adalet.az header logo
  • Bakı 17°C
03 Mart 2015 15:52
6309
TEXNOLOGİYA
A- A+

Azərbaycan Britaniya ilə texnoloji əməkdaşlığı möhkəmləndirir

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarls Hendri, və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri İrfan Sıddıqla görüşüb. 

Adalet.az xəbər verir ki, görüşdə nazir Əli Abbasov qeyd edib ki, son illər Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələrinin daha da yaxşılaşması, Çarls Hendrinin Azərbaycana səfərləri ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradıb. 

Ölkələrimiz arasında informasiya texnologiyaları, peyk sahəsinin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğunu deyən nazir qeyd edib ki, hazırda Azərbaycan bazarında Böyük Britaniyanın bir neçə yeni məsləhətçi şirkəti fəaliyyət göstərir. 

Çarls Hendrinin ölkəmizə səfəri çərçivəsində "Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında” anlaşma memorandumunun imzalanmasını, səfər zamanı əldə edilən uğurları yüksək dəyərləndirən nazir bu sənədin informasiya texnologiyaları, yüksək texnologiyalar sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacağına ümidvar olduğunu deyib. 

Çarls Hendri öz növbəsində memorandumun müştərək əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyini deyib. Peyk sahəsində güclü təcrübəyə malik olduqlarını vurğulayan Ç. Hendri diqqətə çatdırıb ki, "Inmarsat” peyk şirkəti Azərbaycanla bu sahədə maraqlıdır və ümid edirəm ki, bu təcrübədən Azərbaycanda da istifadə etmək mümkün olacaq. 

Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarls Hendri "Bakutel” – Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransında Böyük Britaniyanın 7 şirkətinin iştirak etdiyini və növbəti sərgilərə daha çox şirkətlərin qatılacağına ümidvar olduğunu deyib. 

Görüşdə qarşılıqlı maraq doğuran digər sahələr ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə edilib.