ƏDƏBİ DƏRGİLƏR

ƏBÜLFƏT MƏDƏTOĞLU
30739 | 2015-03-06 01:04


"AVANQARD"

Ötən ilin sonlarında mənə bir ədəbi dərgi bağışladılar. Çox istedadlı qələm adamı dəyərli Kənan Hacının bağışladığı bu dərgini ilk dəfə görürdüm. Elə onun yanındaca dərgini gözdən keçirdim. Öncə diqqətimi çəkən mənə verilmiş "Avanqard"ın oxucularla ilk görüşü oldu. Yəni özünəməxsus üz qabığı olan bu dərgi ilk sayı ilə oxucu qapısı döyümüşdü. Təbii ki, hər şeyin ilki, nübarı həmişə insanda xoş ovqat yaradır. Bu mənada "Avanqard"ın birinci sayı da məni sözün həqiqi mənasında öz əhatə dairəsinə ala bildi və böyük həvəslə jurnalı gözdən keçirdim.
Burda bir məqamı da xatırladım ki, əgər sözə, ədəbiyyatı meyli olan kimsə bu dərgini əlinə alıb təkcə onun mündəricatına göz yetirsə, inanın ki, jurnalı əlindən yerə qoymayacaq, dərhal oxumağa başlayacaq. Çünki jurnalda çox maraqlı müəlliflər öz yazıları ilə çıxış edirlər. Mən də həmişə sözünü, imzasını soraqladığım, yaradıcılıqlarını izlədiyim qələm adamlarının bu jurnalda təqdim olunan hekayə, esse, şeir, tərcümə və digər janrdan olan yazılarını görəndə məhz həmin öndə vurğuladığım istəklə jurnalı oxumağa başladım. Zənnimcə, artıq xatırlatmağın yeridi. Yəni oxuculara bildirmək istəyirəm ki, avanqardın ilk sayında Xanəmir Telmanoğlunun romanı, Zahid Sarıtorpağın şeirləri, Rəhim Əliyevin müsahibəsi, Əlişirin Şükürlünün esseləri, Kənan Hacının hekayələri, Firuz Mustafanın, Mübariz Örənin hekayələri, gənc şair Fərid Hüseynin şeirləri, eləcə də tərcümələr və digər yazılar toplanıbdı. Bu dərgidə yer almış fikirlər, yəni sorğuya verilən cavablar da maraqla oxunur. Təbii ki, həmin cavabların bəziləri hətta yeni müzakirələrin də açılmasına ipucu ola bilər.
Mənə elə gəlir ki, jurnalın təsisçisi və baş redaktoru Səxavət Sahil, redaktoru Kənan Hacı, ədəbi redaktoru Yafəs Gürsəs və eləcə də jurnalın tərtibatını gerçəkləşdirən Aqil bəy öz istəklərinə çata biliblər. Yəni onlar ədəbi ictimaiyyətə oxunaqlı bir dərgi bağışlayıblar. Bir oxucu kim mən də onların uğuruna sevinir və daha böyük üfüqlər arzu edirəm. Düşünürəm ki, jurnalın davamlılığı və qarşısına qoyduğu məqsəd həm yaradıcı heyətin, həm də oxucuların ürəyincə olacaq.


"KARDEŞ KALEMLER"

Bugünlərdə "Ədalət"in redaksiyasına təşrif buyuran şair Akif Əhmədgil özü ilə birlikdə Türkiyədə işıq üzü görmüş dərgi də gətirmişdi. "Kardeş kalemler" adlı bu dərginin sonuncu sayı şeir axşamları çərçivəsində qardaş məmləkətdə gerçəkləşən tədbirə həsr olunmuşdu. Bu tədbirin iştirakçıları arasında Azərbaycanın təmsilçiləri də yer almışdı.
Oxuculara məlumat üçün bildirək ki, "Kardeş kalemler" adlı dərgi böyük türk dünyasının təmsilçilərini, yəni Türkiyə başda olmaqla digər türkdilli dövlətlərin və yazarların da ortaq bir dərgisi kimi geniş nüfuz qazanıb. Yəni onun hər sayı türkdilli dövlətlərdə böyük maraqla qarşılanır, o cümlədən də Azərbaycanda.
Böyük maraqla gözdən keçirdiyim dərginin son sayında mən həmyerlilərimiz Akif Əhmədgilin, Rafiq Hümbətin, Eyvaz Zeynalovun imzalarını görəndə həqiqətən sevindim. Bu dərgidə Akif Əhmədgilin "Basılmaz sərçəsi tox olan vətən", Rafiq Hümbətin "Ruh halı" şeirləri, Eyvaz Zeynalovun hekayəsi yer almışdı. Onu da vurğulamaq yerinə düşər ki, bu dərginin sahibi Avroasiya Yazarlar Birliyinin başqanı Yakup Öməroğludu. Ümumiyyətlə, jurnalda Özbəkistan, Qazaxıstan, Türkmənistan, İraq, Türkiyə və digər ölkələrin yazalarının maraqlı şeriləri və hekayələri toplanıbdı. Dərginin əhatə etdiyi publisist yazılar, təqdimatlar və müsahibələr də diqqət çəkəndi. Zənn edirəm ki, dərginin bu sayı da həmişə olduğu kimi böyük maraqla qarşılanacaq.

TƏQVİM / ARXİV