Mən belə dünyanın...

ƏBÜLFƏT MƏDƏTOĞLU
26988 | 2009-12-19 02:04
Bir neçə gündür ki, həkimlərin sözünə qulaq asmıram. Daha doğrusu, yazdıqları dərmanları büküb qoymuşam bir küncə. Evdə özümü elə göstərirəm ki, guya həkim təyinatına vaxtlı-vaxtında əməl edirəm. Amma daha gizlətməyin yeri deyil. İnamım qalmayıb həkimlərə. Ovuc-ovuc dərmanları oğul-uşağın boğazından kəsib, xərclədiyim pulların hesabına alıb doldururam mədəmə. Amma heç bir faydası yoxdur. Elə ağrılar öz işindədir. Necə deyərlər, dəyirman öz bildiyini edir...
   
   İki gün öncə anamın ayağındakı gipsi açdılar. Yaşının bu ahıl çağında yıxılıb sındırdığı ayağını iki aydan çox gipsdə saxladılar həkimlər. Və təsəvvür edin ki, yaşlı bir insan, üstəlik ürəyi dağlı və səbrsiz bir ana bu iki ayda nələr çəkdi, həm də yaxşı mənada da çəkdirdi. Onun ağrılarının ətrafında olanlar da onunla birlikdə yaşadılar. Gipsin açılmasına anam qədər bizlər də sevindik. Əl ağacına söykənib bir neçə addım atandan sonra ağacı bir kənara tulladı, nəvəsinin qolundan tutdu:
   
   - Elə mənim ən yaxşı əl ağacım da, güvəncim də bu nəvələrdi- dedi.
   
   Dediklərinə özü də kövrəldi, biz də. Ana ürəyidi də... Bəlkə elə bu sözlərlə özünə də təsəlli verirdi, bizə də, nə bilim... Açığı son vaxtlar tez-tez düşünürəm atamı...anamı...uşaqlarımı... Bəlkə də bunun da bir səbəbi daha tez-tez ağrımağım, daha tez-tez həkimlərə üz tutmağımdı. Çünki evdəkilərin dilindən bir-birlərinə pıçıldayanda bir söz eşitdim:
   
   - Deyəsən atam möhkəm qorxur ha, ağrıyanda...
   
   Bu sözlər məni bir balaca silkələdi. Evdəkiləri necə narahat etdiyimi anladım. Amma onların da dediyində az-maz həqiqət olduğunu da hiss etdim. Nə isə...
   
   Mən özümü anlayandan həmişə özümə hesabat verməyə çalışmışam və həyatım boyu da insanın ən naqis cəhəti kimi əyilməyi, əl açmağı sayıb, ondan qaçmağa çalışmışam. Hətta sevgidə də əl açmamışam, sevgini də dilənməmişəm. Ağrıya da könül vermişəm, sevgiyə də. İkisinin yükünü çəkəndə də "belə məsləhətdi" demişəm və yazmışam:
   
   
   
   qəm üstündə köklənib
   
   göynəyir sinəm mənim
   
   için-için kövrəlib
   
   önündə dinəmmədim...
   
   
   
   yar mənə küskün baxdı
   
   başımdan tüstüm qalxdı
   
   bu Allah verən baxtdı
   
   mən onu dilənmədim!..
   
   
   
   sıxdıqca məni aləm
   
   könül qırmadı qələm
   
   fikrimi eyləyib cəm -
   
   dodaq, nə dil əmmədim...
   
   
   
   ***
   
   
   
   Bu günlərdə Vahid Əlifoğlu özünəməxsus bir şəkildə telefonda mənə dedi ki, "bəsdi ah-uf elədin. Onsuz da ələyin ələnib. Təzədən o illərə qayıtmağın mümkün deyil. Bu günün ətəyindən yapış". Ardınca da əlavə elədi ki, hardan alım Tuğun havasını, tut arağını, bir də çəllək turşusunu. Para təndir çörəyi ilə iştahanı açasan. Ondan sonra görüm ağrıdan gileylənirsən, yoxsa yox...
   
   Təbii ki, bu Vahid Əlifoğlunun mənə verdiyi özünəməxsus təsəllisi idi. Və mən də bunu çox səmimi qəbul edib dedim ki, inşallah, o yerlərə qayıdıb dediklərini reallığa çevirərik. Və bununla da hiss etdim ki, bir anlıq susan Vahid Əlifoğlu ürəyində mənim dediklərimə qımışdı. Amma biruzə vermədi. Elə mən də özümün bu arzuma sonradan bir balaca qımışası oldum. Çünki reallıq ayrı şeydi, arzu tamam ayrı... Axı dünyada baş verənlər mənim arzumu İran saqqızı kimi çəkib uzadır. Və mən də özüm-özümü bu arzularla aldadıram. Guya ki, çoxbilmişəm.
   
