adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

XXI ƏSRDƏ HALALLIQ?

OQTAY SALAMOV
25243 | 2010-01-30 02:35
Bilirsənmi ürəyimdən nələr keçər, nələr keçər dərdimi al
   
   (Mahnının söz müəllifi məni bağışlasın, bunların dərdini almağa vaxtım və həvəsim yoxdu)
   
   Mən din haqda o qədər də güclü bilmirəm. Yazının başlığını iyirmibirinci əsrdə halallıq adlandırsam da, heç iyirminci əsrin yaşadığım illərində də, ondan qabaq oxuduqlarımda da başa düşdüyüm halallığı görməmişəm. Özü də elə çox istərdim ki, kaş halallıq olaydı, mən onu görməsəm də ziyanı yoxdur. Amma hələlik deyəsən olmayanı görmürəm...
   
   Necə bilirsiniz, düzgün duası oxunmuş, dəstəmazlı qəssab tərəfindən üzü qibləyə kəsilən oğurluq qoyun qurbanı halaldı? Ən pis odur ki, bizim halal adlandırdıqlarmızın əksəriyyəti bu gündədi. Mən bilmirəm Qafqaz Müsəlmanları İdarəsi hansı əsasla hansısa kolbasanın halallığına təminat verir, amma gördüyüm, bildiyim və məntiq onu deyir ki, aparatdan keçən şey dini mənada halal ola bilməz. Təmiz olar, gigiyenik olar, ziyansız olar, amma halal ola bilməz. Ən azından mollaların bizə təlqin eləməyə çalışdıqları kimi halal ola bilməz. Ona görə də, XXI əsrdə təcili olaraq halal kateqoriyasında köklü dəyişikliklər edilməlidi, yoxsa haramın içində itib-batırıq.
   
   O gün televizorda saysız-hesabsız mətbəx verilişlərindən birində bir xanım halva bişirirdi. İçərisinə bir çimdik duz atdı ki, bu halallıq üçündü. Yadıma xalq artisti Habil Əliyevin bir müğənniyə dediyi söz düşdü. Filarmoniya bağında Habil müəllimlə bir skamyada oturan adını çəkməyəcəyim müğənni dizlərini ovuşduraraq deyir:
   
   - Ay Habil, bu duz məni öldürür...
   
   Habil Əliyev gülümsəyib deyir:
   
   - Ay rəhmətliyin oğlu, doxdurunu dəyiş, səndə bir qram duz yoxdu, çox duzsuz adamsan, ağrın başqa şeydən olar...
   
   Əgər bir çimdik duzla halva halal olacaqsa, onda Masazır duz gölü halallığın paytaxtı olar ki...
   
   Qadınlar şikayətlənirlər ki, kişilər onların sükan arxasında olmaqlarına pis baxırlar. O gün yenə verilişlərin birində yaşı 20-22 olan bir rəngli xanım çox bahalı bir maşınını nümayiş elətdirərək böyük naz-qəmzə ilə kişiləri məzəmmətləyirdi:
   
   - Mən halal qazancımla aldığım bu maşını özümün oxuyub aldığım sürücülük vəsiqəsi ilə bir çox peşəkar sürücülərdən yaxşı idarə edirəm.
   
   Qoy Dövlət Avtomobil Müfəttişliyi məndən inciməsin, mən heç bir qadına bütün qaydalara uyğun olaraq sürücülük vəsiqəsi verildiyinə qəti inanmıram. Ən azından qadınlığına görə güzəşt eləyirlər. Bu hələ bir yana, 20 yaşında xanım hansı halal qazancla 120 min dollarlıq maşın ala bilər? Mügənni deyil ki, həm də toydan qazansın, atasının puluna alsa halal qazandığımdan deməz, bəs onda hansı halallıqdan danışırsınız?...
   
