adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

SARI çiçƏKLƏR

VƏSİLƏ USUBOVA
29836 | 2010-01-16 00:48
Son zamanlar qəribə xasiyyət yaranıb məndə. Heç bəyənmədiyim, kimsəyə rəva bilmədiyim bir xasiyyət. " Deyingən" olmuşam. Əslində səsimi eşidən yoxdu, çünki hədəf öz ürəyimdi. Bütün qınaqlarıma o dözür. Belə getsə, onu da bezdirəcəyəm. Ən qorxulusu da odur ki, belə getsə, bu deyingənlik yazılarıma da hopacaq və günlərin birində oxucu da məndən bezəcək...
   
   Məsələ burasındadı ki, get-gedə uşaqlıq xasiyyətim geri qayıdır. Yəni, xəyallarımla uyuşmayan gerçəklik çox sıxır, darıxdırır məni. Nağıllardan, dastanlardan tutmuş əcnəbi yazıçı və şairlərin əsərlərinədək təsəvvürümü, düşüncəmi dolduran gözəllik və romantikanın, sevgi və qəhrəmanlıqların həyatda yerini boş görəndə başqa dünyalar axtarmağa başlayrıam. Həftələrlə, aylarla təsirindən çıxa bilmədiyim hadisələr əl-ayağımı yerdən üzüb hamı kimi yaşamağa qoymur məni. Bir ara xeyli sakitləşmişdim. Elə bilirdim, ağıllanmış, müdrikləşmişəm. Daha heç bir şeydən təsirlənmir, haldan-hala düşmürdüm. Soyuqqanlılığıma özüm də heyran qalmışdım. Bu halımdan xeyli məmnundum. Elə belə yaxşıdı, deyə, düşünürdüm, yoxsa, nəyi dəyişdirmək mümkündür ki?! Lap tutaq ki, bəzi şeylər dəyişdi, sonra nə olacaq? Eh, sən demə, ən ağıllı adam elə bu dünyanı necə var, eləcə də qəbul edənlərmiş. Necə deyiblər? Ağıllı olub hamının dərdini çəkincə, dəli ol, qoy hamı sənin dərdini çəksin. Dəlilik bir yana dursun, elə bu qısa "ağıllanma"da da gördüm ki, heç mənim dərdimi-zadımı çəkən yoxdu, əksinə, istəyirlər ki, əsəblərinin son damlalarını da daşdırıb səni o yanlıq, yəni, dəlixanalıq eləsinlər. Özümdən razılığım çox sürmədi, bir gün anladım ki, sən demə, bunlar laqeydliyin müvəqqəti təzahürüymüş və çox çəkmədən əvvəlki halım bir gün dönəcəkmiş geri. Döndü də. Yenə əski halımdayam. Yenə nağıl, dastan, roman, film qəhrəmanları bürüyüb dörd bir yanımı. Dostum da onlardı, həmsöhbətim də, üstəlik, yuxularımını əbədi qonaqları da...
   
   
   
   ***
   
   
   
   ...Sifəti kifayət qədər sərt və ciddidi. Amma bu ifadə içindəki romantika və cəsurluğun üzə çıxmasına qətiyyən mane olmur. Yana daranmış parlaq, qızılı saçları görkəmini nə qədər zərifləşdirirsə, mənalı baxışları da sevgi dolu bir aləmdən xəbər verir. Sanki dünyaya nə üçün gəldiyini, qurbanlıq birisi olduğunu çox gözəl anlayır. Bu halından məmnun olub-olmamağı bəlli deyil. Ancaq heç bir şeyə həmişəlik bağlanmaq fikrində də deyil sanki. Elə bil ki, bu da onluq deyil. Dostları arasında da, sevdiyi qadının yanında da içini sıxan nəsə var. Deyib-güləndə də, keyf məclisində də yamaq kimi görünür. Bəzən sevdiyi qadın da ondan baş açmır. Anlaya bilmir ki, bu oğlan ona baxanda onun başı üstündən haranı, nəyi görür, xəyalında nələr dolaşır...
   
