"DüNYA üZEYiR BƏYiN DiLiNDƏ DANIŞIR"

ETİBAR CƏBRAYILOĞLU
39728 | 2010-01-16 03:00
Yanvar ayının müsiqi mədəniyyətimizin tarixində önəmli yeri var. 102 il öncə məhz yanvarda dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşası oynanılıb. Bu hadisə həm də bütün Şərqdə opera sənətinin yaranma tarixi kimi qeyd edilir.
   
   Üzeyir bəyin opera və operettalarını səhnədə yaşadan bir ünvan var. Təbii ki, söhbət Akademik Opera və Balet Teatrından gedir. Teatrın baş rejissor, əməkdar incəsənət xadimi Hafiz Quliyev bu günlərdə Türkiyədən qayıdıb. Tanınmış rejissor Üzeyir Hacıbəylinin ölməz əsərlərindən sayılan "Arşın mal alan" operattasına qardaş ölkədə növbəti dəfə quruluş verib.
   
   Yeri gəlmişkən 1996-cı ildə Akademik Opera və Balet Teatrının baş rejissoru təyin olunan Hafiz bəy bu vaxta kimi "Arşın mal alan"a 4 teatrda səhnə həyatı verib. Təkcə doğma teatrda deyil, Moskva Satira Teatrı, istanbul və Samsun Opera Teatrları bu ölməz əsəri səhnəyə qoyarkən Hafiz Quliyevə müraciət edib.
   
   - İstərdim müsahibəyə teatrın iki yeni tamaşası ilə bağlı söhbətlə başlayaq. Maraqlıdır ki, hər iki tamaşa balaca teatrsevərlərə ünvanlanıb...
   
   - Akademik Opera və Balet Teatrının balaca tamaşaçılara ünvanlanan yeni əsərlərə müraciət etməsinin bir neçə səbəbi var. Məlum olduğu kimi, ötən il ölkə başçısının sərəncamı ilə "Uşaq ili" elan olunmuşdu. Bu möhtəşəm tədbirə teatrımız da öz töhfəsini verməyə çalışdı. Nazim Əliverdibəyov məşhur Azərbaycan xalq nağılına müraciət edərək "Cırtdan" nağıl-operası yazmışdı. Bu əsər mənim quruluşumda səhnəyə qoyuldu. Dünya şöhrətli bəstəkar Ştrausun "Düyməcik" baletini də kiçik yaşlı tamaşaçılarımız üçün hazırladıq. Hər iki tamaşa uğurla qarşılandı. Balaca tamaşaçılar repertuarımıza daxil olan bu əsərlərə maraqla baxırlar. Belə əsərlərə müraciət etməyimiz həm də teatrımızın yeritdiyi repertuar siyasəti ilə bağlıdır. Biz gələcək tamaşaçılarımızı bu gündən yetişdirməliyik. İndi nağıl-operalara baxmaq üçün gələn balaca tamaşaçı böyüdükcə hökmən teatrımızın qapısını açacaq.
   
   - İndi də böyüklər üçün hazırlanan əsərlərdən danışaq. Bildiyimə görə, Üzeyir bəyin "Əsli və Kərəm" operası sizin quruluşda yenidən səhnəyə qayıdır. Yadımdadı, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində əsərə müraciət olunmuşdu, lakin "Əsli və Kərəm" böyük təpki ilə qarşılanmışdı. Bu dəfə tamaşanı belə bir təhlükə gözləmir ki?
   
   - Əvvəla onu deyim ki, biz Üzeyir bəyin bütün opera və operettalarını teatrımızın səhnəsində yaşatmaq istəyirik. "Leyli və Məcnun", "Koroğlu", "Arşın mal alan", "O olmasın, bu olsun" repertuarımızda önəmli yerləri tutur. "Əsli və Kərəm"ə gəlincə bu əsər uzun müddət teatrımızın repertuarında yaşayıb. Böyük sənətkarlarımız həmin əsərdə müxtəlif obrazlar yaradıblar. 80-ci illərin sonunda məlum hadisələrdən sonra "Əsli və Kərəm"ə münasibət dəyişdi.
   
   - Yəqin ki, Əsli obrazına görə...
   
   - Təbii ki, Əsliyə görə. Amma onu deyim ki, əsərdəki Əsli əslində erməni qızı deyil. Ermənilərdə Əsli adında qız olmayıb. Onun Alban keşişinin qızı olduğunu araşdırmaçılar da təsdiq ediblər. Bütün bu məsələlərə baxmayaraq, "Əsli və Kərəm" operası Üzeyir bəyin əsəri olduğu üçün səhnədə yaşamaq hüququna malikdi. Biz də istəyirik ki, bu opera repertuara qayıtsın.
   
