adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ATHAATDI

OQTAY SALAMOV
23409 | 2010-01-23 03:28
Bizdə marketlər peyda olanda onlara münasibət birmənalı olmadı. Bəziləri onları varlıların dükanları adlandırdı, bəziləri orada ancaq keyfiyyətli və ona görə də bahalı malların satıldığını iddia elədi, bəziləri də bunu ticarətin daha mütərəqqi üsulu kimi qəbul elədi. Vaxt keçəndən sonra marketlər varlılı-kasıblı bütün əhalinin məişət həyatının ayrılmaz atributuna çevrildi və onlar bazarlardan, küçə alverçilərindən daha çox aldatmağa başladılar. Çünki ünvanlarına bir inam yaranmışdı və bu inamdan istifadə eləyərək elə ən böyük inamsızlığı qazandılar...
   
   İndi bir çox super, hiper, adi marketlərdə saxlama və yararlılıq müddəti ötmüş, keyfiyyətsiz malların satılması adi hala çevrilib. Yoxlayırlar, cərimələyirlər, televizorda göstərirlər, qəzetlərdə yazırlar- heç bir xeyiri yoxdur.
   
   Bundan başqa: bir çox marketlərdə alınan malın çekini vurmurlar, çəkidə aldadırlar, mallarını sırımaq üçün müxtəlif hiylələrə əl atırlar. Bunlar mənim yox, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun Day. Az-ın əməkdaşına söylədiyi fikirlərdəndi. Onun sözlərinə görə, inkişaf etmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da (ay can, ay can!) bazar və supermarketlərdə alıcıları aldatma halları geniş yayılıb. Eyyub müəllim konkret misallar da gətirib: "Malların elektron satışı təmin olunmuş supermarketlərdə bəzi əldən təmiz olmayan kassirlər müxtəlif hiylələrə əl atırlar. Məsələn, alıcı kifayət qədər çox mal alanda kassir istehlakçının almadığı artıq malları da kassaya vura bilər".
   
   Bir çox marketlərdə satılan spirtli içkilərin etiketlərində malın istehsal tarixi, yararlılıq müddəti göstərilmir: "Belə fakt onu göstərir ki, bu içkilər keyfiyyətsizdir, işlətmə vaxtları keçmişdir. Məlum olduğu kimi, spirtli içkilərin saxlama müddəti 1 ildir, konyakın saxlama müddəti isə 3 ildən çox ola bilməz".Birlik sədrinin sözlərinə görə, Bakının bəzi bazarlarında bir çox satıcılar müştərini çəkidə də aldadırlar. Onların işlətdikləri çəki daşları da düzgün çəkini göstərmir.
   
   Özü də "atmaq" söhbəti təkcə bizimkilərə aid deyil. Deyəsən avstraliyalı alimlər dünyanın bütün kişilərinə atırlar, özü də "krupnı"... Deyir Taunsvil universitetinin alimləri bu rəyə gəliblər ki, dünyanın ən gözəl güllərindən biri olan qızıl gülün dietik xüsusiyyətləri var. Tədqiqatçılar yaşı 20-36 arasında olan və piylənmədən əziyyət çəkən 3200 qadın arasında eksperiment keçiriblər.
   
   Qadınların yarısının olduqları otaqlarda qızılgül buketləri, digər yarısının olduqları otaqlarda isə tarla gülləri olan vazalar qoyurlar. İki həftə ərzində hər gün buketləri yenisi ilə əvəz eləyirlər. Gözəl cinsin nümayəndələri bitkilər olan otaqlarda hər gün azı 3 saat olmalı idilər. İşin gedişi zamanı məlum olur ki, qızılgül ətrini alan qızların qida qəbul eləməyə həvəsləri azalır. Beləliklə, onların bədən çəkilərinin 3-5 kiloqram azalması müşahidə olunur. Tədqiqatın rəhbəri Edrian Tantren belə hesab edir ki, qızılgül ətri artıq kaloridən azad edir. Çünki o beyinin aclıq hissinə cavabdeh olan hissəsini aktivləşdirmək xüsusiyyətinə malikdir. Əslində qızılgül ətri orqanizmi aldadaraq onda yalançı doymaq effekti yaradır.
   
   Belə baxanda arvadları kök olan kişilər üçün maraqlı görünə bilər. Amma gəl indi kök olan da, olmayan da ərinin üstünə düşsün ki, sən ən azı iki həftə mənim üçün hər gün bir buket qızılgül al. Görün iki həftədən sonra yazıq kişilər əriyib çöpə dönürlər, yoxsa yox. Pah atonnan, alimlər də yazıq kişilərə atırlar...
   
