adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

BAŞLADIQ

VAHİD ƏLİFOĞLU
27898 | 2010-01-09 05:18
... Salam, 2010-cu il. Əleyküm salam deyən olmadı. Özüm dedim, özüm də eşitdim. Qəribə deyil. Onsuz da adamın öz-özü ilə hal-əhval tutması indi heç kimi təccübləndirmir. Nahaq yerə deməyiblər ki, azlıq çoxluğa tabedir. Yüz nəfərin əllisi "hə" deyirsə, biri nə ətdirsə nə balıq, qırx doqquzunun "yoxu" əhəmiyyətsizdir. Haramının bozbulannıq havası elə bil adamı əsəbiləşdirmək, dilxor etmək üçün yaradılıb. Qar yağmayıb, hələ. Hamının bir istəyi var, o da qarın yağmasıdı. Guya qar yağmasa qış olmayacaq. Soyuq, yad odunsuz-ocaqsız evlərə yapışmasa da "qar həsrəti" əksəriyyətin sir-sifətindən hiss olunur...
   
   ...Çətini başlamaqdı. Başlamaq görmək istədiyin işin yarısıdı. Bu kəlamı da "çay gəlməmiş çirmənən, yay gəlməmiş qızan" babalarımız kəşf edib. Ayağımızın üstünü örtməyən şalvarlarla, düymələri göbəyimizə qədər açıq köynəklərlə çoxdan layiqli nəvələr olduğumuzu sübut etmişik...
   
   ... Amma bu kəlam mənə və mənim hazırkı düşüncələrimə aid deyil. Həcmindən və növündən asılı olmayaraq yazının ortası mənim üçün ən çətindi. Vərəqləri qarşıma sərib qələmi götürəndə artıq yazacağım materialın başı" da, "ayağı" da hazır olur...
   
   ... Biz öz bildiyimizi sayıb fələyin necə və neçəyə qədər sayacağını gözləmədik. Fələk bizdən qabağa düşdü. Barmaqlarımızı sayıb yarı eləməmiş baxıb gördük ki, fələk artıq mini keçib...
   
   ... Məmləkətin şərqində çox şey dəyişib, qərbdə cəbhə xəttinin o üzündə palan da köhnədi, eşşək də... Bir də arpa, saman daşıyanların adı dəyişir, hərdən... Bu il də Qarabağsız başladıq və şəxsən mən doğma Qarabulağın haqqında düşünməkdən bezdiyimi hiss etməkdəyəm...
   
   ... Bu il də keçən ilki kimi heç olmasa əlli yazı yazmalıyam. Əlli yazı əlli təzə mövzu deməkdi... Tapa bilsəm... On illik çadır, altı illik haramı həyatının bitib-tükənməyən xatirələri... Əziz oxucu! Növbəti yazılarda da təkrara, çeynənmiş fikirlərə və cındırı çıxmış arzulara rast gəlsən, məni bağışla. Bir həqiqəti nəzərə al ki, yazılarına qiymətli vaxtını sərf etdiyini "Böyük çadır şairi" Vahid Əlifoğlu rəngarəng insanların, tanınmış simaların əhatəsində yaşamır. Gözdən uzaq, könüldən iraq, yorulmuş və taqətdən düşmüş insanların arasındadı. Bu insanların həyatı, arzusu, istəyi nə qədər konkret, aydın olsa da, bir o qədər yeknəsəq və rəngsizdi...
   
   
   
   ... Onlar, lampaları "oturmuş"
   
   ağ-qara televizorlar kimidi,
   
   aşağı gərginlikli
   
   cərəyanlarla işləmirlər...
   
   ... İki rəngli ömürləri,
   
   Yarı açıq ekranlarda
   
   Əyiş-üyüş görüntülərdi.
   
   ...bir də pəncərələri
   
   yardım yeşiklərinin
   
   kartonları ilə örtülmüş,
   
   sakinlərinin sevindirə bilməyən
   
   qaçqın evlərinin hönkürtüləridi...
   
   ...Yorulmuş atları
   
   ya döngələrdə dəyişirlər,
   
   ya da dərələrdə güllələyirlər...
   
   ... Atlar üçün dəyişdirilməkdənsə
   
   güllələnmək xoşbəxtlikdi...
   
   ... Bu ilxıda dəyişdirilməmiş,
   
   güllələnməmiş at qalmayıb ki...
   