   - Yeni quruluşa nə zaman tamaşa edəcəyik?
   
   - Hələ ki, əsər oxunuş prosesindədi, musiqi dərsləri aparılır. Tamaşanın nə zaman tam olacağını indidən dəqiq demək mümkün deyil.
   
   - Son vaxtlar Musiqili Komediya Teatrı da Üzeyir bəyin "Arşın mal alan" operettasına müraciət edib. Əsər həm Azərbaycan, həm də rus dilində bu teatrın səhnəsində oynanılır. Tamaşaçı kimi deyə bilərəm ki, bu quruluş uğurlu alınıb. Rəqabətdən çəkinmirsiz?
   
   - Heç bir rəqabətdən söhbət gedə bilməz. Üzeyir bəyin əsərlərini istənilən teatrın səhnəsində oynanılması böyük mədəniyyət hadisəsi olduğundan bu məni ancaq sevindirə bilər. çünki sonda qazanan bizim teatr sənətimiz və tamaşaçılarımızdı.
   
   "Arşın mal alan" operettası bir rejissor kimi mənim yaradıcılığımda mühüm rol oynayıb. Əsəri Üzeyir bəy teatr üçün yazsa da operettanın ekranlaşdırılması "Arşın mal alan"a dünya şöhrəti qazandırdı. Filmin qazandığı uğurlardan sonra uzun müddət əsər teatrda oynanılmayıb. Kinoda nüfuz qazanan əsəri yenidən səhnəyə qaytarmaq həm quruluşçu rejissordan, həm də bütün yaradıcı heyətdən böyük risq tələb edirdi. illər uzunu heç kim bu məsuliyyətli işi üzərinə götürməyib. Nəhayət 1997-ci ildə dövlət sifarişi ilə tamaşaya yeni quruluş vermək mənə həvalə olundu. Tamaşanın məşqləri gedərkən mətbuat bunu diqqətlə izləyirdi. Yəqin sənin də yadındadı, qəzetlər yazırdı ki, rejissor qurd ürəyi yeyib. Filmdən sonra "Arşın mal alan" səhnədə baxılacaqmı? Uzun sürən gərgin məşqlərdən sonra tamaşa teatrsevərlərə təqdim olundu və çox maraqla qarşılandı. Ümummilli Liderimiz Heydər Əliyev yaxın dostu İhsan Doğramacı ilə birlikdə tamaşanın izlədi və işimizə çox yüksək dəyər verdi.
   
   Onu da deyim ki, bu tamaşa bir neçə baxımdan da əlamətdar oldu. Azər Zeynalov Əsgər rolunu ifa etdi. ilk dəfə olaraq, paytaxtın müxtəlif teatrlarına tanınmış sənətçiləri bu tamaşada rol oynamaq üçün dəvət etdik. Akademik Milli Dram Teatrının aparıcı aktyorlardan sayılan Yaşar Nurini Soltan bəy roluna dəvət etdik. Musiqili Dram Teatrının aktyoru Ələkbər Əliyevə isə Vəli obrazı etibar edildi. Maraqlı ansambl yarada bildik, nəticədə baxımlı tamaşa alındı. Uzun müddət keçməsinə baxmayaraq, tamaşa bu gün də böyük maraqla baxılır. "O olmasın, bu olsun" operattasına isə biz Musiqili Kamediya Teatrından sonra müraciət etdik. Bu tamaşada Azər Zeynalovu sırf komik obraz olan Məşədi İbadda sınadıq. Azər bəy bu rolun da öhdəsindən məharətlə gələ bildi.
   
   - Son illər Opera və Balet Teatrında istedadlı gənclərə geniş meydan verilir, onlara baş rollar etibar edilir. Belə bir kollektivdə nəsildəyişmə prosesi çətinlik törətmir ki?
   
