"POEZiYASIZ HEç BiR DiN YOXDU"

ETİBAR CƏBRAYILOĞLU
37730 | 2009-12-26 00:08
"Boş görünən bu yer əslində, boş deyil, gündüz görünməyən ulduzlarla dolu göyüzü kimidi. Allahın qəlbindəki hələ bizə çatmamış- İlahi Sözün, İlahi Şeirin varlığına kiçicik bir işarədi. O, Sözün-Şeirin varlığını duymadan səhifəni çevirsək də çevirməmiş kimi olacağıq".
   
   Vaqif Bayatlı Odər belə düşünür və əlavə edir: "Yerüzü özü göyüzündədi. Yerüzü kainatın bir nöqtəsidi".
   
   Şairin fəlsəfəsinə görə, ölümsüzlük gəlməz, gedilər
   
   
   
   Gözün göz yaşından sərxoş
   
   Canın qəmdən!
   
   Ağlama, dur!
   
   Əsl göz yaşı ağlanmır,
   
   Əsl göz yaşı udulur.
   
   ... Ölümsüzlük səni dilər!
   
   Ölüm hər adama gələr,
   
   Ölümsüzlük gəlməz, gedilər.
   
   
   
   Vaqif bəy şeiri and sayır.
   
   
   
   Şeir-anddı mənimçün.
   
   Şeir yazmaq and içmək,
   
   and içib
   
   göydə ulduzuna,
   
   yerdə şeirinə çəkilir hər şair-
   
   yurdunu qoəsgər
   
   qılıncına and içib
   
   ölümünə çəkiləntək.
   
   
   
   Vaqif Bayatlı Odər bir zamanlar terrorçu olmaq istəyib. Planını həyata keçirmək, etirazını bildirmək üçün avtomat silah axtarıb. Nə yaxşı ki, o zaman şairin əlinə avtomat yox, qələm düşüb. Dünyanın bəxti gətirib...
   
   - Həyatımda elə an olub ki, boğaza yığılmışam və terrorçu kimi avtomat axtarmışam. Görünür ən həlim adam da hansı məqamdasa bu fikrə düşür.
   
   - Dünyanın hər yerində bu gün insanlar aqressivləşiblər. Şair bunu nə ilə izah edir?
   
   - Bizim dildə adam və insan sözu var. Yəqin adam Adəm sözündəndi. Adamlar insanlıqdan çıxanda bu işlər baş verir. Adamın əli heç nəyə, hətta Allaha da çatmayanda belə hərəkətlər etməyə məcbur olur. Mənim düşüncəmə görə, adamın əli Allahın ətəyinə çatmasa da, daim Allahın ətəyinin havasındadı. Özü də, əli də. Allah özü məsləhət bilib hər adamın əlini öz ətəyinə çatdırmır. Bir növ onu sınaqdan keçirir. Belə anda adam səbrli olmalıdı. Allahın yazdıqlarını kim nə qədər oxuya bilirsə, o qədər Allaha yaxındı.
   
   - Dünyanın halından belə görünür ki, Allahın yazdıqlarını oxuyanlar azalır...
   
   - Bunu mən dəqiq deyə bilmərəm. Onu Allahdan soruşun.
   
   - Bizim Allahdan soruşmaq imkanımız yoxdu. Ona görə də Allahın yerə göndərdiyi şairdən soruşuruq...
   
   - Niyə imkanınız yoxdu? Hər bir insanın əli Allaha çata bilər. Ən çətini Allahı hiss etməkdi. Qorxmağı yox, məhz hiss etməyi, sevməyidi. Allah hər bir insanın üstündədi, elə ona görə də Allahdı. Bəzən deyirlər ki, yeddi milyard insan, filan qədər balıq var, Allah bunların hamısını necə idarə edir? Necə idarə edəcək? Allah olduğu üçün idarə etməyi bacarır. Yəni Allah bütün düşüncələrdən yuxarıdadı. Şairlərin Allahın yerə göndərdiyi elçilər olması məsələsinə gəlincə, bunu gərək dostum Nəriman Qasımoğludan soruşum. O, bunları yaxşı bilir.
   
   Həyatda elə həssas insanlara rast gəlmişəm ki, yüzlərlə şairə dəyər. Ən qədim dövrlərdə dastanları, bayatıları, xalçalarımızı yaradanları yada salaq. Görünür yaradan sözü elə-belə deyilmir.
   
