adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

SOYMAQ, SOYUNDURMAQ SÖZLƏRiNiN KÖKü SOY DEYiLMiŞ

OQTAY SALAMOV
20900 | 2009-12-19 02:03
Soyurlar, soyundururlar. Kimini zorla, kimini zorsuz, bəziləri də özxoşuna, könüllü soyunurlar, soyulurlar. Təkcə bizdə yox, dünyanın hər yerində soyub soyundururlar. Hələ bir çoxları soyunmaqla pul da qazanırlar. Elə bizdə də. Amma zorla soyunub soyulmaq adama yaman çöçün gəlir. A kişiliər, o gün amerikan polisləri özlərinin məşhur müğənniləri Rihannanı aeroportda soyunmağa məcbur eləyiblər. O boyda Amerikada belə özbaşınalıq olar? Düzdü, Rihanna da dikbaşlıq eləyib, amma gərək polislər elə eləməyəydi. Bizim orta səviyyəli müğənnini də polisimiz camaatın gözü qabağında soyundurmaz da, heç soymaz da. Bunun üçün yer azdı?..
   
   
   
   Deyir məşhur müğənni Rihanna aeroportda əməlli-başlı ilişibmiş. Bu yaxınlarda Los-Ancelesdə öz albomu üçün yarımçılpaq şəkildə pozalar verən xanım aeroportda içəri keçmək istəyərkən aparat siqnal verib. Polis ondan soyunmağı xahiş eləyib. Rihanna qəti etiraz eləyib. Denən polisə də etiraz eləyərlər, özü də amerikan polisinə? Zorla soyundurublar, daha doğrusu, məcbur eləyiblər ki, üst paltarını soyunsun. Qanacaqlı polis olub, istəsə lar lüt də soyundurardı. Demokratiya deyil?..
   
   Könüllü soyunanlardan biri də Britni Spirs olub. Soyunmaq deyəndə o soyunmayıb, sadəcə olaraq geyinməyi unudub. Belə ki, naməlum fanatlarından biri Britniyə 50-cə min dollarlıq (bizim bir çox oğlanlar ürəklə "ayıb olsun" deyə bilər) BMW bağışlayır. Maşın xanımın o qədər xoşuna gəlir ki, təcili sükan arxasına keçmək istəyir. O qədər tələsir ki, əlinə keçən köynəyi əyninə keçirərərək maşının yanına qaçır və altdan büsqalter geyinməyi də unudur. Paparatsi fotoqraflar belə momenti əldən buraxar? Bəlkə də Britni bunu elə qəsdən eləyib, axı göstərmək üçün doğrudan da bir şey var. Amma o dəqiqə fikirləşməyin ki, fanatını hədiyyəsinə görə onun ağuşundan çıxdığı üçün tələsib. Yox, fanatı heç onu görməyib də, sadəcə olaraq maşının üstünə bir "zapiska" qoyub ki, bu xanımın 28 yaşına bir hədiyyədir. Axı o biri keçən həftə Britni Spirsin 28 yaşı tamam oldu...
   
   Fiziki soyunmadan, yəni məcazi çılpaqlıqdan pul qazananlar da var. Məsələn, ana olmağa hazırlaşan tanınmış türk modeli Dəniz Akkayanın hələ dünyaya gəlməyən övladına reklam çarxına çəkilmək təklifi gəlib. Təklif uşaq bezi istehsalı ilə məşğul olan şirkətlərdən biri tərəfindən edilib. Modelə övladı ilə birgə cəmi bir neçə saniyəlik reklam üçün təklif edilən məbləğ isə rekord həddədir - 700 min dollar.
   
   Hələlik ABŞ-da olan Akkaya təklifə cavab verməyib. Allah bilir, bəlkə də qiymətlə razılaşmayıb. Babal yumayaq...
   
   Soyunmaqdan keçək soymağa və soyulmağa. Bu günlərdə dünyanın ən bahalı şəhərlərinin siyahısı dərc olunmuşdu. O qədər sevindim ki, bu dəfə Bakının adına rast gəlmədim. Ya bu siyahını tərtib eləyən "Price Runner" şirkətinin (Britaniya) bizdən xəbəri yoxdur, ya da bəlkə elə doğrudan da Bakı bahalıq üzrə siyahıda olan 33 şəhər arasında yoxdur. Təki ikincisi düz olsun. Nə isə, dünyanın ən cibsoyan, yəni bahalı şəhəri adı rusca bir heyvanın adını xatırladan Oslodur, Norveçin paytaxtı. Deyir burada qiymətlər başqa ölkələrin paytaxtları ilə müqayisədə 35 faiz bahadır. Sonra Danimarkanın paytaxtı Kopenhagen gəlir. Rusiyanın paytaxtı Moskva 17-ci sıradadır. Nəyə görəsə Türkiyənin İstanbulunu da paytaxt sayıblar və onu 18-ci göstəriblər. Bahalıq üzrə 33-gü yeri Mumbay tutur. Burada qiymətlər o birilərinə nisbətən 30 faiz ucuzdur...
   
