adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ADiLiN ADiL ÖMRü

18188 | 2010-01-23 03:28
Onun doğulduğu şəhər minilliklər öncə qədim insanların məskunlaşdığı müqəddəs torpaqlarda yerləşir. Araşdırmağa qalxsan, bu yerlərin izi-sorağı tarixin elə ənginliklərinə gedib çıxır ki, fərziyyələr deyil, məlum həqiqətlər belə adama əfsanə təsiri bağışlayır. Gəmi qayanı görəndə məgər Nuh peyğəmbərin gəmisi göz önündə canlanmır? Bu qədim diyarın yaxın keçmişi də keçməkeşlidir. Vərəqlədikcə kimlər, nələr üzə çıxır... Şairləri, filosofları, dövlət adamları, sərkərdələri ilə həqiqətən öyünə biləcək diyardır qədim Naxçıvan. Nadir tarixi-memarlıq abidələri kimi, tarixi şəxsiyyətləri də dünyanın fikir, sənət, siyasət tarixinə imza atıblar. Tanıyanlar tanıyır, bilənlər bilir, qədirbilənlər hər zaman dərin minnətdarlıq hissi ilə yad edirlər. Mən də onların önündə baş əyirəm, fəxr edirəm, qürrələnirəm. Bu barədə mövqeyimi, münasibətimi dəfələrlə ifadə etmişəm. Yeri gələndə yenə də sözümü deyəcəyəm. Amma, bu dəfə əlimə qələm almaqda məqsədim sadə, səmimi, təmənnasız, minnətsiz yaşamağı bacaran həmvətənlərimi, müasirlərimi gələcəyə üz tutan gənclərə tanıtmaqdır. Özlərini öymədən özgələri doğma bilib, onlara əl uzadan, hər zaman gərəkli olan insanlardan danışmaq niyyətindəyəm. O kəsləri ki, yaxından görmüşəm, duymuşam, tanımışam və xatirələrimdə yaşadıram, onların taleyindən azçox bildiklərimdən, eşitdiklərimdən oxucuma söz açacağam. Bu silsilədən ilk qəhrəmanım atam olacaq. Tanış olun:
   
   
   
   Şair Adil Babayev
   
   
   
   
   
   1925-ci ilin qışı yaman sərt keçirdi. O gecə qar elə yağırdı ki, səhərin açılmağı da elə bil gecikirdi. Əslində, Qafar babamın ailəsində səhərin gəlişini gecikdirən nə qar idi, nə qaranıq. Nənəm Xeyransanın nigarançılığı necə vaxtdan bəri hamını üzmüşdü. Vaxtı-vədəsi tamamlanan gənc ana azad olmalıydı. Hamı muştuluq almaq üçün şad xəbər gözləyirdi. Sübh oyananda dünyaya gələn körpənin haray-qışqırığı hamının həyəcanına son qoydu. Beləliklə, Qafar oğul atası oldu. Onun sevincinin həddi-hüdudu ola bilərdimi? Axı hadisələri qabaqlayıb ana bətnində olan uşağın adını da əvvəlcədən dilə gətirmişdi Adil!
   
   İş başqa cür olsa, təbii ki, Tanrı payına umu-küsü etməyəcəkdi. Hər halda ailədə bu qədər şadyanalıq da olmayacaqdı. Amma həmin gün sabahın alatoranında sevinclə əcəl qapıya qoşa gəlmişdi. Biri şəstlə içəri keçsə də, digəri qapının ağzında oğrun-oğrun məqam gözləyirdi...
   
   Qısası, körpənin göbəyi möhkəm bağlanmadığından dünyaya gəldiyi ilk saatlarda xeyli qan itirmişdi. Atası təsadüfən yan otağa keçib onu qucağına alanda bundan xəbər tutub və böyük peşmançılığın qarşısını ala biliblər. Amma kimsə bilməyib ki, kandarda dayanan əcəl əliboş qayıtmamaq üçün pusquda dayanıb macal gözləyəcəkdi. Belə olmasa, altı aylıq körpə yeriməyə başlamadan atasını itirməzdi.
   
