DüNYA QOPUR

FAİQ QİSMƏTOĞLU
34984 | 2009-12-31 01:12
Kimliyindən asılı olmayaraq seçkilər gələndə çoxları deyir ki, biz gedib səs versək də, verməsək də kimin seçiləcəyi əvvəlcədən məlumdur. Ancaq özünə inanan və eyni zamanda mübarizə aparan insanlar həmişə istəyinə nail olublar. Yəni hansı namizədə kim səs verib və sonradan da görüb ki, həqiqətən də onun səs verdiyi adam seçilib. Dekabrın 23-də də ölkəmizdə bələdiyyələrə seçki keçirildi. Sözün açığı, mən heç gözləməzdim ki, hansısa uzaq bir əyalətdə insanlar hər hansı namizədi seçmək üçün seçki məntəqəsinə axışarlar. İş elə gətirdi ki, dekabrın 23- də mən Füziliyə iş dalınca getmişdim.
   
   Həmin günü bizim Böyük Bəhmənli kəndində də bələdiyyələrə seçki keçirilirdi. Yaxın dostlarımdan biri ilə telefon əlaqəsi yaratdım. Dostum dedi ki, Böyük Bəhmənlinin məktəbində seçkidəyəm. Ora gəlsən, görüşə bilərik. Vaxtı ilə mənim özümdə həmin seçki məntəqəsi olan orta məktəbi bitirmişəm. Məkəbin həyətinə daxil olanda gözlərimə inanmadım. Axın-axın, dəstə-dəstə insanlar məktəbdəki seçki məntəqəsinə gəlib və istədikləri namizdələrə səs verirdilər. 30 il görmədiyim sinif yoldaşlarımla elə bu seçki məntəqəsində görüşdüm. Açığı seçkilərə bu qədər insan gəlməsinə bəlkə də heç kim inanmazdı. Mən bir dəfə 1995-ci ildə və 2005-ci ildə Aqil Abbas millət vəkilliyinə namizəd olan zaman insanların gəlib ona səs verdiyini görmüşdüm. Görmüşdüm ki, seçicilər öz tanıdıqları və sevdiyi adamın yolunda hansı əzab-əziyyətə qatlaşmağa hazırdılar. Böyük Bəhmənlidəki seçki məntəqəsində də eyni cür insan axını vardı. Seçki başa çatandan sonra qutular açılıb və butun namizədlərin müşahidəçilərinin gözü qarşısında hər şey obyektiv həll edilib. Yəni bülletenlər sayılması zamanı heç bir qanun pozuntusuna yol verilməyib. Bir sözlə, Böyük Bəhmənlidə keçirilən bələdiyyə seçkisində xalqın seçdiyi namizədlər səs çoxluğu ilə qalib gəliblər. Füzuli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şakir Hacıyev dedi ki, Füzulinin bütün kəndələrində bələdiyyə seçkiləri çox demokratik şəraitdə keçirilib. Böyük Bəhmənli və Bala Bəhmənli kəndələrində isə seçkilərin keçirilməsinin obyektivliyi hamı tərəfindən razılıqla qarşılanıb. Bir daha seçkilər göstərdi ki, ona heç kəs müdaxilə etmir və xalqın səs verdiyi insanlar bələdiyyələrə seçiliblər. Təki belə olsun. Bu cür seçkilərin keçirilməsi xalqın seçkilərə inamını daha da artırır.
   
   
   
