...YAR ŞİRİN OLUR

ƏBÜLFƏT MƏDƏTOĞLU
62585 | 2015-03-07 09:14
Gəlin birbaşa mətləbə keçək. Çünki yazımın başlığını oxuyanda artıq kimlərinsə zümzümə etdiyinə şübhə qalmayıb. Ona görə ki, bu məşhur mahnı bütün zamanlarda və bütün yaşlarda hər kəsin sümüyünə düşüb və bəzən də onun başlıqdakı misrası atalar sözü kimi də işlədilib. Mən də bütün bunlara söykənib yarın nə qədər şirin olduğunun fərqinə varmaq, onun insan həyatında Adəmdən Həvvadan üzü bugünə qədər keçib gəldiyi yolu və yeri xəyalımda canlandırmağa çalışacam. Ancaq buna qədər isə bizi yara yetirən, yarla üz-üzə gətirən və nəhayət yara təslim edən anadan danışmaq istəyirəm. Çünki cənnət ayaqlarının altında olan bu müqəddəs varlıq ürəyinin böyüklüyünə güvənib oğul payını kiminsə qız payına yar edir və yaxud da əksinə. Görün burda nə qədər həssas, incə və hətta dərk edilməsi çətin olar gözəlliklər, qəribəliklər, sirlər var. Öz əlinlə könüllü şəkildə öz ciyərparanı kiməsə yar edirsən və o yar da öz şirinliyi ilə səni arxa plana keçirir. Buna isə ancaq analar dözür. O analar ki, onların həyatı qalın-qalın kitablardan, mükəmməl və həm də oxunub başa çıxılması mümkün olmayan bir əsərdi. Yəni hər ana əslində həm də bir əsər deməkdi - oxuyan üçün, oxumağı bacaran üçün!..
Mən hər dəfə bayram gündəri öncəsi yaşadığım sıxıntını dilə gətirməyə, ifadə etməyə çətinlik çəkirəm. Ona görə ki, ilin məhz həmin o bayram günündə hər kəs anasını anır, anasını xatırlayır - kimi məzarlığa gedir, kimi də bazarlığa. Mən isə ən yaxşı halda qələmə, kağıza könül verirəm. Çünki bundan başqa əlimdən heç nə gəlmir, gücüm heç nəyə çatmır. Bir oğul kimi məni dünyaya gətirən ananın düşdüyü durumdan, yaşadığı həyatdan çıxara bilmirəm. Onun illərlə qurduğu yuvadan uzaq düşməsiylə zorən barışıram. Əlindən alınmış, odlara qalanmış yuvasının acısını ona unutdurmağa qadir deyiləm. Çünki o, ağaran saçlarıyla, qırışan yanağı və əlləriylə, işığı azalan gözləriylə və nəhayət, öz-özünə danışdığı sözləriylə hələ də o yerdədi, o kənddədi, öz evindədi. Mən isə ən yaxşı halda telefonla halını soruşuram, ildə-ayanda cibin imkanına baxıb baş çəkməyə, aldığım dava-dərmanı ona çatdırmağa tələsirəm, başqa heç nə. Bu da mənim çiynimə düşən oğul yükünün bir ödəniş formasıdı, əgər ödəniş sayılsag
Hə, yaxşı ki, telefon əlaqəsi var... Yaxşı ki, səsimi səsinə çatdıra bilirəm... Yaxşı ki, nələr çəkdiyimi onun səsindən duyuram və o səsdə bir ana təsəllisi var, bir səbir diləmək var, bir ümid vermək var. Mən isə ona yazıb, ancaq özünə oxumadığım şeiri indi kağıza köçürürəm.

Telefonda
Qırıq-qırıq
Səsini eşitdim...
Elə bil
Xəncər yeridi
Ürəyimə...
Zorla danışdığını
Təxmin etdim
Telefon
Xəcalət çəkirdi
Sanki mənim yerimə...
Çadır taleli anam
Bacarırsan bağışla
İndi
Nə söz urvatdadı,
Nə qələm
Əli ciblərinə yük,
Sual işarəsi tək
Boynu bükük
Günahkar bəndə
Mənəm -
Sənin
Fərsiz oğlunam
Heç nə edə bilmirəm...
Ancaq
Başa düşürəm -
Çat vermiş ürəyində
Mən
Ən böyük ağrınam...