   
   
   ***
   
   Rus imperiyasının tərkibində olanda azərbaycanlıları əsgər aparmazdılar. Hərbi hazırlıqdan uzaq qalmağı çoxları sevinclə qarşılardı. Halbuki, bu aksiya mübariz xalqa döyüş ənənələrini unutdurmaq üçün düşünülmüş şəkildə uzun illər boyu həyata keçirilirdi. Romanovlar hakimiyyəti dövründə yalnız "vəhşi diviziyalar"ı yaratmağa icazə verilirdi. Tərkib əsasən qoçulardan, muzdlu quldurlardan, cinayətkarlardan ibarət olurdu. Belə diviziyalardan birinin mollası kimi Məhəmməd Hadi Karpat dağlarına qədər gedib çıxmışdı. Doğrudur, Çar ordusunda Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov kimi məşhur sərkərdələr də yetişmişdi. Görünür onlar fövqəladə hərbi istedad sahibi olduqlarından bütün maneələri, qadağaları məharətlə aşaraq yüksək mərhələyə ucala bilmişdilər.
   
   
   
   Nənəm Xeyransadan
   
   eşitdiklərimdən
   
   
   
   Adilin atası hərbi komissar olanda Naxçıvanda ilk dəfə Qızıl Orduya çağırış elan edildi. Bu, əlbəttə çoxlarının ürəyincə deyildi. Camaat yığışıb evimizin qabağına gələrdi, narazılıqlarını bildirərdi. Aralarında kobudluq, təhqir edənlər də tapılırdı. Elə bilirdilər, əsgərlik məsələsi Qafarın şəxsi təşəbbüsüdür. Tək bu məsələdə deyil, vergi yığımında, əhalidən mülkiyyətin, taxılın müsadirəsində, ərzaq qıtlığında da təzə hökumətin özünü yox, onun qulluqçularını günahlandırırdılar. Qafar çalışardı hamını dilə tutub razı salsın, vəziyyəti izah etsin. Amma buna həmişə nail ola bilmirdi. Bir yandan da qaçaq-quldurlarla mübarizə səngimək bilmirdi. İranla sərhədin ucu-bucağı görünmürdü. Orda hər gün hadisə baş verirdi. Evə çox gec gələrdi. Bizə bir söz deməsə də, halından vəziyyəti məlum olurdu.
   
   Atamın əmisi Səttar kişi çox həssas, qayğıkeş adam idi. Üç qardaş dan ən kiçiyi və ən çox ömür sürəni o oldu. Əlinin zəhmətiylə balalarını böyüdən nəcib insan ölənə kimi Ordubadda yaşadı. Qızı Pərvər indi də ata ocağında qalır. Hərdən nəvələrini görməyə Bakıya gələndə bizə də baş çəkir. Səttar kişi mənə baba əvəzi olmuşdu. Az danışardı. Gözü-könlü tox idi. Bakıya gələndə bərabər bulvarda gəzib-dolaşardıq. Dənizə baxmağı çox xoşlardı. Heç yadımdan çıxmaz: Bir dəfə də məndən soruşdu ki, Nargin adası ha tərəfdədir? Mən də əlimi dənizə tərəf uzadıb demişdim ki, odur ey bax, o yanda. Adada nəsə var, sən orada olmusan? deyə bu dəfə də mən onu imtahana çəkmişdim.
   
   Heç, elə belə soruşdum, dedi və mövzunu dəyişdi. Amma sonralar bildim ki, elə-belə deyilmiş onun marağı. 1925-ci ildə qardaşı Qafarı Nargində güllələmişdilər. O da hər dəfə Bakıya gələndə gözünü dənizə zilləyib nakam qardaşının ruhunu Xəzərin sularında axtarırdı.
   