   - Əvvəlki müsahibələrinizin birində şeirlərinizdə imzanızı və yazıldığı tarixi göstərməyəcəyinizi demişdiz. Bu gün bizə bağışladığınız kitabda da avtoqrafı elə yazdız ki, nə imza bilindi, nə tarix. Amma müşahidələrimizə görə, deyə bilərik ki, vədinizə hələ tam əməl edə bilmirsiz. Bu mərhələ gəlməyib, yoxsa biz bilməyən başqa səbəblər var?
   
   - Düz deyirsiz, tam əməl edə bilmirəm. Görünür mən özüm hələ o mərhələdən aşağıdayam. Sonuncu kitabımda vədimə əməl etmək istəyirdim, hətta üz qabığında imzamı göstərməmək fikrindəydim. Bəzi dostlarım, yaxınlarım dedilər ki, imzanı yazmasan kim biləcək bunlar sənin şeirlərindi. Belə görünür bunu tədricən etmək lazım gələcək. Həmişə belə hesab etmişəm ki, ad, imza bu dünyadan yapışmaqdı. Amma bəzən insanların xətrinə dəyməmək üçün vədimə əməl edə bilmirəm.
   
   - Deməli həm də öz Azadlığınızın əleyhinə gedirsiz?
   
   - Elə ona görə bayaq dedim ki, mən hələ o səviyyəyə gəlib çatmamışam. Bilimrəm, gəlib çatacam, yoxsa yox. Əsl poeziya, şeir imzasız olmalıdı. Bunun bircə mənfi cəhəti var ki, sənin yazdıqlarını kimsə öz adına çıxır.
   
   - O cümlədən Vaqif Bayatlı Odərin şeirlərini...
   
   - Mənim şeirlərimi mənimsəyənlər olub. Amma hərdən belə də olub ki, kimlərinsə yazdıqlarını mənim şeirlərim kimi qəzetlərdə dərc ediblər.
   
   - Heç olmasa adınıza layiq şeirlər olub?
   
   - Hər halda pis şeirlər olmayıb. Qəzetlərdə təkzib vermək istəmişəm, çünki mənim bu məsələdə günahım olmayıb. Lətifəyə oxşar bir söhbət var. Şairdən soruşurlar ki, dahi olmaq nədi? Deyir sənin əvəzinə şeir yazırlarsa, sən artıq dahisən.
   
   - Ötən həftə Kamal Abdulla qəzetimizə verdiyi müsahibədə sizin təxəllüslərlə bağlı məsələyə toxunaraq dedi ki, Vaqif Cəbrayılzadə qışda bütün təxəllüsləri paltar kimi əyninə geyinir. Yayda isə soyunub qalır sadəcə Vaqif...
   
   - Yaxşı deyib. Mən heç olmasa, addan, imzadan imtinaya cəhd göstərirəm. Bunu sufilər də deyiblər, onlardan qabaq da. Mənim son on ilə qədərki yazdıqlarım postsufizm şeirləridi. İndi isə yeni bir cərəyan yaradıram - "Şərqdən də Şərqə" yeni kitabımda da bu hiss olunacaq. Şeir Şərqdən doğub. Bu əslində təkcə poeziyaya yox, hər şeyə aiddi. Özü də bunu tək mən demirəm ki... Hegel də deyib ki, Şərq təfəkkürü poetik təfəkkürdü. İngilis dilini az-çox bildiyimə görə, sizə bir şey deyim. İndiki Avropa şeirini çox şişirdirlər. Dünaynın əksər xalqlarının poeziyası ilə təmasda olmuşam. Necə deyərlər, onların hamısını fiziki duymuşam. "Dədə Qorqud"dan üzübəri poeziyamız dünyada birinci üçlükdədi. Çünki biz çox poetik xalqıq. O biri türk xalqları ilə müqayisədə daha poetik xalq olduğumuz görünür. Mənim Bayatlı təxəllüsü götürməyim elə bilirsiz təsadüfdü? Çünki türkün Bayat qolu şeirə, musiqiyə daha çox meyllidi. Azərbaycan xalqının da təxminən 70-80 faizi Bayatdı. Elə yəqin siz ikiniz də...
   
   - Çox qəribədi, Şərqdə sufilik, dünya malından imtina da var, dünyadan beşəlli yapışmaq da...
   
