adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

REYSDƏN KƏNAR UçUŞ

22383 | 2009-12-12 01:23
2003-cü ilin dekabr ayında Ankarada "Azərbaycan-Türkiyə əlaqələri XXI əsrdə" mövzusunda Forum keçirilirdi. Hər iki xalqın görkəmli ictimai-siyasi xadimləri, millət vəkilləri, tanınmış ziyalılar, diaspor təşkilatları nümayəndələri Türkiyənin paytaxtında bir araya gəlib, qarşıda duran müştərək vəzifələri müzakirə edir, diaspor fəaliyyətini, təbliğat və əks-təbliğat işini zamanın tələbləri səviyyəsinə qaldırmaq, bu sahədə birgə fəaliyyət proqramı hazırlamaq üçün fikir mübadiləsi aparır, əldə edilən təcrübəni dəyərləndirib, yeni mərhələ üçün işgüzar təkliflər, mülahizələr söyləyirdilər. Azərbaycan nümayəndə heyətinin tərkibinə mən də daxil idim. Tədbirin ikinci günü bizim nümayəndələrdən bir neçəsini Prezident Aparatının şöbə müdiri Əli Həsənov, Mədəniyyət naziri Polad Bülbüloğlu, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu, ATV şirkətinin prezidenti Tağı İbrahimovu və bu sətirlərin müəllifini çağdaş Türk dünyasının parlaq simalarından olan Ehsan Doğramaçı yeməyə dəvət etdi. Yemək bir bəhanə idi üz-üzə, göz-gözə oturub söhbət etmək üçün. Xanımı ilə bərabər bizi öz evinin qapısında qarşılayan cənab Doğramaçının məclisində iştirak etmək çox xoş idi. Mən onu doxsanıncı illərdən tanıyırdım. Ayrı-ayrı vaxtlarda bir neçə dəfə görüşüb müsahibə də almışdım. Deməyim odur ki, evinə ilk kəs gəlmirdim. Çayını da ilk dəfə içmirdim. Amma bu ailəyə hər gəlişimdə elə bil qapıdan birinci dəfə içəri qədəm basıram. Bu mühitin özündə mövcud olan abı-hava hər dəfə sənə ilk görüş təəssüratını yaşadır. Mükəmməl təhsil görmüş, dərin ensiklopedik biliyə malik bu nəcib insanla bir araya gəlmək adama böyük zövq və şərəf verməklə yanaşı, şəxsən mənim üçün həm də məktəbdir.
   
   Ehsan Doğramaçının uzun və mənalı ömür sürdüyündən, elm aləmində olduğu kimi, iş həyatında da böyük nəticə və təcrübə sahibi olduğundan danışmağa, məncə gərək yox. Bu dəyərli alimi, nüfuzlu iş adamını hər kəs yaxından tanıyır. Mənim müşahidələrimə və qənaətimə görə, həmin gün masa başındakı qonaqpərvər ev sahibi bütün rəsmi kimliklərini bir kənara qoyub Azərbaycan vurğunu kimi özünü aparırdı. Bəlkə də ömrünün bu ix-tiyar çağında onu belə gümrah saxlayan, iti hafizəsini kortallaşmağa qoymayan təbiətindən gələn səmimiyyəti, sadəliyi, vəfa duyğusu, içindəki xeyirxahlıq nuru idi. Vətəndaşı olduğu məmləkətlə bərabər, Azərbaycanın torpağının suyunu, havasının eyni ucalıqda, doğmalıqda və yaxınlıqda görməsi ilə fərqlənən insanlar üçün Azərbaycanla Türkiyə bir millət iki dövlətdir! Mənim gözümdə Ehsan Doğramaçı həm də sözün əsil mənasında mənəviyyat milyonçusu olması idi.
   
