adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Kefli İskəndər

SAMİRƏ ƏŞRƏF
27628 | 2015-03-07 08:23
Axır ki, gəlişi gözəl, gedişi urvatsız olan, bər-bəzəkli mart ayı da gəlib çatdı. Allı-güllü bayramlarıyla o biri ayların sinəsinə çalın-çarpaz dağ çəkən bu ayı gülərüzlə qarşılasaq da, yola salanda deyirik ki, mart çıxdı, dərd çıxdı. Əvvəlcə kişiləri xərcə salan, sonra arvadları biş-düşə sürükləyən bu ayda qıpqırmızı qızaran səkkiz rəqəmi var ki, ildə bir dəfə cibləri tər-təmiz edir. Təqvimdəki bu nərmənazik rəqəmin mühafizə etdiyi bayram, sıralarında türklər demişkən, bir dənə də kişi xeylağı barındırmayan qadın müəllimlərimizin ən sevimli bayramıdır.
Açığı mən müəllim kəlməsinə çox ehtiyatla yanaşan adamlardanam. Çünki özüm nə az, nə çox, düz iyirmi beş il müəllim çörəyi ilə böyümüşəm. Yaddaşımda qalan çox əziz müəllimlərim olub. Amma nə edək ki, bu duyğusal hisslər bugünkü müəllimlərimizlə bağlı həqiqəti deməyimin qarşısını ala bilməyəcək.
Orta məktəblərdə tüğyan edən rüşvəti heç kim dana bilməz! Hamımız yaxşı bilirik ki, bayramlarda müəllimlərin gözü şagirdlərin əlində olur. Kimin imkanı var, şəstlə aparıb verir. Kimin də imkanı yoxdur qalır boynu bükük.
Bir tanış xanımın uşağı bu il birinci sinfə gedir. Hələ fevral ayının axır günlərində onu gördüm. Həmişə əlində bazarlıq zənbili görməyə öyrəşmiş gözlərimə bu dəfə yazılı-pozulu kağızlar sataşdı. Xəbər alanda dedi ki, bəs sinif müəlliməsinin səkkiz mart siyahısıdı. Siyahıda iyirmi uşağın adı yazılmışdı. Amma bir uşağın adının üstündən qırmızı qələmlə xətt çəkilmişdi. Həmin uşağı mən də tanıyırdım. Artanan, azalanın nə olduğunu bilməyən, üst-başı həmişə səliqəsiz olduğundan, bir də yolu asta-asta getdiyindən hamı onu Kefli İskəndər ləqəbiylə çağırırdı. Bu uşaq dərs oxumadığı üçün müəllimə də "vicdanlı" hərəkət edib, siyahısında onun adının üstündən xətt çəkmişdi.
Bildiyimə görə uşağın hər iki valideyni sağdır. Amma nə fayda ki, uşaq həqiqətən də savadsız, məsuliyyətsiz və ailə qayğısından məhrumdur. Ata-anası bir tərəfə, müəlliməsi də ondan üz döndərib. Əlbəttə oxumağa az-çox meyli olan uşaqlardan pul alıb onlara dərs keçmək daha asandır, nəinki belə uşaqlara.
Siyahının lap sonunda möhür kimi müəllimənin bu sözləri yazılmışdı. "Mən yazdığım məbləğdən aşağı pul verənlərlə özüm məşğul olacam".
Belə siyahı və müəllim "sifət"iylə birinci dəfəydi ki, rastlaşırdım. Tanış xanım bir xeyli müəllimlərin özbaşınalığı haqqında ürəyini boşaltdıqdan sonra mənimlə sağollaşıb getdi.
Dediyim kimi mən özüm müəllim ailəsində böyümüşəm. Atam yuxarı sinif şagirdlərinə ədəbiyyat fənnindən dərs deyib. Yadıma gəlir, bir dəfə sinif uşaqları onun ad gününə ətir almışdılar. Atam həmin ətiri yalan olmasın yeddi-səkkiz il işlətmədi. Sonralar da ən əlamətdar günlərdə istifadə edirdi. Əlbəttə, yada saldığım bu xatirənin azından iyirmi yaşı var. Həm də bu o dövrlər idi ki, biz müəllimlərimizin yatmağını, çay içməyini təsəvvür edə bilmirdik.
Müəllimləri bu qədər "asıb-kəsən"dən sonra bir hovur nəfəs alıb, kiçicik bir əhvalata nəzər yetirməyinizi təvəqqe edirəm. Görək, müəllimləri belə soyğunçu addımlar atmağa kimlər və nələr məcbur edir...
Bu yaxınlarda daha maraqlı bir hadisə eşitdim. Məktəblərdən birinin direktoruna hər dəfə müəyyən məbləğ lazım olanda o, köməkçilərini göndərərək müəllimlərdən pul yığırmış. Bir gün necə olursa, ibtidai sinif müəllimələrindən biri bu nizamı pozub direktora pul verməkdən imtina edir. Deyib daha bəsdirin, verdiyiniz qəpik-quruşu da gözbağlayıcı kimi tutub əlinizdən alırsınız! Aradan bir-iki gün vaxt keçdikdən sonra direktor həmin müəllimənin sinifinə gəlib onu dərsdən bayıra çıxardır. Deyir ki, müəllimə siz imkan daxilində bir azca dincəlin, mən də bu gün uşaqlarınızın bilik qabiliyyətini yoxlayım. Çar-naçar qalan müəllimə bayıra çıxır. Dünyadan bixəbər, gələcəyimizə çıraq olan balaca fidanlarımızı direktorun zəhmi nətər basırsa, bildiklərini də unudurlar. Qırx beş dəqiqə ərzində bütün şagirdlərə ucdantutma iki yazan direktor müəlliməni çağırıb deyir:
- Sinifində bir dənə əlaçı uşaq yoxdu. Sizdən və uşaqlarınızdan narazıyam.
Nə başınızı ağrıdım, direktorun qazdığı quyunun dərinliyi müəllimənin gözünü nətər qaraldırsa, halı xarablaşır və tirtap yıxılır. Gözünü açanda görür ki, həkimin biri iynə vurur, o birisi də təyziqini ölçür. Vəziyyətin qəlizləşdiyini anlayan müəllimə həmin gündən "inqilab" məsələsini qatlayıb qoyur bir tərəfə.
Dediyim odur ki, müəllimlərə qarşı haqq-nahaq bu qədər hücum etsək də, direktorların belə iriçaplı həbə-zorbalarına davam gətirə bilməyən müəllimlər təbii ki, siyahı ilə pul da yığacaqlar, pul verməyən uşaqları gözümçıxdıya da çalacaqlar. Ən dəhşətlisi isə oxumayan uşaqları Kefli İskəndər adıyla da çağıracaqlar.


Samirə Əşrəf
P.S. Bu gün o uşağı məktəblə üzbəüz olan mağazaların birində gördüm. Hamı tərəfindən tərk olunmuş məktəbli, arzularına təsəlli kimi özünə qələm və dəftər alırdı.

TƏQVİM / ARXİV