   Hər gün telekanalların hava haqqında verdikləri proqnozları dinlədikcə gözümün qabağına gətirirəm arzusunda olduğum o yerləri. Və verilən məlumatlardan da təxmin edirəm ki, həqiqətən də indi oralarda qar dizə çıxıb və qar altında təkcə xəzəl yox, həm də xəzəllərin gizlətdiyi saysız-hesabsız mer-meyvə tökülüb qalıb. Güllələrin səsindən perik düşən meşə quşlarının yuvalarını da, izlərini də yəqin qar basıbdı. Elə mənim ata yurdumu, doğulduğum ocağı qar basdığı kimi. Yaxşı ki, ürəyimdəkiləri kağıza köçürə bilirəm. Yoxsa gözümün önünə gətirdiyim o mənzərə ürəyimi vurub partladar. Nə qədər güclü olursan ol, ürəyini boşlada bilməyəndə, həmsöhbət tapmayanda ya dərd adamı yıxır, ya da əlindən tutub heç kimin qayıtmadığı yerə aparır. Bu da bütün yolların bitdiyi yerdi:
   
   
   
   gözümdən başlayan yol
   
   gözümdə bitir elə...
   
   gözümün axtardığı
   
   gözümdə itir elə...
   
   
   
   gözümün göz aynası
   
   əks etdirir gözünü.
   
   ay gözümün yaylası,
   
   gözümdə gəz özünü!
   
   
   
   gözümə gözün hərdən
   
   qoy hopub, gözüm olsun.
   
   qorusun bizi şərdən-
   
   adı da dözüm olsun!..
   
   
   
   Bəli, bütün yolların başlanğıcı kimi sonu da var. Kimi ora çaparaq gedir, kimini də çəkib aparırlar...
   
   
   
   ***
   
   
   
   Yazılan hər ifadə, dilə gətirilən hər bir söz həm təsəllidi, həm tövsiyədi, həm də disskusiya üçün ip ucudu. Bu mənada baş verən istənilən hadisəyə sükutla münasibət bildirməyin özü də əslində danışmaq, söz söyləməkdi. Sadəcə o dediyini, danışdığını, söylədiyini bir özün eşidirsən, bir də Tanrı. Qarşı tərəf anlayışlı olsa, baxışlarından, üz cizgilərindən, jestlərindən nəyisə oxuya bilər. Amma vay o günə ki, anlayışlı olmayan və olmaq istəməyən sənin sükutuna kobud bir reaksiya versin. Səndən danışmağı, dillənməyi, dilinin qıfılını götürməyi tələb etsin. Bax, onda sükutunla dediyini dilinlə söyləyəndə tam eyniyyət olmayacaq. Mütləq hardasa, nədəsə bir fərq duyulacaq. Çünki içimdəki sükutla söylədiklərimi bəzəməyə və yaxud ütüləməyə ehtiyac yoxdu. Amma dilə gətirəndə ən azı etik qaydalara görə mütləq müəyyən etikertlərə əməl etməli olursan. Bu mənada mənim yazdıqlarım ürəyimdə olanların, yaşadıqlarımın bir növ, kağıza köçürülən variantıdır. Burada az-maz ütü var. O da bədii ütüdür, oxucu yormamaq üçün, yazı dilini əziyyətə salmamaq üçün ondan istifadə edirəm. Və mən çox yaxşı bilirəm ki, bu ovqat yazılarım kimlərinsə ürəyincə deyil. lap ola bilsin ki, hətta kimlərisə bezdirib, usandırıb. Amma neyləyək ki, ovqat yazılarında ovqatımı yazmaq mənim üçün daha xoşdur. Yəqin bunu anlayışlı oxucularım qəbul edib,dəyərləndirib üzrxahlığımı nəzərə alarlar...
   
   Bəli, Allah öz bəndələrinə nəyi nə qədər verəcəyini heç vaxt soruşmur və bildirmir. Deməli, hamı kimi mənim də yaşadıqlarım Allahımın ətasıdır və tez-tez yadıma düşən bir deyimə güvənsəm onda deməliyəm ki, Allah kimə nəyi, necə və nə qədər verməyi daha gözəl bilir. Və bir də ağrı-acı, dərd, qəm dağa-daşa yox, insana veriləsi paydı. Deməli, bütün çəkdiklərim mənim Tanrı payım, qismətimdi. O cümlədən də doğmalarla bağlı, sevdiklərimlə əlaqəli yaşantılarım da o payın, o qismətin bir hissəsidir. Şükür ki, bu qismət var. Elə o şükür duaları içərisində də demək istəyirəm:
   
   
   
   məni
   
   mənsiz qoymaq
   
   günahdı vallah
   
   bir az
   
   insaf gəzdir
   
   sən ürəyində!
   
   çəkdiyim həsrətə
   
   şahiddi Allah-
   
   duyarsan,
   
   varamsa, mən ürəyində!
   
   saat əqrəbindən
   
   asılıb qalır
   
   gözlərim, ürəyim
   
   ruhum, həyatım.
   
   sanki bir bucağa
   
   qısılıb qalıb-
   
   yaşamaq həvəsim,
   
   sevmək inadım!
   
   dözümsüz olmaqda
   
   qınama məni
   
   sevməyin ləzzəti ağlımı alıb.
   
   sən Allah,
   
   həsrətlə sınama məni-
   
   yoxsa, ölməyimə bir addım qalıb!..
   
   
   
   Hə, mənim məsləhət vermək haqqım olmasa da, amma ürəyimə gəlib, deyəcəm:
   
   - Çalışın, ağlınızla ürəyiniz dil tapsın. Və bir də çalışın ki, qismətdən gileylənməyəsiniz, onsuz da heç nə dəyişməyəcək...

TƏQVİM / ARXİV