SÖZ VAXTINA çƏKƏR

ƏBÜLFƏT MƏDƏTOĞLU
38963 | 2009-12-26 00:09
Ataların qəribə deyimlərindən biri də "söz vaxtına çəkər" məsəlidi. Bilmirəm onu niyə deyiblər, nə məqsədlə deyiblər, ümumiyyətlə, bu deymin arxasında nə durur... Bilmirəm deyəndə ki, bu yazını yazana qədər bilmirdim. Amma indi az-çox anlayıram və bilirəm ki, sən demə doğrudan da bəzən söz vaxtına çəkirmiş. Elə bu yazımın qəhrəmanın taleyi kimi...
   
   Düz bir il öncə dekabr ayının sonuna bir-iki gün qalmış "Azadlıq" qəzetində mənim 50 yaşımla bağlı bir yazı yazılmışdı. Yazının müəllifi o idi. Bu günlərdə Tanrı dərgahına köç edən Elçin Səlcuq! Doğrudur, ondan öncələr də mənim şeirlərimdən yazılarında istifadə etmişdi. Hətta bir dəfə gülə-gülə demişdi ki, "şeirin imza yerində adını Ebülfet Medetoğlu yazıram və bəzi qələmdaşlarım da sənin türk şairi olduğunu, yəni Türkiyədə yaşadığını, türkiyəli yazar olduğunu düşünüb maraqla oxuyurlar. Xahiş edirlər ki, kitabını verim onlar da oxusunlar, mən də üstünü vurmuram. Hər dəfə bir yolla mövzunu dəyişirəm...".
   
   Mən də minnətdarlığımı bildirmişdim və bizlərin təbiətində ölkə kənarlarına həmişə özəl bir maraq olduğunu bildirmişdim və ona avtoqrafla bağışladığım İstanbulda nəşr olunmuş "Ağacların şarkısını yapraklar oxuyur" kitabımdan əlavə bir-ikisini də vermişdim ki, dostlarına bağışlasın...
   
   Hə, Elçin Səlcuq mənim 50 yaşıma özünəməxsus bir yazı yazmışdı və bir-iki ay bundan öncə onun da 45 yaşı tamam olurdu. Nəşriyyatın dəhlizində qarşılaşdı, hal-xoşdan sonra dedim ki, Elçin, 45 yaşına bir yazı hazırlayıram... elə bil bu sözü gözləyirdi. Qolumdan tutdu və:
   
   - Bəy, hələ yazma, (bəy- onun müraciət forması idi) gözlə, 50 yaşımda yazarsan - dedi.
   
   Doğrusu maraq güc gəldi. Səbəbini soruşdum. Yenə özünəməxsus şəkildə:
   
   - İndi yazsan bir növü mənə borcunu qaytarmış olursan. Amma 5 ildən sonra heç kim bilməyəcək ki, mən sənin 50 illiyinə yazı yazmışdım, indi sən də cavabımı qaytarırsan. Elə deyil? Həm də ki, sənə bundan sonra da 5 il də yaşamağı arzu edirəm də? - dedi.
   
   Bəli, mən onunla razılaşdım və həmin yazını ürəyimin bir küncündə vərəqini qatladım. Dedim ki, qoy Elçinin istəyincə olsun və elə deyəsən onun istəyincə də oldu?! Yox, olmadı. Ürəyimə gələni indi ayrı cür yazıram. Daha doğrusu yazmıram ey...Ürəyimdə Elçinlə bağlı nə varsa, hamısını sapa düzürəm. Ucunu düyünləmək istəyəndə sap qırılıb dağılır. Çünki hələ ki, nə gözüm, nə ürəyim Elçinin yoxluğuna inanmaq istəmir. Düşünürəm ki, bu yazının son nöqtəsini qoymağa macal tapmayacam. Elçin öz yerişiynən, öz jestləri ilə qapını açıb içəri daxil olacaq və deyəcək:
   
   - Salam bəy, nətərsən?...
   
