SƏMADA QARŞILANAN AD GÜNÜ

ƏBÜLFƏT MƏDƏTOĞLU
66137 | 2015-03-05 01:30
Bu yazımın qəhrəmanı bir həftə öncə 60 yaşını tamam etdi. Yəni fevral ayının 27-də o, özünəməxsus şəkildə əlini uzadıb 60 yaşın əlini sıxdı. Və mən də, eləcə də digər dostlarımız 60 yaşı Bakı-Moskva təyyarəsində, buludların üstündə, Allaha yaxın bir yerdə qeyd edən dostumuzun üstündə dayandığımız torpaqdan xoş arzularımızla təbrik etdik...

Doğrusu, bu bir qəribə təbrik idi. Amma bu təbrikin içində məni çox düşündürən incə bir məqam da var. O da bizim həmişə yaşına və başına görə aşağıdan yuxarı baxdığımız və öz aramızda "qoca" deyə çağırdığımız Vaqif müəllimin bu 60 yaşdada bizdən yuxarıda olması idi. Görünür, Allah özü belə məsləhət bilib. Yoxsa həm yaşda, həm də başdan bizdən irəlidə olan və bu gün də akademiyanın Tarix İnstitutunda çalışan fədakar elm adamı, professorluğunun təsdiqini gözləyən Vaqif Abışov bizi yerdə qoyub özü buludların üstündə 60 yaşın əlini sıxmazdı...g

Təbii ki, bu bir zarafatdı. Amma əslində hər zarafatın içərisində bir həqiqət olduğu kimi, bizim Vaqif müəllimlə də kifayət qədər zarafatlarımız var və o zarafatların içərisində müəyyən həqiqətləri də biz ona çatdırmışıq və indi də çatdırırıq. Lakin bu da həqiqətdir ki, Vaqif müəllim heç vaxt bizimlə zarafat etmir. Ümumiyyətlə, onun xarakterində dostlarla zarafat etmək və hətta bu zarafatı ölçüdən çıxarmaq anlayışı demək olar ki, mümkün olası bir iş deyil. Çünki o, zarafatın bəzən şitdiyə, ölçüsüzlüyə apardığını düşünür və deyir ki, zarafat pərdələri ortadan qaldırır. Onda da bir xaotlik yaranır. Əxlaq, böyük-kiçiklik hamısı qarışır bir-birinə, olur həftə-becər. Sonra da həmin o qarmaqarışıqlıq sonda bir qanqaraçılığa, dilxorçuluğa yol açır. hətta adamlar bir-birindən küsüb inciyir də. Bütün bunların baş verməməsi üçün ən doğru və dürüst yol zarafatın həddini, yerini və kiminlə edildiyini bilməkdi. Biz dostlara bunu bizim Vaqif müəllim təkrar-təkrar söyləyir. Amma nə faydası?! Onun dediklərindən nə Firudin nəticə çıxarır, nə də mən. Çünki biz...g

Onda 1980-ci il idi. Biz Dövlət Universitetinin hazırlıq kursunda imtahan vermişdik. İmtahanın nəticələri bilinəndən sonra dərslər başladı. Noyabr ayının 1-də universitet aditoriyasına daxil olanda diqqətimi ortaboylu, saçlarına dən düşmüş bir nəfər çəkdi. Düşündüm ki, yəqin universitetin müəllimlərindəndi, bizə dərs demək üçün auditoriyaya gəlib. Amma nədənsə müəllim hesab etdiyim bu orta boylu insan keçib biz tələbələrin yanında əyləşdi. Bu, diqqətimi bir az da cəmləməyə səbəb oldu. Artıq tanış olduğum Firudindən həmin o oğlanın kimliyni soruşdum. Yavaşca pıçıldadı:

- O da tələbədi, o da bizimlə birlikdə qəbul olub.

Təəccübümü gizlətmədim:

- Doğurdan? Bu yaşda? Bu ki, qoca kişidi, - dedim.

Bax, həmin o gündən auditoriyada ilk dəfə dilimə gətirdiyim söz Firudinin fərasəti, həm də özünəməxsus istedadı nəticəsində tələbə yoldaşımız Vaqifin ləqəbinə çevrildi. Çünki bizimlə bir kursda başqa bir Vaqif də oxuyurdu. Ona görə də Firudin də, mən də artıq ona "qoca" Vaqif deyirdik.
Həyat elə gətirdi ki, tələbə yataqxanasında onun əl qabiliyyətinin də şahidi olduq. Əsl aşpazlar kimi mükəmməl kartof qızardırdı, ləzzətindən doymaq olmurdu. Hələ bu harasıdı. Onun səliqə-səhmanı, dərs danışanda aldığı ciddi görkəm mənə o qədər müsbət enerji verirdi ki... Öz-özümə düşünürdüm ki, "qoca" Vaqif mütləq professor olacaq, onun səsi bu auditoriyalarda eşidiləcək. Özü də müəllim kimi. Görünür ürəyimə gələnlər, ağlımın söylədikləri xoş niyyətdən qaynaqlandığı üçün zaman onu təsdiqlədi. Amma o zamana qədər bir xeyli yol gəlməli idik...g

