YEDDİBAŞLI ƏJDAHA, YOXSA SÖZGƏZDİRƏN?..

FAİQ QİSMƏTOĞLU
64236 | 2015-03-07 10:08
... Birinin yanında ağzından söz çıxarmalı deyilsən. Elə ki "quş buraxdın" həmin sözü hərləyib-fırlayıb elə təqdim eləyəcəklər ki, deməyinə də peşman olacaqsan. Sənin dediyin söz qalacaq kənarda, başlayacaqlar demədiyin söz haqqında danışmağa. Bu həmişə belə olub, bu gün də belədir və sabah da belə olacaq...
Zamanından və məkanından asılı olmayaraq, araqarışdıran və sözgəzdirən və kimlərəsə "torba tikən" o qədər şeytan xislətli insanlar var ki?! O insanlardan harda desən tapmaq olar. Hər kənddə-kəsəkdə, hər eldə-obada belələrindən kifayət qədərdir. Elə bir adam olmaz ki, onun qohumlarının arasında şeytan sifətli, söz gəzdirən insanlar olmasın.
"Qabusnamə"də yazılır ki, yeddibaşlı əjdahadan qorxmayın, çünki onun yeddi başının hamısı görünür və ondan özünü qoruya bilərsən. O şeydən qorxun ki, onlar söz gəzdirirlər və bir saniyənin içərisində aləmi bir-birinə qarışdırırlar.
Rəvayət olunur ki, çox mehriban və ədalətli bir padşah varmış. Bu padşah heç vaxt haqqı nahaqqa vermirmiş. Yəni kimliyindən asılı olmayaraq, hamı qanuna tabe imiş və qanunu pozanlar da cəzalanarmış.
Günlərin bir günü padşahın sarayına bir vəzir təyin olunur. Padşah da baxıb görür ki, bu vəzir ağıllı, səbirli və təmkinli insana oxşayır. Düşünür ki, yəqin mən olmadığım müddətdə məmləkəti daha ədalətlə idarə edər, kasıbın-kusubun haqqı tapdanmaz. Hələ padşah səyahətə getməmişdən təzə vəzir hər gün onun qulağına pıçıldayır:
"Sənə otuz il qulluq eləyən o insan var ha, o çox təhlükəli adamdı. Bir neçə gün qabaq xəlvətcə arxasınca düşdüm, gördüm ki, sənin cəlladlarının biriylə xosunlaşır. Deyir ki, bu padşahın başını yesək, ürəyini buz kimi saxla, səni baş vəzir təyin edəcəm".
Padşah diqqətlə yeni baş vəziri dinləyir. Sonra da otuz il ona qulluq eləmiş həmin şəxsi yanına çağırır və sorğu-sual etmədən sabahı günü camaatın gözü qabağında edam elətdirir. Edam elətdirməmişdən qabaq o insan cəllad soruşur ki, padşah-aləm sağ olsun, mənim günahım nədi, axı mən sənə həmişə sadiq olmuşam, düşmənlərini susdurmuşam. Padşah bir kəlmə deyir: "Sən xəyanət eləmisən, ona görə də edam olunursan".
Bir gün ötür, üç gün ötür, bir ay ötür, padşahın bütün sadiq adamlarını təzə vəzir bir-bir aradan götürdür. Çünki padşaha elə sözlər deyir ki, o inanmaya bilmir. Səhər, günorta, axşam padşahın başının üstünü kəsdirən vəzir bir gün də onun yeməyin zəhər qatıb yedizdirir. Padşah dünyasını dəyişir və həmin sözgəzdirən, aravuran və insanları bir-birinə döyüşdürən vəzir taxta çıxır, olur padşah.
Bu hadisədən sonra məmləkətdə hamı təzə padşahdan danışır. Deyirlər ki, bu zalım oğlu cindir, şeytandır, nədir. Padşahın qəlbinə girdi, ən sadiq adamlarını aradan götürdü, sonra da özü taxt-tacda əyləşdi.
Qonşu məmləkətdə taxt-taca sahib olan padşahlar da bu xəbəri eşidəndən sonra qanları bərk-bərk qaralır. Fikirləşirlər ki, belə bir təhlükə onların da başının da üstünü ala bilər.
Günlərin bir günündə qonşu məmləkətin padşahları da təsadüfən saraya düşən yaltaq, söz gəzdirən və yeddibaşlı əjdahalardan canını qurtarmaq üçün fərman imzalayır. O fərmana əsasən məmləkətdə otuz-qırx il xidmət edən və padşaha sadiq olan insanlara kim ləkə yaxıb böhtan atıbsa, onun dili boğazından çıxarılırmış. Belə bir tədbirlə digər padşahlar öz hakimiyyətlərini qoruyub saxlaya bilirlər.
İndi qayıdaq bugünkğ günümüzə. Vaxtilə uzun müddət rayonların birində icra başçısı işləmiş bir hörmətli şəxs vəzifədən çıxandan sonra uzun müddət çörək verdiyi, arxa durduğu, söykək olduğu bəzi vəzifə sahiblərinin onu yeni icra başçısına "baqaja" qoyduqlarını eşidir. Həmin adamlardan ikisini çağırır və deyir:
- Mən sənə nə yamanlıq eləmişdim? Elə savadın, səviyyən, elmin və mədəniyyətin yox idi, çörək verdim. Ev-eşik sahibi elədim, maşının, pulun oldu. Sonra da bir göz qırpımında hər şeyi unutdun və iki daşın arasında məni başqasına keçi qiymətinə satdın.
Həmin adamlardan biri isə dillənir:
- Məllim, vallah, məni qınama, vəzifədə qalmaq üçün bu addımı atdım. Əgər səni "baqaja" qoymasaydım təzə başçı elə biləcəkdi ki, mən yenə sənə "işləyirəm". Axı vaxtilə mən sənin ən sadiq adamın olmuşam. İndi vəzifədən çıxsam, rayonda məni başqaları yox, heç qohumlarım it yerinə qoymayacaq.
...Çörək verən, arxa duran və ən çətin anda kimlərəsə "qorxma" deyən insanları fikirləşib-eləmədən bir anın içində ayaq altına atmaq, sonra da onu rüsvay etmək, bu cür sözgəzdirən, şeytan xislətli insanların əsas əxlaq tərzidir. Onlar üçün nə əxlaq, nə sədaqət? Belə adamlar yalnız və yalnız bir şeyə kökləniblər; kimsə vəzifədə olanda, kresloda əyləşəndə istifadə eləsinlər, ev-eşik sahibi olsunlar.
Bu hadisələri qələmə almaqda məqsədim heç də nəyisə xatırlamaq və yada salmaq deyil. Sadəcə olaraq, yeddibaşlı əjdahanın və bir də sözgəzdirənləri xatırlatdıq ki, varınız, imkanınız, pulunuz olanda belə adamları özünüzə yaxın buraxmayasınız. Şirin dilləri ilə ilanı yuvasından çıxaran, insan qəlbini, ürəyini bir anın içində ələ alan, etibar qazanıb çox şeyə nail olan və sonra da adamın kürəyinə bıçaq saplayan yeddibaşlı əjdaha təhlükəlidir, yoxsa sözgəzdirən? İndi siz özünüz fikirləşin, daha bizim sözümüz yoxdur...

TƏQVİM / ARXİV