adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

SABAH NƏ VAXTSA OLMAYACAQ...

VAHİD ƏLİFOĞLU
23561 | 2009-12-19 02:04
...Su davamdı, torpaq son. Coğrafiyaçıların dediklərinə inansaq dünyanın axırına hələ çox var...
   
   ...Mənə elə gəlir ki, dənizə çıxışı olmayan ölkələrdə yaşayan adamlar başqalarına nisbətən qaraqabaq və qapalı olurlar. Bu əslində küləklərin qaynar qumunu dalğalandırdığı səhraya dağılmış bir fincan suya bənzəyir. Və bu bir fincan suyun da qisməti dənizə çıxışı olmayan ölkələrdəki adamlar üçün elə əlçatmaz, ün yetməz xəyaldan başqa bir şey deyil... Nəzərə alsaq ki, hər bir yeriyən canlı da əslində "yeriyən sudu", onda belə çıxmır ki, biz dənizə doğru qaçmaqla torpaqdan xilas olmağa çalışırıq?..
   
   ... İndi Haramıda, bir damcı suyun varlığını da adama unutdurmağa cəhd edən bu qəddar və inadkar çöldə dəniz haqqında düşünmək fədakarlıq olmasa da, heç əyləncə də deyil, vallah... Amma Buzovna bağlarında əyləşib Şuşa haqqında şeir yazmaqdan çətindi...
   
   
   
   ... Ayaqlarından,
   
   aşılanmış bağırsaqlarla
   
   tuluq kimi boğulmuş,
   
   adamlar dərisi dolu su gəzdirir...
   
   ...Gəncliyindən üzülüşmək
   
   istəməyən,
   
   saçlarını rəngləmiş qadınlar kimi,
   
   sarı yarpaqlar, bozarmış otlar,
   
   acgözlüklə baxırlar,
   
   yeriyən, danışan su tuluqlarına...
   
   ... Adamları asanda
   
   boğazından asırlar ki,
   
   basdıranda qutulara basırlar ki,
   
   içərilərindəki su torpağa tökülməsin...
   
   
   
   ...Otuz il Sov.İKP tarixini şagirdlərinə həvəslə, ilhamla öyrətmiş qocaman tarix müəllimi ilə heç cür razılığa gələ bilmədik ki, "bolşevizm" ilə faşizmin fərqi nədədi? Və qırx beşinci ildə qələbəni Stalin deyil, Hitler bayram etsəydi biz qazanardıq, yoxsa itirərdik?
   
   Şahlıq quşu keçəlin başına ona görə qonmur ki, ayaqlarının yağlı dəri üzərində sürüşəcəyindən ehtiyat edir...
   
   ... Əllinci illərdən bəri "keçə" bilməyən şair və yazıçılara möhtəşəm heykəllər, abidələr qoyuldu. Çünki onların ölüsünün də əfsanələşdirilməsi sovetlərə lazım idi. Onlarla eyni dövrdə yaşamış, eyni şeytana qulluq etmiş, lakin yetmiş-səksəninci illərə gəlib çıxanlara heykəl yonulmadı, abidə qoyulmadı... Daha minbərdəkilərə ehtiyac yox idi... Yerdəkilər minbərdəkiləri ötüb keçmişdilər...
   
   ... Bizdən əvvəl gələnlər bizi düşünüb əməllərinə görə utanmadılar. Bizdən sonra gələnləri də biz əkmişik. Narahat olmağa dəyməz...
   
   ... Düzənlik boyu səpələnmiş əsgərlər yerdə qılıncdan və qandan, göydə qarğa və quzğundan özgə heç nə görmürdülər. Heç görmək də istəmirdilər. İndi onların düşüncələrində bircə şey hakim idi. Daha çox doğramaq, daha çox qan axıtmaq... Qanın və canın halallığı öz əllərindəydi... Boşluğa axan qandan, heçliyə çıxan candan Allahın xəbəri olmur... Təpənin üstündəki ağ atın da, qızıla, gümüşə tutulmuş atlının da içi boş idi. Bu düzənliyin qabağındakı və arxasındakı torpaqlar yad, soyuq, quru torpaqlar idi... Əsgərlər doğrandıqca "su" deyib bağırışırdılar. Su kimi axan qan söndürmürdü, yandırırdı... Torpağın və qarğa-quzğunun günü idi, bu gün... Dəniz isə uzaqdaydı...
   