Universitet illəri həyatımızın ən əziz və ən yadda qalan bir parçasıdı. Biz tələbəliyin bütün dadını, tamını duya bildik. Həm təcrübələr keçəndə, həm tələbə-inşaat dəstələrində, həm də ictimai həyatda. "Qoca" Vaqif fakültəmizin Partiya Təşkilat katibinin müavini seçilmişdi. O hələ tələbə olmamışdan Kommunist Partiyasının ən gənc üzvlərindən biri kimi çalışdığı müəssisədə fərqlənmiş və mükəmməl bir əmək-partiya stajı ilə universitetə qəbul olunmuşdu. Təcrübəsi, davranışı, xüsusilə səliqəsi və intizamı hamıya məlum olan "qoca" Vaqifi də elə birinci kursda fakültənin kommunistləri özlərinə rəhbər müavini seçdilər və bizim əlimiz yuxarılara bir az yaxınlaşdı. Ona görə ki, biz beş dost idik və Vaqif də həmin dostların ağsaqqalı kimi bizə bütün mənalarda nümunə idi. Doğrudu, arada-bərədə zarafat edib cavanlıq həddimizi aşıb onu cırnatmağa, əsəbləşdirməyə çalışırdıq, özü də bilə-bilə. Amma Vaqif aran bölgəsinin, yəni İmişlinin kolorit ləhcəsinə uyğun şəkildə buna əhəmiyyət vermir. Həmişə işlətdiyi "avaralar" sözü ilə məsələyə nöqtə qoyurdu. Aydın şəkildə göstərirdi ki, cızığınızdan çıxmayın, həddinizi bilin! Biz də bu mesajdan nəticə çıxarır, mövzunu dəyişirdik. Bütün tələbələrin yaşadığı həyatın görünən tərəflərindən olan bax, bu nüanslar indi bizim üçün bir xatirədir. Çünki həmin nüansların hamısı səmimiyyətlə mayalanmışdı. Onun içində, onun tərkibində haramlıq, biclik, ironiya və sairə yox idi. Biz özümüz olduğumuz kimi, yaşayardıq, oxuyurduq və bir-birimizin yanında idik... Tələbəlik başa çatdı. Hərə bir tərəfə səpələndi. Əlaqələr demək olar ki, zəiflədi. Qarabağ hadisələri başladı. Onun dalğasında Milli Azadlıq Hərəkatı Oyanış milli şüurun hər kəsə hakim kəsilməsi Azadlıq meydanı və...g 

Günlərin birində telekanalda bir kadr diqqətimi çəkdi. Ani keçən kadrda gördüyüm adamların arasında "qoca" Vaqif də var idi. "Xəbərlər" proqramının həmin kadrı Lənkərandan bəhs edirdi. Lənkəran cəbhəçiləri haqqında danışılırdı. Bu kadr yaddaşıma ilişib qaldı. Ondan təqribən bir neçə ay sonra Firudin mənə məktub yazdı. Naxçıvandan aldığım bu məktubdan öyrəndim ki, Vaqifin atası dünyasını dəyişib. Dərhal Qarabağdan İmişliyə gəldim. Vaqif hüzr məclisini yola verib Lənkərana qayıtmışdı. Mən ailə üzvləri ilə görüşdüm, başsağlığı verib Vaqifin işləri ilə maraqlandım. Qardaşları bildirdi ki, Vaqif indi Lənkəranda Azadlıq Hərəkatının öncüllərindən biridi. Düzü, həm maraqlı xəbər idi, həm də həyatın insanlara verdiyi dərsin nəticəsi. Bir az da açıq desəm, bizim "qoca" Vaqif Azadlıq Hərəkatına qoşulandan sonra Kommunist partiyasının üzvlük biletini çırıb atmış və cənub bölgəsində ən fəal cəbhəçilərdən biri olmuşdu. Bakıdakı 20 Yanvar faciəsi, onun əks-sədası, xüsusilə Lənkərana da xüsusi dəstənin yeridilməsi biz dostları çox təlaşlandırdı. Demək olar ki, Vaqifi axtarıb tapa bilmirdik. Heç kim onun harda olduğunu söyləmirdi. Hətta məlumatı olanlar da bu barədə danışmırdılar. Düz üç ay Vaqifi axtardıq. Vaqif dostları ilə birlikdə üç aydan sonra ortaya çıxdı. Biz onunla Bakıda görüşəndə o, rus ordusunun caynağından qurtulmaq üçün meşəyə çəkildiklərini və mübarizələrini bu cür apardıqlarını bizə söylədi. Onun keçdiyi ağır yol bizi təsirləndirsə də, Vaqif bütün bunları normal bir vətəndaş mövqeyi kimi danışır və hiss olunurdu ki, milli azadlığımız uğrundakı fəaliyyətindən daxilən məmnundu...g

