adalet.az header logo
  • Bakı 20°C

YOLDƏYiŞƏN

VAHİD ƏLİFOĞLU
25210 | 2009-12-26 00:09
... Kiçik bir yazı üçün bu ad bəlkə də qədərindən artıq san ballı və ağırdı. O da var ki, ədəbi məhsulun növündən və həcmindən asılı olmayaraq adın tutarlılığı da mühüm şərtdi. Təsadüfi deyil ki, qalın və "boylu-buxunlu" kitabların əksəriyyətini məhz adının cəlbediciliyinə görə ən azından vərəqləmək məcburiyyətində qalırsan. Güman ki, bu ad da normal bir povest, yaxud hekayə yazıb son vaxtlar populyar olan müsabiqələrdən birinə təqdim edib hansısa mükafatı qazanmaq olardı... Çünki bu ad altında bəndəniz xeyli bədii düşüncələrə, uydurmalara və quraşdırılmış hadisələrə malikdi... Lakin az tanınmış və Haramıda yaşayan bir yazar üçün bu istək xəyaldan başqa bir şey deyil.... Onda ki, münsiflər də ola əcnəbi dillərdə yazan "milliləşdirilmiş" şair və yazıçılar... Görən "milliləşdirilimş" ədəbi simalar isə öz ölkəsinin millisinə düşə bilməyən idmançılara oxşamırlar ki?... Ona görə də gümüş axtarmaq nisyə, itinin adını "gümüş" qoymaq nağdıdı...
   
   ... Hər gün qəsəbənin yaxınlığından iki dəfə qatar keçir. Səhər Horadizə, axşam Bakıya sarı. Gündüzlər qatarın özü də görünür, axşamlar yalnız təkərlərin səsi eşidilir. Adama elə gəlir ki, qatar gəlişini hər kəsə göstərməyə, gedişini isə gizlətməyə çalışır...Gündə qarşısından müxtəlif istiqamətlərə hərəkət edən hər növ avtomobil keçsə də, heç biri bir qatarın yaratdığı təəssüratı yarada bilmir. Keçib gedən qatarın yaratdığı hisslər daha romantik, daha sentimentaldı... Hər yolun başlanğıcında bir həyəcan, sonunda bir rahatlıq var...
   
   Amma harasa getmək hardasa qazanc hesab olunsa, qoyub getdiyin yer bir o qədər itgidi... İtmiş zəhər də bal dadı verir...
   
   ... Əmirzeyitli kəndində bir yoldəyişən qoca kişi var. Deyir ki, əlli ildi qatarların yoldəyişəniyəm, amma bir dəfə də qatara minməmişəm... Bu adamın qatara minmək imkanı dəfələrlə olub, ancaq minməyib... Və əlli ildi yola saldığı qatarlar haqqında min cür nağıllar uydurmaqla yaşayır və bəlkə də onun ömrünün mənasıda elə budu...
   
   ... Gedirsən, qaçırsan, uçursan irəlidə, getdiyin yolun üstündə, çatacağın mənzildə indiyə qədər görmədiyin, eşitmədiyin nəyinsə olduğuna özünü inandırmağa çalışırsan. Bütün yol boyu hər şeydə bir məna, bir yenilik tapırsan. Sonda... Elə həmin yer də qoyub gəldiyin yer kimidi... Hər yerdə hər şey eynidi... Toxluq da, ehtiyac da, sevgi də, nifrət də... Eynidi...
   
   
   
   ...Bizim kəndə gedən yol,
   
   Tərsinə fırlanan
   
   Eskalator kimidi...
   
   Aşağıdan qalxa bilmirsən,
   
   Yuxarıdan enə bilmirsən...
   
   İrəli bir addım atırsan,
   
   Üç addım dala aparır...
   
   ...Bütün günahlar
   
   yolun və taleyin boynunda,
   
   nə var ki, adamı sındırmağa.
   
   Bacısının canına and
   
   içən qardaşların,
   
   Anasının müştərisinə
   
   Əmi deyən oğulların əhatəsində...
   
