adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Mart 2015 23:04
1518
İDMAN
A- A+

Litvada “Bakı-2015”ın təqdimatı keçirildi

Azərbaycanın Litvadakı səfirliyinin və Litva Olimpiya Komitəsinin təşkilatçılığı ilə Vilnüs şəhərində "Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.

Adalet.az-ın verdiyi xəbərə görə, tədbirə Litvanın baş naziri Alqirdas Butkyaviçüs, Seymin üzvləri, Litvanın Bədən Tərbiyəsi və İdman Departamentinin baş direktoru Eddis Urbonaviçüs, Litva Olimpiya Komitəsinin prezidenti, ölkənin siyasi-ictimai xadimləri, tanınmış idmançıları iştirak ediblər.

İdmanın onun həyatında böyük rol oynadığını bildirən baş nazir Alqirdas Butkyaviçüs Azərbaycan ilə Litva arasında iqtisadi və humanitar sahələrdə mövcud olan dərin münasibətlərdən məmnunluğunu bildirib. Baş nazir hökumətin rəhbəri kimi Litva bayrağının Bakıda qaldırılmasının onun üçün vacib olduğunu bildirib və idmançılara uğurlar arzulayıb.

Səfir Həsən Məmmədzadə çıxışında birinci Avropa Oyunlarının başlanmasına artıq 100 gün qaldığını qeyd edib. O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra 1996-cı ildən başlayaraq Olimpiya Oyunlarında iştirak etdiyini və bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildirib. O, qısa bir zamanda idmançılarımızın böyük nailiyyətlər əldə etdiyini və son yay Olimpiya Oyunlarında Azərbaycanın milli komandasının 10 medal qazandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkəmizin müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübəsi olduğunu qeyd edən diplomat dövlət tərəfindən idmanın inkişafına göstərilən dəstəyi, mövcud idman infrastrukturu və ölkənin ümumi sürətli inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsinin bu Oyunların məhz Azərbaycanda keçirilməsinə qərar verdiyini bildirib. Səfir birinci Avropa Oyunlarının Avropanın idman tarixində yeni səhifələr açacağına əmin olduğunu qeyd edərək, tədbir iştirakçılarını Oyunları canlı izləmək üçün Bakıya dəvət edib.

Litvanın Bədən Tərbiyəsi və İdman Departamentinin baş direktoru Eddis Urbonaviçüs bildirib ki, həqiqətən də birinci Avropa Oyunları böyük çağırış və perspektivdir. O, yarışın gələcəkdə də yüksək səviyyədə keçməsi üçün başlanğıcın vacib olduğunu qeyd edərək, Azərbaycanlı həmkarlarına birinci Avropa Oyunlarının hazırlığında və keçirilməsində uğurlar arzulayıb.

Tədbir iştirakçıları Avropa Oyunları haqqında videoçarxa baxdıqdan sonra çıxış edən Litva Olimpiya Komitəsinin prezidenti Dayna Qudzinaviçute Litva idmançılarının intensiv olaraq birinci Avropa Oyunlarına hazırlaşdıqlarını vurğulayıb. O, Azərbaycan tərəfindən Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə tam əmin olduğunu qeyd edərək, idmançılara uğurlar arzulayıb.

Sonda ziyafət verilib və Litvanın tanınmış sənətçilərinin iştirakı ilə konsert proqramı olub.