   ...ardınca da növbəti suallar. Sonda isə "Ədalət"in axırıncı nömrəsini istəyib "buralardayam" - deyib gedəcək:
   
   
   
   məni kim ağlayar ta bundan belə
   
   quru nəfəsimdə soyuq, buz kimi...
   
   gözümün yaşını yığıram ələ
   
   üzümə dağılmış girdə buz kimi!
   
   
   
   "heyf!" söyləməyə nə qalıb daha,
   
   cismim də bu günlər özümə yükdü...
   
   o qədər gərəksiz oldum Allaha-
   
   verdiyi ömrü də gözümdən tökdü...
   
   
   
   görünür xəyalla yaşamaq heç vaxt
   
    acı həqiqəti bala çevirmir
   
   nə qədər dolanbac olsa da həyat,
   
   xəyal həqiqət tək bil ki, sevinmir!..
   
   
   
   Hə Elçin Səlcuq. Bilirəm buralardasan. Yazdıqlarımı da nə özünə aid edirsən, nə də üstünə götürürsən. Çünki şərtləşmişik axı?.. Qismət olsa, 50 yaşına yazacam.
   
   
   
   ***
   
   
   
   Sizi deyə bilmərəm, mən həmişə itirdiyim adamlar barəsində, ən çox da söz, ruh adamları barəsində yazanda elə bil iynəylə gor qazıram. Sözü tapa bilmirəm, söz qəhətə çəkilir, öz-özümə əsəbiləşirəm. Sözün qarşısındakı gücsüzlüyümdən əziyyət çəkirəm və yazını neçə dəfə yarımçıq saxlayıb "yazmayacam" deyirəm. Amma olmur, ürəyim partlayır, üfürülmüş şar kimi boşalmaq istəyir. Və mən həmin anda barəsində düşündüyüm, acısını canımdan, qanımdan keçirdiyim həmin o söz adamının bəlli həyatını, mənə tanış jestlərini, birgə keçirdiyimiz anları gözümün önünə gətirirəm. Bax, ondan sonra bir balaca əlim qələmə yatır, bir balaca sözlər cümlələrə, misralara meyllənir. Özü də həmişə belə olub... Nüsrət Kəsəmənli dünyasını dəyişəndə də... Pərviz Əliyev dünyaya vida edəndə də... şair Pərviz haqqa qovuşanda da...eləcə də Məmməd Araz Tanrı dərgahına çəkiləndə də...Bəxtiyar Vahabzadə ruhunu, sözünü bizə tapşırıb gedəndə də... Elə Elçin Səlcuq da vidalaşmamış ayrılanda da...
   
   Hə, bütün bunları yaşamaq adamdan çox böyük dözüm və hünər istəyir. Mənə elə gəlir ki, dünyasını dəyişən söz adamlarıynan, ruh adamlarıynan birlikdə dünyada qalan söz və ruh adamlarının da ömründən müəyyən hissələr ayrılıb gedir. Bu bir növü Xan çinarın tökülən yarpaqlarına bənzəyir. Başqa ağacları deyə bimərəm, Xan çinarın yarpaq yağışı, yağışın iri damcılarının yerə çırpılması təsirini bağışlayır mənə. Dəfələrlə Xan çinarın bu cür yarpaq yağışının dibində dayanıb müşahidə etmişəm. Bu "yağış" adamın ruhunu oxşamaqla yanaşı, xatirələrini də oyadır və:
   
   
   
   bircə-bircə
   
   və son dərəcə
   
   sakitcə
   
   üzülüb budaqdan
   
   düşən yarpaqdan-
   
   nə bir "ah"
   
   kəlməsi
   
   eşitmək
   
   nə də
   
   göz yaşı görmək
   
   olmur...
   
   bu qədər məğrur
   
   və gözəl ölmək
   
   boyuna biçilib
   
   yarpalarının-
   
   Xan çinarın!
   
   dayanın,
   
   ayaqlarınızın altındakı
   
   qızılı yarpaqlara baxın,
   
   bu gözəl ölümə
   
   özünüz də inanın!..
   
