adalet.az header logo
  • Bakı 13°C

Hər yer Xocalı, hər gün izğal

CEYHUN MUSAOĞLU
32553 | 2010-01-23 03:41

   
   Yenə Xocalı, yenə Şuşa, yenə Laçın, yenə Ağdam... Yenə 20 faiz ərazimiz. Hər il dönə-dönə veririk bu torpaqları. Hər il qırırlar azərbaycanlıları. Hər il anaları əsir götürürlər, atalara xaç çəkirlər, bacıları ağlar qoyurlar, qardaşları it yerinə zəncirləyirlər, körpələri diri-diri borularda çürüdürlər.Və hər il bu dəhşətləri bizim televiziyalarımız bizə göstərir. Baxırıq, ağlayanımız da olur, alçaqları söyənimiz də, dözməyib televizoru söndürənimiz də.
   
   Bir ildən sonra yenə həmin vəziyyətə qayıdırıq: işğal reportajları hazırlayırıq; alçalmağımızın əlindən tutub, ev-ev gəzdiririk, namusumuza təcavüz olunan günlə, ayla bir də tanış oluruq. Jurnalistlərimiz küçələrə düşüb, qabaqlarına çıxanlardan işğal tarixlərini soruşurlar. Bilməyənləri məcxərəyə qoyurlar, vətənpərvər olmamaqda günahlandırırlar belələrini. Hamını məcbur edirlər ki, torpaqların verilməsi və alınması gününü əzbər bilsinlər, Kiminin iş otağında, kiminin evində, kiminin maşınında, kiminin cibində işğal tarixləri üzərində ardıcıllıqla düzülmüş "bunları unutmayın" başlıqlı kağız var.
   
   Yaxşı, unutmuruq. Xocalının 1992-ci il fevralın 26-da gözümüzün qabağında başının kəsildiyini, sonra "başsız bədən"in üzərində güllələrdən yazılmış "Azərbaycanı deşik-deşik edəcəyik" sözlərini əzbər bilirik. Zəngilanın başına harda, necə fəlakət gəlib, Qubadlını nə vaxt talan ediblər, Kəlbəcərə ilk dəfə murdar ayağı saat neçədə dəyib...hamısından xəbərdarıq. Axı nə olsun?.. Məgər "namusuna təcavüz olunan günü əzbər bilənlər" adlı dünya festivalına çıxmışıq? Məgər haqqında daha çox bilgiyə malik olana, qalaq-qalaq kitab yazana, təsirli reportaglar hazırlayana söz veriblər ki, Xocalını qaytaracaqlar?
   
   Cəmi bir sual var, hələ cavab tapa bilmirik: bizə nə lazımdır - Qarabağ, yoxsa onun ətrafında oxumaq, oynamaq, şeir yazmaq, reportajlar hazırlamaq, 14 nəfərlə əncir ağacının altına yığışıb "Qarabağ" deyib bağırmaq?.. Ədəbiyyatında bizdən çox Vətən şeirləri olan ikinci xalq yoxdur. Heç elə bir xalq da yoxdur, ərazisinin beşdə bir hissəsi işğalda olsun.
   
   Bəlkə ermənilərlə yarışa girmişik, kim daha ucadan "Qarabağ" qışqırsa, kim daha lirik, daha sentimental şeir yazsa, kimin reportagı təsirli olsa, Qarabağ da onun olacaq?.. Əgər belədirsə, oxuyun görün qardaşınızda nə sözlər var:
   
   
   
   Sənə canım qurban gözəl Qarabağ
   
   Həmişə yaralı ürəyimdəsən.
   
   Azərbaycanınsan əzəl Qarabağ
   
   Suyumda, duzumda, çörəyimdəsən.
   
   
   
   Bu şeirdən sonra Qarabağ günü sabah özü gələcək hə?
   
   Birincisi, adam özü-özünü dolamaz, ikincisi isə bu qədər dolamaz. Nə vaxta qədər ki, Bakının girişindəki, gözqamaşdıran rəngli ərzaq reklamının yerində azərbaycanlı ananın şəkli vurulub üzərində "Azərbaycan kişisi, sənin Qarabağın yoxdursa, gözün kölgəli, dilin qısadır!", çıxışındakı geyimi nümayiş etdirən reklamın əvəzinə "Azərbaycan kişisi, nə qədər ki, Qarabağın işğaldadır, sənin mənə "ana" deməyə haqqın çatmır" sözləri yazılmayıb, gündə on dəfə də "canım-gözüm Qarabağ, şirin sözüm Qarabağ" desən, elə gündə on dəfə də Xocalını verəcəksən.
   
