adalet.az header logo
  • Bakı 20°C

HARDA MüSƏLMAN GÖRüRƏM...

OQTAY SALAMOV
30846 | 2009-12-12 01:23
Heç nə dəyişilməyib. Mirzə Ələkbər Sabir yazandan qabaq da, həmin vaxt da, elə indi də müsəlman görəndə xristian və digər dindən olanlarla bərabər elə müsəlmanların özü də qorxmağa davam etməkdədir. Adam mat qalır ki, dünyanın ən mütərəqqi dininin daşıyıcıları nədən bir-birinə belə qənim kəsilir. Qeyri-müsəlmanların bizə qarşı aqressivliyi aydındır, hegemonluqlarına şərik çıxacağımızdan qorxurlar, bəs öz aqressivliyimizi, özü də bir-birimizə qarşı aqressivliyimizi nə ilə izah eləyək?.. Qəzetlərə, internetə, televiziyalara baxırsan, müsəlman dünyasından danışanda elə bil ən qaynar cəbhə xəbərlərini oxuyursan, görürsən. İtalyanlar baş nazirlərinin qalmaqallı boşanmasından, ruslar şirkət başçısının başgicəlləndirici maaşından yazanda görün müsəlmanların hansı işləklərindən yazırlar, göstərirlər. Amma əvvəlcə görək italyanlar və ruslar hansı hoqqadan çıxırlar.
   
   İtaliyanın baş naziri Berluskoninin başı yenə qalmaqaldadır. Bu dəfə işi, siyasəti ilə ilə bağlı deyil, ürək-könül məsələsidi. Görün haqqında nə yazırlar:
   
   
   
   Milyard avroluq boşanma
   
   
   
   İtaliyanın baş naziri həyat yoldaşına külli miqdarda pul ödəməli olacaq.
   
   İtaliyanın baş naziri Silvio Berluskoni qalmaqaldan heç cür yaxa qurtara bilmir. İtaliya kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, baş nazirin 53 yaşlı həyat yoldaşı Veronika Lario 73 yaşlı həyat yoldaşından boşanmaq qərarına gəlib.
   
   Qeyd edək ki, S.Berluskonin xanımı artıq boşanma prosesi ilə əlaqədar vəkillərlə görüşüb. Veronika Larionun hansı məbləğə iddia etdiyi hələ ki, dəqiq məlum deyil. Lakin yayılan məlumatlara görə, Larionun 5 milyard avrodan 8 milyard avroya kimi pul tələb edəcəyi gözlənilir.
   
   Hələ bir xəbər tutun ki, Rusiyanın "Qazprom" şirkətinin rəhbəri bir ildə nə qədər maaş alacaq, xəbərə baxaq:
   
   
   
   "Qazprom"un rəhbəri 5,3 milyon dollar alacaq
   
   
   
   Rusiya kütləvi informasiya vasitələri ölkənin aparıcı şirkətlərindən biri olan "Qazprom"un rəhbərliyinin gəlirlərini hesablamaq fikrinə düşüb. Verilən məlumata görə, şirkətin rəhbəri Aleksey Miller 2008-ci ildəki fəaliyyətinə görə, 5.3 milyon dollar alacaq.
   
   Qeyd edək ki, Millerin alacağı məbləğ "Nornikel"in direktorlar şurasının sədri Aleksadr Voloşinin maaşı ilə müqayisə olunur. O, 2008 ci il üçün çəkdiyi zəhmətə görə 5,5 milyon dollar alıb.
   
   İndi də müsəlman dünyasına baxaq. Belə çıxmasın ki, mən özümüzün ancaq pisini görürəm, qətiyyən belə deyil. Amma, vallah, belə şeyləri oxuyanda adamın ürəyindən qəribə bir sızıltı keçir ki, niyə məhz müsəlmanın belə hoqqaları daha tez gözə girir. Məsələn, siz inanardınız ki: Tacikistan və Özbəkistan prezidentləri yumruqlaşıb
   
   İmaməli Raxmon: "İslam Kərimov Tacikistan əleyhinə mübarizə aparır"
   
   
   
   Tacikistan prezidenti
   
   İmaməli Raxmon qonşu
   
   Özbəkistanla
   
   
   
   qalmaqala səbəb olacaq bir açıqlama verib. "Əvvəllər özbəkistanlı həmkarım İslam Kərimova olduqca hörmətlə yanaşırdım. Lakin sonradan bir çox şeylərin üstü açıldı. Sən demə, bu adam Tacikistan əleyhinə mübarizə aparır və ölkəmizin inkişaf etməsini istəmir. Ölkəmizlə yolları bağlayır, işıqları kəsir", - deyə Raxmon gileylənib.
   