   
   
   ***
   
   
   
   Atalar bir qəribə məsəl də qoyub gediblər . Deyirlər ki, "ölənlə ölmək olmur". Və onun da ardınca deyiblər ki, "heyf öləndən"... Və "yetim böyüyəcək, yamanlıq əzrayıla qalacaq"... Bəli, bunlar hamısı böyük həqiqətdi. Çünki görə-görə gəlirik. Ən əziz adamını itirən belə, çox nadir hallarda dözməyib itirdiyilə birlikdə dünyanı tərk edir. Gözəl şairimiz Əlağa Kürçaylı haqqa qovuşanda qızı Ülkər dözməyib intihar etdi... Atası ilə birgə tərk etdi dünyanı.
   
   Ümumiyyətlə, tanınmış ziyalıların, söz-sənət adamlarının ailə kitablarında belə məqamlara rast gəlmək mümkündür. Ayrılığa dözməmək məqamlarını deyirəm. Məsələn, Rəsul Rza və Nigar Rəfibəyli... Yəqin ki, Anarın "Sizsiz"ini oxumusunuz. Daha nə deyim...
   
   Bəli, biz itiririk və tapırıq. İtirdiyimiz cismani olur, tapdığımız mənəvi. Çünki itirdiyimizi torpağa tapşırırıq, tapdığımızı özümüzlə daşıyırıq ürəyimizdə, yaddaşımızda yaşayır və bizimlə yol yoldaşı olur. O yola qoşulanlar da bizim yol yoldaşımızın kimliyindən xəbər tutur. Beləcə mənəvi ömürlər bir-birinə calanır, minilliklərə doğru addım-addım gedir. Necə ki, Nəsimi, Nizami, Xaqani, Füzuli, Vaqif, Vidadi, Sabir, Mirzə Cəlil, Əbdürrəhim bəy, Üzeyir bəy, Məmməd Səid, Səməd Vurğun, Cəfər Cabbarlı, Müşfiq, Cavid və sairələr bizim günümüzə gəlib çıxdılar və bizdən sonrakılar da artıq onları özləriylə artıq gələcəyə aparırlar. Deməli, bu davamlı ömürlərdə hər kəsin ürəyində iynə ucu boyda söz işığı yandırıb getmiş ruh sahibləri qalacaqlar. Və...
   
   Və bir dəfə mən dotsların biriylə söhbət əsnasında dedim ki, bizlər çox qəribə olmuşuq. Ömrümüz boyu tikinti aparırıq - ev tikirik... toyuq damı tikirik... əl damı tikirik... övladlar üçün ev tikirik... sosial obyektlər tikirik... bir sözlə sonda qəbristanlığa qum-çınqıl, mişar daşı gətirilir və qəbrimizin içi hörülür (tikilir). Qəribə deyil? Amma Vahid Əlifoğlu demişkən, dolma qazanına bənzəyən bu dünyada bütün yollar qəbristanlıqda sona çatır. Nə qədər tiksək də, qursaq da onun mayasında işıq olmasa, özündən ətrafdakılara bir çınqı od payı düşməsə, sənin yoxluğunla o tikilənlərdə yox olub gedəcək. Deməli, söz qalasına sahib olanların yandırdığı ocaqlar yeddi dağdan görünəcək. Çünki o hamı üçün yandırılıb və o yolda hamının ruhunun özünə qayıtmasında bir təsəllidir...
   
   
   
   keçib gəldim bu yolu-
   
   yolu incik salmadan
   
   keçdim, ağır yük dolu-
   
   illə, dinclik almadan...
   
   
   
   dağda dizim çapıldı
   
   dərədə selə düşdüm
   
   nə dərmanım tapıldı,
   
   nə də ki, dilə düşdüm...
   
   
   
   zaman sərdi, sovurdu
   
   vaxt vermədi seçimə
   
   məni həsrət qovurdu-
   
   almadı yar vecinə...
   
   
   
   keçib gəldim, yol artıq
   
   ləpirimdən qabardı..
   
   mən bir ömür xatirə,
   
   yol ömrümü apardı...
   
   
   
   Hə, bu yol hardan başlayıb deyə bilmərəm. Çünki onun əvvəlini görmək üçün milyon illər əvvələ boylana bilmək imkanında olmaq gərəkdi. Amma sonunun hara olduğunu bir az əvvəl qeyd eləmişdim...

TƏQVİM / ARXİV