   Arıqlamaq haqda danışdım, yadıma bir ingilis qızı haqda oxuduğum yazı düşdü. Orada deyilirdi ki, 19 yaşlı Melissa Cons iki il ərzində 139 kilo arıqlayıb. Hə, 17 yaşında onun çəkisi 215 kilo imiş. Sonra cərrahi müdaxilə etdirib və indi 76 kilo çəkisi var. Bu gün Melissa özünü dünyanın ən ...bədbəxti sayır. O cərrah bıçağı altına uzandığı günü lənətləyir. Cərrahi əməliyyata qədər Melissa müxtəlif pəhrizlər saxlasa da heç cür arıqlaya bilmirdi. Səhhətində baş verən ağırlaşmalar onu əməliyyata getməyə məcbur eləyir. O 17 yaşında mədəsi cərrahi yolla kiçildilən birinci ingilis xanımı olur. Bu gün isə deyir: "Bilirəm ki, yaxşı səslənmir, amma mən yenə əvvəlki kimi kök olmağa üstünlük verirəm. Ən azından onda mənim bədənim indiki kimi qırışlı və sallanan deyildi. Ümidvaram ki, mənim başıma gələnlərdən xəbərdar olanlar qastrocərrahiyyəni möcüzə saymayacaqlar. Yaxşı olardı ki, mən idman və sağlam qida ilə arıqlayaydım. Bilirəm ki, cərrahiyyə yolu ilə həyatım xilas oldu, amma belə yaşamaq da bir iş deyil; ana ola bilmərəm, sevdiyim adamın qarşısında soyuna bilmərəm... Mürəkkəbliklər məni o qədər üzür ki, əvvəllər özümü daha xoşbəxt sayırdım"...
   
   Siz bilən hansı halda bizə atırlar, kök variantında, yoxsa arıq? Əminəm ki, atırlar, amma yerini dəqiqləşdirə bilmirəm...
   
   Bu xəbəri olduğu kimi köçürüb sonra şərhini verəcəm:Kanada sakini müdirinə Yeni il münasibəti ilə qeyri-adi hədiyyə edib. Qadın uzun zamandır böyrək çatışmazlığından əziyyət çəkən rəisinə öz böyrəyini verib. 44 yaşındakı Kimberley Censenin belə qərar verməsinə səbəb onun ögey atasının da böyrək çatışmazlığından vəfat etməsi olub. "Böyrəyimi bağışlamağa elə ögey atamın öldüyü gün qərar verdim. Əgər bir insanın həyatını xilas edə bilsəm onunla birgə ailəsinin də faciəsinin qarşısını da ala biləcəyimi düşündüm", - deyə Kimberley Censen qəribə hədiyyəsinin səbəbini izah edib. İşçisinin bu addımı müdiri Bill Flittonu təəccübləndirib. "Kimberleyden böyrəyini mənə bağışlamaq istəməsi barədə qısa bir mail aldım. Şoka düşmüşdüm", - deyən Bill bunun ömründə aldığı ən gözəl Yeni il hədiyyəsi olduğunu söyləyib.
   
   Belə baxanda maraqlı xəbərdi və "atmaq"la əlaqəsi görünmür. Amma bu, belə baxandadı, sən həmin xəbərə bizim şeflərin gözü ilə bax, onda gör necə atmaq olar. Bizim müdirlərin çoxunun katibələrindən həm də necə istifadə etdikləri qətiyyən sirr deyil. Bu xəbəri eşidəndən sonra işçini "zapçast" kimi görənlərə nə deyəcəksiniz? "Nədi aaz, kanadalı böyrəyini müdirinə verir, səni yarım ciyərlə tanıyan kimdi ki?"... At getsin ey...
   
   Mən elə bilirdim ki, ABŞ lotudu, dünyanın istənilən ölkəsinə "ata" bilir. Sən demə, ABŞ "lox"un biriymiş, ona da iri ölçüdə atanlar var. Gör dünyanın harasıdır ki, Allahın Çini ABŞ-a 790 milyard borc verib. Deyir, ABŞ Maliyyə Nazirliyi 2009-cu il noyabrın sonunda ölkənin Çinə olan borcunun 789,6 milyard dollar təşkil etdiyini açıqlayıb.
   
   Açığı, adam bir az çaşbaş qalır ki, burada kim kimə atır. Ola bilsin ki, ABŞ şirnikləndirib borc almaqla elə Çinə atır. Nə bilim, vallah... Amma ABŞ təkcə Çinə borclu deyil, onun Yaponiya və Böyük Britaniyaya da müvafiq olaraq 757,3 və 277,5 milyard dollar borcu var. Özü də bu borclar artmaqda davam edir. Yüz faiz, kimsə kiməsə atır...

TƏQVİM / ARXİV