***

Hər dəfə yaşadığım ağrı-acıları təsbeh muncuğu kimi irəli-geri çəkəndə mənə elə gəlir ki, indi bu muncuq sapı qırılacaq və dənələr dağılacaq dörd tərəfə. Və mən də bir-bir onları topladıqca başım qarışacaq, fikrim yayınacaq və bir anlıq unudacam düşündüklərimi, unudacam içimdə olduğu ağrıları. Amma nədənsə ya sap qırılmır, ya da qırılanda da əyilib mənə kömək edirlər. Daha doğrusu, o yaxınlaşıb üzümə baxır və mənimlə birlikdə həmin muncuqları toplayır... yenidən onları sapa düzür... yenidən o təsbehi əlimə götürürəm...
Bütün bunlar bəlkə də adi bir işdi, adi bir haldı. Amma mənə elə gəlir ki, məhz həmin anda onun da mənimlə birlikdə həmin muncuqları toplaması elə-belə adi bir iş deyil. Əslində o, məni duyur, mənim unutmaq istədiklərimin mümkünsüzlüyünü bilir. Ona görə də çalışır ki, bu yardımıyla, bu diqqətiylə mənim tək olmadığımı, mənim o yükün altında tək qalmadığımı hiss etdirsin...
Açığını etiraf edim, bunu başa düşdükcə dərdim azalmır, yüküm yüngülləşmir. Əksinə, dərddə artır, yük də. Çünki onun da öz durumunda olduğunu görürəm, onun da öz odunda yandığını anlayıram. Amma neyləyək ki, mən başqa cür ola bilmirəm və olmaq da mümkün deyil. Ən azından ona görə ki, bütün bu yaşananlar ya bir alın yazısıdı, ya da elnən gələn bəla. Bax, həmin o alın yazısının da, o bəlanın da nəfəs almağa imkan vermədiyi bir məqamda köməyə yenə qələm və söz çatır. Düşünürəm ki, bəlkə elə bu, xoşbəxtlikdi. Qələm və söz yardım edib səni bu bəladan, o alın yazısından bir iynə ucu boyda çıxarır, bir udumluq hava verir, bir qurtum su içirir və bir damla ümidə çevrilir. Onda yaşamağa və onun yanında olmağa istəyin, həvəsin, hətta daxili təlabatın artır. Nə olsun ki, bayramda, ad günündə onun istəklərini gerçəkləşdirə bilmirsən. Amma ən azından onun üçün yaşadığını etiraf edə bilirsən. Bax, bu şeirdə olduğu kimi.

Sənin
doğum günündə
mən
əlimdə
nə gül,
nə də hədiyyə
dayanmadım qapında...
Düşünmə ki,
pul,
ya da
vaxt tapmadım...
yox,
sadəcə
sənin doğum günündə
mən bir daha
anladım və inandım -
Bu günə
ən gözəl və ən böyük
hədiyyə
bizik!
Sevgimizdi elə
ürəyimiz

özümüz üçün də!
Həyatımız da
və həm də
ömrün hər bir anında...

