adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Mart 2015 21:32
2002
GÜNDƏM
A- A+

Əli Həsənov Sekuta ilə görüşdü

Martın 4-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb. 


Adalet.az xəbər verir ki, komitə sədri Əli Həsənov səfirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib:

"Azərbaycan Prezidenti ölkənin strateji inkişafının 5 istiqamətini müəyyənləşdirib. 2020-ci ilə qədər olan müddəti nəzərdə tutan strategiyaya əsasən ölkədə bir nəfərdə olsun yoxsul insan qalmamalıdır. Digər məqsədə görə isə 2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olmalıdır. Bu müddətdə neftdən asılılıq tamamilə aradan qaldırılmalıdır. Korrupsiyaya qarşı mübarizə beynəlxalq tələblərə cavab verməlidir. Son istiqamət isə insan hüquqlarının qorunmasının beynəlxalq tələblərə cavab verməsi ilə bağlıdır”.

Azərbaycan-ABŞ münasibətlərindən danışan Robert Sekuta məqsədinin iki dost ölkə arasındakı münasibətlərin inkişafına töhfə vermək olduğunu deyib:

"Son dövrlərdə qoşunların təmas xəttində gərginliyin artması bizi narahat edir. Tərəflər vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq addımlardan çəkinməlidirlər. Biz də öz növbəmizdə həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə birgə işləyərək münaqişənin həllində irəliləyişə nail olmağa çalışırıq”.

Səfir bildirib ki, münaqişədən əziyyət çəkən insanlara yardım etmək məqsədi ilə 20 il ərzində ABŞ hökuməti tərəfindən Azərbaycana 115 milyon dollar həcmində humanitar yardımlar edilib. Təhlükəsizlik sahəsində Azərbaycana edilən yardımın ümumi məbləği isə təxminən 53 milyon dollar həcmindədir ki, bu məbləğ də əsasən terrorizmlə mübarizə, təlim-tədris və digər məqsədlər üçün ayrılıb.

Səfirə "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.

Sonra səfir Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov və Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov amerikalı diplomata məcburi köçkün ailələri üçün salınmış məhəllə haqqında məlumat veriblər.

Səfir məhəllədəki 33 nömrəli orta məktəbdə yaradılmış şəraitlə maraqlanıb. O, həmçinin məhəllədə tikilmiş və lazımi avadanlıqla təchiz edilmiş 280 yerlik uşaq bağçasında olub, burada balacaların rəqsinə baxıb.

Jurnalistlərlə təəssüratlarını bölüşən səfir bildirib: "Bu gün müasir Azərbaycanın həyatının ən vacib hissəsi olan məcburi köçkünlərin yaşadığı yerə səfər etdim. Mən Azərbaycana gələndə əsas məqsədlərimdən biri müxtəlif təbəqələrdən olan insanları dinləmək, Azərbaycanı daha yaxından tanımaq idi. ABŞ-ın Azərbaycan ilə əməkdaşlıq etdiyi çoxsaylı məsələlərdən biri də məcburi köçkünlərin rifah halının yaxşılaşdırılmasıdır”.