   - Teatr həmişə "təzə qana möhtacdı. Kollektivə baş rejissor təyin olunan ilk günlərdən bu məsələyə xüsusi diqqət yetirməyə çalışmışam. Teatrın rəhbərliyi də bu işdə həmişə məni dəstəkləyib. Bizim teatrın spesfik xüsusiyyətləri var. 60 yaşlı aktyor Məcnun rolunu oynaya bilməz. Çünki bu yaşda Məcnunun partiyalarını ifa etmək mümkün deyil. Təbii ki, gənclər yetişməli və onlar əsas rollarda sınanmalıdı. Bayaq dediyim kimi Opera və Balet Teatrının spesfik xüsusiyyətləri hökmən nəzərə alınmalıdı. Çətin janrlar olduğu üçün hər il yeni opera, balet və operetta yazılmadığı kimi, hər il də yaxşı opera sənətçisi yetişmir. Bu çox uzun bir prosesdi. Gəncləşmə siyasətinə önəm verən teatrımızın rəhbərliyi Musiqi Akademiyasında, Milli Konservatoriyada təhsil alan istedadlı gəncələri kollektivə dəvət etməyə çalışır. bununla yanaşı, müğam müsabiqələrini diqqətlə izləyirik. Belə sənət yarışmalarında fərqlənən gəncləri işə dəvət edir, onlara şans verir, opera aktyoru kimi yetişmələri üçün gərgin zəhmət çəkirik. Çəkdiyimiz zəhmətin bəhrəsini də görürük. Son illər Təyyar Bayramov Müslüm Maqomayevin "Şah İsmayıl" operasında baş rolda səhnəyə çıxıb. Təyyar ona bəslənən ümidlərimizi doğrultdu və bu çətin işin öhdəsindən gələ bildi. Onun Şah İsmayıl kimi çətin və mürəkkəb obrazın öhdəsindən gəlməsi tamaşaçılar tərəfindən yüksək qiymətləndirildi. Eyni sözləri muğam müsabiqəsinin iştirakçısı Elnur Zeynalov haqqında da deyə bilərəm. Elnur ötən mövsüm Zülfüqar Hacıbəyov və Niyazinin "Aşıq Qərib" operasında Aşıq Qərib rolunda debüt etdi. Maraqlıdır ki, gənc olmasına baxmayaraq, Elnur Aşıq Qəribi və "Leyli və Məcnun"da Məcnunun atasını eyni mərahətlə ifa etməyi bacarır.
   
   "Leyli və Məcnun" operasında daha iki gənci sınamışıq. İlkin Əhmədov Məcnunda, Vüsalə Musayeva isə Leyli obrazında debüt ediblər. Teatr və musiqi ictimaiyyəti bu gəncin işini də müsbət qiymətləndirib. Hələ ki, onlar bu ölməz əsərin sonbeşikləridi. Təbii ki, qarşıdakı mövsümlərdə başqa istedadlı gəncləri də bu rollarda sınayacağıq. Biz bu ənənəni davam etdirmək fikrindəyik. Təkcə muğam yox, vokal ifaçılarının da yetişməsinə diqqət ayırırıq. Bu günlərdə Fikrət Əmirovun "Sevil" operasında gənc ifaçı İnarə Babayeva Dilbər obrazını oynadı. Belə nümunələr çoxdu. Artıq öz aktyorlarımızın iştirakı ilə dünya klassikasının incilərini də səhnəyə qoya bilirik. Amma bu bizim dünyanın tananmış ifaçılarından imtina etməyimiz anlamına gəlməməlidi. Bütün dünyada qəbul olunan ənənə var, opera və balet teatrları ifaçı, balet ustaları mübadiləsi aparır. Son illər müxtəlif teatrlarda çalışan məşhur vokalçılar, balet ustaları teatrımıza dəvət olunub. Onlar müxtəlif tamaşalarda bizim aktyorlarla bir səhnəni bölüşüblər. Bir vacib məsələni də qeyd edim. Opera və Balet Teatrı yerləşdiyi şəhərin simvollarından biridi. O cümlədən də bizim teatr Bakının mədəni həyatının, xalqımızın yüksək zövqə malik olmasının göstəricisidi. Azərbaycana gələn əcnəbilər, burada çalışan diplomatlar və iş adamları tez-tez teatrımıza baş çəkir, tamaşaçılarımızı maraqla izləyirlər. Onlar həm milli, həm də dünya klassiklərinin əsərləri əsasında hazırlanan tamaşalara maraqla baxırlar.
   
   Görüşlərimizin birində dünya şöhrətli rəsam Toğrul Nərmanbəyov maraqlı bir fikir söylədi. O dedi ki, bir vaxtlar Fransanın Bakıdakı səfiri olmuş diplomat indi ölkəsini Misirdə təmsil edir. Hər dəfə Toğrul bəylə telefon əlaqəsi saxlayanda Bakı üçün, xüsusi ilə bizim teatrın səhnəsində gördüyü "Leyli və Məcnun" üçün darıxdığını bildirir. Səfir Toğrul bəyə deyib ki, imkan tapan kimi Bakıya gəlib tamaşamıza yenidən baxacaq.
   
