adalet.az header logo
  • Bakı 20°C

KARVAN GETDi...

VƏSİLƏ USUBOVA
27972 | 2010-01-09 05:18
Qar kimi saf, ağappaq uşaqlığımın səs yaddaşında elə şirin, cazibədar səslər qalıb ki, indi də xəyalımda canlananda sür-sümüyüm gizildəyir, can evimə vəlvələ düşür. Elə səslər ki, nə öləziyir, nə də istisini, hərarətini itirir. Əksinə, getdikcə bir az da saflaşır, təravətli, qulaqoxşayan olur. Mən o səslərin hətta rəngini də görürəm. Hə, hə... təəccüblənməyin, mənə elə gəlir ki, o səslərin ardınca düşüb lap dünyanın o başına da getmək olar...
   
   - Dəvəçilər gəlir... dəvəçilər gəlir...
   
   Oğlanlı-qızlı bir-birimizə qoşulub o səsin tuşlandığı tərəfə qaçırıq. İyirmi-otuz addım qalmış dayanıb baxırıq. İrəli gedə bilmərik. Üç-dörd kişi beş-altı dəvənin ovsarından tutub ağır-ağır kəndin kələ-kötür, tozlu yoluynan üzübəri gəlir. Bizsə nəfəsimizi udub dayanmışıq. Dəvələrin və kişilərin zəhmindən irəli gedə bilmərik. Əslində bu dəvələrin yükü bizlik deyil. Onların belində uşaq marağımızı çəkən heç nə olmadığını yaxşı bilirik. Bu gəliş analarımız, xala-bibilərimizçin gərəklidi. Bu dəvəçilər şirə satırlar. Bəlkə heç oxucuların da çoxu bilmir ki, şirə nə deməkdi... O zaman kəndimizdəki evlərin çoxu belə tikilirdi: taxta dirəklərin arası qamış qomlarla doldurulur, sonra palçıqdan çırpma vurulurdu. Çırpmanın üstündən də divarı suvayıb hamarlayırdılar. Bu dəvəçilərin satdıqları şirə deyilən mavi, zərif palçıq növüydü. Qız-gəlinlər onu alıb saxlayır, ildə bir neçə dəfə, xüsusən bayramqabağı evlərin divarına yaxırdılar. Şirəni bir gün qabaq isladır, vurmağa başlayanda bir az da su qatıb duru hala gətirirdilər. Sonra bir parça əskiynən divarlara çəkirdilər. Bəzi qadınlar şirəyə lil (sinka) da qatıb bir az da tündləşdirirdilər. Əvvəl nərdivana çıxıb divarların yuxarı hissəsini, sonra da aşağı yerlərini şirələyirdilər. Şirəni təkcə divarlara deyil, evin döşəməsinə ( taxta döşəmə olmayanda), balkon əvəzi evlərin qabağına artırılan səkiyə, hətta təndirə, ocaqlığa da vururdular. Bu saydığım yerləri həmişə təmiz, şirəli saxlayan qadınlar səliqəli, təmizkar hesab olunurdular. Bir də görürdün ki, Novruz bayramından bir-iki gün qabaq bütün evlərin divarları gömgöy oldu. Heç qurumamış bir şıdırğı yağış töküb hamısını yuyub apardı, palçığa qatılmış saman çöpləri uzaqdan ağarışmağa başladı...
   
   Deyirdilər ki, şirəni Şamaxıda hansı dağda, dərədəsə torpağın altından çıxardırlar...
   
   Şirəsatanlar hər qapıya yaxınlaşmazdılar. O zaman ərköyün, əliaçıq bir qız olan kiçik bibim atasına, qardaşlarına genəşməmiş dəvəçiləri qonaq saxlardı. İri tut ağacının altına palaz sərib döşəkçə düzər, çay-çörək, qarpız-yemiş gətirərdi. Kişilər elə buradaca dəvələri xıxlayıb, özləri də rahatlanıb uzaq yolun yorğunluğunu canlarından çıxarda-çıxarda ev yiyələrinə, xüsusən onun ərköyün sonbeşiyinə dua edərdilər. Elə gecəni də həmin ağacın altında yatardılar. İsti yay gecəsində babamın köhnə çuxası, sırıqlısı yorğan-döşəyi əvəz edərdi. Bütün gecəni bir dəfə də olsun dəvələrin səsini eşitməzdik. Qəribəydi. Bu qədər güclü, dözümlü və bu qədər sakit, həm də deyilənə görə, kinli... Elə adamların arasında da belələri var... Səhər yuxudan duranda onları görməzdik. Tut ağacının altında yaprıxmış, başı qırtılmış otlardan, qarpız-yemiş qabığından başqa heç nə qalmırdı...
   