   - Çox təəssüf ki, imtinalar tək-tək, yapışmalar isə kütləvidi. Bayaq dediyimiz əli Allahın havasında olan insanlar dünya malından imtina edənlərdi. Sufilər özləri də buna tam gəlib çıxa bilmədilər. Sufilərin olduğu yer həm yerdi, həm də göyüzü. Mən onların yanından keçəndə sanki ən xoş duyğuların yanından keçirəm. Hər an təzədən onların yanından keçdiyimi hiss edirəm. Özü də bu onların yanından qabağa getmək, ötmək yox, yana getməkdi. Qabağa gedib kimisə ötmək bizə sovet dövründən qalıb. O zaman məşhur lətifə var idi. Deyirdilər Amerikanı ötüb keçsək şalvarımızın arxasındakı yamaqlar görünəcək.
   
   Postmodernizm əleyhinə deyiləm. Amma o alınma bir şeydi. Özü də postmodernizm daha çox dağıdır, sonra qurur. Lakin postsufizm dağıdıb sonra qurmur, quranların içərisindən ən yaxşılarını seçib qurur. Bayaq dediyim kimi, postsufizmdən sonrakı cərəyan olan "Şərqdən də Şərqə" cərəyanını bir neçə ildən sonra daha çox anlada biləcəyəm. Tam şəkildə hələ özümə də aydın deyil. "Şərqdən də Şərqə" düşünəndə bu Yaponiyaya da gedib çıxır. Yaponiyadan da o yana okeanın içərisinə düşür. Oradan da artıq Qərb başlayır. Əslində "Şərqdən də Şərqə" Qərbi inkar etmir. Poetik təfəkkürə qalanda, mənim fikrimcə, bütün dinlər poetik təfəkkürlə yaranıb. Şeirlər dinsiz mövcud ola bilir, amma poeziyasız heç bir din yoxdu.
   
   
   
   - Siz elə uzun illərdi "Şərqdən də Şərqə" cərəyanına yol gəlirsiz:
   
   
   
   Boynum kəsilir,
   
   Çiynim dincəlir.
   
   
   
   - Bu xətt məndə indi daha da inkişaf edir. Lap təzə şeirimdə deyirəm ki, boyun vurulanda yerə düşən baş da nəğmə oxuyur:
   
   
   
   Siz oxuyan nəğmələri deməkdən,
   
   Bir ağızdan, təkdən,
   
   Artıq siz asılan dar ağacları,
   
   Sizə dəyən dəyənəklər,
   
   Sizə atılan daşlar da yorulmaz
   
   O nəğmələri oxumaqdan
   
   
   
   Bu o yandan da o tərəfdədi, artıq "Şərqdən də Şərqə"di.
   
   - Yaradıcılığınızı izləyənlər bilir ki, şeirlərinizi o qədər dəyişir, üzərində yenidən işləyirsiz ki, köhnə ilə təzə şeiri ayırmaq mümkün olmur...
   
   - Əslində bütün şairlər şeirlərini dəyişirlər, elə nasirlər də. Bir vaxtlar məni bəyənməyənlərin yazdıqlarına baxıram, görürəm onlar da əvvəlki əsərlərinə "əl gəzdirirlər". Amma mənim adım çıxıb.
   
   - Bir zamanlar deyirdiz ki, poeziyada hamı birinciliyə iddia etdiyi üçün heç kim ikinci olmaq istəmir. Ona görə də mən ikinci olmaq istəyirəm. Yenə o fikirdəsiz, yoxsa dəyişiklik baş verib?
   
   - Poeziyada, ümumiyyətlə heç nədə sırada olmaq istəmirəm. Birincilikdə də gözüm yoxdu, ikincilikdə də. Bir qırağa çəkilib öz sazımı, öz kamançamı, öz fleytamı çalmaq fikrindəyəm. Mənim aləmimdə birinci olmaqla ikinci olmağın heç bir fərqi yoxdu.
   
   - Deyəsən artıq ikinciliyə də iddialılar artıb, sizi oradan da sıxışdırıb çıxarıblar...
   
   - Ola bilər. İstəyən varsa, bu yerimi də güzəştə getməyə hazıram. Bayaq dediyim kimi yer, sıra məsələsi mənlik deyil. Bəzən deyirlər ki, Vaqifin ayağı yer üzündən üzülüb. Əslində ayağım həmişə yer üzündədi. Görünür onlar mənə başqa yerdən baxırlar. Hər halda məni həmişə göyüzündə görmək istədikləri üçün onlara təşəkkür edirəm. Yenə deyirəm, mən həmişə yer üzündəyəm. Əslinə qalsa, yerüzü özü göyüzündədi. Yerüzü kainatın bir nöqtəsidi.
   
