adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

LAL iTLƏRiN ƏHATƏSiNDƏ

VAHİD ƏLİFOĞLU
23172 | 2010-01-23 03:29
... Nə bir iş var idi, nə də bir məşğuliyyət. Bozarmış çadırlardan, bomboş düzənliklərdən və sərgərdan adamlardan ibarət bir dünya idi. Əllərini, ağızlarını və çadırlarının qapılarını taybatay açıb çörək gözləyirdilər. Səhər yuxudan durandan ta yatana qədər danışırdılar. Bir işlək yerləri var idisə o da çənələyirdi... Bəlkə də dərdin çoxluğuydu onları danışdıran. Dərdli deyingən olar deyiblər, axı... Amma onlar dərdlərindən danışmırdılar. Göydə quşu görürdülər quşdan danışırdılar, yerdə daşı görürdülər daşdan danışırdılar... İtlər qalmışıdlar baxa-baxa. Hürə bilmirdilər. Nə qədər hürmək istəkləri, arzuları var idi, saxlayırdılar axşama. Axşamlar adamlar yatandan sonra hürürdülər... Tezliklə bu adamlar başladılar yuxuda da danışmağa. İtlər susdular, susdular oldular lal...
   
   ... Əvvəlcə yüngül mehlə başlayan külək yavaş-yavaş dəhşətli qasırğaya çevrildi. Küləyin sürəti artdıqca çadırın ətəyi yellənirdi. Sonra ətək çırmalanıb qalxdı çadırın belinə. İndi çadırla torpağın yeganə əlaqəsi mıxlara bağlanmış dörd kəndir idi. Çadır çırmanıb çaydan keçən arvada bənzəyirdi. Çadırın örtdüyü hər şey qalmışdı ortalıqda... Kişi asılmışdı çadırın ətəyindən, arvad isə qollarını yana açıb üzüquyulu yıxılmışdı yorğan-döşəyin üstünə... Külək səbirsizliklə, inadkarlıqla çadırı və çadırın içindəkiləri silib-süpürüb aparmaq istəyirdi... Arvad tumanı keçirmişdi başına. Üç-dörd irili-xırdalı uşaqlar yapışdılar arvaddan. Bilmək olmurdu ki, arvadın tumanını aşağı salmaq istəyirlər, yoxsa küləyin onları da aparacağından qorxurlar... Kişinin əlləri başından yuxarıda, çadırın ətəyində nəzərləri arvadda və uşaqlarda idi... Arvadın vəziyyəti əvvəl-əvvəl kişini cəlb etsə də, hədsiz maraqlandırsa da vaxt keçdikcə əsəbiləşirdi. Hirsini az da olsa sakitləşdirmək üçün cibindən siqaret qutusunu çıxarıb siqaret yandırmaq istəsə də heç cür bu istəyini reallaşdıra bilmirdi... Hövsələsi daraldıqca keyləşmiş qollarının, ayaqlarının ağrıları artırdı... Bir tərəfdən də ayaqlarının ucundan başına doğru, dərisinin altı ilə sanki minlərlə qarışqa hərəkət edirdi... Bu əcaib hiss onda adi günlərdə də tez-tez baş verirdi və bədənindəki bu qarışqa gəzintisinin "çarəsi bəlli" idi. Di gəl ki, özünün kəşf etdiyi o çarəyə yetişmək üçün lazım idi ki, əllərini azad etsin. Hazırkı vəziyyətdə isə bu mümkün olan iş deyildi. Dəqiq bilirdi ki, əllərini bircə anlıq azad etsə, çadırdan biryolluq üzülüşməliydi...
   
   ...Külək başladığı kimi də kəsdi... Kişi çadırın ətəklərini kəndirlərə bağlayıb qalxdı. Tumanını sahmana salan arvada yaxınlaşdı, üz-üzə dayanıb şit-şit güldü və dedi:
   
   - Deyirəm çadırın da əli-qolu ola, başına keçmiş tumanını özü aşağı çəkə bilə...
   
   ...Heç yerinə düşməyən zarafatdan arvadın sifəti az da olsa qızardı, kişinin arsız, həyasız baxışlarının qarşısında utanıb mızıldandı:
   
   - Mənim əlim-qolum yerindəydi, yaman durdum küləyin döşündə...
   
   ... Kişi pallı-paltarlı uzanmışdı çarpayıya. Əllərini qoşalayıb qoymuşdu başının altına. Bütün günü qollarından, kürəyindən axışıb gələn "qarışqalar" indi boynunun dalında, başının içində "dolaşmaqdaydı"
   
   ... Fikirləşdikcə əsəbiləşirdi, düşündükcə səbri bir tikə olurdu... Hərdən ona elə gəlirdi ki, bu saat qulaqlarından, burnundan "qarışqalar" qaynayıb töküləcək yastığın üsünə... Gecə yarıdan keçmişdi. Yarı zor, yarı xoş gözlərini yumdu...
   