   Bizi bağışlamayın, Xocalıda həlak olan insanların ruhu!
   
   Bizi bağışlamayın, şəhid xiyabanlarında göz yaşı tökən analar.
   
   Bizə qarğış edin. Deyin: görüm sizi də Xocalıda qırılasınız, Xocalının azadlığı naminə".
   
   Amin! Min dəfə Amin!
   
   Xocalıda hər kəsini və hər şeyini itirən 25 yaşlı xanımla söhbət etmək üçün onların yaşadığı qəsəbəyə çatanda Xocalıdan olan dostum uzaqdan gələn 5 qızı göstərib dedi ki, onların arasında özün tap o qızı. Axtarmağa ehtiyac yox idi. 1992-ci il beşinin də taleyi üzərindən xətt çəkmişdi. Amma o qızın taleyindən keçən qara xətt çalın-çarpaz olmuşdu. 4 qız zarafat edirdi, o gülmürdü, 4 qız əl-qolla danışırdı, onun əlləri ayaqlarına bağlanmışdı, yaxınlaşdıqca daha aydın görünürdü - 4 qızın gözlərində parıltı vardı, onun gözləri...
   
   Olmaz, bir xanımı belə təsvir etmək mədəniyyətsizlikdi. Xanım həmişə xanımdır. Zəlimxan Yaqubdan oxumuşam: "Evində ərinə naz satan gözəl gəldi küçələrdə göysatan oldu". Yox şair, xanımlığını itirmədi. O göysatan xanımın gözlərindəki dərinliyə diqqətlə baxsan orda gizlənən nazı, qəmzəni görərsən. Mən də gördüm. O beş qızdan birinin uşaqlıq çağları canlandı gözlərim qarşısında. Şıltaq, ərköyün bir uşaq... Uşaqlığını yaşaya bilməyən bir uşaq. 7 yaşinda min ilin dəhşətini içinə gömən bir uşaq...
   
   Mən onu tanıdım. Onu hamımız tanıyırıq. Haqqında dəfələrlə yazılıb, görüntüləri insanların ürəklərini əzik-üzük edib. İndi o lentlərə baxanda utanır.
   
   Tanış oluruq, niyə gəldiyimi izah edirəm. Danışmaq istəmir. Sonra razılaşır. "Adımı çəkmərsən"- deyir. İstəmir ona kiminsə yazığı gəlsin. Öyrənirəm ki, o vaxtlar qaçqınlara verilən yardımları da götürmürmüş. Azərbaycan Pedaqoji Universitetinin məzunudur. Orta məktəblərin birində dərs deyir. Soruşuram:
   
   - Bilmək olarmı, neçə saylı məktəbdə dərs deyirsiz?
   
   - Yox, yazacaqsız, sonra qəzetlərdən gələcəklər... Elə bir hamıya faciə lazımdır. Yurdsuz və kimsəsiz qalmaq mənim taleyimdir. Bəlkə də inanmasınız, neçə illərdir ağlaya bilmirəm. Xocalının işğalı günü dərsə getmirəm. Neyləyim, hamı məni nümunə göstərir, sanki bu faciə təkcə mənim başıma gəlib...
   
   - İstəyirlər hər kəs erməni vəhşiliyindən xəbər tutsun.
   
   - Xəbər tutub neyləyəcəklər ki?.. 20 ildir neyləyiblər?
   
   - Siz lap mənim kimi düşünürsüz ki.
   
   - Siz necə düşünürsüz?
   
   "Hər yer Xocalı, hər gün işğal" yazımın kompüterdən çıxmış variantını özümlə götürmüşdün. Artıq siz onu yuxarıda oxumusuz. Elə əvvəldən də planım belə idi: həm görüşəcəyim adama oxumaq, həm də dərc etmək.
   
   Oxudum. Ondan başqa 7-8 nəfər də qulaq asırdı. Sonda "Amin! Min dəfə amin!" ifadəsini bir ağızdan təkrar etdilər. Mən gülümsədim. Qəhrəmanım anındaca başa düşdü. Axı "amin"dən əvvəl yazmışdım: "Deyin: görüm sizi də Xocalıda qırılasınız, Xocalının azadlığı naminə". Onlar bizim qırılmaq arzumuza "amin" demişdilər.
   