   - Tanrı da kamil varlıq yaratdıqlarını yerdə saxlamaq istəmir. Tanrının Şeytanla mübarizəsində də bu var...
   
   - Mənim Şeytanla işim yoxdu. Ona görə də kitabımı Allaha həsr etmişəm. Bilmirəm, din xadimləri buna necə baxır. Şəxsən mənimlə Allahın arasında heç bir din xadimi yoxdu.
   
   - Eynşteyn deyib ki, yaşa dolanda iki həqiqəti başa düşdüm. Birincisi, Allah var, ikincisi isə dinin Allaha heç bir dəxli yoxdu...
   
   - Onun özü haqqında maraqlı bir fikir var. Deyirlər elm dünyanı təzə aydınlaşdırmağa başlamışdı, Eynşteyn nisbilik nəzəriyyəsi ilə dünyanı yenidən qaranlığa soxdu.
   
   - Aqil Abbas "Ədalət" qəzetində maraqlı ənənə yaradıb. Bəzən birinci səhifədə əhəmiyyətsiz xəbərlərin yerinə şeir dərc edir. Sizin də bir neçə şeiriniz hansısa xəbəri səhifədən sıxışdırıb. Necə bilirsiz, birinci səhifəlik neçə şeirimiz var?
   
   - Dostum Aqilin belə maraqlı eksperimentləri çoxdu. Ona görə də "Ədalət"in birinci səhifəsi həmişə maraqla oxunub. Şeirlərə gəlincə, belə şeirlərimiz çoxdu. Uzaq başı yaxşı şeirləri təkrar çap etmək mümkündü. "Dədə Qorqud"dan müəyyən şeirlər vermək olar. Nizami fərli tərcümə edilməyib, amma Füzulidə istənilən qədər yaxşı şeir tapa bilərsiz. Əli Kərimdən, Məmməd Arazdan xeyli şeir çap etmək olar. Hələ mən cavanları demirəm.
   
   - Bayaq Azərbaycan və Avropa poeziyasının fərqi barədə ötəri danışdıq. Bizim poeziyada problem, yük elə bil çoxdu...
   
   - Bu xalqın ruhundan doğur. Çünki məişət problemlərimiz Qərbdəki insanların məişət problemlərindən dəfələrlə çoxdu. Onlar fiziki cəhətdən də bizdən azaddılar. Bütün bunlara baxmayaraq, poeziyada biz onlardan güclüyük. Bir neçə şairimiz Nobel mükafatına layiqdi. Həmin mükafatı alanların əksəriyyətini oxumuşam. Açıq deyim, hamısı bizim şeirlərdən zəifdi. Nasirlərimizin arasında da Nobel mükafatına layiq olanlar var. Mükafatı çox da gözümüzə soxmasınlar... Poeziyada, xalçaçılıqda Avropadan çox irəlidəyik. Amma bütün bunları təbliğ edə bilmirik. Akademik Ramiz Mehdiyevin məqaləsini və müsahibəsini oxumuşam. Bircə onu deyə bilərəm ki, dünyanı silkələyən əsərlərimiz çoxdu. Sadəcə, bu əsərləri dünyaya çıxara bilən dövlət qurumları yaradılmalı idi. Əgər bu vaxta qədər yaradılmayıbsa, günah kimdədi? Xarici İşlər Nazirliyində, səfirliklərdə çalışanların əksəriyyəti ədəbiyyatımızı, dilimizi bilmir. Onları testdən keçirin, 90 faizinin "Uşaq və buz" şeirindən xəbəri yoxdu. 10 fazini çıxmaq şərti ilə yerdə qalanları bir bənd şeir bilmir. Ölkəni tanıtmaq üçün iki vacib detal var - fədakar, vətənpərvər insanlar və maliyyə vəsaiti. Dövlət bu məsələyə pul ayırmalıdı. Yoxsa indi hamı düşüb Yazıçılar Birliyi üçün ayrılan vəsaitin üstünə. Bu gün Azərbaycan dövləti üçün bir milyon manat heç nədi. Ölkəni daha qüdrətli etmək üçün üç sahəyə pul ayrılmalıdı- müdafiəyə, təhsilə və ədəbiyyatın təbliğinə. Rusiya bazar iqtisadiyyatı şəraitində ədəbiyyatla bağlı müxtəlif mükafatlar təsis edib və qaliblərə külli miqdarda pul verir. Neft ölkəsi sayılan Azərbaycanda bunu həyata keçirmək belə çətin işdi ki? Bizdə Milli Kitab Mükafatı təsis edilib. Bu işin təşkilatçısı Nigar Köçərlini alqışlamaq lazımdı. Biznes strukturlarını, özəl şirkətləri bu işə cəlb edib. Təəssüf ki, mükafatı yalnız nəsr əsərlərinə verəcəklər.
   
