SÜNİ BAHALAŞMA YARADANLAR...

FAİQ QİSMƏTOĞLU
65307 | 2015-03-03 01:31
İki həftədir ki, ölkə ərazisində dolların kursunun qalxması ilə əlaqədar olaraq bir çox işbazlar daha da fəallaşıblar. Yəni onlar əvvəllər aldığı ərzaq və sənaye mallarının qiymətlərini süni surətdə qaldırmağa can atırlar. Təbii ki, bu cür addımlar heç də əhali tərəfindən birmənalı qarşılanmır. Ən azından ona görə ki, süni qiymət artımı orta təbəqəyə məxsus insanları daha çox narahat edir.
Bu məqsədlə dövlət qurumları süni qiymət artımının qarşısını almaq üçün bir həftədir ki, ticarət mərkəzlərində və super marketlərdə monitorinqə başlayıblar. Amma gəlin onunla razılaşaq ki, bəzi işbazlar öz bildiklərini eləməkdən çəkinmirlər. Onlar bir göz qırpımında qiymətləri dəyişir və istehlakçıları aldatmaq istəyirlər. Onu da bəhanə gətirirlər ki, guya həmin malları baha qiymətə alıblar. Reallıq isə bundan ibarətdir ki, müxtəlif sənaye və ərzaq malları ölkəyə dolların kursu qalxmamışdan öncə gətirilib. Əlbəttə, bəzi işbazların yüz fırıldaqdan çıxaraq tez bir zamanda süni qiymət artımı yaratması bir o qədər də mürəkkəb məsələ deyil.
Mürəkkəb məsələ odur ki, ayrı-ayrı qurumlar çalışıb bu süni qiymət artımına yol verən işbazların qarşısını almalıdır. İstehlakçılar isə yenə aldandıqlarını bildirirlər. Bir neçə gün bundan əvvəl Yeni Günəşli qəsəbəsinin "D" massivindəki apteklərinin birindən əvvəllər bir qutu "Prostokaps" dərmanını 14 manata alırdıqsa, bu dəfə 19 manata bizə satmışdılar. Bizimlə yanaşı, digər alıcılar da dərmanın baha satıldığını bildirirdilər. Qarayanız bir qadın gileylənirdi ki, heç harda qiymətlər bahalaşmayıb, amma siz dərmanların qiymətlərini qaldırmısınız. Əczaçı xanım isə bildirdi ki, təkcə qiymətləri biz qaldırmamışıq, bizə yuxarıdan demişdilər, biz də qiymətləri artırmışdıq. Sonradan yoxlayıcılar gəldi və əvvəlki qiymətlərlə dərmanların satılmasını tələb elədi. Biz də indi dərmanları köhnə qiymətə satırıq.
Təbii ki, bu cür vəziyyət olanda istər-istəməz zərbə ayrı-ayrı istehlakçılara dəyməli olur. Düzdür, indi bir neçə gündür ki, istər ticarət mərkəzlərində, istərsə də apteklərdə qiymətlərə xüsusi nəzarət edilir. Bunu alqışlamaq lazımdır. Dövlət çalışır ki, süni bahalaşmaya yol verən fiziki və hüquqi şəxslər və eləcə də ticarət mərkəzləri bu addımı atmasınlar. Əlbəttə, bu cür nəzarət istər-istəməz süni qiymət artımının qarşısının alınmasında öz müsbət işini göstərir.
Amma gəlin onunla razılaşaq ki, elə şeylər var ki, onlar ticarətçilərdən asılı deyil. Yəni bir çox məhsulların qiymətini bazar münasibətləri tənzimləyir. İki-üç gün bundan əvvəl Yeni Günəşlidə və eləcə də bir çox yerlərdə mal ətinin bir kiloqramını 7 manata satırdılar. İndi mal ətinin də qiyməti qalxıb. Bəzi yerlərdə mal ətinin bir kloqramının qiyməti 7 manat 50 qəpik, bir çox yerlərdə isə 8 manata satılır. Qəssab bildirdi ki, vallah, qiyməti qaldırmaq bizdən asılı deyil. Özümüz də utanırıq ki, qiymətlər niyə bu qədər dəyişib. Ancaq elə şeylər var ki, bizim imkanımız xaricindədir. Ayrı-ayrı iribuynuzlu və xırdabuynuzlu heyvanları rayonlardan alıb gətiririk. Bu zaman isə bizim son vaxtlar xərcimiz daha da artıb. Ona görə də əlavə xərcləri hesablayanda qiymət bir qədər yüksək olur.
İqtisadçılar və ekspertlər bildirirlər ki, mart ayının axırından sonra istər sənaye, istərsə də ərzaq mallarında 20-30 faiz bahalaşma olacaq. Düzdür, indi dövlət müəyyən süni qiymət artımının qarşısını bu və ya digər yollarla əngəlləyə bilir. Ancaq bir aydan sonra xaricdən gətirilən əksər məhsulların qiymətində ciddi bahalaşma gözlənilir. Aydındır ki, bu bahalaşma da ilk növbədə aztəminatlı ailələrin büdcəsinə daha çox mənfi təsir göstərə bilər.
Hər halda, gəlin onunla razılaşaq ki, bu gün dövlət səviyyəsində süni qiymət artımının qarşısının alınmasına daha çox önəm verilir. Ona görə ki, imkansız adamlar bu cür qiymət artımı ilə üzləşməsinlər və heç olmasa müəyyən müddətdə bu artım onların ailə büdcəsinə ziyan törətməsin.



TƏQVİM / ARXİV