   Onları sakitləşdirməyə çalışdım. Peşiman olduqları aydın sezilirdi. Dedim:
   
   -Bu, bizim arzumuzdur.
   
   - Yox istəmirik, kimsə ölsün- bu da əsl xanım cavabı.
   
   - Bəs nə istəyirsiz?
   
   - İstəyirəm, Haiti də daha zəlzələ olmasın. Televizorda oranı görəndə elə bildim Xocalıdı. Fələstinə göydən yağan bombalar Xocalıda yaşadığım dəhşətləri canlandırırdı. İstəmirəm hər hansı xalq Xocalı qətliamını yaşasın. Əksər vaxt yuxularımda gül-çiçək olan çəmənlik görürəm.
   
   - Və sən o çəmənlikdə üzü gələcəyə doğru qaçırsan.
   
   - Yox, orda mən yoxam. Doğrusu bilmirəm gələcək hansı istiqamətdədir.
   
   - Gələcək həmişə qarşıda olur. Düz getmək lazımdır.
   
   - Axı mənim hər şeyim keçmişdə qalıb. Onları qoyub necə gedə bilərəm?.. Onları aparmaq da olmur. Mən istəyirəm gələcəkdə dərd yüklü adamlar olmasın. Mən oranın sakini ola bilmərəm. İstəyirəm gələcəkdə hər şeyin çəkisi yüngül olsun. İnsanlar "bu ağırdı, götürə bilmirəm" deməsinlər.
   
   - Yoxsa cənnət istəyirsən?
   
   - Təkcə onu bilirəm ki cəhənnəm istəmirəm.
   
   - Sənə cəhənnəm verən var?
   
   - Məndən cəhənnəmi alan var ki...
   
   Susmaq vaxtı çatmışdı. Hıçqıra-hıçqıra otaqdan çıxanların sayı iki nəfər olmuşdu. O birilər də sanki başlarını soxmağa yer axtarırdılar. Sanki bu qıza məcburi olaraq cəhənnəmi onlar "hədiyyə" etmişdi. İstədim üzümü onlara tutub, "sizin nə günahınız var axı"-deyim. Demədim. Var, hər kəsin günahı var! Mahnı oxuyuruq, şeir deyirik, əl qaldırıb oynayırıq...
   
   - Sizdə televizor, maqnitafon var - qəfil verdiyim sualdan özüm də diksinirəm.
   
   - Bircə televizor var, yalnız xəbərlərin vaxtında açıram -cavabını verir və ardınca deyir: "Boş vaxtlarımda kitab oxuyuram".
   
   Verdiyi cavablardan görünürdü: mütaliəli xanımdır. Ayrılanda ona kitab bağışlayacağıma söz verdim. Diqqətimi indi cəlb elədi: stolun üstündəki çaylar soyumuşdu. Stəkanı qaldırıb ləzzətlə içdim, qorxdum "bir stəkan çay da içmədiz" düşüncəsi incidər onu. Taleyin zülm-zülm ağlatdığı, ağlamaqdan ağlamağa göz yaşı tapmayan bir qızın xətrini xoş etmək üçün onun süzdüyü çayı içmək... Odunu söndürüb, közü ilə oynayırıq.
   
   Qəsəbənin içi ilə addımlayıram. Ona hansı kitabı verəcəyimi düşünürəm. İstisnasız olaraq Avropa ədəbiyyatı olacaq. Onlar gələcəyə bizdən daha yaxındılar. Qəhrəmanım gələcək arzusundadır. Nə olsun ki, deyir mən getməyəcəm. Nə bilirik, bəlkə sən getmirsən, gələcək özü sənı gəlib aparır. Yükünü də o daşıyır.
   
   Qəhrəmanımın səsini eşidirəm: "Özünüzü əziyyətə salmayın, mənim yüküm ağırdı: bir ana, bir ata, iki qardaş, bir bacı, iki əmi, bir dayı, bir xala və iki xalam oğlu... hə, bir də yurdum ağırlığında... məzarları da yoxdur, gələcəyə gedəndə halallaşım onlarla. Bircə Xocalıdan qalan qolumdakı saatdı, 6 yaşım olanda atam almışdı. İşləmir".
   
   ... Xocalının işğalını yad etmək üçün bir dəqiqəlik sükut etmişdik. 18 ildir sükut içərisindəyik.
   
   
   
   Mətbuat Şurası və "Xocalı Soyqırımı Tanıtma" İctimai Birliyinin birgə təşkil etdiyi müsabiqəyə təqdim edilir

TƏQVİM / ARXİV