   ... Yumuruq boyda, dairəvi, yumşaq torpaq topasının ətrafında saysız-hesabsız qarışqalar qaynaşırdılar. Yuvanın girişi torpaq topasının düz zirvəsində idi. Yuvadan təpənin hər tərəfinə kiçik qarışqa cığırları uzanıb gedirdi. Cığırda cərgələnmiş qarışqalar yuvaya tərəf saman, ot, çör-çöp qırıqları sürüyüb gətirirdilər... Dizlərini qatlayıb aşağı əyildi. Bir xeyli də tamaşa etdi. Birdən ağlına nə gəldisə, baş barmağını cəld hərəkətlə soxdu yuvanın girişinə. Barmaq axıra qədər yumşaq torpaqda "itdi"... Bayaqdan sanki qarışqalar da elə bu hərəkəti gözləyirdilər. Sürüdükləri samanı, otu, çör-çöpü bir tərəfə tullayıb darışdılar kişinin əlinə...
   
   ... Kişi qarışqaların əhatəsində girdi çadıra. Yatdığı çarpayıya sarı getdi. Çarpayının ortasına yəhər qoyulmuşdu, baş tərəfindən yallı, birçəkli at başı sallanırdı. Ayaq səsinə at başı dikəldi, çevrilib iri, qara gözləri ilə gülümsədi. Gözlər elə bil dilə gəlib deyirdi:
   
   - Gəl, min. Min çap məni...
   
   ... Kişi qarışqaları kənara itələyib qürurla, inamla yaxınlaşıb mindi yəhərə, başını atın boynuna əyib qışqırdı:
   
   - Arvad, hardasan? Gəl, min tərkimə... Bir ana at, yanında da iki-üç dayça girdi içəri...
   
   ... Arvad qəhərlənə-qəhərlənə yalvarırdı həkimə. Həkim kişini bir xeyli sorğu-sual edib, uzun və yorucu söhbətə başladı.
   
   ... İki-üç saatlıq söhbətdən kişinin yadında bir kəlmə söz qalmışdı:
   
   - Dəliyə it də hürür... Bütün öyüd-nəsihətlərin, məsləhətlərin içində bircə bu söz ağlına batırdı...
   
   ... Maşından düşən kimi arvadın çadıra girməsini gözləyib əl ağacını götürdü və tərpəndi çadırın "ayağına"...
   
   ... Ətraf kəndlərin camaatının və yoldan keçənlərin gətirib azdırdığı yiyəsiz itlərin sürüsü onların üstünə şəstlə gələn əli ağaclı kişini təəccüblə qarşıladılar...
   
   ... Düz bir ay idi çadırda ayağı yer, əli ağac tutan nə qədər adam var idisə səhərdən axşamacan tökülüşüb itləri döyürdülər. İtlər də bütün inadkarlıqlarını və dözümlülüklərini səfərbər etmişdilər. Nə çıxıb gedirdilər, nə də ki, hürürdülər...
   
   ... Karvan bir saat idi ki, yol gedirdi, lakin kənd qurtarmaq bilmirdi. Kənd böyük deyildi. Olardı əlli-altmış ev. Yol boyu evlər bir-birindən az qala bir at mənzili məsafədə düzüldüyündən kəndin bu başından baxanda o başı görünmürdü. Başda yaşayan ayaqdakın tanımırdı. Elə bil bu camaat bir kənd deyildi, elə-belə əlacsızlıqdan bir yerə yığışmışdılar. Evlər də arxa-arxaya tikilmişdi. Heç kim bir-biri ilə danışmırdı... Nəhayət axırıncı ev göründü. Burdan o tərəfə ucsuz-bucaqsız çöl uzanırdı. Bələdçi axırıncı evi görüb dəvənin ovsarından sallandı. Dəvələr bir-birinə toxunub dayandılar. Qabaqdakı dəvənin belindəki yırğalanıb gözlərini geniş açdı, yuxarıdan aşağı meyillənib təəccüblə, nigarançılıqla soruşdu:
   
   - Nə oldu? Niyə dayandıq?
   
   Bələdçi başını qaldırmadan yorğun və üzüntülü səslə cavab verdi:
   
   - Ağa, kənd qurtarır, amma karvana bir it də hürməyib. Neyniyək?
   
   Ağa deyilən şəxs bir xeyli peysərini şirin-şirin qaşıyıb əlacsız-əlacsız dedi:
   
   - Həə? Gözləyək. İt hürsün gedərik...
   
   

TƏQVİM / ARXİV