   
   
   Səttar babamdan
   
   eşitdiklərim
   
   1925-ci il apreıin 2-də Aleksey Rıkov, Əliheydər Qarayev, Mircəfər Bağırov Naxçıvana gəlmişdi. Onlar nümayişkaranə şəkildə dəmir yolu vağzalında oturub şəhərə getmədilər. Şikayətçiləri elə orda qəbul etdilər. Naxçıvanın xalq komissarları da vaqonda onlarla bərabər idi. Söhbətin tam məzmununu bilməsə də deyir ki, görüş çox xoşagəlməz və əsəbi şəraitdə keçib. Paytaxtdan gələr rəhbərlik bütün günahları yıxıb yerli hakimiyyət orqanlarının üzərinə. Onlar da heç nədən çəkinmədən öz sözlərini deyiblər. Yerli şəraiti, milli mentaliteti nəzərə almadan Moskvada çıxarılan hər hansı qərarı, hökmü məcburən yerinə yetirməyin xoşagəlməz nəticələrindən yuxarı təşkilatlara ən çox şikayətlənən elə yerli rəhbərlik olduğunu nəzərə alınmasını istəyiblər. Amma iradlara, təkliflərə məhəl qoyan tapılmır, deyiblər. Sorğu sual xeyli uzanıb. Rıkov da balaca adam deyildi. Lenin müavini, Stalinin yaxın silahdaşı kimi onu tanıyırdılar. ( 1938-ci ildə o, özü də "xalq düşməni" kimi güllələnəcəkdi.Taleyin hökmü ilə bir qədər sonra Əliheydər Qarayevi də, Mircəfər Bağırovu da eyni aqibət gözləyirdi E.B. ) Rıkov və yanındakılar nə düşünüb , nə daşınıblarsa, qərar bu olub ki, doqquz komissarı yerindəcə həbs edib Bakıya göndərsinlər. O vaxt nə baş verdiyindən kimsə baş açmadı. Xəbər yayıldı ki, komissarlar vətənə xəyanət ediblər. İstintaq bitəndən sonra iş üzrə açıq məhkəmə keçiriləcək. Fəqət heç bir məhkəmə iclası baş tutmadı. Üç adamın imzası ilə ( o zaman bunu "üçlük" adlandırardılar. Belə mobil qrupa ölüm hökmü çıxarmaq ixtiyarı da verilmişdi - E.B.). 1925-ci il oktyabr ayının 11-də Naxçıvan Muxtar Sovet Respublikasının ilk komissarlarını güllələdilər. Hamımız ağır günlər yaşadıq. Amma ən böyük zərbə nənən Xeyransayla atam Adilə dəydi. Şükür ki, Qafarın günahsız olduğu gec də olsa sübuta yetdi.
   
   Ataların bir misalı var: ölən getdi, vay qalanın halına. Qalanların incidilməsi hələ bundan sonra başlayacaqdı. Adamı arxa-köməksiz görəndə bir növ məxluqlar peyda olur ki, yeddi başlı əjdahaya bənzəyir. Yaxud əqrəbdən betər sancmaqdan ləzzət alır. O ağır illərdə Babayevlər ailəsi mənəvi zəlillərlə, fikri-zikri zəlillərlə tez-tez üzləşəcəkdi. Anası Xeyransa xanım balaca Adili bütün bunlardan uzaq tutmağa çalışırdı. Məktəbə getməmişdən ona yazıb-pozmaq öyrətmişdi. Kiril və latın əlifbasını əzbər bilirdi. Qafarın ölümündən sonra Ordubada daşınmışdılar. Adil birinci sinfə də orada yollandı. Hər yerdə aclıq, qıtlıq hökm sürürdü. Buna bir təhər dözmək olurdu. Amma diqqət, qayğı qıtlığı da əlavə olmuşdu bu ailənin yükünə. "Xalq düşməni" adı bütün qapıları üzlərinə bağlamışdı. Gözü kölgəli yaşamaq yaman çətin idi. Ətrafda ürək açacaq adam da qalmamışdı. Məktəbdə müəllimə işləyən Xeyransa xanımı işdən çıxarmışdılar. Başqa cür ola da bilməzdi. "Xalq düşməni"nin dul xanımı məktəbdə pionerlərə necə dərs verəcəkdi? Əmilər də işsiz qalmışdı. Kİmsə cürət edib onlara iş vermirdi. Yuxarı təşkilatlara işlə təmin olunmaq üçün ərizə yazırdılar. Cavab gəlmirdi. Atalarının yanında dəri aşılamaqla məşğul olmağa başladılar. Adlarını "kapitalist" qoyub nə varsa əllərindən almışdılar. Dəbbaqlığa da "yox" deyib, emalatxananı bağladılar. Əl alətlərini belə müsadirə etdilər. Ümumiyyətlə, xalq sənət növləri ilə məşğul olmaq otuzuncu illərdə yasaqlandı. Ailənin gündəlik ehtiyaclarını təmin etmək üçün hər iki qardaş nə olsa, işləməyə hazır idi. İş də "düşmənlər" üçün ceyran belinə minmişdi. Eyyub nəhayət bir müəssisədə tanışlıqla işə düzəldi, Səttar isə bənnalığı öyrənib fəhləliyə başladı.
   