***
İndi hər kəs bazara, dükana tələsir. Necə deyərlər, kasıbın olanına uyğunlaşdırıb hansısa bir hədiyyəni seçməyə, hansısa bir gülü, çiçəyi doğmasına, sevdiyinə hədiyyə etməyə... Amma bunu məcburi və yaxud da vərdiş xatirinə edənlərlə yanaşı, könüllü, sadəcə üzünün təbəssümü, ürəyinin səsi və dilinin sözüylə qapı döyənlər, görüşə gedənlər də var. Mən onları anlayıram və düşünürəm ki, əslində sonuncu qəpiyini verib kiməsə gül almaq, kiməsə hədiyyə bağışlamaq o qədər də doğru deyil. Ən azından həmin o hədiyyəni qəbul edən hədiyyə bağışlayanın durumunu gözəl bilir və onu da bilir ki, bu hədiyyədən sonra onu bağışlayan hansı çətinliklə, hansı sıxıntıyla baş-başa qalacaq. Yəni o bir gül əslində böyük maliyyə tələb etməsə də, amma bəzən o gülün əvəzinə içdən gələn halal, saf və son dərəcə də real sevgini, məhəbbəti, duyğuları ifadə etmək, onun aurasında yaşamaq, mənim düşüncəmə görə, daha gözəldi, daha böyük hədiyyədi. Çünki danışılan, ifadə olunan, baxışlarla söylənilən sevgi, təbrik bir növü ruhun səsidi. Ruhun səsini isə bir Allah, bir də mələklər eşidə bilir. Mənim ürəyimi bağışladığım, duyğularımı dinləməyi bacaran da elə o mələklərdən biridi. Və siz heç də düşünməyin ki, mən bu sözlərlə könül oxşayıram, hansısa bir sıxıntının üstünə pərdə çəkirəm, durumumu gizlətməyə çalışıram. Yox, inanın ki, bu belə deyil. Sadəcə mən dərk etdiyimi, anladığımı və özüm üçün az qala gün işığı qədər aydın təsəvvür etdiyim bir mətləbi sərgiləyirəm, bir fikri ifadə edirəm. Həmin fikrin də mənim ifadə etdiyim, gördüyüm kimi qarşılanacağına da şübhəm yoxdu. Çünki ifadə olunan ürəyin səsidi və ürəyin səsini də ürəyi almağı bacaranlar daha yaxşı eşidirlər...
Bəli, bayram ovqatı özü-özlüyündə insanı kökləyir . Nə qədər qayğın, problemin olsa da, ətrafdakıların ovqatı sənə də təsir edir. Mən bu cəmiyyətdə yaşadığımı və bu cəmiyyətin də mənə təsirini dana bilmərəm. Ona görə də həmin qatın mənə olan təsirini də gizlətmək istəmirəm. Əksinə, məqamı gəldiyindən bu ovqatı şirinləndirmək, ona bir zarafat da qatmaq ağlımdan gəlib keçir. Məhz həmin o zarafatı da yazdığım misraların bu dalğasında sənə çatdırıram.

Hər gün çıxıb qarşıma
Sonra üz çevirirsən...
Mənə əzab verməkdən-
Elə bil sevinirsən!

Nə adımı deyirsən
Nə də ki günahımı...
Bəlkə də sınayırsan -
Mənim də inadımı!...

Mən günün əzabını
Bilib yola çıxıram...
Deyim, aç qulağını -
Səndən yaman yığıram...

***

Bütün hallarda həyat davam edir və bütün hallarda da insan bu davam edən həyatın təkcə zərrələri yox, həm də əşrəfidi. Yəni həyatı gözəlləşdirən, ona dad, tam verən insandı - ağıllı və dəlisiylə birlikdə. Elə həyatdan giley edən də, ona etirazını bildirən də, onu sevən də yenə insandı. Amma bütün bu camiyədə, bütün bu cəmlikdə bir Zöhrə ulduzu var. O elə bir ulduzdu ki, hamımızın gözü onu axtarır. Bu da ki, adından da gördüyünüz kimi - QADINdır! Biz ikinci tərəf olaraq həmişə onların başına fırlanırıq. Günəbaxan günəşi axtardığı kimi, biz də onu axtarırıq. Çünki o bizə həm anadı, həm bacıdı, həm qızımızdı, həm nəvəmizdi, həm də - YARımızdı!!!
Düşünürəm ki, bu bir neçə cümlə çoxlarımıza çox məqamları xatırlatdı, xatirələrimiz dilə gəldi, verdiyimiz vədlər yadımıza düşdü və nəhayət, görüşə bu gün daha tez getməli olduğumuzu anladıq. Axı, bu gün onların bayramıdı və bu gün daha çox onlara aid olmalıyıq. Doğrudu, həmişə onlarınıq, onlarlayıq. Amma artıq bir həqiqət də var ki, biz 8 Mart günündə onların olduğumuzu demirik. Sadəcə, gücümüzə, sözümüzə güvənib göstəririk. Onlar da bizi anlayırlar. Çünki onlar QADINdır! Çünki onlar YARımızdır! Və onlar hamıdan və hər kəsdən şirindir!

TƏQVİM / ARXİV