   
   
   ... Kar və lal adamlar üçün
   
   hesablanıb ,
   
   ikiqat qapılar, fırlanan kreslolar.
   
   dərdin işarəsi yoxdu,
   
   dərdi gərək danışasan,
   
   dərdi gərək eşidəsən...
   
   haram tikələr
   
   sudan qaçan torpaqlardı,
   
   dünya malından dörd əlli
   
   yapışanlar,
   
   ilanı oyuncaq bilən
   
   bığlı-saqqallı uşaqlardı...
   
   ...Sarı rəngli qızıllar
   
   yaşıl pulların payızıdı...
   
   nə vaxtsa sabahın olmayacağına
   
   inanmayanlar bütün axşamlardan
   
   gözəl bir axşamı görmədən,
   
   sağ çıxmayacaqlar səhərə...
   
   ...Ümid insanın özünü aldatmasıdı. Ümidə ümidsizlərin daha çox ehtiyacı var. Rahatlıq ümiddən irəlidədi. Ölmüş adamın ümidi sonuncu ölə bilməz...
   
   ... Maraqlı və məlumatlı bir adam da halal, müqəddəs anlayışlardan danışa-danışa, əllərini əllərinə sürtə-sürtə, utanmadan, qızarmadan sönüb getdi, solub getdi, boşalıb getdi gözlərimdə... Baxdım ki, üzündə bir damcı da su qalmayıb... Hər kəsin qibtə edəcəyi boy-buxunu da, savadı da, dünya görüşü də yerindəydi... Bəs yerində olmayanı nəyidi?...
   
   ... Batı xanın kəşfiyyatçıları xəbər gətirmişdilər ki, qarşıdakı dənizdən o tərəfdə torpaqlar var. Yəni bu dəniz sonuncu dəniz deyil... Xan düşünürdü. İrəli getsin, yoxsa qayıtsın... İrəlidə babasının vəsiyyəti, arxada dövlət, hakimiyyət, bir də varis... Arxada sondu, irəlidə davam. Davam üçün ömür çatacaqmı? Son üçün varis olacaqmı?... Xana bircə şey agah idi ki, o da nə birincidi, nə də sonuncu. Birinci sudu, sonuncu torpaq. Bütün hər şey sudan başlayır, torpaqda qurtarır...
   
   ... Bir damcı su, bir ovuc torpaq arasında əbədiyyət, xoşbəxtlik axtaran heç əbədi bədbəxt, əlləri üstə yeriyən adamlar...
   
   Dəniz gözlərində şampunlu su ilə doldurulmuş hamam vannası... İki canavar bir öküzü bölə bilmir. Bir leşin üstündə yüzlərlə qarğa, quzğun...
   
   ...Axtardığının irəlidə olduğuna inanan arxada nəyinsə qaldığına peşman olmaz.
   
   ... Bəlkə də bu qədər filosofluq etməyə cəhd uğursuz və lazımsız bir işdi. Mənim demək istədiklərimi bəlkə də hamı bilir. Mən hələ indi-indi anlamağa çalışıram. Bütün bunlar hökm deyil. Sadəcə mənə çatanlardı. Sabah mən də hər şeyi unudub ətrafımdakılar kimi içimdəki və üzümdəki suyun damcı-damcı azaldığına məhəl qoymayacağam. Kimdən artığam ki? Papadan artıq katolik olmayacağam ki?...
   
   ... Hər şey gün çıxan kimi qurtaracaqsa, gecəni səhərə qədər yaşamaq da qazancdı...

TƏQVİM / ARXİV