   Söhbət zaman və mövzu baxımından sərhəd bilmirdi. Ev sahibinin əslən gəncəli olduğu, Heydər Əliyevlə böyük dostluğu hamıya məlumdur. O, nədən danışsa da, söz fırlanıb-dolaşıb gəlib çıxırdı Klivlenddə müalicə alan ümummilli liderimizin üstünə. Ehsan bəy unudulmaz görüşləri xatırlamaqla yanaşı, ondan eşitdiyi, öyrəndiyi şeyləri hörmət və minnətdarlıqla dilə gətirirdi. Heydər Əliyevin gələcəklə bağlı düşüncələrinin böyüklüyünə, ən başlıcası da xəyali deyil, reallığına, bu arzuları həyata keçirmək üçün içindəki tükənməz enerjiyə heyrətləndiyini söyləyirdi. Azərbaycanın müstəqilliyinin daimi, dönməz və əbədiliyinin yalnız onun kimi əvəzolunmaz tarixi simanın fədakarlığı ilə reallaşa-cağına əmin olduğunu deyirdi. Heydər Əliyevin dəqiq hesab-lama-larının, mürəkkəb siyasi gedişlərinin nəticəsində gerçəkləşən Əsrin kontraktının, üç dəniz əfsanəsinin son dərəcə gərəkli və əhəmiyyətli olduğunu hələ də çoxlarının sonadək dərk etmədiyini vurğulayırdı. Əliyevin tarixi xidmətləri zaman ötdükcə daha çox dəyərləndiriləcək. Çünki, onun siyasəti bu günə deyil, gələcəyə istiqamət almışdı. Ölkənin iqtisadi dirçəlişi üçün atdığı addımların nə qədər əhəmiyyətli olduğunu gələcək nəsillər öz talelərində daha aydın görəcək və layiqincə qiymətləndirəcək, dəyirdi Ehsan bəy.
   
   Masa arxasında əyləşən insanların hər biri ilə Doğramaçının öz münasibətləri olsa da, söhbət hamını birləşdirən məsələlərdən - Azərbaycandan, onun ümummilli liderindən, yeni seçilən prezident İlham Əliyevin ilk uğurlu addımlarından gedirdi.
   
   Həmin gün İsveçrənin Cenevrə şəhərində İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirak edən Azərbaycan Prezidenti qısa müddətli işgüzar səfərini başa vurub vətənə qayıdacaqdı.
   
   Unudulmaz günorta yeməyindən sonra hamımız yenə Foru-mun iclasına qatıldıq. Çox maraqlı çıxışlar dinlədik. Namiq Kamal Zeybəkin, Ehsan Doğramaçının, Əli Həsənovun çıxışları böyük maraqla qarşılandı. Azərbaycan-Türkiyə münasibətlərinin inkişa-fında əhəmiyyətli yeri olan Forum işini bitirəndən sonra axşam nəzərdə tutulan ziyafətdə Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə çıxış edəcəkdi. Hamı gözəl əhvalı-ruhiyyə ilə o tədbirə hazırlaşırdı. Fəqət, gözlənmədən telekanallardan gələn çox üzücü xəbər hamını bircə anda lal-dinməz etdi. Dünyanın aparıcı informasiya agentliklərinin Heydər Əliyevin vəfatı barədə məlumatı qaynar xəbər kimi davamlı olaraq yayılmağa başlamışdı. Axşam vaxtı bu xəbər ildırım sürətiylə bütün aləmə yayıldığı kimi, sanki ildırım gücüylə də hər birimizi vurmuşdu. H. Əliyevin səhhətindəki ciddi problemlər neçə vaxtdan bəri davam etsə də, xalqın ürəyində bir ümid var idi ki, o, yenə sağalıb vətənə dönəcək.
   
