adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

7 nömrəli palata

279994 | 2010-01-08 02:40
III yazı
   
   
   
   Axır ki, xəstə ilə maraqlanan tapıldı
   
   
   
   Xəstəxanada üçüncü günü gombul tibb bacısının gur səsinə oyandım. Məni oyadıb, analizlər və laboratoriya haqqı olaraq altı manat aldı. (baxmayaraq ki, belə şeylər pulsuzdur. Nəsə...). Nəhayət, mənə baxacaq həkim müayinə üçün gəldi. X. xanım şöbədə rast gəldiyim ən normal adam idi. Əsəbiliyimi də, gərginliyimi də, aradabir əllərimin əsməyini də olduqca canıyananlıqla qarşıladı: "Rodnaya, tı kak kamok nervov! Skolko je stressov tı perejila! Nu kto tebya tk?!". Tərcüməsi: "Əzizim, sən lap əsəb dağarcığısan! Gör, nə qədər stress keçirmisən! Səni kim bu günə qoyub?".
   
   Adamın üstündə Allah var, mənə yazılan dərmanların əksəriyyətini elə xəstəxananın hesabından verdilər. Amma həkim xanım iki dərman adı yazıb, xahiş elədi ki, bunlar bizdə olmadığı üçün, mümkünsə, özün aptekdən al. (əşi, təki xeyri olsun).
   
   
   
   "Katerina" xala
   
   
   
   Palata yoldaşlarımın qaramatından aralanmaq üçün, dəhlizi gəzəndə tez-tez qışqırtı eşidirdim. Həmin qışqırtı eşidiləndə xəstələr bir-birinə baxıb, "on birinci palata" deyirdilər. Öyrəndim ki, bu palatada bircə qadın yatır. O qadının böyrəklərini əməliyyat eləyəndə nəsə problem yaranıb. Axır ki, iş "nevroloji" şöbənin ümidinə qalıb. Qadın bütün günü ağrıdan qışqırırdı. Durub, tualetə gedə bilmədiyi üçün altına katetr qoymuşdular. Sanitarlardanmı, xəstələrdənmi kimsə katetrə görə xəstə qadına "Katerina" ləqəbi yaraşdırmışdı. (İlahi, insanlar necə də qəddardılar!).
   
   Buradakı qadınların ən ağır xəstəyə belə ironiya ilə yanaşmasından doldum. Əsəblərim bir az da gərildi.
   
   Palataya yaxınlaşıb, aralı qapıdan qadına baxdım. Ona qulluq eləyən yaşlı qadına bağırırdı. Qoca arvad da: "Ay Allah, bunu belə eləyincə, azarı mənə verəydin, ta bu zülmü çəkməyəydim" deyə, qadına gah su, gah dərman uzadır, gah alnının tərini silirdi.
   
   Palataya qayıtdım. Elçin Əlibəyli ilə Xoşqədəm Hidayətqızının ziyarətimə gələndə gətirdikləri qızılgül dəstəsindən üç dənəsini ayırdım. Stəkanın içinə qoyub, həmin qadının palatasına getdim.
   
   Qapını açıb, gülə-gülə içəri girdim. Heç nə demədim. Yaxınlaşıb, gülü qadının dolabının üstünə qoydum, əyilib, üzündən öpdüm. Bayaqdan qışqıran qadın da, qoca arvad da susub, mənə heyrətlə baxırdılar.
   
   Axır ki, xəstə qadın zarıyaraq soruşdu:
   
   - Sən kimsən, a qızım?
   
   Yatağının ayaq tərəfində oturdum:
   
   - Mən də xəstəyəm, xala.
   
   - Saa noolub a qızım? Gül kimi uşaqsan...
   
   - Əsəblərim xəstədi. Nevrozam, xala.
   
   - Bura niyə gəldin, a qızım? Kim saa dedi ki, orda bir arvad bütün günü qışqırır?!
   
   - Heç kim demədi. Özüm eşitdim səsinizi...gül gətirdim sizə. Dedim eyniniz açılsın.
   
   - Bıy, səni xoşbəxt, ağgünnü-ağsaaatdı olasan, a qızım!
   
   Ağladı. Durub yenə onu öpdüm. Bir az sakitləşdi. Dedi ki, qışqırmağının dərdindən heç kim onun palatasında yatmır. Bu palataya gələn xəstələr səhəri gün başqa yerə köçürlər. Dedim, istəyirsiniz, mən gəlim yatım sizin palatada?
   
   - Yox, a qızım. Canım ağrıyır. Mən bərk qışqırıram. Qıymıram saa, özün də deyirsən, əsəblərin xəstədi.
   
   Ona baxan qoca arvad bu arada mənə pıçıldayır ki, günlərdir, onun saçını daraya bilmirlər, pırtlaşıq düşüb. Daraq vuranda da ağrıdan qışqırır. Bəlkə onu dilə tutum. Yenə qadının üzünə gülürəm:
   
   - Xala, gəl, saçını darayım.
   
   Təəccüblə soruşur:
   
   - Darayarsanmı, qızım?
   