   - Nigar xanımın bu irada arqumenti var, qəzetimizə müsahibəsində deyib ki, indi dünyada daha çox nəsr oxunur...
   
   - Düz deyir, amma Nobel mükafatı laureatlarının əksəriyyəti şairlərdi. Mən yenə fikrimdə qalıram, poeziyamızı təbliğ edə bilsək, xaricə çıxarsaq, dünyanı sarsıda bilərik. Şeirimz fantastik dərəcədə güclüdü. Cavan tənqidçilərdən biri mənim fikrimlə razılaşmır. Qəzetlərdə yazıb ki, Vaqif bəy bunu necə sübut edə bilər? O gün həmin tənqidçinin özünə də dedim, istənilən qəzetdə müzakirə açaq və mən bunu çox asan şəkildə sübut edim.
   
   - "Ədalət" qəzetindən yaxşı meydan? Belə bir debat keçirməyə hazırıq. Poeziyamızın gücündən çox danışdıq. Son vaxtlar sizi silkələyən şeirlər olubmu?
   
   - Məni silkələmək çox çətin olur. Bu bəlkə mənim faciəmdi. Son vaxtlar artıq filmlərə də baxmıram. Çünki sonun nə ilə bitəcəyini bilirəm. Ona görə də özümü bədbəxt tamaşaçı, oxucu sayıram. Bu gün həm nəsrdə, həm də poeziyada güclü qüvvələr var. Qadın yazarlar xüsusilə gücləniblər. Bütün kişiləri xəbərdar edirəm - qadınlar artıq çoxdan mətbəxdən çıxıblar. Bu bir az da şirin qəfəsdən çıxmasına oxşayır. Elə jurnalistikanın özündə də qadınlar güclənməyə başlayıblar.
   
   - Belə getsə, biz də özümüzə gün ağlamalıyıq.
   
   - Mən sizi də xəbərdar etdim. Ədəbiyyata gələn gənclər arasında oxuduğum, bəyəndiklərim çoxdu. Aqşin, Elnur Astanbəyli, Zahir Əzəmət, Günel Mövlud, Sevinc Pərvanə, Sevinc Çılğın, Nərmin Kamal... Məsələn, Nərmin Kamal postmodernizmi yaxşı bilir, Günel Mövludun bütləri dağıtmaq həvəsi çoxdu. Yaxşı yazı nədi? Əgər yazını oxuyanda rahat olursansa və deyə bilirsənsə mən də elə bunu yazmaq istəyirdim, deməli o yaxşı yazıdı.
   
   Bayaq postsufizm qatından danışdıq. Azərbaycan ədəbiyyatında həmin qatda olan bir neçə şair var. Məndən əvvəl yazan və məndən sonra yazan bir neçə şairi həmin qatda görürəm. İllərdi qanadlı adam ideyasını ortaya atmışam. Yenə deyirəm, ayağımı yerə hamıdan bərk basmışam, sadəcə insanları yerüstü mənasız həqiqətlərdən xilas etməyə çalışıram. Dini kitabların da hamısı insanı buna çağırır. Əsas ideyamsa, insanı sevdirməkdi. Bəzən sevməklə sevdirməyi qarışıq salırlar. Sevdirmək sözünə bizim dildən başqa özgə dildə rast gələ bilməzsiz. Sevmək sevdirməyin yarısıdı. İnsan sevdirməyi bacaranda böyük olur.
   
   Dostum, özüm üçün son illərin tapıntılarından biri saydığım Əjdər Ol o gün deyir ki, Azərbaycanda 70 yaşına çatan ədəbiyyat adamı heç nə yarada bilmir. Bu mənada mənim 70-ə çatmağa hələ bir neçə ilim var. Ona görə də "Şərqdən də Şərqə" cərəyanını yaratmağa tələsirəm.
   
   

TƏQVİM / ARXİV