adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Musiqinin anasıdır muğamat

1357 | 2015-03-04 08:43
Adil HƏSƏNOĞLU

GƏLDİ

O dağlardan bu dağlara
Bir ruzigar əsdi gəldi.
Söz çatmayan qulaqlara
Bu nə ündü, səsdi gəldi?

Leyli üçün Məcnunqədəm,
Xəyyam üçün şirin badə,
Həvva üçün yenə Adəm,
Kərəm üçün Əsli gəldi.

Bu atəşlər, odlar üçün
Bu ünvansız adlar üçün,
Busə getdi yadlar üçün,
Adil üçün "Bəsdi"- gəldi


ŞƏLALƏ

Balaca damlaydı, sevdi, sevildi,
Sel oldu, düzləri basdı şəlalə.
Sonda sevdiyindən xəyanət görüb,
Özünü qayadan asdı şəlalə.


İnciyir

Dünya əzəldən belədir,
Gecə gündüzdən inciyir.
Dumanlar dəli dağlardan,
Lalələr düzdən inciyir.

Arılar - şandan, pətəkdən,
Ocaqlar - oddan, kötükdən,
İlxılar - otdan, kəpəkdən
Adamlar- sözdən inciyir.

Boranlı qış - güllü yazdan,
Qırıq mizrab - telli sazdan,
Gözəllər- işvədən, nazdan,
Adil də - "Döz"dən inciyir.

MUĞAMAT

Arazda naləmdir, Kürdə sevincim,
Şah Xəzərin laylasıdır muğamat.
Ürəklər odlayan min söz, min incim,
Füzulimin dünyasıdır muğamat.

"Sona bülbüllər"in ahı, naləsi,
Qarabağ Xanının qəm şikəstəsi,
Davudun cənnətdən yüksələn səsi,
Peyğəmbərin sədasıdır muğamat.

Fərhadın Şirinə dağlar yarması,
Məcnunun səhraya həmdəm olması,
Sənanın məst olub, dinin danması,
Məhəbbətin bəlasıdır muğamat.

"Vağzalı" çalınar, gəlinim gələr,
"Yallı"mda igidlər səf-səf düzülər,
Adilin eşqidir, qananlar bilər,
Musiqinin anasıdır muğamat.


Duman,salamat qal

Dostum Nüsrət Məmmədova

"Duman, salamat qal" oxuma,qardaş,
Dağlar xəyanətdən yaralanıbdı,
Şəmşir ocağında qalmayib bir daş,
Məzarı dörd yerə paralanıbdı.

Mərsiyə söyləyir nənəm Natəvan,
Şuşa şüşə kimi cilik - cilikdir.
Hələ ki, zəncirin buraxıb İvan,
Levonun evində qələbəlikdir.

Tərlan oylağında ayağı şərin,
Laçının köksünü güllələr deşib.
Tüfəngi paslanan Soltan bəylərin,
Ruhu qayalarda didərginləşib.

Əyin zirvələri duman, çən deyil,
Viranə evlərdən qalxan tüstüdür.
Boz atlar Nəbini yetirən deyil,
Qubadlıda qalan quru büstüdür.

Üzəngi basmayan, at tanımayan,
Ağdamı düzləyib, at çapır indi.
"Sona bülbüllər"i ağlayır yaman,
Bəm səsi Arifin, zil Qədirindi.

Babək qılıncının pöhrələrindən,
Cücərən cinarlar indi əsirdi.
Zəngilan deyilən türk ellərindən
Qalan bir həsir, bir Məmmədnəsirdi.

Füzuli ağlayır "Zabul" gözündə
İtirib gözəllər şux yaraşığın.
Cəbrayılın Maral yanan düzündə,
Sazından qan sızır Sarı aşığın.

"Bəlkə bu yerlərə bir də dönmədim",
Söyləyib ruhları silkələmə sən.
Bəlkə, əcəl qapdı, mən dönəmmədim,
Oğlum dönəcəkdir, sən dönəcəksən!


Ana

Sığınıb köksünə məsum körpələr,
Şirin nağıllara qulaq asarlar.
Onlar isinməzlər bəlkə bu qədər,
Günəşin ozünü qucaqlasalar.


ÖMÜR - PİLLƏKƏN

Tanrımın payıdır ömür - pilləkən,
Gedirəm hardasa qırılacaqdır.
Salamat yerindən, möhkəm yerindən,
Sonuma bir tabut qurulacaqdır.

Bəlkə də çatacaq, çatmasa belə,
Məni ağ günümlə bürüyəcəklər.
Qalan günlərimin qarası ilə,
Məzar-otağımı hörüyəcəklər.

İsti göz yaşları, həlim kədərlər,
Torpağa qovuşub soyuyacaqdır.
Pilləkən axtaran başqa bəxtəvər,
İştahla tabuta göz qoyacaqdır.

TƏQVİM / ARXİV