Bəli, illər ötdü, Vaqif siyasi fəaliyyətini elmi fəaliyyətlə əvəzlədi. Onun sorağını akademiyanın Tarix İnstitutundan aldıq. Artıq o, götürdüyü elmi işin üzərində gecə-gündüz çalışır, müxtəlif arxivləri araşdırır, müxtəlif mənbələrin təhlillərini aparırdı. Eləcə də onun mətbuatda çap olunan elmi məqalələri, telekanallarda Azərbaycan tarixi ilə, Qarabağla bağlı çıxışları Rusiyanın və digər böyük dövlətlərin Qafqaz siyasəti haqqında mülahizələri bizim "qoca" Vaqifi hər gün daha da populyarlaşdırır, hər gün bir az da artıq onu xalqa tanıdırdı. Biz dostlar da artıq Vaqifin bütün həyatına bələd olmuşduq. İstər onun ailəsi, övladları, istər xanımı və digər ətrafı Firudinin, mənim Vaqiflə nə qədər bağlı olduğumuzu nöqtə-vergülünə qədər bilirdilər. Amma bir məsələ var idi ki, Firudinin də, mənim də evimdə Vaqif məhz ağsaqqal kimi qiymətləndirilir. Onun sözü, onun məsləhəti daha yüksək qiymətləndirilir. Elə indinin özündə də Firudinin də, mənim də uşaqlarımın təhsil almasında, onların imtahana hazırlaşmasında Vaqifin böyük əməyi var. Zarafat deyil, o, bizim uşaqların təkcə əmisi yox, həm də müəllimi olubdu. Buna görə də uşaqlarımız ona gah Vaqif əmi, gah da Vaqif müəllim deyirlər. Bu çaşqınlıq da bizlərə ləzzət edir. Axı söhbət bizim "qoca" Vaqifdən gedir. Digər tərəfdən də Firudin də, mən də Vaqifin oğlanlarının kirvəsiyik. Hər dəfə də mən Firudinə bir balaca sataşıb özümü yüksək tutaraq deyirəm ki, mənim payıma düşən oğul, yəni Vaqifin övladı şahmat ustası kimi nə Vaqifin, nə Firudinin, nə mənim gəzə bilmədiyim çox-çox ölkələri gəzib dolaşıbdı. İstər Avropanı, istər Asiyanı bu şahmat ustası artıq mükəmməl tanıyır.

Təbii ki, bu bir zarafatdı. Amma əvvəldə dediyim kimi, dost barəsində, içimdə olan adamlar barəsində mənim naxışım gətirib, bəxtim gətirib. Görmüşəm ki, Allahın bu töhfələri məni tək qalmaqdan, dərdə təslim olmaqdan xilas edir, qoruyur. Vaqif də, Firudin də mənim üçün təkcə dost, qardaş yox, həm də güvənc yeri, ümid yeridilər. Deməli, o uzaq tarixdən bu günə yaşadıqlarımızın hamısı bir alın yazısı, bir taledi. Bu tale üçün ancaq şükür etmək gərəkdi!..

Bəli, bir vaxtlar auditoriyada onu müəllim kimi görüb bilmişdim. Həyat elə gətirdi ki, indi həmin auditoriyalar onu həqiqətən müəllim kimi qarşılayır və mənim ilk duyğum, ilk hiss etməm gerçəyə çevrildi. Bu gerçəklik təkcə mənim üçün yox, biz dostlar üçün yox, həm də Azərbaycan üçün bir önəm kəsb edir. Axı Vaqif müəllim tarix elmləri doktorudu. Bizim hamımızın fəxridi. Zarafat deyil, biz həm də bir alimin dostlarıyıq. Bu da bizim həm sevincimizdi, həm fəxrimizdi, həm də ən azından qürrələnmək üçün mükəmməl bir səbəbdi. 

Hə, Vaqif müəllim, sən yəqin ki, hələ Rusiyanın arxivlərini ələk-vələk edirsən. Amma biz səni yola salanda verdiyin sözün tezliklə gerçəkləşəcəyini bilirik və oturub gözləyirik. Demisən ki, 60-ı Bakıya qayıdanda qeyd edəcəyik. Bəlkə bir az tez gələsən...g

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV