SüKUTLA SÖHBƏT

ƏBÜLFƏT MƏDƏTOĞLU
34779 | 2009-12-12 01:23
Bu günlərdə telefonuma zəng gəldi. Özünü təqdim etməyən zəng sahibi "Paralel" və "Müxalifət" qəzetlərinin son saylarında çap olunmuş şeirlərimlə bağlı fikirlərini səsləndirdi və hətta dolayısı ilə eyham vurdu ki, yəqin bu qəzetləri evinizə aparmısınız. Yoxsa, o cür sevgi şeirlərini aparıb evdə dilxorçuluq yarada bilərsiniz.
   
   Təbii ki, oxucuya diqqətinə görə təşəkkürümü bildirdim, amma onun dedikləri bütün səmimiyyətimlə deyim ki, mənə çatmadı. Çünki mənim aləmimdə şeir bir növü Tanrı pıçıltısıdır. Göz görür, könül duyğulanır və gördüyünlə duyduqların qol-qola girib üz tutur Tanrı dərgahına tərəf. Çünki o dərgahda bir Söz ocağı, Söz qibləsi var və Tanrı dərgahına çatan həmin o "müsafirlər" orda sözə çevrilib yenidən qayıdırlar Yer üzünə. İnsanların qapılarını döyüb könüllərini xoş edirlər. Təbii ki, həmin proses səmimiyyətdən, bütünlüklə yaşantılardan ibarət olanda hər kəsə xoş gəlir. bax, onda oxucu sözə, şeirə inanır, onu özününkü hesab edir.
   
   Mən də oxucunun dediklərini həmin o inanılan söz olduğunu düşündüyüm üçün şeirlərimi dostlarımdan, ailəmdən, çevrəmdən heç vaxt gizlətməmişəm. Və onların içərisində kimlərinsə diqqətini çəkən, yaddaşında qalan, hətta müəyyən məqamlarda dilə gətirilənlərin də şahidi olmuşam. Bu da mənə həm inam, həm də bir təşərlik, güvənc gətiribdi. Özüm özümdən ruhlanmışam, ilhamlanmışam. Bir sözlə, yazdığım şeirlərin qəhrəmanları işlədiym yerdə də var, şəhərimizdə də, kəndimizdə də, evimizdə də.
   
   Qayıdaq sükuta...
   
   ... Özümün özümə hesabat verdiyim məqamdı sükut... özümün özümü dara çəkdiyim məqamdı sükut... özümün özümü cəzalandırdığım məqamdı sükut... özümün özümə yol axtardığım məqamdı sükut... özümdən özümə gedən yoldu sükut...
   
    Bütün bu hallarda mən sükuta güvənib, sükutdan dəstək alıb, sükutun ətəyindən tutub kağızla qələmi görüşdürürəm və yazıram:
   
   
   
   bir sükut var...
   
   ağır sükut
   
   asılıb otağımın tavanından
   
   bu ağırlıq
   
   caynağında
   
   elə bil ki,
   
   soyuluram
   
   ayağımdan,
   
   dabanımdan...
   
   nə ağrımı duyan olur-
   
   nə də görüb
   
   sarımağı təklif edən...
   
   çalışıram,
   
   vuruşuram
   
   bacarmıram
   
   bu sükutu özüm kimi
   
   dəli edəm!-
   
   qoşulub sükuta gedəm-
   
   bəlkə dil tapaq...
   
   
   
   ***
   
   
   
   İnsan hərəkətdə olanda daha tez diqqət çəkir, gözə görünür, varlığından-yoxluğundan xəbər tutulur. Lakin indi zaman elə gəlib ki, heç gözə görünmədən də, ortalıqda dolaşmadan da diqqətdə qalmaq mümkündür. Bunun da yolları müxtəlifdir. Həmin yollardan biri də internetdi. Oturursan evində, ürəyindən keçəni, ağlına gələni köçürürsən kompüterin səhifələrinə və internet vasitəsilə də ünvanlayırsan saytlara, mətbuat orqanlarına. Əgər maraqlı alınsa, mütləq oxucu tapacaq və həmin oxucu da sənin varlığına, ortalıqda olduğuna o yazıların kimi inanacaq. Sən də elə internet vasitəsilə oxucu tapdığını istədiyin məqamda öyrənib biləcəksən. Daha soruşmağa da ehtiyac qalmayacaq. Bunlar çox gözəldir... Amma...
   
