adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
04 Mart 2015 12:50
7547
MƏMLƏKƏT
A- A+

TQDK ilə Bilik Fondu raziliğa gəldilər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında saziş imzalanıb. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, iki qurum arasında bağlanan saziş ölkə əhalisinin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət göstərilməsi, müştərək layihələrin icra edilməsinin təmin edilməsi və informasiya mübadiləsinin həyata keçirilməsi sahəsində birgə əməkdaşlığı nəzərdə tutub.

Sazişdə qeyd olunur ki, bundan sonra hər iki qurum ölkə əhalisinin elmi biliklərin müxtəlif istiqamətləri üzrə maarifləndirilməsi məqsədilə təşkilati və təbliğat xarakterli tədbirlərin həyata keçirilməsi, azərbaycançılıq məfkurəsinin mahiyyətinin, milli-mənəvi, hüquqi və dini dəyərlərin ölkə ərazisində və xarici ölkələrdə təbliği, orta, ali, texniki peşə təhsili müəssisələrində gənclərin hüquqi maarifləndirilmələrinin, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnmələrinin, şəxsiyyət kimi formalaşmalarının təmin edilməsi istiqamətində mühazirə və təlimlərin təşkil edilməsində qarşılıqlı fəaliyyət göstərəcək.

Saziş həmçinin yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin, ətraf mühitin mühafizəsinin təbliğ olunmasını, Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsi və tanıdılması istiqamətində tədbirlərin təşkil edilməsini, ən qabaqcıl məktəblərin təcrübəsinin regionlarda yayılmasını, abituriyentlərə peşə və ixtisas seçimində yardımçı olmaq məqsədilə maarifləndirici tədbirlərin keçirilməsini, fiziki cəhətdən qüsurlu olan gənclər arasında maarifləndirmə tədbirlərinin təşkil edilməsini, birgə nəşrlərin hazırlanıb çap edilməsini, kitabçalar, broşürlər və analitik materialların hazırlanmasının, nəşrinin və yayılmasının təmin olunmasını, ali məktəblərə qəbul olunmaq istəyən abituriyentlərin müxtəlif fənlər üzrə hazırlığının təmin edilməsi ilə bağlı birgə tədbirlərin keçirilməsini və digər sahələri əhatə edir.