adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

NECƏ QAN AğLAMASIN DAŞ BU GüN,QIRXILIR GÖR NEçƏ MiN BAŞ BU GüN!

19581 | 2009-12-26 00:08
Bəli, başlar başlayıblar qırxılmağa. Dəllək dükanlarında macal yoxdur. Aşura günü iki yüz yetmiş milyon baş yarılacaq.
   
   Və lakin bunlar hamısı köhnə sözlərdir. Amma burada bir mətləb var ki, bəlkə oxucularımız onu eşitməmiş ola. Bu barədə lazım bilirik bir az danışaq.
   
   Yer üzündə qəribə bir əhvalat baş verəndə Avropanın fənni cəmiyyətləri çox xərclər çəkib adamlar göndərirlər ki, təzə vüquatı elm və fənn tərəfindən öyrənsin və sonra cəmiyyətə ərz eləsin.
   
   Beləliklə, Avropada elm və fənn tərəqqi eləyib. Məsələn, Amerikanın filan şəhərində gün tamamən tutulacaq. Qabaqca haman şəhərə hər məmləkətin coğrafiya cəmiyyətlərindən dəstə-dəstə alimlər göndərilir ki, günün tutulmaq sirlərini dəxi də yaxşı öyrənsinlər. Məsələn, İtaliyada misli olmayan zəlzələ üz verib. Həmçinin yenə alimlər oraya doluşurlar ki, zəlzələnin hikmətlərini mümkün qədər öyrənsinlər.
   
   Aşura işlərimiz avropalıların nəzərində elə bir qəribə və əhəmiyyətli əhvalatdır ki, bu barədə onlar indiyədək neçə cild kitablar yazıblar. İranın və Qafqazın böyük müsəlman şəhərlərində məhərrəmlikdə Avropa cəmiyyətlərinin üzvləri həmişə pişəz-vəqt hazır olarlar və aşura günü qələmi və kağızı ciblərinə qoyub çıxarlar uca divarın üstünə və tamaşa eləyib, eşitdiklərini təfsilən yazarlar; gördüklərinin fotoqrafiya əkslərini götürüb apararlar.
   
   Bir qism səyyahların biri də dünən gəlmişdi idarəmizə. Bu cənab, Lissabon şəhərində bir cəmiyyətin üzvüdür. Onun bu gün Qafqaza gəlməyindən qəsdi üç mətləb öyrənməkdir.
   
   Əvvələn: əgər baş yarmaq şərən lazımdır, nə səbəbə başlarını yaranların içində indiyədək bircə əmmaməli molla görsənməyib?
   
   İkinci: həmişə vaxtlarını qumar və çaxır məclislərində keçirən müsəlman "intelligentləri" nə qəsd ilə aşura günü dəstə qabağına düşüb baş yaranların qanlarını dəsmalları ilə silirlər?
   
   Və üçüncüsü: səbəb nədir ki, baş yaranların hamısı ibarətdir məhz gədə-güdələrdən, baqqallardan və çaqqallardan; bunların içində bir nəfər də maarif əhli görsənmir?
   
   Biz bu suallara cavab verə bilmədik və qonağımız çıxıb getdi. Bu heyndə qulağımıza hatifdən bu səslər gəldi:
   
   - Bu günlərdə İranda istibdad ilə ədalət bərk çarpışır. Yekə bir millətin dini, namusu, hüququ, vətəni təhlükədədir. Köməksizlik ucundan ola bilər ədalət tərəfi basılsın. O vaxt milyonlarca məzlumun dadü fəryadı bu günkündən artıq göylərə qalxacaqdır. Bir udum suya həsrət qalıb can verən balaların, qarınları yırtılan ana-bacıların halı Kərbəla vaqiəsindən aşağı qalmayacaqdır!
   
   Bu gün Kərbəla meydanı - Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır! Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa, - gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur.
   
   Bu gün ən böyük ibadət, ən birinci din və vətənpərvərlik oraya kömək etməkdir ki, həm Allah, həm də Həzrət Hüseyn razı qalsın. Yoxsa, Tiflisin, Bakının küçələrində qışqıra-qışqıra gəzib, yalançıqdan başımızı cızıb bir az qan axıtmaq Hüseyn övladına və Rüstəm nəslinə yaraşan igidlik deyil.
   
   Bu gün Kərbəla meydanı Azərbaycan meydanıdır.
   
   
   
   "Molla Nəsrəddin",
   
   11 yanvar, 1909 N-2

TƏQVİM / ARXİV