adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Şamı-zama tutuzdurmaqla, izığı itməz

FƏRHAD ŞABANOV
19773 | 2009-12-19 02:12
Gözünü açıb yuxudan oyananda pəncərənin açıq olduğunu gördü. Yadına salmağa çalışdı. Dünən yatanda bağlayıb yatmışdım axı. Kim açıb bu pəncərəni? Evin içində ondan başqa heç kim yox idi. O tək yaşayırdı. Tez masanın üzərindəki dəftərini gözdən keçirtdi. Həyatda ondan dəyərli heç nəyi yox idi. Dəyər sözünün daşıdığı mənanı düşündüyündən olsa gərək, heç nəyi ve heç kimi dəyərliləşdirmirdi. İnsan dəyər verdiklərini itirəndə olmazın əziyyətlər çəkir. Bunu dərk etmişdi. Dəftərini görüb sevindi. Həyatındakı tək dəyərli varlığı hələ də onun yanındaydı.
   
   Onun belə biganə həyatının səbəbini bilən yox idi. Heç kim bilmirdi, əvvəllər dəyər verdikləri olub ya yox. Bəlkə də dəyərli olan hər şeyini itirdiyi üçün artıq hər şeyə qarşı belə vecsiz idi. Yanında bir nəfər belə olsun, görən olmamışdı. Həmişə tək gedirdi hər yerə. Onun neçə yaşı varıydı, heç onu da bilmirdilər. Üzü həmişə saqqallı idi. İsti günlərdə həmişə əynində açıq yaşıl köynəyi və qara şalvarı olardı. Qışda isə bunların üstünə kürk kimi bir şey atardı üşüməsin deyə. Üşüməmək üçün bu kürk kifayət deyildi amma qıraqdan baxana üşüyən təəssüratı bağışlamırdı. Yəqin biganəliyi təkcə insanlara qarşı deyildi. Üzünə yaxından baxmaq olmurdu. Həmişə gözlərini gözlərdən qaçırdırdı. Saçı dağınıq vəziyyətdə olardı çox vaxt. Hərdən isə o ipək kimi yumşaq saçlarını darayıb bəzənirdi. Boynunu örtəcək qədər uzun idi saçları. Əlinin barmaqları uzun idi. Sanki Allah bu insanı piano çalmaq üçün yaratmışdı amma o səfil həyatı seçmişdi. Evdən ancaq ehtiyaclarını qarşılamaq üçün çıxırdı. Yeməksiz, susuz yaşaya bilsə, heç evdən çıxmayacaqdı sanki. Onunla oturub danışan, onun dərdinə qulaq asan heç kim görə bilməzdin. Onun nə səni vardı, nə də sənsizliyi. Sənsizlik üçün belə bir sənə həmişə ehtiyac var çünki.
   
   Dəftərinin yerində olduğunu gördükdən sonra pəncərənin niyə özü-özlüyündən açıldığını vecinə almayaraq səfil həyatını davam etdirdi. Evindən çıxdı və yaxındakı dükanın yolunu tutdu. Əlində bir çörək və bir litr su ilə dükandan çıxanda onu bir nəfər saxladı. Gedər addımlarını saxlamırdı, sadəcə nə istədiyini soruşacaq qədər fikrini ona verməyə çalışdı. Adam onun addımlarını saxlayacaq qədər önəmli söz dedi yəqin ki. Qətiyyətli şəkildə dayandı. Bütün diqqətini onun dediklərinə verdi. Nəsə danışdılar. Sonda adam ona əlindəki vərəqi verdi. Vərəqi əlində bərk-bərk sıxıb evinə doğru qaçmağa başladı. Mən üzümü çevirib adamın nə etdiyini görmək istəyəndə o artıq yox idi. Gözdən itmişdi.
   
   Evə çatan kimi çörəyi və suyu masanın üstünə qoydu və əlindəki vərəqi açmağa başladı. Əlləri əsirdi. Vərəq yerə düşdü. Tez götürüb açdı və oxumağa başladı. Bu bir məktub idi. Bu məktubda yazılanlar onun həyatını dəyişəcəkdi ya yox. O doğurdan da bu həyatın dəyişməsini istəyirdi ya yox. Amma o bu məktubu oxumaq istəyirdi.
   
