adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

BüTüN YOLLAR QüRBƏTƏ APARIR...

VAHİD ƏLİFOĞLU
23467 | 2009-12-05 04:17
... Kədər də, sevinc də əslində eyni şeydi. Sadəcə birində danışırsan, birində susursan. Ta hər ikisinin ləzzətindən və həzzindən doyub yorulana qədər. Güləndə qəhqəhə çəkə bilməyən, ağlayanda hönkürə bilməz...
   
   ... Mağarın baş tərəfindən, mollanın əyləşdiyi yerdə şəkil olmalıdı. Al-əlvan gəbənin üstü boşdu. Üzbəüz stuldan kişi ucuz siqaretin boz-bulannıq tüstüsünün arxasından bir az təəssüfedici, bir az da məzəmmət ifadə edən xırıltılı səslə dedi:
   
   - Sən Allah işə bax ey. Bu günü qaralar iyirmi il bir yerdə yaşayıblar, di gəl ki, Qoşa şəkil çəkdirməyiblər. Barı biri qalmadı ki, o birisinin dərdini çəkə...
   
   ... Ər-arvad eyni gündə, eyni saatda yol qəzasında doğulduqları, böyüdükləri və ən nəhayət evləndikləri kənddən çox-çox uzaqda...
   
   ... Əksəriyyət bizim kəndimizdən olan adamlardı. Eləsi var bu on altı ildə ikinci, üçüncü dəfədi görürəm. Eləsi də var birinci dəfədi. Hər kəs yaxınlığında əyləşənlə tələsə-tələsə, qırıq-qırıq danışır. Hamı daha çox şey soruşmağa, daha çox şey eşitməyə çalışır... Bir saatdan sonra hərə bir tərəfə çıxıb gedəcək... Nə qədər imkan var... Allahın da ki, imkanı sonuncu adam qalana kimidi. Deməli, imkanı nə qədər istəsən olacaq. Qırılan qarabağlıların yas mağarları - hələ sağ qalanların hal-əhval məkanı, görüş yeri...
   
   ... Uzun illər görmədiyin adamlarla rastlaşanda onların qocaldığını, yoxsa cavan qaldığını təyin etmək mümkün olmur. Çünki o adamların on altı il əvvəlki sir-sifətləri çoxdan yaddaşlarından silinib...
   
   - Muğanın ilan mələyən düzlərində neçə illər zülüm çəkdi, mal-heyvan saxladı, maşın aldı. Bakıda tikdirdiyi ev bu günə, sabaha hazır olacaqdı... Bu da axırı... Söhbətin davamı gəlmədi. Ölənin qardaşı dəsmalı gözlərinə sıxıb aralandı...
   
   ...Yanımda dayanmış həmkəndlim gülümsəyə-gülümsəyə dedi:
   
   - Belə ağıllı-ağıllı danışdığına baxma.
   
   Elə bunun özünün də Saatlıda ferması var... Gedib yaşadığı yerə baxasan it də özünə layiq bilməz...
   
   ... Bu əhvalat uydurma, quraşdırma deyil. real hadisədi. Belə hadisələrlə hamımız gündəlik rastlaşırıq... Amma burda ölçüyə gəlməz faciə, çəkiləsi mümkün olmayan ağır dərd yükü var... Biz hamımız beləyik... Başda mollalar əyləşən məclislərdə, doğamalarımızdan, əzizlərimizdən bir dəfəlik əlimiz üzülən qəbristanlıqlarda müdrik, ağıllı, gözütox, rəhmli oluruq. Sonra isə... Bir anın içində bizi 180 dərəcə dəyişən nədi, axı?
   
   ... 70-ci illərdə kəndimiz xeyli varlanmışdı. Kolxozun inzibati binasını sökdülər ki, yerində daha yaraşıqlarını, daha müasirini tiksinlər. Növbə qırx il kolxoz sədrinin kabineti olmuş yerə çatanda Ələsgər əmi dedi:
   
   - Uşaqlar, bu otaqdan sökdüyünüz daşı təzə binanın daşlarına qatmayın...
   