   ...Bir az döyərsən, döyülənin qabağında,
   
   Bir az söyərsən, söyülənin qabağında,
   
   Bir az əyərsən, əyilənin qabağında,
   
   beş gün, on gün, bir ay,
   
   hazırdı, sınıq adam...
   
   ... Mən yarı döyülmüşəm hələ,
   
   Mən yarı söyülmüşəm hələ,
   
   Mən yarı əyilmişəm hələ,
   
   Tam sınıq Adam deyiləm...
   
   ...Ömrünü pambıq kimi,
   
   pilə kimi yaşayanları
   
   Sındıranda polad kimi
   
   sındırırlar, vəssəlam...
   
   
   
   ... Çörəyini yad kişilər paylayan çadırlardakı kişilər hər an, hər saat əyilirdilər qabağa. Yavaş-yavaş belləri bükülən ərlərini səhərə qədər üzüquyulu uzadırdılar, çadır arvadları... Di gəl ki, dik gəzə bilimrdi, kişilər... Kişilər üzü torpağa, arvadlar üzü göyə yatırdılar... Arvadlar torpağa baxmağa utanırdılar, kişilər göyə... Arvadlar üzü göyə sınar, kişilər üzü torpağa...
   
   ...Bir mismarında da halallıq olmayan evinin həyətində ağayana, bəybalasıtək əyləşib, o adam. Otuz illik türmə həyatı yaşayıb. İndi hacıdı. Kənd tökülüb gəlib. Uşaqdan böyüyə bir-bir əlini öpüb, o adamın ziyarətinin qəbul olunmasını arzulayırlar...
   
   ...Ən azı üç dəfə rəsmi, beş dəfə qeyri-rəsmi ərdə olmuş "ağbirçək", ayrılmış ər-arvadı barışdırmaq istəyir, dağılmaqda olan ailəni birlədirməyə çalışır...
   
   
   
   ...Dönsə başda quşa papaq,
   
   Baş saxlamaz Qoşa papaq.
   
   Baxtdı qoyan başa papaq,
   
   Əlisi, Vəlisi kimdi?
   
   
   
   ...Yanır, odun-közün bilmir,
   
   Huş aparıb, özün bilmir.
   
   Ağıllısı sözün bilmir,
   
   Bu kəndin dəlisi kimdi?...
   
   
   
   ...Vətən yoldan başlayır... Yolun yarısı yoxdu.
   
   ...Vətən anadan başlayır... Ana yeznə bucağında... Vətən sərhəddən başlayır... Vətən sərhəddən o üzdədi...
   
   
   
   ...Vətən sənin torpağının
   
   Sərvətinə qurban olum...
   
   
   
   ...Sərvət yeməkdi, içməkdi, geyməkdi...
   
   Vətən nə yeməkdi, nə içməkdi, nə də geyməkdi..
   
   ... Gecə saat ondu. Təkərlərin taqqıltısı eşidilir. Səhər gələn qatar geri qayıdır. Elə bu dəqiqə orda, əlində fanar dayanıb qatarı yola salan qoca yoldəyişən yadıma düşür. Onun da belinin donqarı çıxıb, qolları aşağı sallanıb... Və onun üçün indi bircə yol qalıb. o yolu heç vaxt dəyişmirlər... O yola fanar lazım olmur, nə də yoldəyişən...
   
   ... Adam sınanda rels kimi sınır. Sınmış relsi qaynaqla da birləşdirmək mümkün deyil...
   
   ...Yolunu dəyişdiyi qatara heç vaxt minə bilməyən yoldəyişən ömrü keçib gedir bizim üstümüzdən...
   
   
   
   ...İlahi, yazıqdı, yazıq adamlar,
   
   Ağaclar quruyur, yarpaq azalır.
   
   Dünyadan, taledən uzaq adamlar,
   
   Dizlər qatlandıqca papaq azalır...
   
   
   
   P.S. Bir dəmiryolçu dostum var. Deyir ki, qatarın qabağına çıxıb yol göstərənlərin əlindəki fanar elə-belə, simvolik bir şeydi. Qatar sürücüləri onların işarələrinə çox vaxt baxmırlar da, heç...

TƏQVİM / ARXİV