   Onunla hamı fəxr edir. Təkcə öz ölkəsində deyil, müharibə edən ölkələrin çoxunda da onu öz işinin əsl ustası, mahir döyüşçü kimi tanıyırlar. Kifayət qədər şan-şöhrət sahibidi. Ancaq bütün bunlar sanki vecinə də deyil. Bəlkə nəyə xidmət elədiyini, nə üçün döyüşdüyünü də bilmir. Axır vaxtlar xeyli xəyalpərvər olub. Başqaları onun döyüş şücaətdindən danışanda belə o, qaradinməzdi, susqundu. Sanki içində bir tərəddüd var. Nəyə lazımdı bu savaş, tökülən qanlar?! Ətrafında hər gün neçəsi ölür, yaralanır, şikəst olur... Elə səmadaca vurub qara tüstülər içində yerə göndərdiyi neçə-neçə əsgərin, bəlkə də elə öz həmyaşıdının da onun kimi arzuları, görmək, yanına qayıtmaq istədiyi doğmaları, əzizləri var... Amma o, döyüşçüdü, səmaya qalxanda belə şeylər haqqında düşünməməlidi. Döyüş, ancaq uzaqdan baxanda romantikadı. İçinə girdinmi, vuruşmalı, məhv eləməlisən, yoxsa, səni məhv edəcəklər... Ancaq o, son zamanlar düşünməkdən özünü saxlaya bilmir... Deyəsən, yolun sonu yaxınlaşır...
   
   Yenə tez-tez döyüşlər olur. Məharətlə döyüşür. Başqa cür ola da bilməz. O, döyüşçüdü, Vətəninin əsgəridi. Qarşıda güclü düşmən və düşmənlər var. O döyüşməsə, torpağını, vətəninin ala bilərlər. Bunlar getsə, çox şeylə vidalaşmalı olacaq. Lap elə o zərif, qaragözlü tibb bacısıynan da... Halbuki onun baxışı, təbəssümü onu təyyarənin qanadlarından da tez qaldırır göy üzünə. O baxışları görməkçin sağ-salamat geri qayıdıb yerə enir. Əgər döyüşməsə, bunlar da olmaya bilər. Bu isə əsl dəhşət olar...
   
   Onu nə pul, nə də şan-şöhrət maraqlandırır. Ancaq marağında olduğu elə şeylər var ki, bundan ötrü yaşamağa da, ölməyə də dəyər. Ətrafındakı bu cavanların deyib-gülməsi, zarafatlaşmasıyçın, arxada qoyub gəldikləri qocaların dincliyi, rahatlığıyçın, lap elə o qaragöz qızın bir öpüşüyçün... İlahi, uğrunda yaşamalı, döyüşməli nə varsa, elə onlardan ötrü bəzən ölmək də vacibdirmi?! Dünya başqa cür qurula bilməzdimi? Yuxarıdan baxanda yer üzü elə gözəl görünür ki,... Lap elə cənnət dedikləri kimi... Gözümüzün önündəki cənnəti qoyub, xəyali bir dünyanın eşqiynən dünyadan tez köçməyinə dəyərmi?! Bu torpağın üstündə əl-ələ verib əkib-biçmək, sonra da birlikdə deyə-gülə süfrə başında oturmaq belə müşküldürmü?!...
   
   Son uçuş və sevimli qadının gözlərinə son baxış. Uzun, sürəkli, dillə deyiləsi mümkün olmayan, təsvirə sığmayan bir baxış və... Sarı çiçəkli əklil, üstündə nəsə yazılmış iki ağ lent və ayaq ucunda lal-dinməz duran qadın... Yer üzündə nə qədər belə məzarlar, sarı çiçəklər, ağ lentlər və o qəhrəmanların sevgisinə tuş gəlib sonda tənha qalan qadınlar var. Kim nə deyir-desin, belə qısa ömürlər cəzbedici və maraqlıdı... Çünki bu ömürlərdə yüzlərin və minlərin anlaya bilmədiyi və anlamaq iqtidarında olmadığı çox mənalar, hikmətlər yaşanıb gedir... Və mən belə ömürləri paylaşan, o ömür sahiblərinin sevgisinə tuş gələn qadınlara qibtə eləmişəm həmişə...
   
   Hamı kimi doğulmamaq, heç kəsə bənzəməmk ömrün faciəsidi. Bu da gerçəklikdi ki, Vətənin və millətin varlığı çox zaman bu "faciəli" ömürlərin hesabınadı...
   
   
   
   ***
   
   Mən, İkinci Dünya savaşında 80-dən artıq təyyarə vurmuş alman təyyarəçisi haqqında filmə baxırdım. Deyirəm, heç olmasa, subay qızlarımız da arada belə filmlərə baxaydılar...

TƏQVİM / ARXİV