   - Niyə daramıram. Hələ qaşlarınız da tüklənib. Saçınızı darayım, gedib, otaqdan maqqaş gətirib, qaşınızı da alaram.
   
   Xala ilə əməlli-başlı dostlaşdıq. Düzdü, arabir dialoqumuzu yarıda kəsib, ağrıdan var gücü ilə qışqırırdı, amma əlimi buraxmırdı.
   
   O gündən sonra, xalanın halı pisləşəndə qoca arvadı göndərirdi ki, get, o saçımı darayan qızı tap gətir.
   
   
   
   Belə çıxır ki, sən psixsən dəə!
   
   
   
   Həkim mənə cərəyan, iynə, massaj kimi müalicəvi şeylər yazmışdı. Xəstəxanada keçən günün yarısını belə-belə şeylər aparır. Çaşıb-qalırdım, bilmirdim özünü xəstəliyə vurub, reportaj hazırlayan jurnalist kimi aparım, yoxsa, özünü jurnalistliyə vurub, xəstaxanada yatan əsəb xəstəsi kimi. Üstəlik, "Nevroloji" şöbədə həkimlər də, tibb bacıları da, elə digər xəstələr də adama yazıqları gəlirmiş, sanki sən bədbəxt bir adammışsan kimi baxırlar. Hələ onu demirəm ki, xəstəxanada keçirdiyim dördüncü gün rayondan təzəcə gəlmiş, ömründə bəlkə də birinci dəfə şəhər mühiti görən cavan qız, yeməkxanada xəstəliyimin adını öyrənəndə mənə "onda belə çıxır ki, sən psixsən dəə!" dedi.
   
   
   
   Bütün gözəllərin axırı dəlixana olur...
   
   
   
   Şöbədəki ən ağır xəstələrdən biri də altmış-yetmiş yaşlarında bir qadın idi. Vəziyyəti ağır olduğundan, onun da yanında yaxınlarından kimsə qalırdı. Amma ona baxan qadın yox, 30 yaşlarında hərbçi oğlu idi. Oğlan şöbədə demək olar ki, yeganə kişi xeylağı olduğundan, özünü bərk narahat hiss eləyirdi. Utana-utana yeməkxanaya gəlib, anası üçün yemək götürür, anasının palatasında başqa qadınlar da yatdığından, gecələr yerini dəhlizdəki divanın üstündə açıb, yatırdı. Gecələr oyanıb, anasını tualetə aparırdı. Gündüzlər qolundan yapışıb, çalışırdı ki, qadını bir az yeriməyə məcbur eləsin. Yoxsa ki, qadının əl-ayağı demək olar, tutmurdu. Şöbədəki xəstə qadınlar, həm digər xəstələri, həm tibbi personalın hərəkətlərini güdən, barələrində məlumat öyrənməyi özlərinə borc bilən, bütün günü gah yeməkxanada, gah dəhlizdə qeybət eləyən "pasiyent" xanımlar bu oğlan haqda yekdil rəyə gəlmişdilər: "İndiki zəmanədə heç belə abırlı, canıyanan qız yoxdu, o ki qaldı, oğul ola! Halaldı!".
   
   Bir dəfə də dəhlizdə gəzişəndə ana-oğlu mənnən üz-üzə gəldilər. Oğlan adəti üzrə utana-utana salam verdi. Qadın mənə baxıb, gülümsədi, oğlunun qulağına nəsə pıçıldadı. Oğlu başını bulayıb, bir də mənə baxdı. Nə dediyi ilə maraqlandım. Arvad bu dəfə hündürdən dedi:
   
   - Cavan vaxtı mən də sənin kimi gözəl idim. Amma gözəl olmursan, nə olursan ol, adamın belə günə düşən vaxtı da olur. Mən yenə yaxşıyam, bu yaşımda gəlib çıxmışam bura. Sən lap cavan yaşda pis yerin yolunu tanımısan. Oğluma deyirdim ki, bu qızın bu yaşda burada nə işi var? Bu gedişnən, mən yaşa çatanda dəlixanalıq olacaq ki!
   
   Dedim ki, sağ olun, belə vəziyyətdə də adama xoş söz deyib, könlünü açırsınız.
   
   Bir gün, hələ ziyarət vaxtına xeyli qalmışdı ki, qadının o biri oğlu onu görməyə gəlmişdi. Həkimlər, tibb bacıları etiraz elədilər, oğlanı onun yanına buraxmaq istəmədilər. Anasını görmək istəyən oğlan dəhlizdə dava saldı. Qışqırıb-bağırdı, həkimləri, tibb bacılarını rüşvət almaqda ittiham elədi. Səsə qadının özü də çıxmışdı. Və əsəbləri o dərəcədə gərgin qadın, xəstəxana nizam-intizamına tüpürüb, oğlu ilə görüşmək əvəzinə, xəstəxanadan qovulacağının qorxusundan, ona tərəf "cəhənnəm ol burdan!" deyə, bağırıb, sonra da hönkür-hönkür ağladı.
   