   "Səninçün ən xeyirli olanı tapa bilməyində Allahın sənə kömək etməsi üçün bu duanı hər gün oxu. Allahım, qəlbimə elə bir insan qoy ki, o insan Sənin də sevdiyin olsun. Mənə elə bir insan sevdir ki, o insanın qəlbi Səninlə maraqlanan bir məbəd olsun. Allahım, məni elə bir insanla qarşılaşdır ki, məndən öncə onunla Sən qarşılaşmış olasan. Onunla əl-ələ tutanda ikimizin də üstündə Sənin əlin olsun. Mənə elə gözlər göstər ki, mən o gözlərdən Sənə baxım. Mənə elə bir sevgili ver ki, onun gözləri cənnətə açılan iki pəncərə olsun. Onunla elə bir yolda gəzim ki, bizim yol göstərənimiz Sən olasan. Mənə elə bir sevgili ver ki, onu qucaqlayanda bütün kainat bizə baxıb bir-birini qucaqlasın. Sevgimiz qurdlarla quzuları barışdırsın. Bizə baxıb şeytan Adəmə səcdə etsin. Günah savab uğrunda özünü fəda etsin. Bizə elə bir sevgi ver ki, sevgimizdə Hz. Məhəmməd peyğəmbər sevilsin. Bir-birimizi elə sevək ki, Hz. Xədicə göylərdən bizə baxıb səslənsin və desin ki, bax, ey Allahın Rəsulu onlar bizdə, biz də onlardayıq. Bax ki, sevgimiz yer üzündə bir daha yaşanır. Allahın sevgimizdən necə xoşu gəlibsə onu yer üzündə minlərlə insana yaşadır. Amin..."
   
   Amin sözünə çatanda gözünə həbs olmuş damcılar kağızın üstünə düşdü. Heç kimin bilmədiyi, heç kimin tanımadığı bu biganə insanı ağladan sadəcə bir məktub və o məktubda yazılan dua idi. O bu duanı oxudu və oxuduqca anladı ki, bu dua gələcəkdəki minlərlə sevgilini biri-birinə qovuşduracaq dua olacaq. Dəftərini açıb bir-iki cızma qara elədi. Ora nələrsə yazdı. Başını masaya söykəyib, gözünü yerə zilləmişdi. Gözü nəyinsə yolunu çəkirdi. Uzaqlara, çox uzaqlara aparmışdı gözləri onu. O özünə söz vermişdi. Heç kimi dəyərliləşdirməyəcəyinə. Bir məktuba məğlub ola bilməzdi. Bir məktub ona bu qədər təsirli gəlməməliydi. Heç nə onun vecinə deyildi. Ətrafında baş verən hər şeydən xəbərdar idi. Şəhərin bütün pis işlərindən xəbərdar idi. 18 yaşına çatmamış qızların satılmağından tutmuş lotoreya adıynan insanları aldadıb boş ümidlər paylayan yalançılara qədər. Pulun hər insanı dəyişə biləcəyindən. Pul ilə alınmış sürücülük vəsiqələrindən. Bu özbaşınalığın səbəb olduğu minlərlə gəncin ölümündən. Televiziya kanallarının insanları boşlaşdırmağından. O, elə bunlara görə nifrət edirdi. Ətraf mühitə, insanlara, maddiyata, çoxluğa. Onun xəyallarında nələrin gizləndiyini bilmirdi heç kim. Ancaq bir məktub onu azacıq da olsa tanımağımıza kömək oldu. İnsan oxuduqca öyrənir amma dərk etmir. İnsan oxuduğunu yaşadıqca dərk edir. Başqa həyatların da bizə öyrətmək istədikləri var. Sadəcə başımızı qaldıraq və gözümüzün ucu ilə də olsa baxıb öyrənməyə və eyni səhvləri təkrarlamamağa çalışaq. Bizim qəhrəmanın həyatı hələ bizə çox şey öyrədəcək.
   
   

TƏQVİM / ARXİV