BAL SüZüLƏN DODAQLAR...

FAİQ QİSMƏTOĞLU
24918 | 2010-01-23 03:29
...1990-cı ilin 20 Yanvarından 20 il keçsə də, o dərdi, o kədəri heç vaxt unutmaq mümkün deyil. Ən azından ona görə ki, həmin qanlı yanvar gecəsində yüzlərlə insanın həyatına son qoyulub, nə qədər adam güllə yarası alıb, minlərlə insan isə çox ağır stress keçirib. Yəni 20 Yanvar hər bir Azərbaycan vətəndaşının ürəyinə elə bir yara vurub ki, 20 il yox, 1000 il ötsə də, bu yaranın ağrı-acısı hiss ediləcək. Nə yaxşı ki, son vaxtlar 20 Yanvarı ağlamaqla yox, qəhrəmanlıq günü kimi, oyanış günü kimi, milli dirçəliş günü kimi xatırlamağa başlayırıq... Bunlar hamısı bir daha göstərir ki, bu xalqın, bu millətin yaddaşından və ürəyindən heç vaxt onun yolunda şəhid olanları silmək mümkün deyil. Əksinə, azadlıq toxumu kimi 20 Yanvar şəhidləri hər bir insanın ürəyinə və qəlbinə əbədi bir işıq gətirib. O işıqla biz 100 il, 1000 il addım ataraq öz gələcəyimiz uğrunda daha inamlı mübarizə apara bilərik.
   
   20 Yanvar günündə şəhidlərin ruhuna ehsanlar verildi, dualar oxundu. Həmin ehsanlardan biri də Atatürk parkında yerləşən "Pürrəngi" çayxanasında oldu. Hər il olduğu kimi bu il də həmin çayxanada 20 Yanvar şəhidləri bir daha yada salındı. Yada salındı ki, qəhrəmanları xatırlamaqla insan bir daha ucalığa doğru yeni bir addım atır. "Pürrəngi"də dəmlənən çaylar stollara qoyulanda orda əyləşən çox adam bilmirdi ki, bu ehsandı. Elə adam da vardı ki, çayı içib gedəndə pul qoymaq istəyirdi. Amma çay paylayan uşaqlar onlara deyirdilər ki, bu gün Hüsü müəllim bizə tapşırıb ki, heç kəsdən çay pulu almayaq və bu çayın hamısı ehsandı. Çayçı Elmarın həmin gün qaş-qabağı açılmırdı. Amma dəmlədiyi çayın çox gözəl ətri vardı. Hətta adi günlərdən fərqli olaraq çaynikə kəklikotu da atılmışdı. Çay paylayan uşaqlar - Samir, İsa, Emin sanki çayxanadakı adamlara qulluq eləməklə 20 Yanvar şəhidlərinin ruhunu bir qədər də şad eləmək istəyirdilər. Ən qəribəsi o idi ki, həmin günü insanlar bir-birilə daha mehriban davranır və bir-birləri ilə xoş rəftar eləyirdilər. Axı, millətin dərdi çox vaxt insanları bir-birinə yaxınlaşdırır. Təki insanlar dərdli, ağır, hüznlü günlərdə deyil, adi günlərdə də bir-birləri ilə belə mehriban olsunlar.
   
