adalet.az header logo
  • Bakı 19°C
03 Mart 2015 13:27
15893
ƏDƏBİYYAT
A- A+

Yazıçılar üçün bir gün - Sorğu

Dünyada belə bir qanunauyğunluq var ki, müxtəlif peşələr üçün müəyyən günlər ayrılır. Bəzən formal xarakter daşıyan belə peşə bayramları əhəmiyyətsiz hesab edilsə də, əslində hər bir sahə üçün nəzərdə tutulan xüsüsi günlər həvəsləndirmə, motivasiya baxımından çox vacibdir. Həmçinin həmin peşənin təbliğatı, diqqətlərin bu sahəyə ayrılması üçün bir vasitədir. Yazıçı peşəsinə diqqət də elə ədəbiyyata diqqət deməkdir. Dünyanın mənəviyyatdan çox maddiyata üstünlük verdiyi bir dönəmdə ədəbiyyatın təbliği bir az da özünəqayıdışdır.

Bir günlük xatırlatmanın nə dərəcədə əhəmiyyətli ola biləcəyi qafalarda sual işarəsi yaratsa da, 365 gündən birini həmişə başqalarından yazanlara həsr etmək, lazımdır, hətta vacibdir (şəxsən mən belə düşünürəm – qələm adamı olaraq). Milli və dünya ədəbiyyatının yaranmasında, geniş kütləyə çatdırılmasında, toplumun mədəni, mənəvi, psixoloji düşüncəsinin formalaşmasında böyük xidmətləri olan yazarların bir günün qəhrəmanı olmağa haqqı var!

Gələk bu günün tarixinə -  1921-ci ildə PEN-klub (poets (şair), essayists (oçerkçi) və novelists (roman müəllifi) qeyd olunmağa başlayıb. 1923-cü ildə isə Londonda PEN klubu ilk beynəlxalq konqresi keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək artıq PEN-klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin konqresin iştirakçıları mart ayının 3-ün «Yazıçının Ümumdünya Sülh Günü» elan edilməsi barədə qərar qəbul ediblər. Amma sonralar bu bayram sadəcə, «Yazıçılar günü» adlandırılmağa başlayıb.

Bəs görəsən, Azərbaycan ədibləri üçün bu peşə bayramının əhəmiyyəti nədir? Adalet.az olaraq bəzi qələm sahiblərinin fikirlərini öyrəndik:


"Diqqət, qayğı, təbrik və mükafata hər kəs kimi yazıçının da ehtiyacı var"


Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza - Yazıçı üçün xüsusi günün, bayramın çox böyük əhəmiyyəti olduğunu zənn etmirəm. Amma təbii ki, bu kimi məqamlar yazıçının, şairin həyatında, yaradıcılığında stimul rolunu oynaya bilir. Diqqət, qayğı, təbrik, mükafat və s. amillər var ki, buna hər kəsin ehtiyacı var. Eləcə də yazıçının.  Bilirsiniz ki, Gənc Şairlər Birliyi olaraq biz də hər il iyun ayının 5-i tarıxini - Mikayıl Müşviqin doğum gününü Şairlər Günü elan etmişik. Və artıq 5 ildən çoxdur ki, hər il müxtəlif ölkələrdən gələn tanınmış qonaqlarımızla bu günü təntənə ilə qeyd edirik. Müsbət reaksiyalardan görürük ki, bu gün necə əhəmiyyətli bir günə çevrilməkdədir. Elə buna görə də icazə verin yazıçıların da, şairlərin də təbrik alacaqları bir günləri olsun.