   Proqram üzrə Bakıya iki gün sonra dönəcəkdik. Hər şey bircə anda dəyişdi. Təcili qayıtmağı özümüzə borc bildik. Amma həmin gün, nə də sabahı gün Ankaradan Bakıya təyyarə reysi yox idi. Biz yalnız İstanbuldan qayıda bilərdik. O zaman AZAl da, Türk Hava Yolları da Bakıya gecə saatlarında uçuşlar təşkil edirdi. Ankaradan İstanbula nağıllardakı kimi bir göz qırpımında yetsək belə yenə də təyyarəni qaçırmış olacaqdıq. Saatın əqrəbləri isə gecə yarıya yaxınlaşırdı. Bir qərara gəlmək lazım idi. Amma günümüz də, özümüz də bu xəbərdən sonra elə ağırlaşmışdıq ki... Belə vəziyyətdə normal düşünmək, çıxış yolu tapmaq o qədər də asan olmur. Bircə onu bilirdik ki, mümkün qədər tez özümüzü Bakıya yetirməliyik. İçimizdə ən çevik Nazim İbrahimov çıxdı. Türk dostların köməyi ilə bir saat sonra özəl ucaq Ankara hava limanından bir baş Bakıya istiqamət aldı. Əli Həsənov, Polad Bülbüloğlu, Nazim İbrahimov, Tağı İbrahimov və mən səhərə yaxın artıq Binə hava limanında idik. Mən birbaş işə yollandım. Şirkətdə bütün otaqların işıqları yanırdı. Hamını iş başında görüncə bir qədər ürəkləndim. Efir proqramı büsbütün dəyişildi. Rəsmi xəbərlərdən başqa efir vaxtının çox hissəsini vətəndaşların ixtiyarına buraxdıq. Yüzlərlə adam studiyaya gəlib öz ürək sözlərini bildirirdi, xatirə söyləyirdi, o günün acısını xalqla paylaşmaq istəyirdi. Əbədiyyətə qovuşmağı ilə də Ümummilli Liderimiz hamını birləşdirmişdi.
   
   
   
   ***
   
   
   
   Dekabrın 15-də Azərbaycanda bir seçki oldu. Onu müşahidə etməyə Avropa Şürasının üzvləri deyil, müxtəlif dövlət və hökumət başçıları gəldilər. Möhtəşəm Respublika sarayında ortaya qutu qoyulmadı. Bu dəfə buna ehtiyac yox idi. Çünki gizli deyil, açıq aparılan səsvermə son dərəcə şəffaf keçirilirdi. Dekabrda keçirilən seçkinin yeganə namizədi vardı - Heydər Əlirza oğlu Əliyev. Burada əllər yuxarı qalxmırdı, başlar da bayraqlar kimi aşağı salınır, baxışlar məchul bir nöqtəyə zillənirdi. Bəli, xalq öz tarixində ilk dəfə əllə deyil, başla səs verirdi!.. Azərbaycan əbədiyyətə qovuşan qəhrəman oğlunu - ümummilli liderini əbədi prezident elan edərək, son mənzilə bələ əzəmətlə, möhtəşəm şəkildə yola salırdı. Zəmanənin ən seçilən bir İnsanının son seçkisi beləcə sona yetdi. Fəxrimizi fəxri xiyabana kimi başımız üzərinə qaldırıb piyada apardıq. Hər qarışında əməyinin, əməlinin, zəhmətinin izi olan doğma torpağımıza əmanət etməyə tələsmirdik. Ayaqlarımız bağlı olmasa da addımlarımız ağır idi. Kədər, hüzn qandal kimi, ürəyimizi buxovlamışdı. Amma bir təsəllimiz vardı... İndən belə O, canından artıq sevdiyi ana torpağının bir zərrəsinə dönəcək və bizə torpaq qədər əziz, torpaq qədər doğma, torpaq qədər müqəddəs olacaq. Bundan sonra bizlər yenə zaman-zaman bu dünyaya gəlib gedəcəyik. O isə əbədi qalacaq! Müdriklik zirvəsinə ucalan bir qəhrəman kimi daim yaşayacaq! Tarixi şəxsiyyətlərin yalnız doğum günü olur, ölüm günü yox!

TƏQVİM / ARXİV