adalet.az header logo
  • Bakı 19°C

... SAQi, BU MƏCLiSƏ BADƏ DOLANDIR...

VAHİD ƏLİFOĞLU
23079 | 2010-01-16 00:48
... Üç il əvvəl ömrümün "mənalı" və "məzmunlu" keçirdiyim otuz ilinin xatirələrini yeddi saatlıq cərrahiyə masasında yekunlaşdırdım. Qarşılaşdığım bəla bulaqların başında, meşələrin güllü, çiçəkli talalarında insafsızcasına boğazıma əndərdiyim spirtli içkilərin nəticəsiydi. Həkimlər yaradanın təmiz yeməklər, saf sular üçün nəzərdə tutduğu mədəmin bir hissəsini kəsib götürməli oldular... Uzun illər bir anda sevgisinə xəyanət etmədiyim kababxanaların mükafat təqdimatı klinik xəstəxanada axır ki, belə baş tutdu... Ağıllarına gələni bizə qanun kimi sırımış atalarımız deyəsən "sağlamlığının qayğısına cavanlıqda qal" ifadəsində haqlı imişlər...
   
   ... Bu dünyaya şair, yazıçı və aktyor kimi doğulanların həyatı dərk etmək, anlamaq cəhdləri hansı məkanlardan keçir? Dərdi, kədəri yüngülləşdirən, kefə çevirən "nəsnə" nədir? İçgiyə aludə olmayan çoxmu incəsənət adamı tanıyırsınız?...
   
   ... Yüz illər əslində adidən-adi, sadədən-sadə olan bu sualların cavabını çoxları meyxanələrdə axtardılar. Və onlar gəldikləri bu faciəli qərarla nəsə qazanmadılar, əksinə öz nadir istedadlarını şərab şüşələrində birdəfəlik dəfn etdilər. Heyiflər olsun ki, cəmiyyət bu vergili insanları bütün zamanlarda nəinki qınadı, hətta alqışlarla qarşıladı... Halbuki Tanrı onları başqalarından fərqləndirmiş, daha üstün ağıl, zəka ilə yaratmışdı... Bəlkə cəmiyyətin bu təqdiri, bu təhriki, istedada qarşı paxıllıqdan, qısqanclıqdan irəli gəlirdi... Kütlə hamını eyni biçimdə, eyni ağılda görməyə maraqlıdı...
   
   ... Bilərəkdənmi, bilməyərəkdənmi ədəbi məhsulların bütün növləri istər poeziya, istərsə də proza durmadan, dayanmadan bu "ideyanı" yaymış və yaymaqdadı... Klassik və müasir ədəbiyyatdan saqi, badə, şərab qırmızı xətt kimi keçməkdədi...
   
   ... Həyatın yazılmış və təsdiq olunmuş qanunlarından az qala yüksəkdə duran yazılmamış və təsdiq olunmamış bir qanun var:
   
   "Hansı məclisdə, hansı qonaqlıqda istedadından və tutduğu mövqeyindən asılı olmayaraq şair, yazıçı, aktyor varsa, deməli, masaya təamların sırasında araq, çaxır istisnasız və qədərsiz təqdim edilməlidir"...
   
   ... Bu yaxınlarda rayon səviyyəsində kifayət qədər tanınmış şair dostlarımla birlikdə hörmətli, ziyalı bir şəxsin ad gününə "düşmüşdüm". Məclisdəkilərin demək olar ki, hamısına spirtli içkilər verilsə də, nədənsə bizim əyləşdiyimiz masaya gətirənlər daha səs-küylə, nümayişkaranə təqdim olunurdu. Sanki hər kəsə göstərilirdi ki, baxın, bu içkilər şairlər üçün aparılır... Hətta tamada mükrafonda elan etdi ki, məclisdə şairlər iştirak edir, ona görə də arağın, çaxırın sayı xüsusi nəzarət olunmalıdı... Bu mənzərə nə qədər utandırıcı olsa da, qonşu masalarda əyləşənlərin baxışlarında bizə qarşı əlahiddə qibtə və həsəd olunmaqda idi... Sonda "səbəbkar" şəxsən mənim neçə şüşə içdiyimlə maraqlandı və kefli olmadığıma xeyli təəccübləndi. Və mənə elə gəldi ki, "hallı ziyalıda" mənim şairliyimin dürüstlüyünə az da olsa şübhə yarandı.
   
   ... Şairlər Tanrının, deyilənə görə, əziz bəndələridi. Əziz bəndənin əzizləyənin qarşısına bu görkəmdə çıxması qəbahət deyilmi?...
   