   
   
   Adilin gündəliyindən
   
   
   
   Uşaq vaxtı üstündə atılıb-düşdüyümüz yekə əl xalçası vardı. Ehtiyac üzündən bir gün anam onun da satmalı oldu. Daha doğrusu taxıla dəyişdi. Günlərin birində əmilərimi də tutdular. Evdə oğlan uşağı olaraq tək mən qalmışdım. Mənim də olardı 8 yaşım. Həbsxana şəhərin içindəydi. Hərdən bir divardan boylanmağa çalışardım. Fikirləşirdim ki, bəlkə əmilərimi görərəm. Amma boyum çatmırdı. Bir də bizi o həndəvərdə görəndə üstümüzə qışqırıb qovardılar. Günlərin birində dərsdən evə gələndə gördüm həyət qapısı açıqdır, evdə də kimsə yoxdur. Qonşular dedi ki, bizdə oturub gözlə. Anan bir azdan gələr. Bərk nigaran qaldım. Amma üzə vurmadım. Təklif etsələr də nə çay içdim, nə çörək yedim. Əslində ac idim. Amma boğazım elə bil, iynə ucu qədər kiçilmişdi.
   
   O vaxt ÇK-nın adını dəyişib QPU qoymuşdular. Yəni, Baş Siyasi İdarə. Ordubad rayon şöbəsinə Yegizarov familiyalı zabit rəhbərlik edirmiş. Şişman və başı daz adam Yegizarovun yanaqları da həmişə alma kimi qıpqırmızı olardı. Adil onu evlərinə axtarışa gələndə görmüşdü. Eləcə də yaddaşına həkk etmişdi. Anasının yubandığını görüncə, əmisigilə gedib bir xəbər tutmaq istədi. Əmidostunu da evdə görməyincə təlaşı lap artdı. Olmaya onları da...
   
   
   
   Nənəmin xatirələrindən
   
   
   
    Yegizarov bizi tək-tək rayon şöbəsinə çağırıb danışdırdı. Məqsəd guya evdə gizlədilən qızıl küpünün yerini bizdən öyrənmək idi. Ailə başçısı "xalq düşməni" kimi güllələnən, dəfələrlə evində axtarış aparılan, varı-yoxu müsadirə edilən yerdə qızıl küpü nə gəzirdi? Tayfada salamat kişi də qalmamışdı. İndi də qadınları sorğu suala çəkirdilər. Gah hədə-qorxu gəlir, gah da yağlı vədlər verirdilər. Min oyundan çıxırdılar. Zorla nəsə boynumuza qoymaq istəyirdilər. Üzümüzə duran adamlar da tapıb gətirirdilər. Qaş qaralana yaxın Yegizarov bizi buraxsa da, hər addımımıza nəzarət qoyulduğunu, yenə çağırıb dindirəcəyini də gizlətmədi. Dedi, elə etməyin ki, sizi də Qafarın yanına göndərim. Uşaqlarınıza Sovet hökuməti sahib çıxar. Onsuz da bir az böyüyən kimi ağılları kəsəndə sizdən imtina edəcəklər.
   
   Bu hadisədən az sonra Yegizarov yenə qapıya adam göndərir. Bu dəfə evin ağsaqqalı Hacı Əliqulunu QPU-ya çağırtdırdılar. Ağsaqqalla söhbət daha sərt şəkildə yenə qızıl küpü ətrafında gedirdi. Dedi mən sənə sübut eləyəcəyəm ki, küp sizin evdədir.
   
   (ardı var)
   
   

TƏQVİM / ARXİV