   ***
   
   Metroda qiymətlərin bahalaşması heç nəyi dəyişməyib. Yəni nə xidmətin səviyyəsi yaxşılaşıb, nə də qatarlarda interval məsafəsi azalıb. Camaat gözləyirdi ki, metroda gediş-gəliş haqqı 15 qəpiyə çatandan sonra xidmət də yaxşılaşacaq. Amma hər şey tərsinə baş verir. O mənada tərsinə baş verir ki, hər hansı metro stansiyasına düşən sərnişin səhər və axşam saatlarında çox əzablı anlar yaşamağa məcbur olur. Deyirlər ki, guya metroda "probka" olmur. Əgər "probka" olmursa, bəs onda nə üçün qatarlarda insanlar bir-birinin üstünə çıxır və ayaq qoymağa yer tapılmır? Hər hansı stansiyada qatardan düşəndən sonra sərnişinlər selin-suyun içində olur, tərləyir, havaya çıxandan sonra isə xəstələnirlər. Onu başa düşmək olmur ki, qiymətlər qalxıb, sərnişinlər isə metro qatarlarında olmazın müsibətlər ilə üzləşirlər. Bəzən metro qatarlarında o qədər basabas olur ki, bu basabasa dözməyən xəstə adamların ürəyi gedir və onları sərnişinlər növbəti stansiyada düşürüb oturacaqda əyləşdirirlər. Qatarlarda sanki basabas nəticəsində havasızlıq yaranır. Bu havasızlığın necə olmasını həmin qatarlarda gedən insanlar yaxşı bilirlər. Bu gün Bakı metrosu metrodan çox ticarət mərkəzlərini xatırladır. Metronun "20 Yanvar", "Əcəmi", "Nərimanov", "Əzizbəyov" və başqa stansiyalarına girərkən sərnişinlər bir çox əziyyətlə üzləşirlər. Xüsusən də sərnişinlər tələsən zaman ayaqları satıcılar tərəfindən satılan müxtəlif əşyalara ilişir və bu zaman onlar yıxılmaq təhlükəsi ilə üzləşirlər. Metropolitenin rəisi Tağı Əhmədov qiymət qalxanda deyirdi ki, məndən olsa gediş haqqını 20 qəpiyə qaldıraram. Heç 15 qəpik də az pul deyil. Bu pulla heç olmasa 5-6 yeni metro qatarı almaq olardı. Axı bu camaat metro stansiyalarında qatarlarda basabasda getməkdən lap boğaza yığılıb. Allah Tağı Əhmədovun ürəyinə insaf salsın ki, heç olmasa yeni ildə bir neçə qatar xəttə buraxılsın. Və qatarlar arasında interval beş-altı dəqiqə deyil, bir-iki dəqiqə çəksin. Əgər interval qatarlar arasında azalarsa, onda metro stansiyalarında hər gün gördüyümüz basabaslar da yaranmaz.
   
   
   
   ***
   
   Yaxın günlərdə Məhkəmə Hüqüq Şurası kobud nöqsanlara yol verən 14 hakim barəsində intizam icraatlarına başlayıb. Bu da təsadüfi deyil. Çünki məmləkətimizin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən bir çox hakimlər qanunların aliliyini pozaraq vətəndaşların hüquqlarını tapdayıb və onlar barəsində ədalətsiz qərarlar qəbul edib. O da sirr deyil ki, bizim bəzi hakimlər ya şəxsi maraqları, ya da kimlərinsə sifarişi ilə hökmlər, qərarlar çıxarırlar. Bir çox vətəndaşlar isə bu ədalətsiz qərarlar barədə yuxarı instansiya məhkəməsinə şikayət edəndə yuxarı instansiya məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını ləğv edir. Təbii ki, qərarı dəfələrlə ləğv edilən hakimlər də Məhkəmə Hüquq Şurası tərərəfindən cəzalandırılırlar. Həbs qəti-imkan tədbiri seçilərkən insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasına, prosessual pozuntulara və digər kobud nöqsanlara yol verdiklərinə görə, bayaq dediyimiz kimi 14 hakim barəsində intizam icraatlarına başlanılıb. Bu isə o deməkdir ki, hakimlər də müstəqil olmasına baxmayaraq, qanunlara tabedir və onlar heç bir halda hüquqi əsas olmadan vətəndaşlar haqqında həbs qəti imkan tədbiri seçə bilməz, eyni zamanda hisslərə qapılıb ədalətsiz, qeyri-obyektiv qərarlar çıxarmamalıdırlar. Təəssüf ki, bizim məmləkətimizdə bu gün belə hakimlər var və onlar bəd əməllərini, qanunsuz işlərini davam etdirməkdədirlər.
   
