doldurub meydanı satqın çəpəri,
   
   Şairin başıdı kötüyün üstə...
   
   ...Haqlı adamların qolların çatın,
   
   Əlləri üzünə, başına çatır.
   
   Kimsə yox,, dinləyə şair arvadın,
   
   Gücü gözlərinin yaşına çatır...
   
   Bazardı satqınlar satmağındadı,
   
   Satılanın qanı batmağındadı,
   
   Satılır, dünyada satılır hər şey...
   
   
   
   ... Dəvə, dana, torpaq, şeir satılır,
   
   Satanlar hələ ki, payın almayıb.
   
   Hansı məmləkətdə şair satılır,
   
   Deməli satmağa bir şey qalmayıb...
   
   
   
   ... Bazar sözlərin öldüyü yerdi. Kitablar ətə bükülər, kartofa bükülər, bazarda...
   
   ... Dağılmış sovetlərin dövründə bazar müftə yeyənlərin, möhtəkirlərin məskəni hesab olunurdu. Alverlə məşğul olanlar az qala cəmiyyətin tam hüquqlu üzvləri sayılmırdılar. Kiminsə adına, ünvanına deyilən bazar, piştaxta, tərəzi ifadələri əslində o kəsin təhqir olunması, alçaldılması anlamına gəlirdi... Kəsəsi, özünə hörmət qoyan hər kəs bacardıqca belə məkanlardan uzaq olmağa çalışırdı. Amma tərəzilərdə eyni idi, arşınlar da... Bazar ekzotik şərqin siması, görüntüsü olsa da, qəibədir ki, bazarın əsas atributları Qərbdə saxlanılır. Çəkinin də, uzunluğun da əsli, bütün dünya tərəfindən qəbul olunmuş etalonu qərbdədi. Halbuki qərb "bazar elmini" şərqdən öyrənib... Zəngin "bazarçılıq" ənənələrimizə və alıb-aldatmaq mədəniyyətimizə görə öyünməyə dəyər... Rəhmətlik Ə.Vahid sağ olsaydı yəqin ki, məşhur misrasını belə yazardı: "Biz bazar əhliyik, piştaxtalardan çıxmışıq"...
   
   ... Yoruldum... Bir uşaqlıq dostum var, uzun müddət özünü müxtəlif peşələrdə sınadı. Hətta şeir yazıb toylarda tamadalıq da etdi. Hələ də Yazıçılar Birliyinin üzvülük vəsiqəsini cibində gəzdirir. Axırda keçdi bazara... Hərdən görüşəndə deyir ki, qardaş, adam kimi yaşamaq burdaymış. Ev tikdim, maşın aldım. Cibimdə pulum, əyin-başımıda ki, görürsən...
   
   ... Əvəz əmi deyirdi:
   
   - Dul arvad oğluynan tərəzi güdən eyni şeydi. Hər ikisinin qarnı tox, gözü ac olar...
   
   ... Arvad əlindəki vedrəni tərsinə çevirib içindəki soğan tökdü alverçisinin ayaqlarının altına və dedi:
   
   - Qardaş, burda sənin dediyin çəkidə soğan yoxdu. Tərəzin düz çəkmir...
   
   Uzun mübahisədən sonra ətrafdakı evlərin hərəsindən bir tərəzi gətirdilər. Di gəl ki, bu tərəzilərin də heç birinin göstəriciləri bir-birinə uyğun gəlmədi...
   
   ... Ağlım kəsəndən səhv çəkən tərəzilər görmüşəm. Amma birinin artıq çəkdiyini görməmişəm, hamısı kəm çəkib, həmişə...
   
   ...Biz hər şeyi öz arşınımızla ölçən, öz tərəzimizlə çəkən millətik... Bazar olsun, türk oğlu!...

TƏQVİM / ARXİV