   Dedilər niyə? Dedi ki, qırx ildə bu otaqda altı sədr gördüm. Altısı çöldə adam olurdu, içəridə əzrayıl...
   
   ... "Şadlıqlarda görüşək"... Görüşə bilmirik. Bir-birimizin ehsanını yeyə-yeyə, bir-birimizə səbr diləyə-diləyə yol gedirik, hələ... Bir kassa çox, bir kassa az... Şadlıqlar heç vaxt hamını bir yerə yığıb görüşdürə bilməz. Çünki şadlıqlar mərtəbələrin, fərqlənmələrin, seçilmələrin barmağını gözlərimizə soxduğu yerdi... Şadlıqlar bizi doğmalaşdırmır, yaxınlaşdırmır, əksinə yadlaşdırır... Biz yas məclislərində daha çox özümüz oluruq, daha çox bir-birimizə oxşayırıq...
   
   ... Və şadlıq saraylarının sayı artdıqca içimizdəki kimsəsizliyin, yetimliyin, tənhalığın ölçüləri də böyüyür...
   
   ... Fələk də bilmədi qarnımızın altını... Nə də ki, qarnımız süfrə deyildi ki, hər gələnin qarşısında açaq... Nəyimiz var, qarnımızdadı. Sevincimiz də, kədərimiz də, lap elə dərdimiz də...
   
   ... Başı qarnında olmayan bir kimsə göstərin, dərdimi danışım. Dərdimin dərdi böyükdü, mənim...
   
   ... Yeri, yurdu olanların dərdi də xoşbəxtdi. İstiyəndə dərdli-dərdli gülə bilir, evli-eşikli dərdlər...
   
   
   
   ... hey gəzdim canım fikirli,
   
   heç dərdi acı görmədim.
   
   dərdimdən əziz, dünyada -
   
   qardaş, nə bacı görmədim...
   
   
   
   ... Dayan, daha bəsdi. Ayaqlarını sürüyə-sürüyə yanından keçdiyin, üç qat, dörd qat pərdələri yellənən o pəncərələrin arxasında göbəyi atıla-atıla gülən o sərsərinin nə gülüşü adam gülüşüdü, nə də sevinci adam sevinci... Elə-belə. Olsa-olsa obadan üzərində dövrə vuran bayquş təbəssümüdü... Uşaqlarından qoltuq ağacı kimi istifadə edib yataqdan qopan, gündə ən azı iki dəfə Kirsə doğru gözü dolusu baxan bacımdan əziz dərd hansı dərddi, bu dünyada?...
   
   ... Mənim dərdlərimin köçkünlük statusu var. Qarabulaqdan gətirmişəm 93-cü ildə. Artıq on altı yaşı tamamdı. Bu gün, sabah şəxsiyyət vəsiqəsi də alacağam ona... Və bu dərdlərin yeganə kimsəsi, doğması bizik, biz...
   
   ... Elə dərdlər var ki, onlar anadan Hacı doğulurlar... Müqəddəs, günahsız dərdlərin ziyarətə getməyinə ehtiyac yoxdu...
   
   ... Əbülfət yenə də telefonda bildirdi:
   
   - Beyləqana gəlirəm, yaşa... Görüşərik...
   
   
   
   ... haqqa ibadət elədim,
   
   hər kəsə şəfa dilədim.
   
   bunca ziyarət elədim,
   
   dərdimi Hacı görmədim...
   
   
   
   ... Qayıdışın yolunda, əlüstü görüşün qaça-qaçda vidalaşması olur. Bəlkə yadıma düşmədi. Bəri başdan deyirəm:
   
   - Qardaş, şadlıqlarda görüşək...
   
   ... Roma xırda dayanacaqdı, ya da qısa istirahət yeri. Bütün yollar qürbətə gedir...
   
   
   
   P.S. Bacımoğlu dedi:
   
   - Dayı, tay son günlər anam dağlara Sarı baxanda ağlamır, səni də soruşmur heç...
   
   
   
   P.P.S. Yazıdakı şeirlər Əbülfət Mədətoğlunundu.

TƏQVİM / ARXİV