adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Vağzal adamları

CEYHUN MUSAOĞLU
31258 | 2010-01-16 00:48

   
   Vağzalda olan adama elə gəlir ki, insanlar heç vaxt yatmır. Bədbəxt oğlu bədbəxt Moskvaya gedəcək qatarın tərpənmə vaxtından 40 dəqiqə tez gəldi vağzala. Qarışqa kimi qaynaşan adamların arasında ciynində idman çantası bir nəfər də peyda oldu. Çantası ağır deyildi- bir iki alt paltarı, sabun, diş fırçası, dəsmal və bu sıradan olan bəzi şeylər. Çantalı oğlanın gözü adamlarda qalmışdı. Tələsəni də vardı, platformada asta-asta var-gəl edəni də. Bir anlıq vağzaldakı adamları şahmat taxtasındakı fiqurlara bənzətdi. Qatara minib Bakını arxada qoyanlar vurulan fiqurlar idi. Peşka, top, at... ola bilsin aralarında vəzir də vardı. Vağzalda hamı yol adamıdır, hamı yenidir, vəziri vəkili, nökəri bilinməz vağzal adamlarının. Vağzal adamlarının ortaq məxrəci kədərdir. Platformada dayananlar arasında gülümsəyənlərə, hətta qəhəqəhə çəkənlərə rast gəlmək mümkündür. Həmin adamlara yaxınlaşıb, təkcə saatı soruşmaq kifayətdir, qəhqəhələrinin altında gizlətdikləri kədəri görməyə. Səsləri əsir. Sözləri uzada-uzada səsləndirirlər. Bax belə: "saaaaatt... 10:35, on bir, hə də on birə qalıb". Eləsi olur, qatarın neçə dəqiqədən sonra gələcəyini, eləsi də olur, qatarın neçə dəqiqədən sonra vağzaldan çıxacağını hesablayıb deyir. Yaxşılıq eləməyə meyillidir vağzalın qonaqları. Yolçu qürbətə uzanan yolun başlanğıcında peyğəmbər kimi məsum, ortasında döyüşçü kimi sərt sonunda fərari kimi qorxaq olur.
   
   Bədbəxt oğlu bədbəxtin gözünə görünən şahmat fiqurlarının ağ rənglisi də eyni aqibətdə idi, qara rənglisi də. Fiqurların vurnuxmasından boylanan tərəddüdən hiss olunurdu ki, oyunda məqsəd şahı məğlub etmək deyil.
   
   Qara fiqur-at vağzalın şüşəli gözləmə zalına tərəf addımlayır. Hələ ki, yerişi yeyindir. Gözləmə salonuna çatmamış dayanır. Bir neçə saniyə yerində donub qalır. İlk hərəkətə gələn ayaqlardır. At ayaqları ilə asfaltı eşməyə çalışır. Alınmaz. Kişnərti səsi eşidilir. Səs bir az da yaxından eşidilməyə başlayır. Qara at geri qayıdır. Ünvan pintixanadır. At stollardan birinə yaxınlaşıb ayaq üstəcə 150 qram araq sifariş verir. Xidmətçi - yarı arvad-yarı qız 150 qramı tez gətirir. Bir əlində pomidor turşusunun 4/1 hissəsi. Qara at xidmətçinin qarşısını kəsib onu saxlayır, arağı içib boş stəkanı özünə qaytarır. Möcüzə baş verir, at adama çönür.
   
   Ağ fiqurların topunu saxlamaqmı olar. "Adam olmaq istəyirəm"-deyə qışqıraraq, özünü pintixanaya salır. Şahmat taxtasında qala quran şah dərindən nəfəs alıb, uzanır taxtanın üstünə. Atı adam, topu adam olan şahmatın taxtası yalnız içərisinə şəkil yığmağa yarayar.
   
