adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

"Şöhrət"dən dəhzətə

CEYHUN MUSAOĞLU
30575 | 2010-01-30 02:35
Yanvarın 26-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ordu quruculuğu sahəsində xidmətlərinə görə Səfər Axundbala oğlu Əbiyev "Şöhrət" ordeni ilə təltif edildi. 2 gün sonra - yanvarın 28-də "Şöhrət" ordeni alan nazirin rəhbərlik etdiyi orduda dağıdıcı hadisə baş verdi. Cəmi 2 günə quruculuğun dağıdıcılığın hücumuna məruz qalmasını təsadüf hesab edək, yoxsa...
   
   Sualın cavabını axtarmaq məqsədi ilə "döyüşə" atılmamışdan öncə dəhşətli faciə barədə xəbərlərə nəzər salaq, yox-yox, gözlərimizi bu xəbərə zilləyib yerimizdəcə donaq.
   
   Mediaforum.az saytı bir-birinə zidd olan xəbərləri "ORDUDA QIRĞIN" başlığı ilə təqdim edir. Saytdan oxuyuruq:
   
   - "Azadlıq" qəzetinin 29 yanvar sayında "Daşkəsəndə əsgər 6 zabiti güllələdi" başlıqlı xəbər dərc edilib. Xəbərdə deyilir ki, Daşkəsəndə yerləşən N saylı hərbi hissədə qanlı olay baş verib: "Əsgər hərbi hissənin 6 zabitini güllələyib. Əsgərin güllələdiyi zabitlər arasında hərbi hissənin qərargah rəisi və komandiri də var. Qərargah rəisi ağır yaralanıb, komandir isə dünyasını dəyişib. Həmçinin əsgərin hədəfinə tuş gələn digər zabitlərdən də ölən və yaralananlar var. Hadisənin motivi bəlli deyil. Bəzi məlumatlara görə, əsgər incidildiyindən avtomata əl atmağa məcbur olub".
   
   Yanvarın 29-da səhər "Milaz.info" saytı da hadisənin Daşkəsən rayonu ərazisində yerləşən hərbi hissədə baş verdiyini yazıb. "Milaz.info"nun məlumatına görə, hərbi hissənin əsgərlərindən biri zabitlərin yaşadığı otaga daxil olub və onlara avtomat silahdan atəş açıb. Nəticədə 6 nəfər həlak olub, bir neçə nəfər yaralanıb: "Atəş açan əsgər qaçmaga cəhd edib, lakin o, ilkin məlumata görə, zərərsizləşdirilb".
   
   "Trend" agentliyi hərbi mənbələrə istinadla xəbər verib ki, əsgərlər zabitlərin olduğu otağa girərək onları avtomat silahla qətlə yetirib: "Ölən zabitlərdən birinin divizion komandiri olduğu bildirilir. Atəş açan əsgərlər qaçmağa cəhd edərkən onlar öldürülüblər. Müdafiə nazirinin müavini Çingiz Məmmədov və digər rəsmi şəxslərin hərbi hissədə olduğu bildirilir".
   
   "Turan" agentliyi də hadisənin Daşkəsəndəki hərbi hissələrdən birində baş verdiyini bildirib. Agentliyin xəbərinə görə, yaralılar Gəncə şəhərindəki hərbi hospitala yerləşdirilib.
   
   Daşkəsəndəki bir mənbə "Turan"a deyib ki, indi rayonda hamı bu hadisədən danışır: "Camaat əsgərin həddindən artıq incidildiyindən xidməti silahı ilə komandirləri güllələdiyini deyir".
   
   Digər mənbənin "Turan"a bildirdiyinə görə, hadisə yanvarın 28-i axşam saatlarında hərbi hissənin komandir heyəti bir yerə yığıldığı vaxt baş verib: "Əsgər bundan istifadə edərək komandir otağında olan zabitlərə, sonra isə hara gəldi atəş açıb".
   
   Tükürpərdici olaydır, amma "orduda qırğın" anlamı vermir. Hələlik düşmən qarşısında məğlub olan ordumuzda əsgərin zabiti güllələdiyi hallar az olmayıb. "Orduda qırğın" təqdimatı isə yenidir. Əlbəttə qərəzli, sifarişli deyil, sadəcə cəmiyyətimizin rəngi qədər tünddür. Əlində odlu silahı olmayan övladın valideynini qətlə yetirməsi xəbəri də artıq təəccüb yaratmır. Buna baxmayaraq, "insanlıqda qırğın" reaksiyası sərgiləmək adekvat deyil axı... İnsanlıqda qırğın şüurlu canlıların daxillərini bürüyən müharibə zamanı baş verir. İnsanların qırğınına isə xaricimizdəki müharibələr səbəb olur... Bilirsiz nə var, orduda qırğının göstəricisi bir batalyonun bağqa batalyon üzərinə tankla, topla hücumudur, şükür Allaha ki, 1995-ci ildən sonra belə biabırçılığı yaşamırıq.
   
   Hakimiyyətimizdə bir-birinin siyasi anlamda qanını sormağa amadə məmurlar yox deyil. Onların yorulanda başlarını qoyub dincəlməyə qəzetləri, saytları da var. Qəzet oxumağa vərdiş edənlər belələrini yaxşı tanıyır. Kim və hansı arqumentlə istisna edər ki, Daşkəsəndəki "N" saylı hərbi hissədə yaşanan faciənin arxasında məkrli niyyət yoxdur. Sabahdan etibarən qəzetlərdə "Səfər Əbiyevə "Şöhrət"ordeni düşmürmüş" səpgili yazılara rast gəlsəz, inanın, iki əsgərin qatil rolunda çıxış etməsinə fitva verənlərin varlığına, inanın.
   
   Əlbəttə, əsgərlər incidilib və bezərək silahdan şeytanın dediyi istiqamətə atəş yağdırıblar. Ortada şeytan olmasaydı, hərbi hissə komandirinin, qərargah rəisinin güllələnməsi baş verməzdi. Əsgəri incidənlər ona birbaşa nəzarət edənlər olur, yəni ilk növbədə çavuşlar, ardınca tağım komandirləri, onlardan da keçdisə, batalyon komandiri. Bütün əsgər olanlardan soruşuram: siz hərbi hissə komandiri ilə ünsiyyətdə olmusuzmu, yaxud hansınızı hərbi hissə komandiri, yaxud qərargah rəisi şəxsən tanıyıb? Lap elə bir-ikinizi tanıyıbsa, ay həmin bir-iki nəfər, sizinlə hərbi hissə komandiri arasında konflikt olubmu?
   
   Mən Azərbaycan ordusunda 3 hərbi hissədə qulluq etmişəm, necə deyərlər, bərkgedən əsgərlərdən olmuşam. Ancaq nə hərbi hissə komandiri, nə də qərargah rəisi məni tanıyıb.
   
   Ortada məntiq yoxdu e... Əsgər onu incitmək imkanında olmayan hərbi hissə komandirini niyə güllələsin? Lap yadımdan çıxmışdı, hərbi hissə komandirinin oturduğu qərargahın qapısında karaul olur.
   
   Biz yazarıq, hadisələrə öz baxışımız ola bilər, və bu yalnış baxış kimi də qavranılar. Ona görə hər birimizin şəxsi facıəsi hesab edilən Daşkəsən dəhşətinə rəy vermək fikrindən uzağam. Sadəcə, müdafiə nazirinin "Şöhrət"inə ləkə gətirən faciəni təsadüf adlandırmaq da çətindir. Başqasının faciəsinə sevinənlərin hər gün artdığı məmləkətdə yaşayıram, məni qınamayın.

TƏQVİM / ARXİV