   ... Kefli İsgəndərin üsyanının qida mən bəyi araq şüşələrindən başlayıb, araq şüşələrində bitirsə, harasındadı onun ölülər arasındakı diriliyi?
   
   ... Araq içməklə haqsızlığa, ədalətsizliyə etiraz etmək siqaretlə səbirsizliyə "qalib gəlmək" kimi bir aldanışdır... Niyə şər ayıq, xeyir başıdumanlı olmalıdır?...
   
   ... Qəbul edilən içginin miqdarı artdıqca insanlığa aid olan anlayışlar azalır...
   
   ... Nə qədər ağıllı, işıqlı başları şərab şüşələrinin kölgəsində itirdik...
   
   ... Böyük Vətən müharibəsi iştirakçıları deyirdilər ki, hücum qabağı hər bir əsgərə müəyyən miqdarda spirt paylayırdılar... Hər bir canlının ruhunda, düşüncəsində həyat eşqi, həyat sevgisi var... Ayıq olmayan baş bu əvəzsiz duyğuları itirir...
   
   ... 70-ci illərdə bizim evimizə Moskvadan məşhur, tanınmış bir jurnalist gəlmişdi. O, "Pravda" qəzetinin xüsusi müxbiri idi. Mənim böyük qardaşım kənd müxbirləri arasında keçirilən müsabiqədə qalib gəlmişdi və o rus da ona "Mariya Ulyanova adına" mükafatı gətirmişdi... Rus maşından düşən kimi kənddə şərab zavodunun olub-olmaması ilə maraqlandı. Əvvəlcədən bilirdi ki, rayon üzümçülüklə məşğul olur. Onu zavoda apardım. Zavodun həqiqətən də şərab hazırladığına ilk tanışlıqda inandım. İnanmamağını da zavodun ətrafında bir nəfər də olsun sərxoşa rast gəlmədiyi ilə əsaslandırdı. Sonra onu da zarafatla, əslində tam ciddi əlavə etdi ki, bu zavod Rusiyanın hansı kəndində olsaydı, indi ətrafda bir nəfər də ayıq adam tapmaq olmazdı... Məşhur "Pravda"çı geri qayıdanda spirtdən və çaxırdan başqa heç nə aparmadı...
   
   ... Bu saat Rusiyadan, Gürcüstandan içərisinə hər zir-zibil doldurulub göndərilmiş, yaraşıqlı, göz oxşayan araq şüşəsini qoltuğuna vurub evə tələsən cavan həmkarım dayan, bir anlıq küçədən keçənlərə və özünə bax. Sən bəxtəvər dəqiqələr, saatlar yaşamağa getmirsən, elə bu gün içində doğulub, dünyaya gəlməkdə olan nadir düşüncələrin, qeyri-adi tapıntıların yasına gedirsən...
   
   ... "Dədə Qorqud" filmində igid, vətənpərvər Qazanxanın "içgi məclisinin" təmtərağını, başlanğıcını və sonunu yəqin ki, xatırlayırsınız... Tək-tük ədəbi əsərlər tapmaq olar ki, orda şərabın gətirdiyi həzdən, ləzzətdən söhbət açılmasın...
   
   ... Bu nədir? Əgər bunlar həyatın reallığıdırsa, niyə ədəbiyyatda olmasın... Bəlkə olsun?...
   
   ... Fəxrlə, qürurla yada saldığımız, eyiblərini bilə-bilə ört-basdır etdiyimiz keçmişdən gələnlər... İncilər saydığımız qəzəllərdəki eyş-işrət məclisləri... Qərbin, şimalın üstünə yıxmağa çalışdığımız öz günahlarımız...
   
   ... Mən bütün bu "sayıqlamalarımda" nəsihət və səlahiyyət sahibi deyiləm... Cəhənnəmə gedən yoldaşını çox istəyər... Yarı insan, yarı şeytan şair, yazıçı, aktyor, rəssam... Hər papağı açılmış şərab şüşələri bizi buynuzlarımızın çıxacağı günə addım-addım yaxınlaşdırır...
   
   
   
   P.S. Həsənqulu Yurdsevərin "Divan"ından bir beyt:
   
   - Bəy kimi baxdı nədən, gədayi-divanəyə, millət,
   
   Meylini saldı hədər, mey ilə meyxanəyə, millət...
   
   
   
   P.P.S. Mən bu yazını yazmamalıydım. Sadəcə bu mövzu mənim deyil. Onsuzda hər gün televiziya ekranlarının qarşısında əyləşib duzsuz, düşük, dəmşalaq şoulara baxa-baxa keflənirik...

TƏQVİM / ARXİV