   ***
   
   "Qabusnamə"də yazılır ki, od püskürən yeddibaşlı əjdahadan qorxmayın. O adamdan qorxun ki, sözgəzdirəndi və bir neçə dəqiqənin ərzində gəzdirdiyi sözlə dünyanı bir-birinə qarışdırır. Bunu "Qabusnamə"də yazıblar. Amma bu gün də insanlar arasında nə qədər desən sözgəzdirən, araqızışdıran və adamları bir-birinə vuruşdurmaq istəyən iblis xasiyyətli adamlar var. Daha doğrusu, heç onlara adam demək olmur. Sadəcə olaraq bu sözgəzdirən adamlar bütün rayonda, bütün kənddə və bütün qohum-əqrəbada var. Ancaq nədənsə belələri o qədər maskalanmış olur ki, onu heç kəs asanlıqla tanıya bilmir. Bir də gördün gəlib sənə deyir ki, bəs filankəs səndən danışırdı, deyirdi ki, sən çox axmaq adamsan. İş-güc görmürsən, qohum-əqrəbanın xeyrinə-şərinə yaramırsan. Bir qədər səbirli və dözümlü adamlar o dəqiqə sözgəzdirən adamın "payını verib" yerində otuzdurur. Məsələn, deyir ki, əgər doğrudan da sən mənim xətrimi çox istəyirdinsə, nə üçün arxamca danışan adamın cavabını verməmisən? Arxamca danışan adamdan o sözləri mənə çatdıran insan daha təhlükəlidi. Qaşları çatılan səbirli adam tərs-tərs sözgəzdirənə baxanda o işini bilib və elə cəld də aradan çıxır. Bilir ki, burda tay hiyləsi işləmədi. Ancaq nə fayda. Sözgəzdirən adamlardan vəzifəli şəxslərin də, müdirlərin də çox xoşu gəlir. Bir şey olan kimi müdir onu yanına çağırıb deyir ki, təzə xəbərdən-zaddan nə var? O dəqiqə də sözgəzdirən adam başlayır üyüdüb tökməyə və kimlərisə "baqaja" qoymağa. Müdirlər də yaxşı bilir ki, bu sözgəzdirən adamlara bel bağlamaq olmaz. Amma sadəcə olaraq onlar belələrindən istifadə eləyirlər və zamanı gələndə onları da yanından uzaqlaşdırırlar. Ona görə uzaqlaşdırırlar ki, günlərin birində sözgəzdirən adam başqalarını "baqaja" qoyduğu kimi, müdiri də keçi qiymətinə sata bilər.
   
   
   
   ***
   
   2010-cu il Azərbaycanda "Ekologiya ili" kimi elan edilib. Ona görə ki, son vaxtlar məmləkətimizin ekoloji vəziyyəti elə günə düşüb ki, beş-altı qoca arvad lazımdı ki, durumumuzu ağı deyib ağlasın. Artıq Azərbaycan, xüsusən də Bakı şəhəri ekoloji çirklənməyə görə çox pis vəziyyətə düşüb. Dünyanın 20 ən çirkli şəhərinin siyahısı tərtib olunub və bu siyahıda Bakı 1-ci yerdədir. Bizcə, əlavə şərhə ehtiyac qalmır. Amma ehtiyac ona qalır ki, bu gün Bakı şəhəri çirklənməkdə davam edir. Məsələn, Dərnəgüldə yerləşən Poladtökmə zavodunda borulardan hər gün atmosferə tonlarla qara tüstü qalxır. Bu qara tüstü şəhərin başının üstündə ölüm kabusu kimi dolanır. Görəsən, bu zavoddan atmosferə atılan zəhərli qazların çəkisi nə qədər olar? Bir ekoloq dedi ki, bu cür zavodlardan atmosferə atılan zəhərli qazların çəkisi 100 tonları keçir. Əgər bir zavodun borularından atmosferə 100 tonlarla zəhərli qazlar atılırsa, onda görün digər müəssisə və istehsalat sahələrindən Bakının atmosferinə nə qədər zəhərli qaz tullanır? Bu zəhərli qazlar kimliyindən asılı olmayaraq, hamının başı üstündə fırlanır və ondan şəhərdə yaşayan bütün insanlar udmağa məcburdu. Bunun da nə demək olduğunu başa düşmək o qədər də çətin deyil. Çünki belə zəhərli havanın insanlar tərəfindən udulması yüzlərlə, minlərlə adamın xərçəng və digər ağır xəstəliklərə düçar olması deməkdir. Havanın çirklənməsi nəticəsində sağalmaz xəstəliklərə yoluxan insanların sonrakı həyatı çox ağır və çətin keçir. Ən azından bu insanlar uzun müddət əziyyət çəkir və sonra da dünyasını dəyişir. Məgər bu qədər insanın Bakının çirklənməsi nəticəsində xəstələnməsi və ölməsi bir həyəcan təbili deyilmi? Düzdür, son vaxtlar Bakıda yeni ağaclar əkilir, yaşıllıqlar zolağı salınır. Amma 30-40 ilin ağaclarının qırılması istər-istəməz özünü göstərir. O balaca ağaclar böyüyənə və oksigen istehsal edənə qədər bizimki bizə dəyəcək. Sadəcə olaraq elə iş görmək mümkündür ki, atmosferə zəhərli qazlar atan zavodlar və istehsalat sahələri bu prosesi dayandırsınlar. Onların istehsal elədiyi məhsulun xeyrindən çox Bakı sakinləri atmosferə atdığı zəhərli qazlardan ziyan çəkirlər. Və nə vaxta qədər milyonlarla insan bu cür zavodların atmosferə atdığı zəhərli qazları udmaq məcburiyyəti qarşısında qalacaq?
   