   ... İmansız çöləlrin qar rəngi,
   
   qara dərdləri aydın görmək üçündü
   
   ... Onlar, həmişə qarlı
   
   qış arzusundadılar...
   
   
   
   ... Çox-çox uzaqda, uzun, qara paltosunun cibləri "Avrora" siqaretləri ilə dolu, Əlif müəllimin sonbeşik oğlu Vahid var idi... Ayağı ayaqqabıya, başı papağa həsrət... Yazdığı şeirləri dəftər-kitab arasında göndərərdi bir qıza... Hər yerdə müəllim oğlu olduğu ilə öyünərdi və ona elə gələrdi ki, müəllim oğlunun lap kolxoz sədrinin qızı da sevə bilər... O qız da öyünərdi ki, hamıdan gözəldi... Çunki gözəl olmasa müəllim oğlu onu sevməz...
   
   ... On il sonra məlum oldu ki, müəllim oğlu kolxoz sədrinin qızını sevə bilməz. Və o qız da müəllim gəlini olmağa razı ola bilməz...
   
   ... Niyə birdən-birə qırx il əvvəli yadıma saldım? Axı o uzaq keçmişin yaşadığım bu həyatla damcı da olsun uyuşuğu, bağlılığı yoxdu... O qız nə uzaqgörən imiş, ilahi... Kolxoz sədrinin qızı on il çadırda necə yaşayardı?..
   
   ... 60-cı illərdən baxanda 2010-cu il ağlasığmaz, təsəvvürəgəlməz bir məsafə idi... Gəldik, çatdıq...
   
   ... Beşinci evin, onuncu maşınını almağa xırda problemi olan, qışda şəhərdə, yayda dəniz kənarında yaşayan əmim, dayım, qardaşım, gülmə. Gülmə mənim bu "primitiv", "sadə" dərdlərimə. Hər kəsin yükü dizlərinə, hər kəsin kökü izlərinə görədi...
   
   
   
   ... Hələ yaşanmamış illər varımış,
   
   Hər yerdə əlcəkli əllər varımış.
   
   Sən demə, ətirsiz güllər varımış,
   
   Haray bildiklərim səsdi, bu yaşda.
   
   
   
   Ovçumu yandırdı götürdüklərim,
   
   Özgə həyətimiş bitirdiklərim.
   
   Elə mənimkiymiş itirdiklərim,
   
   Təzədən ha qazan, nəsdi, bu yaşda.
   
   
   
   Nahaqmış yatanı oyatmağım da,
   
   Kökdən qaçmağımış boy atmağım da...
   
   Bu yaşda keçmişə qayıtmağım da,
   
   Ömrümə, günümə qəsdi, bu yaşda...
   
   
   
   ... Heyif, keçənlərə, o olanlara,
   
   Ölü xəyallarda sağ qalanlara.
   
   Vahid Əlifoğlu, ağ yalanlara,
   
   İnandın bu qədər, bəsdi, bu yaşda...
   
   
   
   ... Şükür, min dəfə şükür... Hər gün 195 N-li evin mətbəx adlanan darısqal eyvanında açılan halal süfrənin arxasında dörd nəfər əyləşir... Mən, arvad, iki qız... Arvad bu ildən başlayacaq evə pul gətirməyə, təqaüd adı ilə... Günel riyaziyyat müəllimidi, Elgün də inşallah dörd ildən sonra filoloq olacaq.
   
   ... Yatmağa çarpayı, yeməyə çörək var... Kefim yuxarı olanda çıxıb gedirəm Əhmədbəyliyə, çayxanaya. Özüm ağılda dostlarımın yanına. Kefim aşağı olanda şeirdən-zaddan yazıram... Bəlkə bu azdı? Bəlkə bu çoxdu?..
   
   ... Təzə ildi. İli necə qarşılasan, o cür də yola salarsan... O adam xoşbəxtdir ki, sevinci də, kədəri də, dərdi də abırlıdı, həyalıdı...
   
   ... Sovetin bolşevik şair və yazıçıları demişkən bu il planımda maraqlı şeirlər, hekayələr, publisistik yazılar var... Sağlıq olsun...
   
   ... 2010-cu ildə "yerimə su calamasalar" yenə də 21-ci səhifədə olacağam... Hər şənbə görüşənədək... Ya Allah! Başladıq...

TƏQVİM / ARXİV