adalet.az header logo
  • Bakı 20°C

iL TƏZƏLƏNiR, YOXSA TƏZƏ iL GƏLiR?

13065 | 2009-12-26 00:08
Bir qədər öncə Azərbaycan da "palaza bürünüb, ellə sürünüb ", qış vaxtına keçib. Görünür bir hikmət var ki, ildə iki dəfə saatın əqrəblərini o yan, bu yana çəkirlər. Biz də avropalılar kimi, qış saatı oyununun şərtlərini qəbul etmişik. Əsas odur diqqətli olub qış yuxusuna getməyək. Ötən əsrin əvvəlində Mirzə Ələkbər Sabir yazırdı k:
   
   
   
   "Dindirir əsr bizi dinməyiriz
   
    Atılan toplara diskinməyiriz.
   
    Əcnəbi göydə balonlarla uçur,
   
    Biz hələ avtomobil minməyiriz."
   
   
   
   Bir əsrdə görün nə qədər inkişaf etmişik. İndi dünyanın ən bahalı nəqliyyat vasitələri paytaxtın İstiqlal küçəsi ilə Sabirin heykəlinin önündən şütüyür. Bakıdakı maşınların tamaşasına bütün dünya heyrandır. Ruhun şad olsun, Mirzə! Səbir edə-edə bu günü də gördük. İndi sən dediyin balonlar ancaq turistlərin məzələnməyinə yarayır. İmkanlı oğullarsa özəl uçaqlarda dolaşıb milli kimliyi, maddi gücü nümayiş etdirir. Belə məqamda istər-istəməz yenə Mirzənin bir beyti yada düşür:
   
   
   
   "Kim nə deyər bizdə olan qeyrətə,
   
    Qeyrətimiz bəllidir hər millətə!"
   
   
   
   Günlər atlı olub, biz piyada... Göylə gedənlərlə işimiz yox. Amma bu şəhərdə piyadanın ixtiyarında səki belə qalmayıb. Asfalt örtüyü dağılmış ara küçələrdə üstü açıq çalalardan, çirkabı üzə çıxan qəzalı kanalizasiya qovşaqlarından, tıxaclardan bir təhər salamat qurtulan yorğun sürücülər maşınları nəfəs dərmək üçün səkilərə qaldırıb, iş dalınca gedirlər. Sakinlər də həyatlarını təhlükəyə atıb məcburən yolun ortası ilə hərəkət edirlər. Səkiləri işğal edən təkcə maşınlar deyil. İşsiz-gücsüz qalan adamlar qabaqlarına beş-on kilo kartof-soğan, alma-banan qoyub zəhərli dəm qazının, toz-torpağın içində alverlə başını qatırlar ki, dağ su qazanda boşuna qaynayıb buxarlanmasın. Bir parça ətin pulu çıxsın ki, suyun rəngi və dadı dəyişib xörək olsun. Böyüklü kiçikli hər kəs yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulan hissəsiylə irəliləyirmi, geriləyirmi, yoxsa yerində addımlayırmı deyim, heç onu da bilmirəm. Bildiyim bir odur ki, maşınlarla eyni hərəkət zolağında bərabər yürüyən insanlar qarşılıqlı ittihamlardan bezib. Məcburi dözümlülük nümayiş etdirməkdən də, əcaib səs siqnallarından da təngə gəlib. Yol maşının, səki piyadanın olmalıdır. Çoxmu böyük arzudur ? Məncə yox. Məişət zəminində o qədər belə kiçik qayğılarımız var ki, mən ancaq birindən danışdım. İstəyirəm Yeni ildə səkilər maşınlardan, zibil qutularından, qanunsuz tikililərdən, ticarətdən təmizlənsin. sakinlərin hərəkəti mümkün olsun. Bunun üçün beynəlxalq təşkilatlar, ölkələr arası razılaşmalar ki, lazım deyil. Yetər ki, yeni bələdiyyələr vicdanla işləsin.
   
   Günlər həqiqətən atlı olub. Həftələri maneəli yürüş zolağı bilib, üzərindən atıla-atıla elə çapır ki, məharətinə idman ustaları da "əhsən " deyir. Problemlərimiz bizi də çapar edib. Elə hey qaçhaqovdayıq. Qarşımızda maneələr bir deyil, beş deyil. Sonu görünməyən bu qaçış məsafəsi də nə yüz, nə min metrdir. "Qaç", deyən var, "tut", deyən yar, səni arzularına, məqsədinə, istəyinə çatdıran çatışmır. Əvəzində çat verən ürəklər, yerinə yetməyən diləklər nə qədər istəsən ...
   
