adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Mart 2015 12:36
5305
MƏMLƏKƏT
A- A+

Bilik Fondu beynəlxalq əlaqələrini genişləndirir - Foto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu beynəlxalq əlaqələrini genişləndirir.

Fonddan Adalet.az-a verilən məlumata görə, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində "Ali təhsilin keyfiyyəti: tələbələrin praktik hazırlığının məzmunu və təşkilinin təkmilləşdirilməsi” mövzusunda keçirilən 40-cı Beynəlxalq elmi-metodik konfransa dəvət almış Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Ukrayna, Belarus və Azərbaycan nümayəndələrinin iştirak etdikləri konfransın açılış mərasimində iştirak edib. İcraçı direktor tələbələrin elmi biliklərinin artırılmasında əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyət göstərən dövlət qurumlarının rolundan danışıb, Azərbaycanda ölkə rəhbərinin Fərmanı ilə fəaliyyətə başlamış Bilik Fondunun məqsəd və vəzifələri, həyata keçirdiyi beynəlxalq layihələr, xarici ölkə mütəxəssislərinin, alim və tədqiqatçıların universitet auditoriyalarında mühazirə və təlimlərinin təşkili barədə geniş məlumat verib.

Konfransın açılış mərasimində Poltava İqtisadiyyat və Ticarət Universitetinin müraciətinə cavab olaraq universitetlə Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalanıb.

Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin Fəxri professor olduğu PTİU-da 300-dək azərbaycanlı bakalavr, magistratura və doktorantura pillələrində təhsil alır, təhsil ocağının nəzdində Bakı Slavyan Universitetinin dəstəyi ilə Azərbaycan Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.

Fondun icraçı direktoru konfrans çərçivəsində bir sıra işgüzar görüşlər keçirib, Poltava Vilayət Radasının sədri, Ukrayna İqtisadi Elmlər Akademiyasının vitse-prezidenti, Ukraynanın Mərkəzi İstehlakçılar Cəmiyyətləri Birliyinin İdarə Heyətinin və Belarusun Ticarət-İqtisadiyyat Universitetinin rəhbərliyi, PİTU-nun fakültə dekanları və kafedra müdirləri, doktorant və magistranlarla fikir mübadiləsi aparıb.

Bilik Fondunun "Qardaşlaşmış məktəblər” layihəsi ilə bağlı məlumatları böyük maraqla qarşılayan Poltavanın İ.P.Kotlyarevski adına 1 nömrəli çoxprofilli şəhər liseyinin direktoru N.A.Verqal rəhbərlik etdiyi təhsil ocağının bu layihəyə qatılmaq istəyini nəzərə çatdırıb və liseylə yaxından tanış olan O.Səmədovla layihənin detallarını müzakirə edib.

Universitetin Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində Fondun icraçı direktoru O.Səmədovun və Mərkəz müdiri Y.Alxasovun, həmçinin universitetin professor-müəllim və tələbə heyətinin iştirakı ilə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. PİTU-da təhsil alan azərbaycanlı gənclər həmyaşıdları olan ukraynalı tələbələrə Xocalı faciəsi barədə geniş məlumat veriblər.

Azərbaycanda 2015-ci ilin kənd təsərrüfatı ili elan edildiyini nəzərə alaraq, O.Səmədov Poltava Dövlət Aqrar Akademiyasında bir sıra işgüzar görüşlər keçirib, birinci prorektor, professor Pavlo Pisarenko, Biznes inzibatçılığı və hüquq kafedrasının müdiri, həmyerlimiz, professor Xanlar Mahmudovla Akademiya əməkdaşlarının Bilik Fondunun beynəlxalq layihələrində iştirakı ilə bağlı fikir mübadiləsi aparıb.

Poltava vilayətinin elm və təhsil ocaqları ilə tanışlıq Bilik Fondunun beynəlxalq layihələrinin məzmununu daha zəngin və rəngarəng edəcəyinə ümid yaradır.