   Neçə illər beləcə təkrar olundu. Və mənə elə gəlir ki, günlərin birində o dəvəçilər bizim uşaqlağımızı da öz qozbel dəvələrinin belinə yükləyib özləriynən apardılar. O gündən də dəvə karvanları məndə həmişə qüssəli, nisgilli bir ovqat yaradır. Dəvələr həmişə nəyisə aparırlar, heç nə gətirmirlər...
   
   Sakit havalarda Küdrü düzündə ağ göbələklər kimi yavaş-yavaş yerə enən saysız-hesabsız paraşütçülərə saatlarla baxardıq. Başımızın üstündən səsdən sürətli təyyarələr şığıyıb keçərdi. Kolxozun yük maşınları bütün günü sağa-sola gedirdi. Şəxsi maşını olanların da sayı artırdı. Amma dəvələrin, dəvə karvanlarının sanbalını, çəkisini heç nə azaltmırdı. Bayatılarda, ağılarda dəvələrdən, karvanlardan giley-güzar bitib-tükənmirdi. Sən demə, bütün ayrılıqların baisi uzaqlara gedən dəvə karvanları, bu karvanların lal-dinməz, gözü ancaq ayağının altına baxan səbirli sarvanıymış. Əgər o bu yerlərdən keçməsəydi... Hələ subay qız olan bibimlə təzə gəlinimiz uzun qış gecələrində nənəmgilin balaca evlərində cəhrədə yun, iplik əyirər, hana qurub palaz toxuyardılar. Qohum-qonşunun qız-gəlinlərindən də gələnlər olurdu.Həvənin, kirgidin tappatupundan macal tapıb zümzümə də edərdilər...
   
   
   
   Karvan yola düzüldü,
   
   Ala gözlər süzüldü.
   
   Necə qan ağlamayım
   
   Əlim yardan üzüldü...
   
   
   
    Bibimin səsi daha yanıqlı, kövrək idi:
   
   
   
   Dəvələr qatar gedər,
   
   Ovsarın atar gedər.
   
   Aşiqlərdə qaydadı
   
   Sevdiyin atar gedər...
   
   
   
   Evin dağılmasın, karvanbaşı... Yükün elə qəm-qüssəymiş ki,... Bu mahnıları onlar yaratmamışdılar. Bu bayatılar, ağılar uzaq-uzaq, qədim-qədim zamanlarda atalarını, qardaşlarını, ərlərini, sevgililərini karvanla yola salıb gözləri yolda qalan nənələrindən qalmışdı. Qəm-qüssə içində qocalıb, ürəyi qubarlı dünyadan köçən nənələrindən... Onda bizim atalarımızın, babalarımızın da dəvələri vardı. Güllü yaylaqlara əlvida deyib üzü arana enəndə daha lazım olmadı o dözümlü, səbirli heyvanlar. İndi nəvələri kənd yolunda dəvə görəndə evə-eşiyə gəlmək istəmirlər... Sən demə, kədər də, həsrət də yadigar qala bilərmiş. Elə ocaqlığın başında yastıq qoyub ayaqlarını on iki taxtalıq tumanının içində gizlədərək büzüşüb yatan nənəmin böyrünə qısılıb qız-gəlinlərin ümid, dilək və həsrət dolu zümzümələrinə qulaq asa-asa yuxuya gedərdim...
   