   - Bu günlərdə Türkiyədə növbəti dəfə "Arşın mal alan"a quruluş vermisiz. Bu dəfə qardaş ölkənin hansı teatrı ölməz əsərə müraciət edib?
   
   - 2002-ci ildə Ankara Opera Teatrı bu əsəri səhnəyə qoymaq üçün məni dəvət etmişdi. Teatrın aparıcı solistlərinin iştirakı ilə çox baxımlı bir tamaşa alındı. Bu gün "Arşın mal alan" Ankara Opera Teatrının ən çox tamaşaçı toplayan tamaşalarından biridir.
   
   Ötən ilin sonunda isə yenidən qardaş ölkəyə dəvət aldım. Bu dəfə Samsun Opera Teatrı mənimlə əməkdaşlıqda maraqlı olduğunu bildirdi. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, teatrımızın direktoru mənə hər cür şərait yaratdılar ki, Samsunda "Arşın mal alan" üzərində rahat işləyə bilim.
   
    Samsun teatrının kollektivi bu əsərə böyük maraq göstərirdi. Hər gün səkkiz saat məşq etsək də solistlər, orkestrin musiqiçiləri, texniki heyət yorulmaq bilmədən çalışırdı. Mətbuat məşqlərimizə böyük maraq göstərirdi. Yerli televiziya kanalları, qəzetlər dəfələrlə məşqlə bağlı reportajlar hazırladılar. Nəhayət dekabrın 19-da "Arşın mal alan"nın premyerası, 21-də isə qala-premyerası oldu. Şəhərin yüksək rütbəli şəxsləri hər iki premyerada və ziyafətdə iştirak etdilər. Mənə Samsun şəhərinin rəmzi olan hədiyyə təqdim olundu. Məlum olduğu kimi Samsun tarixi baxımdan Türkiyə üçün çox böyük əhəmiyyəti olan şəhərdi. Belə bir şəhərdə Azərbaycan mədəniyyətini, musiqisini təbliğ etməkdən, uğur qazanmaqdan qürur duyuram. Bir neçə gün bundan əvvəl aldığım xəbərə görə Samsun opera teatrı həmin tamaşanı yaz aylarında müxtəlif şəhərlərdə təşkil olunacaq qastrol səfərlərində də oynamaq fikrindədi.
   
   - Afişalardan da göründüyü kimi həm Ankarada, həm də Samsunda əsərə quruluş verərkən bir neçə ölkəni təmsil edən əcnəbi sənətçilər, drijlo və musiqiçilərlə çalışmısız. Ünsiyyət zamanı problem yaranmırdı ki?
   
   - Ankara teatrında tamaşının dirijoru Bolqarıstanın tanınmış müsiqiçisi Sanay Murat idi. samsunda isə dirijor pultu arxasında Almaniyadan dəvət olunan Markus Barxh dayanmışdı. Xormestr Moldovadan, konsertmestr isə Gürcüstandan gəlmişdi. Ünsiyyət zamanı onlarla heç bir problem yaşanmadı. Çünki bütün dünya Üzeyir bəyin dilində danışır. Həmin dildə isə tərcüməçiyə ehtiyac yoxdu. Üzeyir bəy bizə böyük bir irs qoyub. Nəsillər gəlib gedəcək, amma onun əsərləri, musiqisi həmişə yaşayacaq. Biz bu tükənməz sərvəti qorumalı və yaşatmalıyıq.
   
   - Opera və Balet Teatrının yaxın zamanlarda əsaslı təmirə dayanacağı bildirilir. Uzun müddətli təmir işləri böyük bir kollektivin yaradıcılıq planlarına təsir etməyəcək ki?
   
   - Azərbaycan dövləti mədəniyyət ocaqlarının, teatrların müasir standartlara uyğun qurulmasına diqqət göstərir. Bayaq dediyim kimi Opera və Balet Teatrı Bakının simvollarından biridi. Prezidentimiz bu teatrın dünya standartları səviyyəsində təmir olunması barədə göstəriş verib. Teatr yaradıcı işlərini davam etdirəcək, qastrol səfərlərinə çıxacaq. Təmir başa çatandan sonra isə daha böyük əzm və məsuliyyətlə çalışacaq, tamaşaçılarımıza yeni əsərlər təqdim edəcəyik.
   
   

TƏQVİM / ARXİV