   Özbəkistan prezident ilə ərazi üstündə mübahisələrinə gəlincə isə İ.Raxmon bildirib ki, Səmərqənd və Buxaraya görə Kərimovla dəfələrlə mübahisə edib. "Hətta iki dəfə əlbəyaxa olmuşuq. Bir dəfə bizi Nazarbayev, ikinci dəfə isə Kuçma ayırıb. Sonda ona demişəm ki, Səmərqəndlə Buxaranı onsuz da alacağıq", - deyə Tacikistan prezidenti bildirib.
   
   Hələ başqa bir xəbərə baxın, əsl bizim "Məlikməmməd" nağılını quraşdıranların icadıdı: qardaş qardaşın kəndirini kəsib quyuda saxlayır. Bilmirəm nə qədər düzdü, nə qədər şişirdilib, amma fakt budur ki:
   
   
   
   Türkiyə ilə İrana
   
   ultimatum göndərildi
   
   İraq qonşu ölkələri
   
   xəbərdar edib
   
   
   
   İraq hökuməti Türkiyə və İrana ultimatum göndərib. Belə ki, İraqın Nazirlər Şurasının baş katibi Əli Elak öz hökuməti adından iki dövləti xəbərdar edib. Türkiyənin "ANKA" agentliyinin verdiyi məlumata görə, Bağdad İran və Türkiyə ərazisindən İraq istiqamətinə axan su resurslarının azaldılmasına etiraz edib.
   
   İraqlı məmur bəyan edib ki, əgər Ankara və Tehran İraqa məxsus su resursları ilə oynamağı davam etdirərsə, qarşı tərəf hər iki ölkə ilə münasibətləri donduracaq.
   
   Bir müsəlman variantı da özümüzdən olsun. Xəbəriniz olsun ki:
   
   
   
   1 aydan sonra benzinin
   
   qiyməti qalxacaq
   
   
   
   Sənaye və Energetika Nazirliyi Tarif Şurasına müraciət etmək niyyətindədir
   
   Gələn ilin əvvəlindən Azərbaycanda benzinin qiyməti artırıla bilər. Sənaye və Energetika Nazirliyindən verilən məlumata görə, qurum benzinin qiymətinin artırılması üçün Tarif Şurasına müraciət etmək niyyətindədir.
   
   Nazirlikdə hesab edirlər ki, 3 il əvvəlki qiymət artımından sonra Azərbaycan benzininin qaçaqmalçılıq yolu ilə xaricə daşınmasının qarşısını almaq mümkün olmayıb. Buna görə də, tariflərə yenidən baxılması zərurəti yaranıb və qiymət dəyişikliyi çox güman ki, gələn ay baş tutacaq.
   
   Danışırsan, olursan pis adam, danışmırsan əsəbindən ürəyin partlayır. Ay başınıza dönməyim, o nazirlikdə niyə belə hesab edirsiniz ki, əvvəlki qiymətqaldırma qaçaqmalçılıqla xaricə daşınan benzinin qarşısını almaq mümkün olmayıbsa, çıxış yolu qiyməti qaldırmaqdadır? Bəlkə qaçaqmalçılığın qarşısını almaq üçün daha səmərəli yollar axtarasınız?! Ay adda özümüzünkülər, qaçaqmalçılıqla 100, lap olsun 1000 nəfər məşğul olur, məmləkətdə benzin işlədənlər isə milyonlarladır axı. Heç olmasa adamı ələ salmayın, bəhanənizi inandırıcı seçin. Belə olur ki, Sabir qorxan müsəlmandan indi də xalqın özü qorxur. "Cin görürəm, şeytan görürüm qorxmuram, Harda müsəlman görürəm"... Mən də qorxuram, atam balası, güzgüyə baxanda da qorxuram...

TƏQVİM / ARXİV