   Cıdır meydanı çaparla doludur. Hakimlərin yalnız adları məlum, əsl-nəcabətləri isə pünhandır. Yarışı seyr edən hər kəs yeni qalib, yeni zəfər sorağında. Kimsə bu tamaşanı yarıda buraxıb getmək istəmir. Meydan həyəcanla doludur. Hamı çempion sorağında, qəhrəman həsrətində. Əvvəllər ölçüdə uzun, çəkidə ağır gələn illər indi elə bil xeyli qısalıb, yüngülləşib. Bir göz qırpımında önümüzdən saymazyana gəlib-keçib, ömrümüzdən izsiz-soraqsız, imzasız qeyb olur. Hər təzə il estafeti il bir illik ələ keçirən kimi, ilk fürsətdə bizlərdən daha nəsə qoparmağa çalışır, verməyə yox. Bizdən alınacaq nə qaldı ki? Sevinc, sevgi, nəzakət, mərhəmət, vüqar, etibar, mərdlik, mətanət, mərifət kimdə qalıbsa, bərk-bərk gizlədib. İstəmir namərd gözü, mərdimazar nəfəsi dəyə. Ona da tamah salan tapılacağından ehtiyatlanır. Maddi durum, fiziki güc zəifləyəndə əllərdə, ovuclarda, sinələrdə həsrət, intizar, ehtiyac, qəm-qüssə, kədər, rəzalət, xəyanət "sovqat"ı artır... Dərələrdən sel kimi, təpələrdən yel kimi keçib gəl, ay çapar, məharətini göstər, onları bizdən al, apar. Qurtar bu uğursuzluqlardan. Axı bu Tanrının alın yazısı deyil, namərdlərin adımıza caladıqları haqsızlıqlardır. Bacararsanmı? Sənin köhlən atın bu ağırlığa tab gətirərmi? Yoxsa, məşəqqət yükü əbədi bizim boyumuza biçilib? Susursan... Nə deyəcəyini, nə edəcəyini bilmirsən... Bax, elə bu üzdən dünya getgedə kiçilir. Böyüyən ancaq içimizdəki qəmdir, qüssədir, kədərdir.
   
   
   
    ***
   
   Hər yeni il bir heyvan üstündə təhvil olur. Bu heyvanın bizə nələr vəd edəcəyini il sonu gəlmədən kütləvi informasiya vasitələri ildırım sürəti ilə yayır. Ümidlər, arzular, niyyətlər sanki heyvanlara bağlanır. Millət saysız-hesabsız "münəccimlər"in bir birindən çox da fərqlənməyən proqnozlarına köklənir. Unudur ki, yer üzündə canlıların ən adisi deyil, ən alisi İnsandır. Mən nicatımızı heyvan rəmzlərinə yox, insan zəkasına, hünərinə, qəhrəmanlığına söykənən fərasətdən gözləyirəm. Buna inansaq, donuz, şir, ilan, qaban və ya hər hansı başqa heyvan, tutaq ki, uzunqulaq, öz şərtlərini bizə diktə edə bilməz. Qoyunla qurdla, siçanla-pişiklə nə işimiz var? Siçan ili gələndə "Siçan olan yerdə tələ qurular" adlı məqalə yazmışdım. Tələlərdən qorunmaq da ayrı bir hünər istər. Onun ardınca öküz ili gəldi. Dedilər, öküz gücdür, sağlamlıqdır. Nə gücümüzü yetərincə kiməsə göstərə bildik, nə sağlamlığımızın keşiyində duran tapıldı. Dünyaya atom, hidrogen bombaları əvəzinə quş qripi, donuz qripi meydan oxudu. Görən üzümüzə gələn pələng ili bizimlə necə davranacaq? Onu üstümüzə hücum edənlərin sırasında görəcəyik, yoxsa düşməni birlikdə əzəcəyik?
   
   Deyirlər, bəzən insan yaşadığı faciənin miqyasını təsəvvür etmir, ağrısını duymur, acısını bilmir. Heç nəyi olmayanlara hər şeyi itirmək faciə deyil. Bizim isə böyük sərvətimiz var. Hərənin cibindəki, evindəki özünə qismət. Mən sərvət deyəndə Vətəni, Milləti, Dövləti nəzərdə tuturdum. Ona sahib çıxmaq üçün güclü olmalıyıq. Gücümüzü bu amal uğrunda birləşdirək ki, yenilməz olaq. Bu ali hissə köklənib bir bayraq altında birləşək ki, qırmızı, sarı, çəhrayı, yaşıl, narıncı dəstələrin, o tay-bu taylı tayfaların, irili-xırdalı ölkələrin dəyişkən maraqlarının, siyasi-iqtisadi xülyalarının təminatçısına çevrilməyək. Belə olacaqsa, Yeni ilimiz mübarək!

TƏQVİM / ARXİV