   Bədbəxt oğlu bədbəxt topun arxasınca deyinməyə başladı:
   
   - Qoy şah dincəlsin, doyanda şahmat taxtasını götürərsiz vağzal adamları. Həyatınızın şəklə dönmüş anlarını onun içərisinə yığıb özünüzlə apararsınız. Xatirələriniz vətəndə qalmasa yaxşıdır. Onsuz da qürbət yollarında onları bir-bir salıb itirəcəksiz. Daha sizdən heç nə qalmayacaq.
   
   Top onun arxasınca deyilən sözləri eşitdi. Cavab vermək istədi. İmkan verərəm?.. Birdən o dedi, bu dedi, sözləri bir-birinin boğazından keçmədi, dava düşdü. İraq olsun, qəhrəmanımı bıçaqladılar. Öldü. Bəs mənim əziyyətim? 104 min 660 işarə yazmışam. Yazmışıq. Romançı həmkarım, yaxşı suvaqçıdır. Çörəyindən eləmişəm onu. Yazmağı, yazdığını pozmağı bacaran adamları sementin altında qalıb boğulan görəndə ürəyim dözmür. Ona birlikdə roman yazmağı təklif eləmişəm. Doğrusu bir az da goplamışam, romanın satışından çoxlu pul qazanacağımızı deyib, aldatmışam dostumu. Dilinə araq dəyəndən, yəni beynində süni və müvəqqəti dəyişiklik yaradandan sonra adam olan atlar, toplar, nökərlər, vəzirlər, yaxud tərsinə at olan, top olan, vəzir olan adamlara qurban verə bilmərəm bədbəxt oğlu bədbəxti. Axı o yaxşı bilir, həm ağ, həm də qara fiqurlar üçün dəfələrlə şahı mat eləmək şansı yaranmışdı. "Şah" deməmişdilər. Onda bu adamlar niyə şahmat taxtasındakı xanalara düzülüblər axı? Bu oyunda məqsəd nədir? Vaxt keçirmək?.. Ömrü yola vermək?..
   
   Vağzalın ortasına göydən düşən bu adamın özünə verdiyi sualları eşidirsənmi, oxucu. Zəif eşidirsən?.. Yaxşı xahiş edərəm ucadan deyər. Bir də diqqətlə qulaq as: bu oyunda məqsəd nədir? Vaxt keçirmək?.. Ömrü yola vermək?..
   
   Suallar başına ağırlıq elədi. Bir-iki bakal pivə içib yüngülləşmək keçdi könlündən. Pintixanaya doğru getdi. İşdən rayonlara ezamiyyətə göndəriləndə az oturmayb bu pintixanada. Stolların üstü silinmir; noxud qabıqları, balıq başları, siqaret kötükləri ilə dolu olan külqabılar təmizlənmir; xidmətçilər tənbəllikləri ilə xüsusi seçilir. Ətrafda başqa yeməkxana olmadığından özlərinə arxayındır buranın işçiləri. Müştəri itirmək qorxuları yoxdur.
   
   Bədbəxt oğlu bədbəxt nisbətən təmiz stolların birində oturub bir bakal pivə sifariş verdi. Xidmətçi pivəni gətirənə kimi nə qədər vaxtı qaldığını bir də dəqiqləşdirdi. 11:25 dəqiqə idi. Düşündü: "Lap vaxtıdır iki bakal pivə içib getmək lazımdır". Mini yubkada, sinəsi açıq, qarın nahiyəsindən piyləri sallanan xidmətçi qızın nazla gəlməsindən anladı ki, ikinci pivəni gətirənə qədər xeyli vaxt gedəcək. Ona görə ikincini də elə indidən sifariş etdi. Bakalları dalbadal içdi. Beyni yüngülləşdi. Ayağa duranda "Bu oyunda məqsəd nədir?", "Vaxt keçirmək?..", "Ömrü yola vermək?.." sualları yenə düşüncəsinə hakim kəsildi. Beynini məşğul etmədi. Eləcə əlini yelləyib dedi: "Eh, bu suallara cavab tapsaydım, ölkədən niyə gedirdim, niyə insanlardakı nifrət və sevgi hissini məhv etməyə hazırlaşırdım...".

TƏQVİM / ARXİV