"Yazıçılar onsuz da, bu gün oldu-olmadı sözdə həmrəydirlər"


Ədəbi tənqidçi, tərcüməçi Cavanşir Yusifli - Yazıçılar gününə və ümumən yazıçıların bir yerdə olmasına ehtiyac var. Əgər bunun anlamı və mənası həmrəylikdirsə, şübhəsiz, onların bir yerdə olması indi dünyanı başına götürən neqativ hallara qarşı söz demək, bu sözü vahid iradənin ifadəsi kimi demək ehtiyacını doğurur. Ancaq yazıçılar onsuz da, bu gün oldu-olmadı sözdə həmrəydirlər. "Yazıçı günü" sözünün mənasını mən belə başa düşürəm və bu mənada yazıçının şəri müdafiə etməsini, bu bəs deyilmiş kimi, ona qatılmağı dünyanın bəlkə də, ən çəkilməz dərdlərindəndir. XX və XXI əsrlərdə insanlar, xüsusən də yazıçılar nahaq söz qarşısında susmağın min üsulunu kəşf ediblər. Dünyada ateist olduğuna görə, başqa səbəblərə görə günün günorta vaxtı qətlə yetirilən yazıçılar var. Yazıçının kimliyi və sözü əsas məsələdir. Sülh (Nobel) mükafatı verilən prezidentlər, dövlət başçıları var, insan qırmaqla məşğuldurlar. Bu qəbildən o qədər fakt sadalamaq olar ki, nəticədə və bunların müqabilində yazıçının çox zəif olması anlaşılandır. Hər halda sözü demək və həqiqət bildiyini müdafiə etmək əsas məsələdir.  Bizdə qrupbaz (devizləri: mən baş, sən ayaq!), başqalarına münasibətdə terrorla məşğul olan yazıçılar var, bax, bu da bir problemdir.  Bir sözlə, məsələ çox mürəkkəbdir. Əlac nəyədir? "Yazıçı", "şair" sözünün, anlamının içindəki sadə informasiya düzgün başa düşülməlidir. Məlum fikirdir: şeir bu dünyanın meydanlarından qələbə marşı ilə keçməyəcək, nasir əlində bayraq hansısa paraddan keçməyəcək,  bu, kosmik əhvalatdır, ruh məsələsidir.


"Yazıçılar günü qeyri-qələm adamlarının diqqətini qələm adamlarına cəlb etmək üçündür"


Yazıçı-tərcüməçi, filologiya elmləri namizədi Məti Osmanoğlu - Həmkarların həmrəyliyinə, bu həmrəyliyi yaradan tədbirlərə həmişə ehtiyac var. Təbii ki, bundan ədəbiyyat üçün hər hansı birbaşa əhəmiyyət, fayda, mənffət gözləmək sadəlövhlük olardı.  Dünya Yazıçılar gününü yaradıcı insanlar arasında həmrəylik yaratmaq baxımından əhəmiyyətli hesab edirəm. Amma bu, qələm adamlarının yığışıb bayram qeyd etməsi üçün deyil, dünyanın və qeyri-qələm adamlarının diqqətini qələm adamlarına  cəlb etmək üçün bir vasitədir. Məncə, bundan ədəbi təbliğat kimi istifadə etmək mümkündür. Yəni müxtəlif ədəbi mükafatların verilməsi, kitabların təqdimatı və s. üçün istifadə etmək olar. Dünya Yazıçılar gününü təsis edən Beynəlxalq Pen Klubun başlıca missiyası isə dünyada söz və informasiya mübadiləsi azadlığı prinsiplərinin qorunmasıdır.


"Bu xüsusi gün yazıçı və ya şair olduğunu qələm adamının özünə bir daha xatırladır"


Şairə Həyat Şəmi - Bu cür tarixi günlərin olması ehtiyacdan yaranmır ki... Sadəcə bir tarixi qanunauyğunluqdur. Əgər bu və ya başqa bir müəyyən gün yaranıbsa tarixən, onu qeyd etmək də zərurətdən doğur. Yazıçılar Günümüz mübarək! Bu gün elə qələm adamları üçündür. Yazıçı və ya şair olduğunu bir daha özünə xatırladır. maddi tərəfi olmasa da,  mənəvi zövqü var bu bayramın... Qələm adamı olaraq, yığışıb qeyd etməsək də, tədbirlərlə eyni günə düşərsə xatırlanır.


Şəfiqə Şəfa