   
   
   Biz - açıq qəlb
   
   sınığından əziyyət çəkən dörd qadın...
   
   
   
   Bir-iki gündən sonra palatamıza daha bir qadın gətirdilər. Orta yaşlı olsa da, olduqca cavan və incə görünən, sakit, həlim təbiətli qadın idi. Dərdi də, elə mənim dərdimdən idi: nevrosteniya. Elə bir az da, depressiyaya yaxın idi. Amma palatamızda ər laqeydliyi ucbatından zülüm çəkən V. xanımdan fərqli olaraq, bu incə və gözəl qadın, ərinin ifrat diqqətindən əziyyət çəkirdi. Az qala gündə iki dəfə ona dəyməyə gələn əri ilə danışıq, davranış tərzindən hiss elədim ki, deyəsən, bu qəşəng xanım xəstəxanaya müalicə olunmaq üçün deyil, canını ərindən bir müddətə qurtarmaq üçün gəlmişdi. Əri gəlməyəndə ipək kələfi olurdu, hamı ilə mehriban-mehriban danışırdı, deyib-gülürdü. Elə ki, əri gəldi, qadın dönüb olurdu dünyanın ən bədbəxt insanı. Qaramatından otaqda qalmaq olmurdu.
   
   Dərd burasında idi ki, bu xanımın ərinin diqqəti və qadının bu qayğıkeşliyə reaksiyası palatadakı V.-ni özündən çıxarırdı. Yazıq kənd qadını heç cür başa düşə bilmirdi ki, necə ola bilər, ər adamı bu qədər çox istəyə, sən də onun üzünə də baxmayasan?! Bəlkə də əlində əlac olsa, təzə xəstəni saçlayardı naşükürlüyünə görə. Bu arada palatadakı ruh yüksəkliyinin təminatının qeydinə qalan G. xanım özündən çıxmalı olurdu. Dözməyərək, V.-nin üstünə acıqlanırdı:
   
   - "Mazqi"mi xarab eləmə boş-boş söhbətlərnən! Dur, bir dənə qoğal ye! Tez ol, məni əsəbiləşdirmə! Ay qız, mən bura müalicə olunmaq üçün gəlmişəm, amma sən axmaq-axmaq problemlərinnən məni çərlədibsən! Cəhənnəm olsun ərin də, o birisi də! Canının qeydinə qal da!
   
   Belə qəzəb-qayğı monoloqundan sonra G. meyvə soyub, palatadakılara paylayırdı və hamının nəsə yeməyinə nəzarət eləyirdi. Ona elə gəlirdi ki, buradakılar ancaq yaxşı yemək yedikləri halda sağala bilərlər.
   
   Yeniyetmə N. G. ilə heç dolanmırdı. Daha doğrusu, kəndçi yeniyetməsinin ifrat familyarlığı ilə, orta yaşlı, şəhərli, ziyalı qadının rəsmiyyəti heç tutmurdu. Amma palatada ən çox dialoq elə onların arasında baş tuturdu. Biri o birisini danlaya-danlaya bütün günü deyişirdilər.
   
   Bax, bizim - kişi laqeydliyindən, kişi yoxluğundan, kişi sevgisindən daha doğrusu, Əmir Kusturitsa demişkən, "açıq qəlb sınığı"ndan əziyyət çəkən dörd qadın, günümüzü beləcə keçirirdik...
   
   
   
   Və son günlər
   
   
   
   Sağ olsun, təsərrüfat bacısı öz işini tam vicdanla yerinə yetirərək, mənə hər gün başımı əl-üzyuyunda yumaq üçün, iki litr su təşkil eləyirdi. Hər dəfə də zarafatlaşırdı ki, ay qız, sənin başını "rakovinadan" çıxartdığın gün olacaq, ya yox?
   
   Yeməkxanada işləyən cavan, sarışın qadın mənə o qədər isinişmişdi, səhər yeməyinə oyana bilmədiyimi öyrənəndən sonra, "zavtrak"ımı gətirib, dolabımın üstünə qoyub, məni oyatmadan çıxıb, gedirdi.
   
   Qapıçı qadınla dil tapandan sonra yanıma kim gəlir, gəlsin, ziyarət saatı olmayanda, düz palatama gəlib, məni qapıya, həmin adamın yanına çağırırdı. Massajçı, tibb bacısı yavaş-yavaş hər nazıma dözməyə başladılar. Hərdən zarafatla deyirdilər ki, ağıllı adam olsan, burada nə itin azıb? İndi ki, bizə pənah gətirmisən, gərək dözək də....
   
   Məni min bir minnətlə bura qəbul edən şöbə müdiri isə, ürəyi yumşalanda müalicə vaxtımı iki gün uzatdı. Hətta xəstəxanadan çıxanda, məni özü müayinə eləyib, reseptimi öz əli ilə yazdı. Əkrəm Əylisli demişkən, bu xalqın bəzən daş qəlbi varsa, bəzən rəhmi-mərhəməti də var...
   
   
   
   (Daha ardı yoxdur)

TƏQVİM / ARXİV