   Əmma burasındadı ki, bu üsulla adamların öz oxucusu ilə göz-gözə qalmaq imkanı aradan qaldırılır. Sanki televiziya seyr eləyirsən. Sənin yazdıqların kiminsə kompüterinin ekranında görünür, amma sən özün cismən orda olmursan. Səni oxuyanın suallarına cavab verə bilmirsən, iradlarını eşitmirsən, bunlar üçün də hövsələli oxucunun sənə ünvanlanan məktubları olmalıdır. İndi isə bu cür oxucular demək olar ki, çox azalıbdır. Səbəbləri də məlumdur, onları sadalamağa ehtiyac yoxdur. Bax, bu məqamda yenə söz fırlanıb gəlir SÜKÜTÜN üstünə. Sən sükut içində oxucunun nə düşündüklərini fəhm etməyə çalışırsan. Və bir də onda xəbər tutursan ki, bir gün də ölüb getdi. Həftə tamamlandı, ay başa çatdı və Sükutun mənə dedikləri kağıza köçdü:
   
   
   
   bir gün də öldü belə
   
   öldü, göz görə-görə,
   
   günü də böldü belə-
   
   böldü, göz görə-görə.
   
   
   
   nə ölən mənilik oldu
   
   eh, nə də ki, bölünən
   
   sonu dumanlı yoldu-
   
   o uzaqda görünən...
   
   
   
   bir günün ölümündə
   
   bir həsrətin əli var...
   
   məni qınayan olsa-
   
   səndə də günah tapar!..
   
   
   
   ***
   
   
   
   Nəşriyyatın 6-cı mərtəbəsindəki yaradıcı mühit bəlkə də çoxlarına o qədər də yapışmır. Çünki, burada nə böyük təmtəraq, nə bərbəzəkli otaqlar var, nə də ki, gərgin disskusiyalar cərəyan eləmir. Hər kəs başını salıb aşağı öz işi ilə, öz yazı-pozusu ilə, öz qayğıları ilə məşğuldur. İstənilən otağın qapısını açıb içəri daxil olsan mütləq stolların üzərində bir səliqəsizliyin şahidi olacaqsan. Qəzetlər, kağız-qələmlər, kompüterlər, kəsəsi yaradıcıya lazım olan hər şey ortalıqdadı. Və hər kəs də istifadə etdiyi bu özəllikləri o qədər adi qarşılayır, o qədər ona adi münasibət bəsləyir ki, kənardan baxanlar qəzetin bu cür mühitdə ortaya çıxdığına yəqin şübhə ilə yanaşırlar. Amma, əsl həqiqət budur ki, həmin otaqlarda isti ürək sahibləri öz ürəklərini məhz o adi münasibət bəslədikləri vasitələrin köməkliyi ilə oxucuya açırlar. Oxucu isə oturub yol gözləyir. O yolu ki, həmin yolla onun ünvanına isti, düşündürücü sözlər, fikirlər üz tutub gəlirlər. Məhz həmin anda da özünə həmfikir, həmsöhbət tapan oxucu məmnun qalır. Məşhur filmlərin birində deyildiyini improvizə etsək "oxucuya xoş olanda müəllifə də xoş olur".
   
   Mən də məhz elə oxucu üçün xoş olsun deyə SÜKUTUN mənə pıçıldadığı və dörd divar arasında kağıza köçürdüklərimdən birini də yazıma əlavə edirəm:
   
   
   
   bu açılan səhərə -
   
   dan yerinə tut məni...
   
   gözümdə gün doğmasa-
   
   onda, sən unut məni.
   
   
   
   bu sevgiyə pərvanə,
   
   ya da ki, say, şam məni...
   
   gündüz gözlərimi gör-
   
   gecə sayrışan məni...
   
   
   
   bu ömürə ruh, nəfəs
   
   "can" söyləyən dil, dodaq-
   
   say məni, sınsın qəfəs-
   
   qalanları unudaq!..
   
   
   
   ***
   
   
   
   Yazının əvvəlində oxucu ismarıcından danışdım. Elə sonunda da fikrimi redaksiyamızın əməkdaşlarının iradı ilə bitirmək istəyirəm. Onlar da yazılarımda gizli ilham pərisini axtarırlar. Bu da məni sevindirir. Deməli, mən hələ ki, nəsə diqqəti çəkən, maraqlı bir şey yaza bilmişəm. Yoxsa, onlar bu qədər maraq göstərməzdilər. Mən də elə həmin maraqdan çıxış edərək SÜKUTUN mənə ərmağanı olan bir pıçıltıynan yazımı tamamlayıram. Görüm bu yazıdan sonra nələr düşünəcəklər:
   
   
   
   Yaman çox darıxıram
   
   Suda boğulan kimi
   
   Niyə biz görüşmədik
   
   Gülüm, doğulan kimi?!.
   
   
   
   Çox uzaq düşdü yolum
   
   Həyat ver, qoyma solum!
   
   Cənnətdə qonaq olum-
   
   Sənə toxunan kimi!..
   
   
   
   Sən ünvanlı, isimli
   
   Mələk sevdim-tilsimli!
   
   Sarılım qoy, sim-simli
   
   Dua oxunan kimi!..
   
   
   
   Fikirlərinizdə həmişə sərbəstliyə üstünlük verin!.. Elə mənim barəmdə də...

TƏQVİM / ARXİV