   
   
   ***
   
   Uzun müddət təbiətin başına olmazın oyununu açıblar. Yəni insanlar atmosferə normadan artıq zəhərli qazlar atıb, yeri-göyü alt-üst ediblər. Hətta inkişaf etmiş dövlətlər kosmosda və okeanlarda belə nüvə silahlarını sınaqdan keçirməyə çəkinməyiblər. Elə ona görə də bu gün göydən və yerdən insanların başına od ələnir, dünya qopur, qasırğalar, sunamilər və daşqınlar baş alıb gedir. İndi dünyanın elə bir ölkəsi yoxdur ki, həmin yerdə ekoloji tarazlıq pozulmasın. Bu ekoloji tarazlığın pozulmasına görə, nə Allah günahkardı, nə də dünya. Dünyanı yaman günə qoyan və yerin altını üstünə çevirən hər şeyə qadir olan insanlardır. O insanlardan bizim məmləkətdə də kifayət qədər yaşayır. Yəni tamahlarının üzündən o yer qalmadı ki, oranı qazıb dağıtmasınlar, yaşıllıqları, meşələri, ağacları qırıb məhv eləməsinlər. Bakı şəhəri indi elə günə düşüb ki, orda bir udum təmiz havanın insanlar həstərində qalıb. Yəni bizim Bakıda udduğumuz hava deyil, başdan ayağa zəhər-zəhrimardı. Təsadüfi deyil ki, dünyanın tanınmış ekoloqları Bakıda olarkən şəhərin havasının normadan dəfələrlə artıq zəhərlənməsini təsdiq ediblər. Məlum olub ki, Bakı dünyanın ekoloji cəhətdən ən çirkli şəhərlərindəndir. Təəssüf ki, indi-indi insanlar ayılır ki, niyə biz yaşıllıqları qırıb məhv elədik?
   
   Təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gücü ilə meşələrimizi, çaylarımızı, dənizimizi və yaşıllığımızı qoruya bilmərik. Təmiz hava elə bir şeydir ki, onu zəhərlədin, o havanı təmizləmək o qədər də asan iş deyil. Bir tərəfdən təbiətə qənim kəsilən, yaşıllıqları, ağacları qıran adamlara qarşı mübarizə aparılırsa, digər tərəfdən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi məmləkətimizdə yeni yaşıllıq zolaqları və meşələr salmaqda davam edir. Nə yaxşı ki, 2010-cu il ölkəmizdə ekologiya ili elan edilib. İndi məmləkətimizin hər yerində ağacəkmə kampaniyası davam eləyir. Bunlar hamısı çox gözəldir, amma ağac əkiləndən sonra gərək onu böyüdüb başa çatdırasan. Çünki ötən illər Bakının Nizami və Binəqədi rayonlarında əkilmiş minlərlə ağaclar baxımsızlıq üzündən yayın isti günlərində susuzluqdan yanaraq qurudular. Hansı ki, həmin ağacların alınması və əkilməsi üçün dövlət nə qədər vəsait xərcləyib. Təəssüf ki, bütün bunlar vəzifəli şəxslər tərəfindən unuduldu və nəticədə həmin ağaclar susuzluqdan məhv oldu.
   
   İndi də yaxşı olar ki, ölkədə gedən bu ağacəkmə kampaniyası zamanı sonrakı proseslərə də diqqət yetirilə. İndi qışdır, qış aylarında ağacların suyu bir o qədər ehtiyacı olmur. Çünki ağaclar ya soyuq keçir, ya da yağış, qar yağır. Yağış, qar yağanda da həmin ağaclar su içirlər. Amma isti yay günlərində yağan yağış həmin ağacların yanğısını söndürmür. Gərək isti günlərdə həmin ağaclara qulluq eləyəsən ki, onlar da böyüyüb qol-budaq açsın. Bakı-Hacıqabul yolunun sağ və sol hissəsində 2-3 ildir müxtəli ağaclar əkilib. Onlara çox yaxşı qulluq edildiyinə görə, bu ağacların hamısı inkişaf edib və böyüyüb. İsti yay günlərində dəfələrlə onun şahidi olmuşdum ki, bu ağaclar hər səhər suvarılır və onlara xidmət göstərilir.
   
   Hardakı yaşıllıq var, ağac var, orda da demək olar ki, həyatın nişanəsi hiss olunur. Sadəcə olaraq bu yaşıllıqlara qulluq etmək bəs edir ki, insanlar gələcəkdə öz həyatlarını faciə içərisində yaşamasın və təmiz havadan məhrum olmasın. Əgər biz rahat yaşamaq istəyiriksə, təmiz hava udmaq istəyiriksə, onda yaşıllıqları qorumalı, ağac əkməli və onları böyütməliyik. Bu yaşıllıqları böyüdəndən sonra biz onların bəhrəsini görəcəyik.

TƏQVİM / ARXİV