adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

AŞAğILAMAğIN BUYNUZU OLUR?..

BABƏK YUSİFOĞLU
40520 | 2010-01-09 05:40
Bu gün Qərbin müsəlman dünyasına olan qərəzli münasibətini bilməyən daha yoxdu. Əslində heç onların özləri də artıq əvvələr olduğu kimi zəhmət çəkib həmin münasibətlərini gizlətmirlər. Hətta mən deyərdim ki, bundan ləzzət də alırlar. Bu, indi kin-küdurət siyasi, iqtisadi məsələlərdən tutmuş idmana qədər sirayət edərək iyrənc bir şəkil alıb.
   
   
   
   Yəqin ki, dünən çoxları dünyanın idman xəbərləri arasında "Barselona"nın argentinalı futbolçusu Lionel Messinin türk futbolçusu ilə müqayisə olunması ilə bağlı dediklərindən xəbərdardır. Məsələyə münasibəti soruşulan argentinalı futbolçu deyib: "Açığı, Arda Turan adlı futbolçu tanımıram. Türkiyə milli komandası haqqında çox məlumatım yoxdur. Sadəcə Quizanın Türkiyədə oynadığını bilirəm..." (Bundan sonrakı iki cümlənin mənim deyəcəklərimə dəxli olmadığı üçün onları yazmağa ehtiyac görmədim).
   
   Əlbəttə, istər Messi olsun, istərsə də qeyrisi, hər kəsin Arda Turanı, ya başqa bir müsəlman futbolçunu tanıması mütləq deyil. Bəli, ola bilər ki, bu istedadlı futbolçu hansısa məşhur bir türk oyunçunu tanımasın, amma onun Türkiyə millisi haqqında dedikləri abırsızlıqdan başqa bir şey deyil. Ona görə yox ki, hamı bizim kimi Türkiyə millisini tanımalı, ona azarkeşlik etməlidir? Yox. Sadəcə olaraq adamın deyil, bütün dünyanın gözünə girən həqiqəti görməzdən gəlmək ən azı naqislikdir. Cünki Türkiyə millisi ən son Avropa çempionatında Avropa üçüncüsü oldu, əvvəlki Dünya Cempionatında isə Messinin vətəninin futbolçuları suları süzülə-süzülə evlərinə dönəndə Türkiyə millisi bürünc medala layiq görüldü.
   
   Belə çıxır ki, özünü filan şey hesab edən Messi cənablarının ən yadda qalan bu cür idman hadisələrindən ya xəbəri yoxdu, ya da özünü tülkülüyə qoyur? Əslində o, bu cavabları ilə demək istəyir ki, mən o qədər yüksəkdəyəm ki, gözüm Türkiyəni görmür!
   
   Siyasətçilər, lap iqtisadçılar sırasında yaltaqları, ikiüzlüləri görəndə bəzən düşünürsən ki, yazıq bəs nə eləsin, çörəyi yaltaqlıqdan, ikiüzlülükdən çıxır. Amma idmançıların da yaltaqlığının şahidi olanda adamı öyümək tutur. Dünyanın ən yaxşı oyunçusu hesab edilən argentinalı bu kiçik açıqlamasında belə "vəzifəsi"ni unutmayıb. Avropalılar ondan inciyə bilərdi axı. Onun sözlərindən belə çıxır ki, Quiza Türkiyədə oynamasaydı o, ümumiyyətlə, rəhm edib Türkiyənin adını belə bilməyəcəkdi...
   
   Amma bu cür münasibətlərin səbəbini bütünlüklə əcnəbilərdə görmək düzgün deyil. Müsəlmanların da bu sahədə "xidmətləri" az olmayıb. "Hürriyyət" qəzetinin müxbirinə deyən lazımdı ki, ay arkadaş, Türkiyəni belə aşağılayan cavabı eşidəndə niyə susursan? Aşağılamağın buynuzu olmur ki? Niyə tutarlı cavabla, yaxud sualla ayağı başından qat-qat yaxşı işləyən o futbolçunu yerində oturtmursan? Bunu bacarmayacaqsansa özünə əziyyət verib onun yanına niyə gedirsən, bu aşağılayıcı cavabı eşidib niyə susursan? Yoxsa onun da başımıza bomba tökməsindən qorxuruq?
   
   Gəlin, kim olursa-olsun, müsəlman dünyasına istənilən formada hörmətsizlik edən hər kəsin yerindəcə cavabını verməyi özümüzün birinci vəzifəsi hesab edək. Qoy onlar müsəlmanları ayaqlarının altında görməyi yaddan çıxarsınlar. Yoxsa bunların sonu çox pis yerlərədək gedib çıxacaq.
   
   
   
   P.S. Və heç kəs də kiçik bir idman açıqlamasına belə təpki göstərməyimi qınamasın. Qınasa da özü bilsin. Şəxsən mən belə düşünürəm...

TƏQVİM / ARXİV