   
   
   ***
   
   İstedadlı şair və yaxın dostum Əbülfət Mədətoğlu çox sayda şeirlər kitabının müəllifidir. Onun şeirlərində dərd, kədər, həsrətlə yanaşı, bir əbədi məhəbbət də var. O məhəbbət ki, o, Əbülfəti yaşadıb və sabaha daha nikbin inamla baxmağa məcbur edir. Yoxsa, dediyimiz məhəbbət olmasaydı dərddən, kədərdən çoxdan Əbülfətin ürəyi partlamışdı. Mənim stolumun üstündə istedadlı şairin iki kitabı var: "Allah, məni unutma" və "Ürəyimdəki sənsən". Hər ikisinə də avtoqraf yazıb. Hərdən darıxanda və vətən yadıma düşəndə o şeirləri oxuyub bir qədər özümə gəlirəm. Və fikirləşirəm ki, nə yaxşı belə şeirlər var. Bu şeirləri oxumasam, axtarmasam adamın ürəyi dərddən qubar eləyər. Hərdən bir Əbülfətlə zarafatlaşanda deyirəm ki, sən çox ürəkli şairsən. Bu yaşda belə gözəl məhəbbət şeirləri yazırsan. Məgər evdəki xanımın buna görə səni qısqanmır? O isə deyir ki, elə o şeirləri öz xanımıma yazmışam. İndi kim necə başa düşür düşsün, Əbülfət Mədətoğlu bu şeirləri öz xanımına yazıb, yoxsa başqa gözələ? O günü bir oxucu xanım Əbülfət Mədətoğluya zəng edib deyirdi ki, sənin axırıncı şeirlər kitabını - "Ürəyimdəki sənsən"i oxudum çox xoşuma gəldi. Əbülfət Mədətoğlu da telefonun bu başında dedi ki, əgər xoşuna gəlibsə, mən çox xoşbəxtəm, deməli, sarı simə toxunmuşam. Hər halda, sevgiyə görə, şairə heç bir söz demək olmaz. Ən azından ona görə ki, o bütün oxucuların ürəyindəki hissi, duyğunu və məhəbbəti qələmə alıb yazır. Əbülfət Mədətoğlu hər gün deyir ki, oram ağrıyır, buram ağrıyır. Vallah, bu cür məhəbbət şeirləri yazan adamın heç harası ağrımamalıdır. Görün, Əbülfət Mədətoğlu nə yazır:
   
   
   
   Bal süzülən dodaqların qaymaqdı,
   
   Əvəzi yox bu qaymağın yay vaxtı.
   
   Sinən üstü Əbülfətə yaylaqdı,
   
   Ordan durub tərpənməyə halı yox...
   
   
   
   İndi siz deyin, bu şeiri, bu odlu misraları yazan şairin ürəyi, canı niyə ağrımalıdı? Bəlkə şairin ürəyi, canı ona görə ağrıyır ki, gözəllərlə o qədər vüsala çatıb ki, heydən düşüb. Amma bir məsələ oxucu kimi mənim xoşuma gəlir ki, Əbülfəti dərddən ölməyə qoymayan, yaşadan, onu Tuğa aparmaq istəyən bax, belə məhəbbət şeirləridir. Allah səni qorusun, Əbülfət Mədətoğlu. Heç vaxt ürəyin ağrımasın. Həmişə belə odlu-alovlu, şirin və gözəl məhəbbət şeirləri yazasan. Bəlkə biz də sənə baxıb bir qədər tərpənək.

TƏQVİM / ARXİV