   Hələ kəndimizə işıq çəkilməmişdi. Radiodan, televizordan danışmağa da dəyməzdi. Tez-tez rayondan kinogöstərənlər gələrdi. Məktəbimizin böyük zalının pəncərələrini qara pərdəynən tutub şagirdlərə film göstərərdilər. Kənd adamlarından da gəlib baxanlar olurdu. "Lenin 18-ci ildə", "Çapayev", "Arşın mal alan", "Uzaq sahillərdə", "Ulduz" filmlərinə ilk dəfə belə baxmışıq. Elə "Leyli və Məcnun"a da... Qumlu səhralar, qəm yüklü, ayrılıq müjdəli dəvə karvanları... Nə sevgililəri qovuşdururlar, nə də ümid, təsəlli adına bir vədləri var... Bəlkə buna görə susqundu dəvələr?! Bəlkə səhraların sulara söykənən limanları olmadığına görə belə insafsızdı sarvanlar?!...
   
   Hər halda inciyən də, küsən də onlara qoşulur, uzaq-uzaq ellərdə qəlbini ovundurmağa ümidli yol gedir. Xaqani də belə gedib, Nəsimi də, hələ tanımadığımız neçələri də... Hələ Sədi... Sarvandan başqa kimsəni tapmadımı haraylamağa? Kim saxlaya bilərdi ki, onun sərvi-rəvanını, xəstə canını aparanı?!... Heç kim...
   
   O cavan odunçu da bir gün bir karvanı əyləyib ona qoşuldu. Sevgilisini ondan zorla ayırıb daş-qaşa bürümüşdülər. Ancaq o daş-qaşlarla onu oxuda bilməmişdilər. Buralardan uzaqlarda isə oxuyacaqdı. Yer üzündə azad sevgilər, azad diləklər öz yerini tapanacan oxuyacaqdı... Mən Ənvər Məmmədxanlının "Karvan dayandı" hekayəsinin qəhrəmanından danışıram...
   
    Və bir də qulaqlardan heç zaman getməyəcək bir musiqi... Qumlar səltənətində ağır-ağır yeriyən dəvələrin ayaq səsləri musiqiyə çevrilib qulağa dolur. Arabir zınqrovların da səsi eşidilir. Karvan ahəstədi, əmindi, nə səmum yellərindən, nə qaçaq-quldurdan, nə də qurd-quşdan qorxur. Gecənin sakitliyində baş alıb sonsuzluğa gedir. Dünyamızın, ömrümüzün özü kimi... Və birdən səhra qorxunc zülmətə bürünür, daha nə Ayın, nə də Günəşin bir də səmada görünəcəyinə ümid qalmır... Vahiməli səslər eşidilir, qorxmuş insanların və dəvəlirn səsləri bir-birinə qarışıb. Nə baş verir?! Həmişəki şey... Qumluqların əbədi xisləti, yolçuların hər an gözlədikləri... Yox, hər şey yaxşıdı. Tufan da yatdı, sovrulan qumlar da sakitləşdi, adamlar da özlərinə gəldilər. Yenə həmin ahəng, həmin əminlik... Bu da Soltan Hacıbəyovun "Karvan" simfonik poemasıydı... Dəvələr də, karvanlar da əbədi ilham mənbəyi olacaq həmişə...
   
   
   
   Burdan bir maya getdi.
   
   Sallandı çaya getdi.
   
   Zülmnən oğul böyütdün
   
   Zəhmətin zaya getdi...
   
   
   
   Yenə bibimin səsidi. İndi də mənim dərdimi deyir. Yetmişə yaxın yaşı var. İndi nə o dəvəçiləri qonaq saxlayan ərköyün, romantik qızdı, nə də mən ocaq başında nənəsinə qısılıb bayatılara qulaq asa-asa yuxulayan qızcığaz... Dedim, axı, dəvələr heç nə gətirmirlər, ancaq aparırlarg
   
   Həyatımız da belədi. Karvan ömrümüzdü, sarvan taleyimiz. Ovsarından yapışıb aparır. Bir əlində ağacı, bir əlində taleyimizin kəndiri. Ancaq ayağının altına baxır. İrəliyə baxmaqla arası yoxdu. Yəqin irəlidə nələr olduğunu bildiyinə görə belədi. Sarvan qaradinməzdi, səbirlidi. Arxasınca yüyürmək də mümkün deyil... Çünki onun öz vərdişləri var... O əl deyil, qələmdi. Taleyi dəyişmək də onun işi deyil...
   
   Karvandan qalmaq pis şeydi..

TƏQVİM / ARXİV