PROFESSOR ƏNVƏR SEYİDOV ORDENLƏ TƏLTİF EDİLİB

FAİQ QİSMƏTOĞLU
63815 | 2015-03-06 01:59
Bu gün Azərbaycan elmində bir çox yeniliklər baş verir. Təbii ki, bunlar da bu və ya digər dərəcədə beynəlxalq təşkilatlar tərəfindən dəyərləndirilir. Professor, hüquq elmlər doktoru Ənvər Seyidovun da elmi fəaliyyəti və pedaqoji işi müxtəlif nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə qiymətləndirilib. Belə ki, o, 6 dəfə nüfuzlu beynəlxalq elmi mərkəzlər tərəfindən ordenlərə layiq görülüb.
Bu da onunla bağlıdır ki, Ənvər Seyidov hakimlik fəaliyyəti ilə yanaşı, həm də elmi və pedaqoji fəaliyyətlə də məşğul olur. O, Azərbaycan Dövlət Pedaqoji Universitetində hüquq fənnini tədris edir. Təsadüfi deyil ki, professor Ənvər Seyidovun bir neçə dərslik kitabı Təhsil Nazirliyi tərəfindən təsdiq edilərək ali məktəblərdə tədris olunur. Əlbəttə, hüquq elmi geniş bir sahədir və hər alimin də bu sahədə öz töhfəsi var.
Ənvər Seyidovu digərlərindən fərqləndirən cəhət ondan ibarətdir ki, o, uzun müddət Ali Məkhəmənin hakimi işləyib və bu gün də Bakı Ağır Cinayətlər Məhkəməsində hakimdir. Yəni onun məhkəmə təcrübəsində əldə etdiyi nailiyyətlər bilavasitə elmin müxtəlif sahələrində tətbiq olunur. Ənvər Seyidov hüquq elmləri doktoru və professor olmaqla yanaşı, yazıçı, dramaturq və ssenaristdir. Bütün bunları yada salmaqda məqsədimiz ondan ibarətdir ki, bu ziyalı alim beynəlxalq təşkilatların diqqət mərkəzindədir.
Bu günlər isə Avropa Təbiəti Elmlər Akademiyası tərəfindən professor Ənvər Seyidov yeni bir ordenlə təltif edilib. Akademiyanın məsul şəxsləri professor, doktor Vladimir Tumınski və doktor İnna Zemskovanın imzaladığı diplomda yazılır: "Birliyin rəhbər orqanının və elmi şurasının qərarına əsasən professor, doktor Ənvər Cümşüd oğlu Seyidov elmi-tədqiqat sahəsində göstərdiyi xüsusi xidmətə görə Böyük Gümüşü Cəngavər ulduzu ilə təltif edilmişdir".
Elm sahəsində qazandığı bu uğurlara görə biz də yaxın dostumuz və gözəl ziyalı, professor Ənvər Seyidovu təbrik edirik, ona elmi fəaliyyətdə və eləcə də bədii yaradıcılıq sahəsində uğurlar diləyirik. Çünki hər bir qazanılan mükafat Azərbaycan elminə və mədəniyyətinə zənginlik gətirir.



TƏQVİM / ARXİV