   Deyirlər Həcc ziyarətinə ancaq halal qazancla gediləndə ziyarət qəbul olunmuş sayılır. Azərbaycanda bircə adamın da ziyarətinin qəbul olunub-olunmamasını ancaq Allah bilir, amma mənim çox böyük şübhəm var. Çünki bizə deyilən şərtlər çox ağırdı. Qonşunda ac varsa onu doyuzdurmalısan, ailənin bir illik azuqəsinin pulunu evdə qoymalısan, Filan qədər pul köçürməlisən, orada qurban kəsməlisən, buradakılara hədiyyə gətirməlisən... Bunları hansı halal qazancla edirsiniz. Sovet vaxtında ən çox maaş alan nazir 400 rubl alırdı. Deyəcəksiniz bəs neftçilər, poladəridənlər?.. Onlar indi simvolik pensiya alırlar və ziyarətə də getmirlər. Müstəqillik dövründə kimsə hansı yolla pul qazanıbsa, sağlıqla xərcləsin, amma o pulların halal olduğunu iddia edirsə, onun halallıq anlayışından xəbəri yoxdur. XXI əsrdə hansı halallıqdan danışırsınız?..
   
   İndi respublika üzrə 5-10 nəfər həqiqi halal yaşayan və ziyarətə gedə bilməyən, nəinki qonşusundakı acı, heç öz ailəsini əməlli-başlı doyuzdura bilməyən fağır və halallığı ancaq öz istədiyi kimi başa düşən kalanlar etiraz eləyəcəklər ki, sən hansı haqla bizim halallığımıza şübhə eləyirsən? Məni qınamayın, öyrədilən halallıq anlayışı belə deməyə imkan verir, kateqoriyasını dəyişin, susum oturum yerimdə.
   
   İndi deyəcəklərimin birbaşa bizim halal-haramlığımızla əlaqəsi yoxdur. Amma mən biləni dinindən, etiqadından asılı olmayaraq bütün insanların halallıq anlayışları və ona əməl etmə dərəcələri var. Məsələn, şokoladı halal sayanlar şokoladdan düzəldilmiş adam heykəlinin hər yerini halal kimi yeyə bilərlər, yoxsa bəzi yerləri "vsyo-taki" tam halal deyil? Boş yerə danışmıram, Rumıniyada Leninin şokoladdan heykəlini düzəldiblər. Gəlin əvvəlcə 7 sətirlik bu xəbəri olduğu kimi verim, sonra dalını danışaq:
   
   "Rumıniyada Leninə hündürlüyü 3 metr olan şokoladdan heykəl qoyulub. Heykəli rumın rəssamlardan biri, kommunist Nikolay Çauşeskinin (Rumıniyanın əsas kommunisti) ad günü münasibətilə hazırlayıb.
   
   Tərkibi şokolad, nabat, həmçinin konfetdən olan heykəl paytaxt Buxarestdə ucaldılıb.
   
   Rəssam bu əsəri ilə kommunizmin Rumıniyanın bir hissəsi olduğunu unutmamağa çağırıb.
   
   Qeyd edək ki, şokolad və nabat heykəl Leninin 1990-cı ildə uçurdulan heykəlinin yerinə qoyulub. Hökumət rəsmiləri heykəlin adıçəkilən yerdə qalmasına cəmi 1 gün icazə veriblər".
   
   Balam, Çauşevskinin ad günüdü, heykəli niyə Leninə qoyurlar? Deyir, bir dəfə Brejnev maşınla gedəndə bir heykəli göstərib köməkçisindən soruşur:
   
   -Bu kimin heykəlidi?
   
   - Qoqolun, Leonid İliç.
   
   - O "Mumu"nu yazan müəllifdi?
   
   -Xeyr, Leonid İliç, "Mumu"nu Turgenev yazıb.
   
   Brejnev fikrə gedir və deyir:
   
   - Maraqlıdı, "Mumu"nu Turgenev yazıb, amma heykəli Qoqola qoyublar...
   
   Yaxşı, bunu birtəhər başa düşmək olar, mənə maraqlı gələn odur ki, bu heykəli yəqin ki, gec-tez yeyəcəklər. Onda onun hər yeri halal sayılacaq, yoxsa?...
   
   Artıq daşınmaq isəmirəm, onsuz da deyəsən çox budaqları silkələdim axı. Amma hər yerdə olduğu kimi, dində də islahatlar aparmağa ehtiyac var. Xüsusən də halal məsələsində. Yoxsa, indiki travtovka ilə XXI əsrdə halallıq axtarmağın heç yeri yoxdur. Ya tak dumayu!..
   
   

TƏQVİM / ARXİV