   Cib soymaqla ad çıxaran şeylərdən biri də qida məhsullarıdı. Bir siyahıya rast gəldim, bəzi maraqlı şeylərlə qarşılaşdım. Deyir, dünyanın ən bahalı qəhvəsi, Cənub Şərqi və Cənubi Asiyadadır. Çində yaşayan "Asya Palm Civet" adlı məməli bir heyvanın idrarından hazırlanır. Belə ki, pişik boyda olan heyvana qəhvə dənələri yedirilir. Onun idrarından isə qəhvə alınır. Ancaq narahat olmağa dəyməz. Çünki bu bahalı qəhvəni yalnız qeyri-adiliyi sevənlər dadır. Qeyd eləyim ki, bu məlumatı oxuyanacan mən idrar sözünü bilmirdim, məncə ona ən mədəni halda nəcis deyirlər. Nə isə, kim yeyirsə ...malades!..
   
   Dünyanın ən bahalı pivəsi isə"Vielle Bon Secours"dur. Bu pivə yalnız Londondakı "Bierdrome" adlı barda satılır. İçkidən dadmaq üçün isə min dollara yaxın pul xərcləməlisiniz.
   
   ...Maral südündən hazırlanan pendirin 450 qramı 500 dollardır. Onun bu qədər baha olmasının səbəbi isə yalnız İsveçrədə yerləşən maral fermasında hazırlanmasıdır. Bu heyvanların südü yalnız may və sentyabr aylarında sağılır. Bir maralı sağmaq iki saat çəkir.
   
   Ağ yer göbələyi sadəcə göbələklər arasında deyil, həm də bütün yeməklər arasında ən bahalı hesab edilir. Göbələyin qiyməti brilliantdan fərqli deyil. Nadir tapılan bu qidanın 450 qramı 4 min 500 dolaradır.
   
   Bir az da özümüzdən danışaq. Bu dəfəki xəbərdə deyəsən diplomatlarımızı soyuruq. Yazını oxuyan bir çoxu deyəcək ki, kaş bizi belə soyaydılar.Xəbər təxminən belədi,nöqtəsinə, vergülünə dəymirəm: Bu il dövlət büdcəsindən Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin saxlanılması məqsədilə nəzərdə tutulmuş vəsaitin miqdarı 52 mln. manatdan 50,5 mln. manata endirilib.
   
   "APA-Economics"in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Vaqif Sadıqov Milli Məclisdə Azərbaycanın 2010-cu il dövlət büdcəsinin layihəsinin müzakirəsində bildirib.
   
   V.Sadıqovun sözlərinə görə, gələn ilin büdcəsində diplomatik nümayəndəliklərin saxlanılması üçün büdcədə 51 mln. manat nəzərdə tutulur. Nazir müavininin sözlərinə görə, vəsaitin azaldılması diplomatik nümayəndəliklər üçün avtonəqliyyat vasitələrinin alınması proqramının təxirə salınması ilə bağlıdır. Nazir müavini diplomatik nümayəndəliklərin saxlanması ilə bağlı büdcədən vəsaitin artırılmasının vacib olduğunu vurğulayıb. Nazir müavini bildirib ki, hazırda Azərbaycanın xaricdə 50 səfirliyi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 8 konsulluğu, 2 ölkədə səfirliklərin nümayəndəlikləri və 3 ölkədə fəxri konsulu fəaliyyət göstərir.
   
   Siz Allahınız, dilxor olmayın, bəlkə deyəcəksiniz ki, Azərbaycandan bircə xəbər yazdı, o da belə, bilmirsən ki, bu yaxşıdı, yoxsa pis. Amma xaricdə diplomatlarımızın avtobusda, trolleybusda gəzməsinə də yaxşı baxmazlar axı... Bir sözlə, çox da fikir çəkməyin, soy sözünün nə soymağa dəxli var, nə də soyunmağa...

TƏQVİM / ARXİV